Azərbaycanın mədrəsə və akademiyalarının tarixi...

 

...I-VII əsrlərdə indiki Azərbaycan Respublikasının əsas ərazisini əhatə etmiş Qafqaz Albaniyası dövlətində müxtəlif elmlər inkişaf edirdi. Albaniyada məskunlaşmış xəzər, savir, hun və başqa türk tayfalarının da özünəməxsus run əlifbası olmuşdu. Bu əlifba ilə bütün türk xalqlarının mədəni irsi olan Orxon-Yenisey qayaüstü yazıları yaradılmışdı.

Tarix elmi ilə yanaşı, Albaniyada başqa elmlər də inkişaf edirdi. Ölkədə riyaziyyat, kənd təsərrüfatı, tibb üzrə mütəxəssislər çalışırdı. Başqa xristian ölkələrində olduğu kimi, Qafqaz Albaniyasında da yunan dili geniş yayılmışdı, burada qədim yunan və orta əsr Bizans alimlərinin və filosoflarının əsərlərini tanıyırdılar. Albaniyada yaşamış türk tayfalarının kahinləri (şamanlar) müxtəlif biliklərə malik olmuşlar. Onların bəziləri xristianların dini-fəlsəfi ideyalarını mənimsəmiş, bəziləri isə qədim türk tanrıçılığına sadiq qalmışlar. Oğuz tayfalarının tibb sahəsində olan səriştəsi "Kitabi-Dədə Qorqud" əsərində əks olunub. Qədim dövrün bütün bu nailiyyətlərinə baxmayaraq, İslamın gəlişindən öncə Azərbaycanda dəqiq elmlər nisbətən ləng inkişaf edirdi. Qafqaz Albaniyasında bunun səbəbi əlifbanın yalnız IV əsrdə yaradılması və vahid dövlət dilinin olmaması idi.

Azərbaycanda ilk universitet və akademiyalar...

Tarixçilər qeyd edir ki, Xilafət dövründə (VII-IX əsrlər) Azərbaycan ərəb qoşunları tərəfindən işğal olundu və ölkə İspaniyadan Hindistana qədər uzanmış Ərəb xilafətinin tərkibinə qatıldı. Tarixi mənbələrdə yazılanlara görə, müxtəlif xalqların vahid bir dövlətin tərkibinə qoşulması və bir-biri ilə ünsiyyətdə olması elmlərin və mədəniyyətlərin sürətlə inkişafına gətirib çıxardıb":IX əsrdə bünövrəsi qoyulmuş bu yüksəliş XIV əsrin sonlarına qədər davam edirdi. Mübaliğəsiz demək olar ki, IX-XIV əsrlərdə İslam dünyası bəşəriyyət sivilizasiyasının zirvəsini təşkil edirdi. Ən böyük mədrəsələr (universitetlər), rəsədxanalar, xəstəxanalar, əczaxanalar və kitabxanalar məhz müsəlman Şərqində yerləşir, ən güclü alimlər burada çalışırdılar. Xəlifə Hərun ər-Rəşid və xəlifə əl-Məmun Şərq elminin çiçəklənməsində müstəsna rol oynamışlar. Təqribən 827-ci ildə xəlifə əl-Məmun Bağdadda məşhur "Beytül-hikmət" ("Hikmət evi") Akademiyasının əsasını qoydu. Müsəlman Şərqinin, o cümlədən Azərbaycanda elmin inkişafında müstəsna rol oynamış akademiya Sasanilər dövlətinin məşhur Cündişapur Akademiyasına oxşar yaranmışdı. "Beytül-hikmət"də qədim yunan, hind, arami və Şərqin başqa qədim dillərində olan elmi kitablar ərəb dilinə tərcümə olunur və Xilafətin müxtəlif bölgələrində, o cümlədən Azərbaycanda yayılırdı. Beləliklə, IX-XIV əsrlərdə Azərbaycandakı intibah dövrünü iki mərhələyə bölmək olar: birinci mərhələ Abbasi xəlifələrinin fəaliyyəti ilə başlamışdı və IX-XII əsrləri əhatə edirdi. Bu dövrdə humanitar elmlər daha çox inkişaf edirdi. İkinci mərhələ isə Azərbaycanda Elxanilər hakimiyyəti dövrünü (XIII-XIV əsrlər) əhatə edir və dəqiq elmlərin (tibb, riyaziyyat. astronomiya, həndəsə və s.) daha güclü inkişafı ilə səciyyələnir".

Milli dövlətlərin milli elmə təkanı...

