Dahi riyaziyyatçı, görkəmli filosof,
qüdrətli elm xadimi...
Hülakuya təsir edə
bilən alim...
..."Xacə Nəsir Marağadakı astronomiya rəsədxanasının tikintisinə başlamaq üçün lazım gələn məsarifi Hülakuya deyəndə, o, məbləğin böyüklüyünə şübhə ilə soruşdu: "Yəni ulduzlar haqqında elm belə faydalıdır ki, rəsədxanaya bu qədər pul xərcləyək?" Nəsir cavabında söylədi: "İzn verin, bir nəfər həmin dağa qalxıb, ordan boş bir tası yerə atsın, ancaq bunu elə eləsin ki, heç kəs bilməsin." Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır. Hülaku xanın ordusu vahiməyə düşür. Nəsirəddinsə bu zaman xanla birlikdə sakitcə oturub, qoşundakı vahiməni seyr edir. Nəsirəddin xana deyir: "hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakitcə əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin mahiyyətini irəlicədən bilsək, yer üzündə həmişə belə rahatlıq hökm sürər." Nəsirəddinin sözləri Hülaku xanı elə inandırır ki, o, rəsədxananın tikintisinə razılıq verir və bu məqsədlə 20 min dinar pul buraxır. Sonralar böyük alim rəsədxanada çalışan yüzdən artıq alimə həmişəlik donluq kəsilməsinə də nail olur. Bu məvacib Nəsirəddinin təşəbbüsü ilə vergilərdən yığılan vəsait hesabına ödənilirdi".
Rəsədxananın inşası...
Rəsədxananın tikintisinə 1259-cu ildə Marağa şəhərinin qərbindəki təpənin döşündə başlanır. Nəsirəddin rəsədxana binalarının layihələndirilməsində və astronomik cihazların qurulmasında şəxsən iştirak edir. Görkəmli astronom və konstruktor Müəyyidəddin Ordi ilə birlikdə onlar rəsədxanada beş yeni, bir o qədər də köhnə konstruksiyalı astronomik cihaz quraşdırırlar. Yeni konstruksiyaları alimlərin özləri işləyib hazırlayır. Bundan başqa, Marağa rəsədxanasında bir sıra astronomik məsələlərin həlli üçün zəruri sayılan, həmçinin tədris məqsədilə istifadə olunan yer və göy qlobusları da hazırlanırdı. Ordinin oğlu Məhəmməd tərəfindən hazırlanmış göy qlobuslarından biri bizim günlərə qədər qalıb və hazırda Drezdendə saxlanır.
Rəsədxananın nəzdində 400 min kitab saxlanan kitabxana və bu elmi mərkəzi kadrlarla təchiz etməkdən ötrü məktəb fəaliyyət göstərirdi. Maraqlısı o idi ki, rəsəxanada müsəlmanlarla birgə xristianlar, buddistlər, nestorianlar və iudaistlər də çalışırdı. Bunlar türklər, farslar, ərəblər, monqollar, çinlilər, gürcülər, tatarlar, yəhudilər və digər millətlərin nümayəndələri idi. Tusinin tikdirdiyi rəsədxana öz həcminə görə Şərqin bütün məşhur rəsədxanalarını geridə qoyur. Marağa rəsədxanasında çalışan əməkdaşların elmi fəaliyyəti və astronomik müşahidələri "İlxanilərin astronomik cədvəlləri" adlandırılan kollektiv əsərin yaranmasına gətirib çıxarmışdı. Bu cədvəllərin sonuncusu 1284-cü ildə, artıq Nəsirəddinin vəfatından sonra tərtib edilmişdi.
Kolumbu qabaqlayan dahi...
Məlumatlara görə, bu cədvəllər dörd kitabdan ibarətdir. Birinci kitabda yunan, fars, yəhudi, ərəb və türk təqvimləri təsvir olunur və bir təqvimdən digərinə keçməyin qaydaları göstərilirdi. İkinci kitab ulduzların hərəkətinə və onların ekliptik koordinatlarının yerləşməsinə həsr olunub. Elə buradaca sinus və tangenslərin cədvəlləri, habelə 256 məntəqənin yerləşdiyi uzunluq və en dairəsi göstərilir. Nəsirəddin uzunluq dairəsinin ölçüsünü Qrinviçdən 34-35 dərəcə qərbdən götürərək, Cənubi Amerikanın şərq hissəsindən keçirir. Professor Həbibulla Məmmədbəyli buna əsaslanaraq belə bir ehtimal irəli sürüb ki, o dövrün astronom və coğrafiya mütəxəssisləri hələ Kolumbdan çox-çox qabaq Qərb yarımkürəsində sonralar Amerika adlandırılmış materikin varlığından xəbərdar imiş. "Cədvəllər"in üçüncü və dördüncü kitabları astrologiya məsələlərinə həsr olunub.
