Şöhrətli Marağa rəsədxanası və Nəsirəddin Tusi dühası...

 

Azərbaycan elminin elə zirvələri var ki, onun möhtəşəmliyi və əzəməti hər zaman könlümüzə qürur verir. Bu dahi şəxsiyyətlər zamanın bütün çağlarında var olub və özlərinin qiymətli əsərləri, yaratdıqları elm məktəbləri ilə məşhur olublar. Azərbaycanın qədim çağlardan bir elm məbədi olduğu bəllidir. Əski çağlardan başlayaraq ta günümüzə qədər Azərbaycan alim və mütəfəkkirlərinin biliyi, bacarığı, sahib olduğu elm bütün dünya üçün örnək olub.

Hələ keçən yüzilliklərdən yüksək təhsil almaq istəyən şəxslər Azərbaycan mütəfəkkirlərinin açdığı məktəb və mədrəsələrə üz tutub.

Azərbaycan elminin görkəmli simalarından və dünya miqyasında tanınan mütəfəkkirlərindən biri də Xacə Nəsirəddin Əbu Cəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusidir. Biz onu Nəsirəddin Tusi kimi tanıyırıq. Azərbaycanlı filosof, astronom, riyaziyyatçı, tarixçi, maliyyəçi, ilahiyyatçı və hüquqşünas, dövlət xadimi kimi tarixə düşən Nəsirəddin Tusi bizim zaman-zaman istinad yerimizdir. "Vikipediya" Açıq Ensiklopediyasında bu dahi şəxsiyyət haqda çox maraqlı faktlar yer alıb. Bildirildiyinə görə, alimin yaradıcılığı ensiklopedik səciyyə daşıyır. Onun Marağada yaşayıb fəaliyyət göstərdiyi bəllidir.

Dahinin doğumu...

Tarixi mənbələrdə bildirilir ki, Məhəmməd ibn Məhəmməd ibn Həsən ət-Tusi 1201-ci il şənbə günü 17 fevralda (11 camadiyul əvvəl 597-ci il) Tus şəhərində anadan olub. Bəzi mənbələrdə qeyd edilir ki, onun əsli Zəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir, Tusda doğulduğu üçün Tusi nisbəsi ilə tanınıb.

"Əxlaqi-Nasiri"nin parıldayan ulduzu...

"Vikipediya" yazır ki, Nəsirəddin Tusi ilk təhsilini atasından almış, sonra Həmədan və Tus şəhərlərində dövrünün tanınmış alimlərinin-İbn Sina və Bəhmənyarın davamçılarının yanında təhsil görüb. Aldığı hərtərəfli və dərin biliklər Məhəmmədi az bir vaxtda elmi mühitdə məşhurlaşdırır. Hələ gənc yaşlarından etibarən o, bir sıra hökmdarların diqqətini cəlb edir. Otuz yaşında ikən Kuhistan ismaililərinin rəhbəri Nasirəddin Möhtəşəm onu sarayına qonaq çağırır və gənc alimdən əxlaq barədə kitab yazmasını xahiş edir. 1235-ci ildə Nəsirəddin Tusi sonralar ona dünya şöhrəti gətirən və bir çox dillərə tərcümə olunan məşhur "Əxlaqi Nasiri" əsərini tamamlayır.

"Qartal yuvası"nda 12 illik sürgündə...

Tarixdən məlumdur ki, dahilərin ömür yolu elə də hamar olmayıb, bir vaxtlar onları mükafatlandıranlar sonradan fitnə-fəsada uyaraq bu şəxsiyyətlərə qarşı cəza tədbirləri də həyata keçirməkdən çəkinməyib. Mənbələr yazır ki, "Əxlaqi Nasiri"ni tamamlayandan bir müddət sonra müəyyən narazılığa görə Tusi həbs olunaraq ismaililərin əlçatmaz dağ zirvələrində yerləşən "Ələmut" ("Qartal yuvası") qalasına aparılıb. O burada sürgün həyatı keçirib. Nəsirəddin Tusi ismaililərin yanında keçirdiyi 12 ildən bir qədər artıq müddətdə dözülməz mənəvi sıxıntılarına baxmayaraq, qaladakı zəngin kitabxanadan istifadə edərək elmi yaradıcılıqla məşğul olub. Alim 1242-ci ildə tamamladıqı məşhur "Şərh əl-İşarat" (Əbu Əli İbn Sinanın "İşarələr və qeydlər" adlı fəlsəfi risaləsinə şərh) əsərinin sonunda yazırdı: "Mən bu kitabın əksər fəsillərini olmazın dərəcədə ağır bir şəraitdə yazdım. Ürək bundan artıq sıxıntı çəkə bilməzdi".

Tusinin xilaskarı...

 

"Vikipediya" qeyd edir ki, 1253-cü ildə Çingiz xanın nəvəsi Hülaku xanın Yaxın Şərqə yürüşü başlayıb. Onun qoşunları 1256-cı ildə fətholunmaz sayılan "Ələmut" qalasını tutmuş, İsmaililər dövlətinin hakimiyyətinə son qoymuş, Nəsirəddini və digər alim məhbusları azad etmişdi. Nəsirəddin Tusi Hülaku xanın şəxsi məsləhətçisi təyin olunmuşdu.

