Azərbaycan
elmi Çar Rusiyası işğalından sonra...
Tarixçilər yazır ki, 1801-1828-ci illərdə
Rusiya Şimali Azərbaycan xanlıqlarını işğal
edəndən sonra burada Qərb elminin təsiri və
nüfuzu artmağa başladı. Ölkədə Qərb
təhsil sistemi əsasında fəaliyyət göstərən
məktəblər açılır, azərbaycanlılar isə
Rusiya və Avropa ölkələrində təhsil
alırdılar.
Qabaqcıl Azərbaycan alimləri çoxəsrlik Şərq
elminin ənənələrini inkişaf etdirməklə
yanaşı, müasir Avropa elminin nailiyyət və
metodlarından da bəhrələnməyə
başladılar. XIX əsrdə Azərbaycanda tarix elmi
üzrə yeni əsərlər yaranırdı. Əvvəlkilərdən fərqli olaraq tarixi tədqiqatların
çoxu artıq Azərbaycan dilində yazılırdı.
Bu araşdırmalarda Azərbaycanın qədim
torpağı Qarabağın tarixinə xüsusi yer
ayrılırdı. 1845-ci ildə Mirzə
Adıgözəl bəyin yazdığı "Qarabağnamə"
əsərində 1736-1828-ci illərdə Qarabağda baş
vermiş hadisələr şərh edilirdi. Bu əsərin bir hissəsi 1885-ci ildə rus dilinə
tərcümə edilərək "Kaspi" qəzetində
dərc olunmuşdu. Mir Mehdi Xəzani "Kitabi-tarixi
Qarabağ", Rzaqulu bəy Mirzə Cavanşir oğlu
"Tarixi-Qarabağ", Həsənəli xan Qarabaği isə
"Qarabağnamə" əsərini yazıb. Bu əsərlərdə göstərilmiş faktlar
Qarabağın tarixən həmişə Azərbaycana məxsus
olduğunu bir daha təsdiq edir və Qarabağın tarixini
öyrənmək baxımından əhəmiyyətlidir.
Elm və
mədəni əlaqələrin faydası
Çağdaş
tarixçilərimizin tədqiqatlarından məlum olur ki, Azərbaycanla
Rusiya arasında getdikcə artan elmi və mədəni əlaqələr
nəticəsində bəzi Azərbaycan alimləri
Rusiyanın ali məktəblərində dərs deməyə
başlayır və bir müddətdən sonra orada öz
biliklərinə və elmi nailiyyətlərinə görə
məşhurlaşırdılar. Azərbaycan
alimləri XVIII əsrin sonu-XIX əsrin əvvəllərində
Rusiyanın şərqşünaslıq elmində ciddi rol
oynamağa başladılar. Bu dövrdə Rusiyada müəllim
və tərcüməçi işləyən azərbaycanlılar
arasında Nəsirov, Əbu Turab Vəzirov, Mirzə Məhəmməd
Şəfi, Osmanov, Sadıx bəy Cəfərov, Mirzə
Abdulla Vəzirov, Mirzə Həsən Tahirov, Məhəmməd
Əliyev, Mirzə Abdulla Qafarov, Mirzə Cəfər Rizayev və
başqalarının adlarını çəkmək olar. Azərbaycanlıların
bəziləri Peterburq və Qazan (Kazan) universitetlərində
Azərbaycan, fars və ərəb dilinin tədrisini
təşkil edir, Şərq fəlsəfəsi, qanunvericiliyi
və ədəbiyyatından dərs deyirdilər. XIX əsrin ortalarında onların rolunun artması
rus şərqşünaslığının azərbaycanlı
alimlər tərəfindən inkişaf etdirildiyi haqda fikir
söyləməyə imkan verib. XIX əsrin
birinci yarısından Azərbaycan alimlərinin rus şərqşünaslığında
oynadıqları rol durmadan artmağa başlayır. Rus
və Avropa təhsili görmüş Azərbaycan
ziyalıları da, öz növbəsində, rus alimlərini
qədim Şərq mədəniyyəti, ədəbiyyatı,
tarixi, fəlsəfəsi, eləcə də Azərbaycan, fars və ərəb dilləri ilə
tanış edirdilər.
Mirzə
Kazım bəy dühası...
Bəllidir ki, o dövrün tanınmış şərqşünas
alimlərindən biri Mirzə Kazım bəy olub. Hələ 17 yaşında
o özünün ilk elmi əsərini - "Ərəb
dilinin müxtəsər qrammatikası"nı
yazıb. 1826-cı ildən etibarən Kazım bəy Kazan
Universitetində fars və türk-tatar (Azərbaycan)
dillərindən dərs deyir, az sonra professor adını
alır və fakültənin dekanı vəzifəsinə təyin
edilir. Kazım bəy Azərbaycan dilinin elmi
qrammatikasını araşdırmışdı. Onun tərtib etdiyi "Azərbaycan dilinin
qrammatikası" kitabı Rusiyada iki dəfə (1839 və
1846-cı illərdə) nəşr edilmişdi.