Alimlər nə yazır?
Mətbuatda gedən bir yazıdan bəllidir ki, AMEA-nın müxbir üzvü Zakir Məmmədov da Nəsirəddin Tusi irsini araşdırıb. Alim mənbələr əsasında belə bir faktı qeyd edir ki, 1266-cı ildə Marağa rəsədxanasında Nəsirəddin Tusi ilə bir yerdə çalışan azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içiboş yer kürəsi modeli də varmış. Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Bununla da Zakir Məmmədov elm aləmində ilk coğrafi qlobusu alman alimi Martin Böhaymın (1459-1507) hazırlaması haqqında fikri elmi fakt əsasında təkzib edib. Marağa rəsədxanası tətbiqi astronomiyanın inkişafında müstəsna rol oynayıb.
Nəsirəddin Tusinin davamçıları...
"Vikipediya" tarixi mənbələrə əsaslanaraq yazır ki, Nəsirəddin Tusinin üç oğlu olub: Sədrəddin Əli, Əsiləddin Həsən və Fəxrəddin Əhməd. Onlar filosofun yaradıcılıq yolunu davam etdiriblər. Nəsirəddin Tusinin ölümündən sonra Sədrəddin Əli Marağa rəsədxanasına rəhbərlik edib. Mənbələrdə deyildiyi kimi, o, farsca şeirdə və astronomiyada fəzilətli idi.
Əsiləddin Həsən riyaziyyatçı və şair kimi tanınırdı. Professor Həbibulla Məmmədbəyli qeyd edir ki, Parisdə milli kitabxanada saxlanan "Zic-i İlxani"nin bir nüsxəsi Əsiləddin Həsənin əlyazmasıdır.
Əsiləddin Həsən həm elmi fəaliyyət göstərib, həm də dövlət işlərində çalışıb. Vali işləmiş Əsiləddin Həsən Qazan xan ilə Şama gedib, sonra Bağdadda mənsəb tutubdur. Nəsirəddin Tusinin kiçik oğlu Fəxrəddin Əbülqasim Əhməd riyaziyyatçı, astronom olub, vəqflərin müdiri işləyib. Fəxrəddin Əhməd Abaqa xanın oğlu Arqun xan zamanında xidmət edib, 27 avqust 1301-ci (21 zülhiccə 700) ildə Sivasda öldürülüb. Cənazə Marağaya gətirilərək, qardaşının yanında dəfn olunub.
Mənbələrdə qeyd edilir ki, Əhvədi Marağayi "Dəhnamə" məsnəvisini Nəsirəddin Tusinin nəvəsi Xacə Ziyaəddin Yusif ibn Əsiləddin Həsənin adına 1306-cı (706) ildə nəzmə çəkib. Lakin onun hansı ixtisas sahibi olduğu, nə kimi mövqe tutduğu məlum deyildir.
Nəsirəddin Tusi Marağa rəsədxanasının nəzdində təsis etdiyi məktəbdə özünün davamçılarını hazırlayıb. Mütəfəkkirin fəlsəfi məktəbinin görkəmli nümayəndələri arasında Nəcməddin Qəzvini (1203-1277), Qütbəddin Şirazi (1236-1311), Cəmaləddin Hilli (1250-1325) daha çox məşhurdur. Onlar da müəllimlərinin fəlsəfi mövqeyindən çıxış ediblər.
Nəsirəddin Tusinin şagirdlərindən Nəcməddin Qəzvini, Qütbəddin Şirazi, Cəmaləddin Həsən Hilli və başqaları öz məktəblərini yaradaraq şagirdlərini, xələflərini yetiriblər. Bununla da Bəhmənyar məktəbinin fəlsəfi ənənələri Nəsirəddin Tusinin fəlsəfi məktəbi və şagirdlərinin fəlsəfi məktəbinin nümayəndələri tərəfindən davam etdirilib.
Tusi ailəsi Ordubada köç edib...