Alimlər yazır ki, IX əsrdən sonra Ərəb xilafətinin zəifləməsi Azərbaycanda milli dövlətçiliyin bərpası ilə nəticələndi. O dövrdə Azərbaycanda Sacilər, Səlarilər, Rəvvadilər, Şəddadilər, Atabəylər və Şirvanşahlar dövlətləri kimi güclü müstəqil məmləkətlərin yaranması elm və mədəniyyətin inkişafına təkan verdi. Şirvanşahlar və Atabəylər elm və mədəniyyətə himayədarlıq edirdilər. Onlar öz saraylarında görkəmli alimləri toplayır və onlara elmi əsərlər yazmağı sifariş edirdilər. Bu dövrün ən inkişaf etmiş elm sahələri fəlsəfə, hüquq, ədəbiyyat, dilçilik, riyaziyyat, astronomiya, tibb və kimya idi. XIII-XIV əsrlərdə bütün elm sahələri, xüsusilə dəqiq elmlər daha sürətlə inkişaf edirdi. XIV əsrdən sonra elmdə tənəzzül başlasa da, bunu təkcə monqolların törətdiyi qətl və dağıntılarla bağlamaq düzgün olmazdı. Ümumiyyətlə, qanlı müharibələr və dağıntılar tarixin bütün mərhələlərində baş verib. Lakin onlar çox nadir hallarda elmin inkişafını kəskin ləngidə bilmişlər.

 

Elxanilər dövləti elmi daha yüksəklərə qaldırıb

Mənbələrin verdiyi məlumata görə, Elxanilər dövlətində elm çox yüksək zirvələrə çatmışdı. Təbriz, Marağa, Urmiya, Xoy, Ərdəbil, Şamaxı, Beyləqan, Gəncə və s. şəhərlərdə görkəmli alimlər yaşayıb yaradırdılar. 1259-cu ildə Marağa şəhəri yaxınlığında məşhur Marağa Rəsədxanası təsis edildi. Rəsədxananın inşası haqqında sərəncamı monqol hökmdarı Qazan xan Nəsirəddin Tusinin məsləhəti ilə vermişdi.

Monqol hakimiyyəti dövründə Azərbaycan elmində yeni əlaqələr və təsirlər meydana gəldi. Monqollar Azərbaycanda Çin elmi, mədəniyyəti və incəsənətini təbliğ edirdilər. Çinlə həmsərhəd olan Monqolustanda Çin mədəniyyətinin təsiri həmişə güclü olmuşdu. Azərbaycan elmi həmçinin Çin elminin inkişafına təsir göstərmişdi. Məsələn, Fao Mun Çi və bir sıra başqa Çin alimləri Marağa Rəsədxanasında astronomiya elmini öyrənir və burada ixtisaslarını artırırdılar, Fao Mun Çi va Cəmaləddin Buxari Marağa Rəsədxanasında bir müddət işləyəndən sonra rəsədxananın layihəsini özləri ilə götürüb Pekinə qayıtmışlar. Yalnız bundan sonra Pekində rəsədxananın tikilməsi mümkün olub. Bu dövrdə müxtəlif elm sahələrində bir sıra görkəmli şəxsiyyətlər yetişib. Riyaziyyatçı Übeyd Təbrizi "Risalət ül-hesab" ("Hesab üzrə kitab") əsərini, Nəcməddin Əhməd Naxçıvani İbn Sinanın tibb və fəlsəfə üzrə əsərlərinə şərh və haşiyələr yazmışdı.

Tibbin intibahı...

Azərbaycanın elm tarixini tədqiq edən alimlər qeyd edir ki, Azərbaycanda tibbin sürətli inkişafı da XIII-XIV əsrlərə təsadüf edir. Əbu Əbdulla Məhəmməd ibn Nəmvar Təbrizi "Ədvar ül-həmmiyyat" ("Ən mühüm dərmanlar") əsərini yazıb. Azərbaycanın və ümumiyyətlə, müsəlman Şərqinin ən görkəmli əczaçılarından biri İbn Kəbir təxəllüsü ilə məşhurlaşmış Yusif İbn İsmayıl Xoylunun 1311-ci ildə yazdığı "Cameyi-Bağdadi" ("Bağdad toplusu") bütün Şərqdə dərmanşünaslıq üzrə ən mükəmməl əsər sayılırdı. XIII-XIV əsrlərdə təkcə Azərbaycanın cənubunda 67 xəstəxana vardı və orada tibb və əczaçılıq elmləri üzrə peşəkar mütəxəssislər çalışırdılar. XIV əsrin əvvəllərində Təbrizdə "Dar üş-Şofa" ("Şəfa evi") adlı elmi mərkəz təşkil edilmişdi. Mərkəz tədris ilə yanaşı, tibb müəssisəsi və xəstəxananı birləşdirirdi. Burada Azərbaycan alimləri və müəllimləri ilə birlikdə Çindən, Hindistandan, Suriyadan və Misirdən dəvət edilmiş mütəxəssislər işləyirdilər.

Azərbaycan elmi hansı istiqamətlərdə inkişaf edirdi?

Azərbaycan elminin tədqiqatçıları bildirir ki, Azərbaycanda mövcud olmuş elmlər orta əsr mütəfəkkirləri tərəfindən iki kateqoriyaya bölünürdü: "Birinci kateqoriya dini elmləri əhatə edirdi və onların tərkibinə aşağıdakı fənlər aid olub: fiqh, kəlam (dinləri araşdıran ilahiyyat elmi), dilçilik (ərəb qrammatikası), ədəbiyyat (nəzm və nəsr yazmaq qaydaları), tarix (əsasən islamın tarixi).

