Azərbaycanın
baş elm məbədi - Milli Elmlər Akademiyası...
Azərbaycan elminin tarixi çox qədimdir. Əsrlər
boyu Azərbaycan xalqının böyük alimləri, mütəfəkkir
və fikir adamları, filosofları olub və onlar
bütün dünyada məşhurdur. Bəllidir
ki, minillər boyu mövcud olan, yüzilliklər uzunu
inkişaf edən milli elmimiz öz səviyyəsinə
görə həmişə öndə gedib. Vaxt vardı ki, Azərbaycan elmi xüsusi mədrəsələrdə,
elmi mərkəzlərdə inkişaf edirdi.
Görkəmli mütəfəkkirlərimizin
açdığı elm mədrəsələri elmin
inkişafına böyük töhfələr verirdi. Biz bu
mövzuda silsilə yazılar hazırlayacaq, alimlərin məktəbləri
barədə geniş danışacağıq.
Mövzu ilə əlaqədar ilk olaraq ölkəmizin
baş elm ocağı Azərbaycan Milli Elmlər
Akademiyasının yaranma tarixindən (AMEA) və onun elmin
inkişafında oynadığı roldan söhbət
açmaq istəyirik.
Azərbaycan
elminin ata ocağı...
Azərbaycan
Milli Elmlər Akademiyası-Azərbaycan Respublikasında
dövlətin təsis etdiyi ali elmi
qurumdur.
Tarixi mənbələrin verdiyi məlumata görə,
1920-ci ilin əvvəllərində respublikada elmi tədqiqatlar
əsasən Azərbaycan Dövlət Universitetində (indiki
Bakı Dövlət Universiteti) mərkəzləşmişdi. 1920-1922-ci illərdə
burada humanitar, tibb və təbiət bölmələrindən
ibarət elmi assosiasiya təşkil edilərək və fəaliyyət
göstərib.
1925-ci ildə Cəmiyyət Azərbaycan hökumətinin
sərəncamına verildi. 1923-1929-cu illər
arasında Azərbaycanı Tədqiq və Araşdırma Cəmiyyəti
fəaliyyət göstərib. Həmin Cəmiyyətin
sədri Əbdürrəhim bəy Haqverdiyev, üzvlərindən
biri isə Məhəmmədhəsən bəy Vəlili-Baharlı
seçilib. 1929-cu ildə bu Cəmiyyət
yenidən təşkil edilərək Azərbaycan Dövlət
Elmi-Tədqiqat İnstitutu (DETİ) adlandırıldı.
İnstitutun təbiət, biologiya, tarix və
etnoqrafiya, dilçilik, ədəbiyyat və incəsənət,
fəlsəfə, Sovet Şərqi və xarici Şərq,
dövlət və hüquq bölmələri var idi.
1932-ci ildə Azərbaycan DETİ əsasında SSRİ
Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan
Şöbəsi təşkil edildi. Şöbəyə
Ruhulla Axundov rəhbərlik edirdi. Şöbədə
11 bölmə və bir neçə komissiya fəaliyyət
göstərirdi. Bir sıra məşhur alimlər-F.Y.Levinson-Lessinq,
İ.M.Qubkin, A.A.Qrossheym, N.Y.Marr, İ.İ.Meşşanov,
A.N,Derjavin, İ.Q,Yesman, ilk Azərbaycan alimlərindən Bəkir
Çobanzadə, Vəli Xuluflu, M.Əfəndiyev,
A.Tağızadə, Salman Mümtaz, A.S.Məmmədov və
başqaları burada elmi-tədqiqat işləri
aparırdı.
Akademiyanın
yeni həyatı
Mənbələrin verdiyi bilgiyə görə, 1935-ci
ilin oktyabrında şöbə SSRİ Elmlər
Akademiyasının Azərbaycan Filialına çevrilib. Filialın yanında
mövcud bölmələr əsasında Kimya, Botanika,
Zoologiya və Tarix, Etnoqrafiya və Arxeologiya, Dil və Ədəbiyyat
Elmi-Tədqiqat institutları, habelə Energetika, Fizika,
Geologiya, Torpaqşünaslıq sektorları yaradılıb. Filialın Rəyasət Heyətinin sədri əvvəl
akademik İ.M.Qubkin, sonralar isə akademik S.S.Namyotkin olub.