Hülaku xan 1258-ci ildə Bağdadı fəth edərək Abbasilər sülaləsinin hakimiyyətinə son qoymuşdu. Hülaku xan dövlətinin mərkəzini 1260-cı ildə Azərbaycana salır. İlxanilər adlanan bu yeni dövlətin başçıları "ilxan"lar (el xanları) idi. Hülaku xan öz dövlətinin paytaxtı kimi əvvəlcə Azərbaycanın qədim mədəni mərkəzlərindən olan Marağanı, sonra isə Təbrizi seçir. Elə həmin vaxt Nəsirəddin Marağa rəsədxanasının tikintisinə başlayır.

Vəsiyyət...

İnsanın fiziki ömrünün başlanğıcı olduğu kimi sonu da var. Nəsirəddin Tusi 25 iyun 1274-cü ildə (18 zilhiccə 672-ci il) Bağdadda vəfat edib. Öz vəsiyyəti ilə Kazımeyn şəhərində on iki imam şiələrinin 7-ci imamı Museyi Kazımla və onun nəvəsi 9-cu imam Məhəmmədin məzarlarının ayaq tərəfində dəfn olunub. Nəsirəddin Tusi hicri tarixi ilə 47 il hakimiyyətdə olmuş xəlifə Nasir li-Dinillah üçün hazırlanmış, lakin müəyyən səbəblərə görə boş saxlanmış sərdabədə dəfn olunub. Alimlər bu qəribə hadisədən heyrətə gəliblər. Məlum olur ki, sərdabə 17 fevral 1201-ci (11 cumadəl ulə 597) ildə tamamlanıb. Həmin gün isə Nəsirəddin Tusi anadan olub, hicri tarixi ilə 75 il 7 ay 7 gün yaşayıb).

Milli mənsubiyyəti...

Nəsirəddin Tusinin milli mənşəyi, mənsubiyyəti ilə əlaqədar məsələ hər zaman aktualdır. Nəsirəddin Tusinin şagirdi və davamçısı İbn əl-Füvətinin (1244-1326) "Ləqəblər lüğətində xəbərlər məcmuəsinin xülasəsi" adlı çoxcildli əsərində göstərdiyi bir fakt onun milli mənsubiyyətinin türk mənşəli olmasının sübutu üçün xüsusi əhəmiyyət daşıyır.

Qeyd etmək lazımdır ki, 1258-ci ildə monqollar Bağdadı işğal edərkən İbn əl-Füvəti əsir düşmüş, 1261-ci (659) ilin əvvəllərindən Nəsirəddin Tusinin yanında yaşayıb.

İbn əl-Füvəti yazıb ki, Nəsirəddin Tusi Marağaya gələndə oradakı zadəgan ailəsindən olan Fəxrəddin Loğman Məhəmməd oğlu Maraği ilə görüşüb və ona belə bir tapşırıq verib: İrbil, Mosul və Əlcəzirəyə getsin, son 40 il ərzində Marağa və Təbrizi tərk etmiş ailələri vətənə qayıtmağa razı salsın. Fəxrəddin Maraği 500-ə qədər ailəni geri qaytara bilmişdi. Bu, Nəsirəddin Tusinin öz həmvətənlərinə dərin məhəbbət hissini ifadə edir.

Tusinin elmə töhfəsi...

Mənbələrin yazdıqlarından bilirik ki, Nəsirəddin Tusi elmin müxtəlif sahələri ilə dərindən maraqlanmışdı. Onun qələmindən çıxan yüzdən artıq ciddi əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunmuşdu. Bununla belə, Nəsirəddinin yaradıcılığında astronomiya və riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. Tusi bu sahələrdə aparılmış iyirmidən artıq uğurlu araşdırmanın müəllifidir. Riyaziyyata həsr etdiyi əsərlər yalnız ərəbcə, astronomiya üzrə tədqiqatları isə həm fars, həm də ərəb dillərində yazılıb.

Riyaziyyatçı alimin ən məşhur əsərləri arasında "Şəklül-qita" ("Bütöv çoxtərəfli haqda risalə), "Came ül-hesab" ("Lövhə və tozun köməyi ilə hesab toplusu"), "Dairənin ölçüsü", "Təhrir Əqlidis" ("Evklid "Başlanğıc"ının təsviri") kimi kitablar xüsusi yer tutur. Dörd hissədən ibarət "Zici-İlxani" ("İlxanilərin astronomik cədvəlləri") əsəri isə alimin adını dünya astronomiya tarixinə salıb.

Müasir alimlərin Tusiyə verdiyi dəyər...

