Seyid Yəhya Bakuvi adlı bir mütəfəkkirimiz, şeyximiz
də olub...
Bakıda-İçəri Şəhərdə yerləşən Şirvanşahlar Saray Kompleksində türbələr arasında bir türbə var. Artıq illərdən bəri bu türbə həm yerli sakinlərin, həm də xaricdən gələn turistlərin ziyarət yerinə çevrilib. Şirvanşahlar Saray Kompleksi əsaslı təmir-restovrasiya edilərkən bu dahi şəxsiyyətin də türbəsi 2003-cü ildə yenidən bərpa olunub. Biz özümüz də dəfələrlə o türbəni ziyarət edib burada yatan şəxsin ruhuna dualar oxumuşuq.
Budəfəki mövzumuz Seyid Yəhya Bakuvi barəsində olacaq. İnanırıq ki, elm sahəsində, fəlsəfi fikrin formalaşmasında, poeziya-ədəbiyyat yolunda böyük zəhmətlərə qatlaşan Seyid Yəhya Bakuvi haqda təqdim etdiyimiz yazı marağınıza səbəb olacaq...
Bakuvi kim olub?
Azərbaycan fəlsəfə tarixinin yaradıcısı kimi Bəhmənyarın adı qeyd edilir. Əlbəttə, Bəhmənyar kimi qüdrətli filosofumuz, şəxsiyyətimiz haqda da yazımız olacaq. Seyid Yəhya Bakuvi də fəlsəfi fikir tariximizdə öz orijinal yolu olan qüdrətli söz ustadı, mütəfəkkir olub.
"Vikipediya" Açıq Ensiklopediyasında yazılana görə, mənşəcə Azərbaycan türklərindən olan Seyid Yəhya Bakuvi Azərbaycanın tanınmış filosof alim və şairlərindən biri, xəlvətilik təriqətinin ikinci qurucusudur. Bakuvi eyni zamanda xəlvətiliyin virdi olan "Virdü-Səttar"ın müəllifidir.
2013-cü ildə YUNESKO-nun Baş Konfransının 36-cı sessiyasında Seyid Yəhya Bakuvinin 550 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib. Seyid Yəhya haqqında qaynaqlarda çox maraqlı məlumatlar var.
Azərbaycan təsəvvüf məktəbində yetişən mütəfəkkir alim Seyid Yəhya Bakuvi və onun inkişaf etdirərək yenidən təsis etdiyi xəlvətilik təriqəti XI əsrdən etibarən müsəlman aləmində böyük təsirə malik olub və geniş yayılıb. Seyid Yəhya zəngin üçdilli (türk, ərəb, fars) təsəvvüfi-fəlsəfi və ədəbi əsərləri ilə dünyanın bir çox ölkələrinin fəlsəfi fikir tarixinə təsir edib.
Seyid Yəhya irsini araşdıran tədqiqatçılar bildirir ki, müəllif haqqında ən doğru bilgiləri, şübhəsiz ki, öz əsərləri verə bilər":Ancaq müsəlman müəlliflər adətən əsərlərində özləri barədə az məlumat verirlər. Bəzən adlarını da yazmamaları, görünür, təvazökarlıqdan irəli gəlib. Seyid Yəhya da əsərlərində özündən çox bəhs etmir. Lakin yenə də onun həyatı ilə bağlı bir sıra məlumatlara rast gəlmək mümkündür. Belə ki, o, "Şifaül-əsrar" əsərində müəllimlərini, "Kəşfül-qülub" əsərində Şirvanşah I Xəlilullahı yad edir. Bəzi şeirlərində də həyatı barədə məlumata rast gəlinir".
Mütəfəkkirin fəlsəfi görüşləri...
"Vikipediya" yazır ki, Seyid Yəhyanın əsərlərində onun fəlsəfi-dini düşüncəsi və təsəvvüfi anlayışı barədə geniş məlumat var. Ona qədər təsəvvüf sahəsində əsər yazan müəlliflər o qədər də çox deyildi. Xüsusilə xəlvətilik təriqətinin sistemi və üsulları haqqında ondan öncə yazılmış əsərlərə təsadüf edilmir. Demək olar ki, xəlvətilik təriqətinin təqribən 200 illik üsul və prinsipləri ilk dəfə onun tərəfindən yazıya alınıb. Hətta bu üsulların bir çoxu ilk dəfə Seyid Yəhya tərəfindən müəyyənləşdirilərək tətbiq olunub.