SSRİ
Xalq Komissarları Sovetinin 1945 il 23 yanvar
tarixli qərarı ilə filial Azərbaycan Elmlər
Akademiyasına çevrilib. Bu vaxt Akademiyanın 4 bölməsi,
16 elmi-tədqiqat institutu, elmi-tədqiqat şöbəsi, 3
muzeyi, mərkəzi elmi kitabxanası, Naxçıvan, Gəncə,
Xankəndi və Qubada elmi bazaları var idi. Həmin il Azərbaycan Elmlər Akademiyasına 15 həqiqi
üzv seçilib. Onun ilk heyətində Üzeyir Hacıbəyov,
Səməd Vurğun, Mirzə İbrahimov, Yusif Məmmədəliyev,
Mirəli Qaşqay, A.A.Qrossheym, S.Dadaşov, İ.Q.Yesman, Mirəsədulla
Mirqasımov, Şamil Əzizbəyov, Ə.Əlizadə,
M.Topçubaşov, M.Hüseynov, H.Hüseynov və
İ.İ. Şirokoqorov daxil oldu. 1945-ci il
martın 31-də Akademiyanın həqiqi üzvlərinin ilk
ümumi iclasında Mir Əsədulla Mirqasımov prezident
seçilib. Sonrakı illərdə Yusif Məmmədəliyev
(1947-1950, 1958-1961), Musa Əliyev (1950-1958), Zahid Xəlilov
(1961-1967), Rüstəm İsmayılov (1967-1970), Həsən
Abdullayev (1970-1983), Eldar Salayev (1983-1997), Fəraməz Maqsudov
(1997-2000), Mahmud Kərimov (2001-2013) Akademiyanın prezidenti
olublar.
AMEA bu
gün...
Bəlli
olduğu kimi, Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin 21 may 2002-ci il tarixli, 81 saylı Qərarına
əsasən, AMEA-da struktur dəyişikliyi edilib.
İnformasiya Telekommunikasiya Elmi Mərkəzinin (İTEM)
bazasında İnformasiya Texnologiyaları İnstitutu
(İTİ), Radiasiya Tədqiqatları sektorunun (RTS)
bazasında Radiasiya Problemləri İnstitutu (RPİ)
yaradılıb. İTİ-nin əsas fəaliyyət
istiqamətləri yeni informasiya texnologiyaları əsasında
müxtəlif sahələrin
informasiyalaşdırılması, intellektual kompyuter şəbəkələri
və sistemlərinin yaradılması, informasiya təhlükəsizliyinin
təmin olunmasıdır. Radiasiya Problemləri
İnstitutunun əsas fəaliyyət istiqamətləri
radiasiya texnologiyası, radiasiya təhlükəsizliyi, qeyri-ənənəvi
enerji çevrilmə problemləri, ekologiya,
radioekologiyadır.
2013-cü ilin aprel ayından AMEA-nın prezidenti akademik
Akif Əlizadədir.
Akademiyanın
vəzifələri...
Akademiya
Azərbaycanda bütün elmi təşkilatların və ali məktəblərin elmi fəaliyyətini əlaqələndirir
və istiqamətləndirir, respublikada elmin
inkişafını təşkil və təmin edir. Onun əsas məqsədi təbiət, texnika, ictimai
və humanitar elmlər sahəsində fundamental və tətbiqi
tədqiqatlar aparmaqla yeni biliklər əldə edib, ölkənin
sosial-iqtisadi inkişafını sürətləndirməkdir.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası
1945-ci ildə yaradılıb. Bu dövr ərzində
Elmlər Akademiyası nəhəng bir təşkilata,
fundamental tədqiqatların əsas mərkəzinə
çevrilib. Akademiyanın yaranması əsrlərdən
bəri Azərbaycanda elmi təfəkkürün
formalaşmasının təbii nəticəsi olub. Maddi mədəniyyət abidələri və bir
çox elmi mənbələr göstərir ki, hələ qədim
Azərbaycanda riyaziyyat, astronomiya, tibb, fəlsəfə və
başqa elmlər yüksək səviyyədə inkişaf
edib.