Fəlsəfə
elmində yeni cığır...
O
dövrü araşdıran tədqiqatçılar bildirir ki,
Azərbaycanın fəlsəfə elmində də müəyyən
dəyişikliklər baş verib. Belə ki, Qərb təhsili
görmüş Azərbaycan filosofları Aristotelin və əl-Qəzalinin
əsərlərini təhlil etməklə yanaşı, o
dövrün Avropa filosofları Yunqun, Kantın və
başqalarının ideyaları ilə də tanış
olmağa başladılar. Qərbin fəlsəfi
ideyalarını mənimsəyən və təbliğ edən
Mirzə Fətəli Axundov öz fəlsəfi
görüşlərini "Kəmalüddövlə məktubları"
əsərində əks etdirib. O dövrdə orta əsrlərə
məxsus elmi üslubda yazıb-yaratmaqda davam edən alimlər
də vardı ki, çoxəsrlik Şərq elminin
qaydalarına sadiq qalır, elmdə heç bir yeniliyi qəbul
etmirdilər. Buna baxmayaraq, onlar da bir sıra
mütərəqqi və gözəl əsərlər yarada
bilmişlər. Məşhur coğrafiyaşünas
Hacı Zeynalabdin Şirvani İran, Türkiyə, Ərəbistan,
Hindistan, Misir, Sudan, Əlcəzair və s. ölkələrə
səyahət etdiyi 36 il ərzində 60000
km məsafə qət etmişdi. Bu səfərlərin
yekunu olaraq yazdığı əsərlərdə bir
çox ölkələrin iqtisadiyyatı, mədəni həyatı,
adət və ənənələri
işıqlandırılır.
Neft tərəqqisi
- məmləkətimizə axın...
Azərbaycan elminin XIX əsrdə əldə etdiyi ən
böyük uğuru təbiət və texnika elmlərinin
inkişafıdır. XIX əsrin ikinci yarısında Azərbaycanda
neft sənayesinin tərəqqisi ilə bağlı kimya və
neft kimyası inkişafa başladı. Rusiya
İmperator Texniki Cəmiyyətinin Bakı Bölməsi təsis
olunub. Neft kimyası üzrə əsas tədqiqatlar
bölmənin nəzdindəki laboratoriyada
aparılırdı. Rus alimi
D.İ.Mendeleyev 1878 və 1880-ci illərdə Bakıda olub,
burada neft emalı problemlərini araşdırıb. 1885-ci ildə dünyada ilk dəfə olaraq
Bakıda kerosinin krekinq üsulu ilə alınması
üçün qurğu yaradılıb. Bu
layihə 1891-ci ildə Şuxov və Qavrilov tərəfindən
təkmilləşdirilmişdi. Bu dövrdə
Azərbaycanda təcrübəli kimyaçılar da
yetişirdi. Onlar rus və Qərb
universitetlərində təhsil aldıqdan sonra elmi tədqiqatlarla
məşğul olurdular. 1880-1890-cı illərdə
Almaniyanın Strasburq Universitetində (ASU) təhsil
almış azərbaycanlı kimyaçı, kimya doktoru
Mövsüm bəy Xanlarov (1857-1921) Bakıda üzvi kimya
üzrə tədqiqatlara başlayıb. Onun
"Tiosirkə turşusunun etilrodanidə təsiri"
adlı ilk məqaləsi 1882-ci ildə Almaniyada dərc edilib.
Müəllim
və həkimlərin maarifçilik hərəkatı...
Mənbələrin
məlumatına görə, o dövrdə Azərbaycanda
peşəkar bioloq alimlər həddindən artıq az olub, lakin bir sıra həkimlər və
müəllimlər maarifləndrici işlər aparır və
əhalini əsas bioloji biliklərlə tanış etməyə
çalışırdılar. Onların əsas məqsədi
Azərbaycan ictimaiyyətini Avropa elminin biologiya sahəsindəki
nailiyyətləri ilə tanış etmək
idi. Azərbaycanda biologiya və kənd təsərrüfatı
elmlərinin inkişafı Həsən bəy Zərdabi və
Nəcəf bəy Vəzirovun adları ilə
bağlıdır. Azərbaycanın bitki
örtüyünün həddindən artıq zəngin
olması bioloqların nəzərini cəlb edib və
onları ölkənin bitki örtüyünü öyrənməyə
istiqamətləndirib. Burada 4 minə
yaxın bitki növü mövcuddur. O dövrdə Azərbaycanın
bitki örtüyünü təsvir edən əsərlərin
sayı həddindən artıq az idi. Qafqazın bitki aləminin öyrənilməsi
istiqamətində ilk araşdırmaları Nəcəf bəy
Vəzirov aparıb. Rus imperiyası
dövründə Azərbaycanda səhiyyənin vəziyyəti
aşağı səviyyədə idi. Xəstəxanalar
çatışmırdı. Tibbi müəssisələr
isə ümumiyyətlə yox idi. Çar
hökuməti Bakıda və Azərbaycanın başqa şəhərlərində
heç tibb təhsili verən məktəblərin
açılmasını da dəstəkləmirdi.