O, iyirmidən çox əsəri ilə xəlvətiliyin təsəvvüfi-fəlsəfi əsaslarını quraraq günümüzə qədər gəlməsini təmin edib. M.Rıhtım qeyd edir ki, xəlvətilik təriqətinin bütün şöbə və qolları tərəfindən oxunan xüsusi dua (vird) və təriqətdə yerinə yetirilməsi zəruri olan üsul və qaydalar (ədəb) S.Yəhya tərəfindən yazılıb və yayılıb. "Virdü-Səttar" və Meyari-təriqət adı ilə tanınan bu əsərlər əslində xəlvətiliyin həqiqi qurucusu adını ona vermək üçün kifayətdir.
Davamçılarının onun haqda yazdıqları...
Tədqiqatçıların bildirdiyinə görə, Lamii Mahmud Çələbinin Nəfahət tərcüməsi, Taşköprülüzadənin "Şəqayiqi-Numaniyyə fi üləmayi-dövləti Osmaniyyə", Məcdi Məhəmməd əfəndinin "Hədaiqüş-şəqayiq", Yusif ibn Yaqubun "Mənaqibi-şərif və təriqətnammeyi-piran və məşayixi əliyyəyi-xəlvətiyyə", Məhəmməd Cəmaləddin əl-Xulvinin "Ləmazati-xulvi və Ləmazati-ulviyyə", Əli Əlinin "Töhfətül-mücahidin və Behcətüz-zahidin", Məhəmməd Nəzminin "Hədiyyətül-ixvan", Həsən Krıminin "Məqalate-əliyyeyi-təriqəti-xəlvətiyyeyi-Camaliyyə", Həririzadə Məhəmməd Kəmaləddin əfəndinin "Tibyani-vəsail-il-həqaiq fi bəyani-səlasil-it təraiq", Sadiq Vicdaninin "Tomari-turuki-Əliyyə", Hüseyin Vəssafın "Səfineyi-övliyayi-əbrar şərhi-əsmar", Bursalı Məhəmməd Tahir əfəndinin "Osmanlı müəllifləri", Bağdadlı İsmayıl paşanın "Hədiyyətül-arifin", Məhəmməd Əli Ayninin "Təsəvvüf tarixi", Xocazadə Əhməd Hilminin "Seyid Yəhya və Ziyarəti-övliya", Rəhmi Sərinin "İslam təsəvvüfündə xəlvətilik və xəlvətilər" əsərləri həm Seyid Yəhya Bakuvinin həyat və yaradıcılığı, həm də xəlvətiliyin tarixi üçün əhəmiyyətli mənbələrdir. "Vikipediya"nın verdiyi bilgiyə görə, Seyid Yəhyanın İstanbul Universiteti Kitabxanasında olan əsərləri haqqında Əhməd Atəş məlumat verib. Fuad Köprülü, Əbdülbaqi Gölpınarlı və Təhsin Yazıcı da Seyid Yəhya və xəlvətilik haqqında dəyərli məlumatları əsərlərində nəql etmişlər.
Dahinin həyatı...
Seyid Yəhya Bakuvinin həyatı elmlə məşğul olan insanlar, o cümlədən də tarixə isti münasibəti olan oxucular üçün böyük maraq kəsb edir. Əlbəttə, hər kəs istəyir ki, fəlsəfi fikir tariximizdə ayrıca yeri, yolu olan böyük şəxsiyyətin həyatı haqda məlumata sahib olsun.
Tədqiqatçıların verdiyi məlumata görə, Seyid Yəhya Azərbaycanın Şamaxı şəhərində doğulub. Onun anadan olduğu dövrdə Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı şəhəri bu bölgədə önəmli elmi, siyasi və mədəni mərkəz mövqeyində idi. Seyid Yəhyanın doğum tarixi barədə qaynaqlarda heç bir məlumat verilməyib. Ancaq onun XIV əsrin sonlarında doğulduğunun təxmin edilməsinə sövq edən bilgilər var. Bunlardan biri Nəzminin Bakıda qırx ildən çox yaşamasını nəql etməsidir. Bu mülahizə həqiqət kimi qəbul edildikdə, Seyid Yəhyanın 1466-cı ildə vəfat etdiyini nəzərə almaqla onun Bakıya 1426-cı ildən öncə gəldiyi söylənə bilər. Pir Məhəmməd Ərzincani Bakıya gedərkən Ərzincana gəlib onunla görüşən Çələbi Xəlifəyə: "O indi çox yaşlandı, yaxında vəfat edər" dediyinə baxılırsa, Seyid Yəhyanın uzun ömür sürdüyü anlaşılır. Bu biliklər işığında onun XIV əsrin sonlarında doğulduğu söylənir.