Yarandığı
69 il ərzində Akademiyada əldə
edilmiş elmi nəticələr, çoxsaylı ixtiralar,
hazırlanmış yüksək ixtisaslı kadrlar bu gün
müstəqil Azərbaycan Respublikasının demokratik və
hüquqi dövlət kimi formalaşmasında həlledici rol
oynayıb. Akademiyanın fəaliyyəti
dünyada qəbul olunmuş, eyni zamanda respublikamızın
maraqlarından irəli gələn müasir elmi istiqamətlərə
müvafiq qurulub. Akademiyada elmin istiqamətləri
üzrə elmi bölmələr, elmi, elmi xidmət və
sosial xidmət müəssisələri fəaliyyət
göstərir.
Akademiyanın
ali orqanı...
Akademiya onun tərkibinə seçilən Akademiya
üzvlərini (həqiqi üzvləri, müxbir üzvləri,
xarici üzvləri), fəxri doktorları, Akademiyanın elmi,
elmi xidmət, təhsil və sosial xidmət müəssisələrində
işləyən elmi işçiləri və mütəxəssisləri
birləşdirir. Akademiyanın ali orqanı onun həqiqi
üzvlərindən, müxbir üzvlərindən və
xarici üzvlərindən ibarət olan ümumi
yığıncaqdır. Akademiyanın vəzifələrini
və funksiyalarını həyata keçirən idarəetmə
orqanı onun Rəyasət Heyətidir. Rəyasət
Heyəti Akademiyanın prezidentindən, birinci vitse-prezidentindən,
vitse-prezidentlərindən, akademik-katibdən, elmi bölmələrin
akademik-katiblərindən və digər üzvlərindən
ibarətdir. Rəyasət Heyətinə
Akademiyanın prezidenti başçılıq edir. Rəyasət Heyətinin nəzdində elmi, elmi xidmət,
təhsil və sosial xidmət müəssisələri,
ensiklopediya, jurnal və digər elmi nəşrlərin
redaksiyaları, elmi şuralar, komitələr, komissiyalar və
cəmiyyətlər fəaliyyət göstərir.
Hazırda Azərbaycan Milli Elmlər Akdemiyasında
10300-dən yuxarı əməkdaş, o cümlədən
5500-ə yaxın elmi işçi, 500-ə yaxın elmlər
doktoru, 2000-dən yuxarı elmlər namizədi
çalışır. Akademiyanın 60 həqiqi üzvü və
107 müxbir üzvü var. Onlar Akademiyanın və başqa
qurumların elmi-tədqiqat strukturunda fəaliyyət göstərir.
AMEA-nın
bölmələri...
Azərbaycan
Milli Elmlər Akademiyası altı elmi bölmədən ibarətdir:
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi, Kimya Elmləri
Bölməsi, Yer Elmləri Bölməsi, Biologiya Elmləri
Bölməsi, Humanitar və İctimai Elmlər Bölməsi
və regional Naxçıvan Bölməsi. Elmi
bölmələrin tərkibində elmi və elmi xidmət
müəssisələri, problem şuraları, komissiyalar,
komitələr, elmi cəmiyyətlər, bölmənin
profilinə uyğun elmi nəşrlər var. Naxçıvan
Bölməsində isə tədqiqatlar geniş elmi istiqamətləri
əhatə edir.