 

Bəllidir ki, çağdaş tədqiqatçıların bir çoxu Nəsirəddin Tusini hər şeydən öncə riyaziyyatçı hesab edir. Onun əsərləri yalnız Şərqdə deyil, həmçinin Avropada həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynayıb. 1594-cü ildə Romada ərəb, sonra isə latın dilinə tərcümədə çap olunan "Evklid "Başlanğıc"ının təsviri" əsəri Tusi ideyalarının Avropada yayılmasında böyük iş görüb. Alimin beş kitabdan ibarət yazdığı "Bütöv dördtərəfli haqqında risalə" də Avropada triqonometriyanın inkişafında əhəmiyyətli rol oynamış əsər kimi məşhurdur. Dünya elmi tarixində ilk dəfə bu əsərdə triqonometriyaya müstəqil elm sahəsi kimi yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə çevrilib. Nəsirəddinin cəbr sahəsində araşdırmaları içərisində bütün dərəcələrdən kökalma metodu və Binom düsturu daha çox tanınır. Bundan başqa, alimin tarixə, mineralogiyaya, fizikaya, tibbə, iqtisada, coqrafiyaya, musiqiyə və təbii ki, astronomiyaya dair çoxsaylı əsərləri də diqqətəlayiqdir. Bunların arasında "Bağdadın tarixi", "İşığın əks olunması və sınması haqda risalə", "Evklid optikası", "Göy qurşağının öyrənilməsinə dair risalə", "Qiymətli daşlar haqqında kitab", "Tibb qanunları", "Dövlət maliyyəsi haqqında risalə", "Xoşbəxt günlərin seçilməsi" (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər. Ensiklopedik alim Nəsirəddin Tusinin bir çox əsərləri dünyanın müxtəlif kitabxanalarında mövcuddur. Bunlara Bakı, Paris, Berlin, Vyana, Oksford, Kembric, Leypsiq, Münhen, Florensiya, Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlərinin muzey və kitabxanalarında rast gəlmək mümkündür.

Marağa rəsədxanasının yaradıcısı...

Məlumdur ki, Tusi Şərq dünyasında etikaya dair "Əxlaqi-Nasiri" adlı məşhur əsəri ilə və Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanıb.

Uzun illərdir Azərbaycanda Tusinin çoxşaxəli yaradıcılığı alimlər tərəfindən tədqiqata cəlb edilib.

Professor Həbibulla Məmmədbəylinin bu baxımdan gördüyü işlər təqdirəlayiqdir. O, Nəsirəddin Tusinin astronomiya və riyaziyyat elmləri sahəsindəki xidmətlərini geniş şəkildə tədqiq edib.

"Vikipediya" yazır":Görünür, o, rəsədxana qurmaq haqqında çoxdan fikirləşirmiş. Bağdad alınan kimi, Nəsirəddinin Hülaku xandan icazə istəyib işə başlaması da bunu sübut edir. Bir ildən də az bir müddətdə o, rəsədxananın tikiləcəyi yeri müəyyənləşdirir, eyni zamanda astronomik cihazlar hazırlayır, müxtəlif şəhərlərdən burada yaradılacaq kitabxana üçün qiymətli kitablar gətirdir və rəsədxanada araşdırmalar aparmaqdan ötrü dünyanın bir çox ölkəsindən alimlər dəvət edir. Tusi özü "Zici-İlxani" adlı əsərində bu barədə belə yazır: "Hülaku xan ətraf vilayətlərdən astronomik müşahidələr apara bilən alimləri çağırmağı tələb etdi: Dəməşqdən Müvəidəddin Ordini, Mosuldan Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəddin İxlatini, Qəzvindən Nəcməddin Dəbiranini". Digər qaynaqlardan isə dövrün ən tanınmış alimlərindən Qütbəddin Şirazi, Şəmsəddin Şirvani, Cəmaləddin əz-Zeydi Buxari, Fao Mun-çi və digərlərinin də Marağa rəsədxanasında çalışdıqları məlum olur. Burada bir məsələyə də toxunmaq maraqlı olardı. Görkəmli Azərbaycan siyasi xadimi və tarixçisi Rəşidəddinin öz salnamələrində yazdığına görə, həmin dövrdə Camaəddin Buxariyə də Pekində rəsədxana qurmaq tapşırılmışdı. Lakin o, bu tapşırığın öhdəsindən gələ bilmirdi. Nəhayət, Çin alimi Fao Mun-çi ilə birlikdə Marağaya gəlib, Nəsirəddinlə məsləhətləşmələr apardıqdan və rəsədxana tikilişi üçün zəruri olan alətlərin çertyojlarını əldə etdikdən sonra Pekində də işlər başa çatdırılır. Rəsədxana yaradılması külli məbləğdə pul qoyuluşu tələb edirdi və Hülaku xan bu işi məqsədəuyğun saymırdı. Tanınmış tarixçi Hacı Xəlifə özünün "Dünya haqqında kitab"ında bununla əlaqədar baş verən hadisələri belə təsvir edir: "Xacə Nəsir Marağadakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məsarifi Hülakuya deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə soruşdu: "Yəni ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək?"

 

Ardı olacaq...

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 20 oktyabr.- S.12.