Bununla yanaşı, dünyəvi elmlər "fəlsəfə" termini ilə adlandırılırdı və iki böyük hissəyə (nəzəri fəlsəfə və təcrübi fəlsəfə) bölünürdü. Nəzəri fəlsəfəyə təbiətşünaslıq elmləri (tibb, meteorologiya, mineralogiya, kimya), riyaziyyat, yunan fəlsəfəsi və teologiyası, təcrübi fəlsəfəyə isə əsasən əxlaq (etika), tədbir ül-mənzil (evdarlıq elmi) va siyasət aid edilirdi. Bu təsnifat sistemi bir çox Şərq mütəfəkkirlərinin əsərlərində yer almışdı.

Paytaxtları Təbriz şəhəri olan Qaraqoyunlu, sonra da Ağqoyunlu dövlətlərində elm va mədəniyyət bir qədər də sürətlə inkişaf edib. Bu dövrdə Təbrizdə bir sıra məşhur alimlər yaşayıb yaradırdılar. Bədrəddin Əmir Seyid Əhməd Laləvi məntiq, qrammatika, ədəbiyyat və riyaziyyat elmlərinin bilicisi və bir sıra elmi əsərlərin müəllifi idi.

Şirvanşahlar dövləti də xeyli möhkəmlənmişdi. Mərkəzi hakimiyyətin güclənməsi va iqtisadi həyatın canlanması elm sahəsində də yüksəliş yaratdı. Ölkənin Şamaxı, Bakı və Dərbənd şəhərləri mədəniyyət və elm mərkəzləri kimi tanınırdı".

Tarixçilərə görə, bu dövrlərdə Azarbaycanda coğrafiya elmi da inkişaf edirdi. Orta əsr Azərbaycan alimləri dünyanın bir çox ölkələri haqqında dəqiq coğrafi məlumatlara malik idilər. Əbdürrəşid ibn Salih Bakuvi "Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri" adlı əsərində bütün dünyanın, o cümlədən Azərbaycanın şəhərlərindən, coğrafi məntəqələrindən və tarixi abidələrindən məlumat verirdi.

Azərbaycan elmi XVI əsrdə...

Azərbaycanda güclü Səfəvilər dövlətinin yaranması elm və mədəniyyətin inkişafına müsbət təsir göstərdi. Səfəvilər milli dilin inkişafına böyük əhəmiyyət verirdi. I Şah İsmayıl, onun övladları Azərbaycan dilində danışır və yazır, kargüzarlıq işinin milli dildə aparılmasına himayədarlıq edirdilər. XVI əsrdə Azərbaycanın bütün şəhərlərində məktəblər və mədrəsələr mövcud idi. Orada əsasən ilahiyyat elmini, riyaziyyatı və məntiqi öyranirdilər. Səfəvilərin birinci paytaxtı Təbriz şəhəri elmi və mədəni mərkəz kimi məşhurlaşmışdı. Orada nadir əlyazmalar va miniatürlü kitablarla zəngin kitabxana təşkil edilmişdi. Səfəvilərin vətəni Ərdəbil şəhərində də böyük kitabxana vardı. Bu dövrdə astronomiya, tarixşünaslıq və fəlsəfə üzrə bir sıra qiymətli əsərlər yaranmışdı. Səfəvi şahları astronomiya və s. elmlərə böyük əhəmiyyət verirdilər.

XVI əsrdə Azərbaycanın və İranın vahid Səfəvilər imperiyasının tərkibində olması hər iki ölkənin bir-birinə yaxınlaşmasında böyük rol oynamışdı. Bir çox Azərbaycan yazıçıları, şairləri, tarixçiləri, alimləri İranın müxtəlif bölgələrində yaşayır va fars mədəniyyətinə qiymətli töhfələr verirdilər. İran elminin nümayəndələri də Azərbaycan alimləri ilə sıx əlaqədə olur və öz yaradıcılıqlarında Azərbaycana geniş yer ayırırdılar.

Ona görə də Azərbaycanın bir sıra elm xadimləri, eyni zamanda İran alimləri sayılır və bəzi fars va başqa millətlərin nümayəndələri isə Azərbaycanda yaşayıb yaradır və Azərbaycan alimləri sayılırdılar. Azarbaycanda tibb elmi inkişaf edir, çoxsaylı xəstəxanalar və əczaxanalar fəaliyyət göstərirdi. XVII əsrin 60-cı illərində burada olmuş fransız səyyahı Жan Şarden yazırdı": Təbrizdə üç şəhər xəstəxanası var və onlar kifayət qədər təmiz və səliqəlidir. Xəstələr burada intensiv müalicə kursları alırdılar".

 

əvvəli, ardı var

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 16 oktyabr.- S.15.