Elmi
bölmə elmin müvafiq sahələrində fundamental və
tətbiqi tədqiqatların istiqamətlərini müəyyənləşdirir,
onların əlaqələndirilməsini təmin edir,
respublika və dünya elminin vəziyyətini təhlil edir və
respublikada onun inkişafını proqnozlaşdırır, nəzdində
olan problem şuralarının, komissiyaların, komitələrin,
cəmiyyətlərin işinə rəhbərlik edir,
respublikadakı elmi müəssisələr, ali məktəblər
və alimlər arasında elmi əməkdaşlığı
möhkəmləndirir, beynəlxalq elmi əlaqələri
inkişaf etdirir, respublikanın sosial-iqtisadi və mənəvi
inkişafına dair təkliflər hazırlayır.
Akademiyanın
təşkilatları...
Akademiyada
66 təşkilat, o cümlədən 48 elmi-tədqiqat, 9
konstruktor-texnologiya müəssisəsi, 2 regional elmi mərkəz,
4 muzey, 2 rəsədxana, 3 təcrübə-sınaq zavodu və
"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi fəaliyyət
göstərir.
Akademiyanın əsas struktur özəyi fundamental və
tətbiqi tədqiqatlar aparan institutlarıdır. İnstitutlar
Akademiyanın mühüm elmi istiqamətlərinə
uyğun olaraq elmi-tədqiqat işlərinin planlarını
hazırlayır və yerinə yetirir, beynəlxalq elmi-texniki əməkdaşlığı
həyata keçirir, elmi nəşrlər təsis edir, nəşriyyat
fəaliyyətini həyata keçirir.
Regional elmi mərkəzlər müvafiq bölgələrin
təbii sərvətlərini, tarixini, mədəniyyətini
və sosial-iqtisadi inkişafının müxtəlif problemlərini
öyrənir.
Heydər
Əliyevin qayğısı...
AMEA ilə
bağlı yazılı mənbələrdə bildirilir ki,
Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyət
göstərdiyi müddətin yarısından çoxu
ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi dövrə təsadüf edir":Keçən
əsrin 70-ci illərində Akademiya onun qayğısı sayəsində
dünya şöhrəti qazandı. Alimlərimiz
böyük bir coğrafi məkanda layiqli hörmət və
nüfuz sahibi oldular. Müstəqilliyimiz dövründə
Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki
bazasının qorunması, bu elm ocağında
çalışanların sosial vəziyyətinin
yaxşılaşdırılması, onların normal fəaliyyət
göstərməsi üçün şəraitin
yaradılması, müxtəlif elm sahələri üzrə
elmi müəssisələrin inkişafı da məhz Heydər
Əliyevin adı ilə bağlıdır. "Sosial-iqtisadi
və mənəvi inkişafda elm ölkənin mühüm
ehtiyat mənbəyidir" - deyən H.Əliyev hələ
1970-1980-ci illərdə Azərbaycanın müasir və
müstəqil bir dövlətə çevrilməsi
üçün elm strategiyasını işləyib
hazırlayaraq və onu uğurla həyata keçirməyə
başlayıb. Elmin inkişafına
dövlət səviyyəsində qayğı, əslində
dövlətçiliyin möhkəmləndirilməsi və
xalqın milli-mədəni tərəqqisinə xidmət edən
siyasətin tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Qloballaşma prosesinin bütün dünyanı
əhatə etdiyi və elmi-texniki tərəqqinin kifayət qədər
yüksək sürətlə həyata keçirildiyi
müasir dövrdə müstəqil Azərbaycan dövlətinin
inkişafı məhz elmin səviyyəsindən əhəmiyyətli
dərəcədə asılıdır.
Mənəviyyatımızın
keşikçisi...
Akademiyanın tarixini yazanlar qeyd edir ki, Azərbaycan Milli
Elmlər Akademiyası xalqımızın milli-mənəvi və
elmi intibahında misilsiz rol oynayıb. Böyük tarixə
malik elmi ənənələrimiz son yarım əsrlik
dövrdə sistemli xarakter alaraq, dünyada tanınmış
elmi məktəblər və istiqamətlər
formalaşıb. Əslində Akademiya
müasir elmimizin təşəkkül və inkişaf yolunun
parlaq göstəricisidir. Onun özünəməxsus
dəst-xətti və mənəvi-əxlaqi dəyərləri
yaranıb. Bu dəyərlər
xalqımız tərəfindən xüsusi rəğbətlə
qarşılanıb. Ötən əsrin
70-80-ci illərində Elmlər Akademiyası alimlərinin fəaliyyəti
dünya elmi ictimaiyyəti tərəfindən yüksək
qiymətləndirilib. İqtisadiyyatın və
mədəniyyətin inkişafı, yüksək ixtisaslı
elmi kadrların hazırlanması sahəsində
qazandığı nailiyyətlərə görə AMEA o
dövrdə "Xalqlar dostluğu" ordeninə layiq
görülüb. Bu ali mükafat elm
məbədinə 1975-ci ildə Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev tərəfindən təqdim
edilib.