Məlumatlara görə, XIV əsrdə
Nəsirəddinin nəvə-nəticələri
Marağadan Ordubada köçüblər. Səfəvilər dövründə onlar bir sıra dövlət
vəzifələrində çalışmışlar.
Hal-hazırda Azərbaycan Respublikasında
və İran İslam Respublikasında Nəsirəddin Tusinin çox sayda varisləri yaşamaqdadır.
Tusinin əsərləri...
Nəsirəddin Tusi yaşadığı
dövrdə bütün
ömrünü elmin
inkişafına həsr
edib. Dünya miqyaslı azərbaycanlı
yazdığı əsərlərlə
bəşəriyyətə nüfuz edə bilib. Xalqın arasından çıxan
və həyatını
elm öyrətməyə, dünyanın sirrinə vaqif olmağa xərcləyən dahinin
101 əsəri olub.
Alimlər yazır ki,
bu əsərlərin
hər birinin böyük elmi dəyəri, çəkisi
var.
Tusinin əsərləri: "Şərh
əl-İşərat" (20 ildə hazırlanıb),
"Şəklül-qita" (tam dördtərəfli
haqqında traktat),
"Zic-i İlxanə", Təcrid əl-əqaid (Əqidənin təcridi),
"Təcrid əl-kəlam"
(Kəlamın təcridi),
"Tezker-i hayat
Təhrir-i Öqlidis" (Evklidin
şərhi), "Təhrir
əl-Məcəsta",
"Əsas əl-iqtibas" (İqtibasın əsası),
"Əsraf əl-eşraf"
"Əxlaq-i Nasiri" (1235),
"Füsul nəsiriyyə",
Övsafül Əşraf
Risab fi-l-imamə" (İmamətə dair traktat), "Cəbr və qədr
Cəleul
hesab" (Taxta və qum
vasitəsilə hesablama),
"Həll əl-müşkilat"
(Problemlərin həlli).
Bunlar Tusinin qiymətli əsərlərinin bir hissəsidir.
Bu gün yaşayan Tusi...
Alimlər, elm adamları, fəzilət sahibləri ölmür. Onların yalnız
cismi torpağa qarışır, özləri
isə əbədi yaşayır. Nəsirəddin Tusi də ölümsüzlər
sırasında durur.
Azərbaycan elmi nə qədər var, nə qədər dünyaya nüfuz etmək əzmindədir, xalqımızın bu böyük oğlu da yaşayacaq. Tusinin xatirəsinin əbədiləşdirilməsi
üçün indiyə
qədər bir sıra işlər görülüb. Dahi mütəfəkkirin
həyatı, fəaliyyəti
daim tədqiqatçıların
diqqət mərkəzində
olub.
Onu da bildirək ki, Tusinin 1981-ci ildə anadan olmasının 780 illik yubileyi geniş qeyd olunub, şərəfinə
medal təsis edilib, abidələri ucaldılıb,
portreti yaradılıb. Azərbaycan Respublikasının
bir sıra elm, təhsil və mədəni-maarif müəssisəsinə,
o cümlədən Azərbaycan
Milli Elmlər Akademiyası Şamaxı
Astrofizika Rəsədxanasına,
küçələrə adı verilib. YUNESKO-nun qərarı ilə anadan olmasının 800 illik yubileyi dünya miqyasında qeyd edilib. Bu münasibətlə
Azərbaycan Respublikasının
sabiq Prezidenti Heydər Əliyevin "Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi haqqında" 13 iyun 2000-ci il
tarixli Fərmanı ilə yubiley komissiyası yaradılıb.
Nəsirəddin Tusinin dövlətimiz
tərəfindən də
yüksək qiymətləndirilməsi
təqdirəlayiqdir. Əlbəttə, biz öz dahimizin qədrini bilməsək başqaları onu öz adlarına çıxmağa cəhd
edər. Hətta bəzən
belə cəhdlərə
rast gəlirik.
Elmin zirvəsində
əbədi olaraq öz varlığını
həkk edən Nəsirəddin Tusi zamanın bütün dönəmlərində böyüklüyü
ilə seçilir. Onun elm aləmində
açdığı böyük
yol bu gün
də yaşayır və onun yüzlərlə
davamçısı Tusi
adının şöhrətinə
sığınıb. Hər bir xalq özünün
dahi şəxsiyyətləri
ilə öyünməlidir.
Biz də həmçinin.
İradə SARIYEVA
Bakı xəbər.-2014.- 21 oktyabr.-
S.15.