İmkanlı ailələrin uşaqları Moskva,
Sankt-Peterburqda və Avropa ölkələrində ali tibbi təhsil aldıqdan sonra geriyə
qayıdır və burada öz xalqına xidmət edirdilər.
Bakıda yerləşən tibbi təmayüllü
yeganə ictimai təşkilat Bakı Həkimlər Cəmiyyəti
(BHC) idi. Bu Cəmiyyətdə M.M.Vəkilov,
Ə. Axundov, Ə.M.Mehmandarov və başqaları tibb elmi sahəsində
elmi araşdırmalar aparırdılar.
Tarix
elminin inkişafı...
Tarixçilərimizin verdiyi bilgiyə görə, XIX əsrin
əvvəllərində Azərbaycanda tarix elmi inkişaf etməkdə
davam edirdi. Yazılan əsərlərin bir qismi orta əsrlər
tarix elminin izlərini daşısa da, bir çoxu müasirlik
əlamətlərinə malik idi. 1905-ci ildə Rəşid
bəy İsmayılovun Azərbaycanın va
qonşu ölkələrin tarixindən bəhs edən
"Müxtəsər Qafqaz tarixi" kitabı nəşr
olunub.
XIX əsr
Azərbaycan ədəbiyyatşünaslıq elmi...
Azərbaycanda ədəbiyyatşünaslıq elmi də
inkişaf edirdi. Bu sahədə Firudin Köçərli, Seyid
Hüseynov və s. görkəmli alimlər fəaliyyət
göstərirdilər. Çar hökumətinin Azərbaycanda
ali təhsil məktəblərini
(universitetləri), elmi cəmiyyətləri va elmi-tədqiqat
qurumlarını təsis etməyə izn verməməsi Azərbaycanda
elmin inkişafını ləngidirdi.
Yalnız
Azərbaycan Xalq Cumhuriyyəti (AXC) dövründə - 1919-cu
ildə ölkədə milli kadrları hazırlayan ilk ali təhsil müəssisəsi-Bakı
Dövlət Universiteti (BDU) təsis olundu. Azərbaycan
Xalq Cumhuriyyəti (AXC) (1918-1920) və Azərbaycan Sovet
Sosialist Respublikası (Az.SSR) (1920-1991) dövründə Azərbaycan
elmi daha da inkişaf edib.
XX əsrin
ortalarında yaranmış Azərbaycan Milli Elmlər
Akademiyası (AMEA) qədim və zəngin ənənələri
olan Azərbaycan xalqının intellektual potensialının səmərəli
təşkilində, elmin dövrün tələblərindən
irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində,
fundamental və tətbiqi elm sahələrinin
inkişafında müstəsna rol oynayıb.
Keçən
yazılarımızda Milli Elmlər Akademiyasının
geniş profilli fəaliyyəti haqda yazmışıq...
Onu qeyd edək ki, Azərbaycan dövlət müstəqilliyini
bərpa etdikdən sonra elmdə islahatların həyata
keçirilməsi üçün əlverişli zəmin
yaranıb. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü il 4
yanvar tarixli Fərmanı ilə Azərbaycan Milli Elmlər
Akademiyasına (AMEA) Azərbaycan Respublikasında elmin
inkişafını təşkil və təmin edən,
dövlətin elm və elmi-texniki siyasətini həyata
keçirən, Azərbaycandakı bütün elmi müəssisələrin
və ali məktəblərin elmi tədqiqat fəaliyyətini
əlaqələndirən və istiqamətləndirən, Azərbaycan
Respublikasını xarici ölkələrdə elmi və
elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali
dövlət elmi təşkilat statusunun verilməsi ilə
Akademiyanın fəaliyyət dairəsi xeyli genişləndirilib.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 4 may
tarixli Sərəncamı ilə isə "Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafi
üzrə milli strategiya" və "Azərbaycan
Respublikasında 2009-2015-ci illərdə elmin inkişafi
üzrə milli strategiyanın həyata keçirilməsi ilə
bağlı Dövlət Proqramı" təsdiq edilib.
əvvəli, ardı var
İradə SARIYEVA
Bakı xəbər.-2014.- 17-19 oktyabr.- S.15.