Akademiyanın nailiyyətləri, beynəlxalq
baxışları həmişə yüksək dəyərləndirilib. Alimlərimizin
elmi işləri xarici ölkələrdə dəfələrlə
yüksək mükafatlara layiq görülüb. Müasir iqtisadiyyatın uğurlarında fizika,
riyaziyyat, mexanika, kibernetika, informatika, energetika və başqa
texniki elmlər əsas götürülür. Bu sahələrdə
1960-cı illərin sonunadək ölkəmizdə nəinki
elmlər doktorları, hətta elmlər namizədləri
çox az idi. 70-ci illərdən
başlayaraq ümummilli lider Heydər Əliyevin şəxsi
təşəbbüsü və qayğısı nəticəsində
təhsilini davam etdirmək üçün yüzlərlə
tələbə Rusiyanın müxtəlif şəhərlərindəki
məktəblərə, onlarla aspirant və doktorant isə
keçmiş SSRİ-nin ən qabaqcıl alimlərinin
çalışdığı nüfuzlu elmi mərkəzlərə
göndərilirdi. Həmin proqram nəticəsində
respublikada müasir tələblərə cavab verən
ixtisaslı kadrlar hazırlandı. Artıq 1980-ci illərin
əvvəllərində Azərbaycanda neft
maşınqayırması, fizika, riyaziyyat, informatika,
kibernetika sahəsində dünya səviyyəsində elmi nəticələr
alan mərkəzlər yarandı.
Riyaziyyat
elminin sürətli inkişafı...
Mənbələrdən
aldığımız məlumata görə, ötən əsrin
70-ci illərində Azərbaycanda riyaziyyat elmi sürətlə
inkişaf edib və bütün dünyada tanınan elmi məktəb
kimi formalaşıb": Onlarla gəncin keçmiş
ittifaqın ən güclü riyaziyyat məktəblərində
namizədlik və doktorluq dissertasiyaları müdafiə etməsi,
uzunmüddətli elmi təcrübə keçməsi Elmlər
Akademiyasında riyaziyyat elminin kadr potensialını zənginləşdirdi.
XX əsrin 80-ci illərində Heydər Əliyevin Fizika
İnstitutunda fundamental tədqiqatlara böyük diqqət
verməsi bərk cisim və yarımkeçiricilər,
elementar zərrəciklər fizikası, elektrofizika və
elektroenergetika istiqamətlərində tədqiqatların daha
da inkişafına güclü təkan verdi".
Heydər
Əliyevin marağı...
Mənbələr
yazır ki, mərhum prezident Heydər Əliyev Akademiyanı həmişə
diqqətdə saxlayıb və bu quruma davamlı qayğı
göstərib":Azərbaycan
xalqının ümummilli lideri bütün ictimai-siyasi fəaliyyətində
tarixə, ədəbiyyata, mədəniyyətə,
ümumilikdə humanitar elmlərə yüksək qiymət və
əhəmiyyət verib, onların xalqın mənəvi həyatında
oynadığı rolu layiqincə dəyərləndirib.
Klassik irsin ötən əsrin 70-ci illərində yenidən
qiymətləndirilməsi milli-mənəvi dəyərlərin
formalaşmasına yönəlmiş müdrik bir siyasət
idi..."
(Ardı gələn sayımızda)
İradə SARIYEVA
Bakı xəbər.-2014.- 13 oktyabr.- S.12.