"Vikipediya" tarixi mənbələrə istinad edərək yazır":Şeyxin tam adı əs-Seyid Cəmaləddin Yəhya ibn əs-Seyid Bəhaəddin əş-Şamaxi əl-Bakuvidir. Şamaxıda anadan olmasına baxmayaraq, o, hakimiyyət mərkəzi olan Şirvana mənsub edilib. O dövrlərdə Şirvan bölgəsində olan üləma və şeyxlərin Şirvani nisbəsi ilə yad olunması geniş yayılmışdı. Şirvani nisbəsi ilə yanaşı, ona Bakuvi nisbəsinin də verilməsi həyatının ən uzun və mühüm dövrünü Bakıda keçirməsi, oradakı irşad fəaliyyəti ilə ətraf aləmdə tanınıb məşhur olması və burada vəfat etməsi ilə əlaqədardır. Azərbaycan mənbələrində daha çox Yəhya Bakuvi kimi yad edilir. Əsərlərində doğulduğu Şamaxı şəhərinin adından götürülən əş-Şamaxi nisbəsinə az təsadüf olunur. Seyid Yəhya üçün qaynaqlarda sevgi və hörmət ifadə edən bir çox üstün sifətlər ifadə olunub:
-Nəqiblər nəqibi, nəciblərin nəcibi, şeyxlərin şeyxi, seyidlərin görkəmlisi;
-Şeyx, arifi-billah;
-Xəlvətilik təriqətinin feyz qaynağı;
-Qüdvətüs-sani, həqiqət məşrəbində imamür-rəbbani, qütbül-arifin, cəlalül-milləti vəl-həqqi vəd-din;
-Qütbü-vəqtihi və fəridi-əsrihi;
-Safiyyə üləmasının böyüklərindən, qüdvəyi-sani, gövs;
-Xəlvətilik taifəsinin piri-sanisi...".
Şeyxlər şeyxinin sifətlərindən biri...
Mənbə yazır ki, piri-sani Seyid Yəhya üçün ən çox istifadə olunan və adətən onunla adlanmış olan bir ifadədir. Pir təsəvvüfdə təriqətin qurucusu, təriqət sahibi anlamında işlədilir. Bu mənada xəlvətiliyin piri Ömər Xəlvətidir. Piri-san isə ikinci ər anlamındadır. Bir təriqətin quruluşundan sonra təriqətə yeni bir istiqamət verən və yeni həyat qazandıran sufiyə deyilir. Məsələn, qadiriliyin piri-sanisi İsmayıl Rumi (piri Əbdülqədir Geylanidir), xəlvətiliyin piri-sanisi Seyid Yəhyadır.
Seyid Yəhya nəsəbi sağlam seyidlərdən sayılır. Onun atası altıncı imam Musa Kazımın soyundandır. Şeirlərində Seyid təxəllüsü istifadə etmiş, əsərlərinin sonunda adını Yəhya əl-Hüseyni yazaraq seyid olduğunu bildirib. Babaları nəqiblər sülaləsindən olub. Atası Bəhaəddin Şirvanşahlar dövlətinin nəqibül-əşrafı idi.
Uşaqlıq və gənclik illəri...
Seyid Yəhyanın uşaqlıq illəri Şamaxıda, ailəsinin yanında keçib. Uşaqlıq dövrünə aid əlimizdə ancaq mənqəbə kitablarında xatırlanan məlumatlar var. Bu mənqəbələrdən onun zəngin və nüfuzlu bir ailədə doğulduğu anlaşılır. Ailəsinin seyid olması da onun öz mühitində sayılan və sevilən biri olmasını təmin edib. Bütün bunlarla yanaşı, kiçik yaşlarından əxlaqı və tərbiyəsi ilə insanlar üzərində müsbət təsir oyadıb.
Seyid Yəhyanın mükəmməl bir təhsil aldığı şəksizdir. Əsərlərinin çoxunu ərəb dili və fars dilində yazmış olması öz doğma Azərbaycan türkcəsi ilə yanaşı, bu iki dilə də hakim olduğunu göstərir. Əsərləri İslam dininə aid bir çox elm sahəsinə dərindən bələd olduğu təsəvvürünü yaradır. Şamaxıdan nə vaxt getməsinə dair bir məlumat olmasa da, təhsilini doğma şəhərində tamamladığı ehtimal edilir.
Müəllimlərinin kim olduğuna dair məlumatı Şəfaül-əsrar əsərində qeyd edib. Burada yad etdiyi adlardan "ustadım" dediyi Şeyx Şəmsəddin Əxıskətidən fiqh elmini, Mövlana Hafizəddin əl-Gərdəridən ərəb dili, bəlağət və xitabəti, "ustadım və sənədim" dediyi Mövlana Tacəddindən hədis və fiqh elmlərini, Qütbəddin əs-Sərabidən əqaid və kəlam elmlərini öyrənməsi məlumdur.
Həyatının Bakı dövrü...
"Şəfaül-əsrar" əsərinin əlyazmasının titul səhifəsində göstərilir ki, (Süleymaniyyə kitabxanası) Seyid Yəhya Bakıda qırx ildən çox yaşayıb. Bakıdakı fəaliyyətinə nəzər saldıqda bu müddətin mənbələrdə doğru göstərildiyi aydınlaşır. Bunun əksinə başqa bir məlumat da yoxdur. Bu halda Seyid Yəhyanın Bakıya XIV əsrin 20-ci illərində gəlməsi qənaəti hasil olur. Bakıya getməsinə səbəb olan hadisə Şeyx Sədrəddinin vəfatından sonra şeyxlik məsələsində Pirzadə ilə aralarında çıxan ixtilafdır. Şeyx Sədrəddin vəfatından öncə tərəfdarlarını toplayaraq Seyid Yəhyanı yerinə təyin edib və ona itaət etmələrini söyləyib. Lakin şeyxin ölümündən sonra Pirzadə onun yerinə taxta əyləşib və Seyid Yəhya Bakıya köçüb.
Seyid Yəhyanın Bakıya köçdüyü zaman Şirvanşah I Xəlilullah xan idi. O, Bakıya gəldikdən sonra burada Şirvanşah I Xəlilullah xanın da yardımı ilə xəlvətiliyin ilk böyük xanəgahını açıb. Bakıdakı xanəgahın inşasında Şirvanşah I Xəlilulllah xanın yardımçı olmasını Seyid Yəhya türbəsinin ətrafında Şirvanşah tərəfindən inşa edilən məscid və digər binalardan da anlamaq mümkündür. Mənbələrdə də Şirvanşah I Xəlilullahın ona böyük yardım göstərdiyi və hörmət etdiyi qeyd edilib.
Şirvanşah I Xəlilullahla dostluq...
"Vikipediya" məlumat verir ki, Şirvanşah I Xəlilullah xan ilə aralarındakı yaxşı münasibəti göstərən əlamətlərdən biri də Seyid Yəhyanın "Kəşfül-qülub" əsərini Şirvanşaha ithaf etməsidir. Belə ki, əsər bu ifadələrlə başlayır: "Bu risaləni yazmanın səbəbi uca ədalət əmiri, aləmdəki bütün sultanların ən şərəflisi, əl-Məlikül Mənnanın hökmünün davam etdiricisi, Xəlilür-rəhmanın adaşı sultan ibni sultan Əmir Xəlilullahın (Uca Allah bütün aləmə və aləmdəkilərə yaydığı rəhməti ilə onu ən uca məqama çıxarsın) gündən-günə artan dövlətinin itidali-vasitəsilə tapdığım əmniyyət və əman ilə yazdım (Əmirül-adil. Əzam, Əkrəm, Xülasətüs-səlatin fil-aləm, əl-Müəyyəd, əl-Məlikül-Məənnan, Xəlilur-rəhman, Sultan ibni sultan, Əmir Xəliullah hallədallahu təala səradika əzəmətəhu və cəlalulhu adına yazılıb". Seyid Yəhya müridlərinə uzun ömür verməsi üçün Allaha dua edərkən "Xəlil bəyə dua edin, çünki mənim ömrüm onun həyatıdır" - deyib. Həqiətən də Şirvanşah I Xəlilullah xanın ölümündən doqquz ay sonra Seyid Yəhya da vəfat edib.
Ardı olacaq...
İradə
SARIYEVA
Bakı xəbər.-2014.- 22 oktyabr.-
S.15.