Seyid Yəhya Bakuvinin elmə xidməti...

 

Seyid Yəhya Bakuvi haqda ən qiymətli məlumatlar mənbələrdə yaşayır. Öz dövründə və özündən sonrakı dövrdə onun adı daim böyük sevgi ilə çəkilir. Zamanında qiymətini alan və bu gün də fəlsəfi fikir tariximizdə, xüsusən də dəqiq elmlər sahəsində dahinin yaradıcılığı bir mayakdır.

Biz bu şəxsiyyət haqda danışarkən birmənalı olaraq yazılı mənbələrə üz tuturuq. Şükürlər olsun ki, əliboş qalmırıq. Məxəzlərdə kifayət qədər zəngin məlumat var. Əlbəttə, hər bir mütəfəkkirimizin həyatı, fəaliyyəti, yaradıcılığı geniş şəkildə təbliğ edilməlidir ki, gənc nəslin elm tariximiz haqqında ətraflı məlumatı olsun.

Mənbələrin yaddaşından...

Mənbələrdə Seyid Yəhyanın təsəvvüfi həyatı ilə bağlı məlumatlarla yanaşı, ailə həyatı ilə bağlı məlumatlara da rast gəlinir. Onun xanımı şeyxin qızıdır. Şeyx Sədrəddin gələcəkdə xəlvətiliyin ən böyük şeyxi olacaq istedadlı müridi Seyid Yəhyanı qızı ilə evləndirmişdi.

Seyid Yəhyanın övladlarının sayı qaynaqlarda açıq ifadəsini tapmayıb. Ancaq mənbələrdəki bilgilərdən üç oğlunun olması dəqiq bilinir. M.Nəzmi Seyid Yəhyanın böyük oğlunun adının Fəthullah olduğunu və atası vəfat etdikdən sonra onun yerinə Bakıda səccadəyə oturduğunu bildirir. Fəthullah atasından sonra bir il şeyxlik etdikdən sonra vəfat edib və atasının yanında dəfn olunub.

Ləmazatdakı süfrə mənqəbəsindən aydın olur ki, ortancıl oğlunun adı Əmir Güllə olub. Şeyxin üçüncü oğlu ilə əlaqədar məlumat verən Həsən Krımidir. O, Seyid Yəhyanın kiçik oğlunun adının Nəsrullah olduğunu, Krım xanı tərəfindən Krıma dəvət olunduğunu, onun da bu dəvəti qəbul edərək Krıma getdiyini bildirir. Nəsrullah burada ona bağışlanan təkyədə şeyxlik edib. O həm də Krım xanlığının Nəqibül-əşrafı vəzifəsində işləyib. Krım və ətrafında xəlvətilik onun vasitəsilə yayılıb. XVII əsrə kimi Krımda Şeyx Nəsrullahın nəsli davam edib.

Bakuvinin mübahisəli vəfat tarixi...

"Vikipediya" qeyd edir ki, Seyid Yəhya Bakıda vəfat edib":Vəfatı haqqında müxtəlif tarixlər verilib. Belə ki, "Nəfəhatüs-üns", "Şəqayiq" və "Töhfətül-mücahidin" əsərlərində 868 və ya 869-cu il deyə iki tarix verilir. Xulvi və Əhməd Hilmi 869-cu il, S.Vicdani və M.Ə.Ayni isə 862-ci il tarixi göstərir. Lakin əksər mənbələr Seyid Yəhyanın Şirvanşah I Xəlilullahın ölümündən 9 ay sonra öldüyünü göstərir. Şirvanşahlar dövlətinin görkəmli tədqiqatçısı Sara Aşurbəyli Əbdürrəhman Cəlaluddin əs-Suyuti və Məhəmməd ibn Əhməd ibn İlyasa əsaslanaraq yazır: "Şirvanşah I Xəlilullahın ölüm tarixi Misir tarixçisi Əbdürrəhman Cəlaluddin əs-Suyutinin (1445-1505) "Nəzm əl-ükban fi iyan" əsərində belə qeyd edilib: "Şirvan hökmdarı Xəlil ibn Məhəmməd əd-Dərbəndi, Şamaxı hakimi, hökmdarların möhtərəmi, mömini, ləyaqətlisi və ədalətlisi olub. O, böyük müsəlman hökmdarlarının sonuncusudur. Şirvan və Şamaxı məmləkətlərində əlli ilə yaxın hökmdarlıq etmiş və 869-cu ildə (miladi 03.09.1464-23.08.1465) ölüb. Onun yüz, yaxud yüzə yaxın yaşı vardı. Buna baxmayaraq, asanlıqla oxuyurdu və sağlam idi".

Şirvanşahın bu ölüm tarixini digər ərəb müəllifi Məhəmməd ibn Əhməd ibn İlyas da təsdiqləyir. O, Şirvanşah I Xəlilullahın ölüm tarixini daha da dəqiqləşdirərək, onun 869-cu ilin zilhiccə ayında (25.07.1465-23.08.1465) vəfat etdiyini yazır. Numizmatik məlumatlar da bu tarixi təsdiqləyir. Onun oğlu Şirvanşah Fərrux Yasarın kəsdiyi ilk sikkələr 869-1465-ci ilə aiddir. Şirvanşah I Xəlilullahın 1465-ci ildə vəfat etdiyini nəzərə alan M.Rıhtım qeyd edir ki, böyük ehtimalla şeyxin vəfatı 870-ci ilin Ramazan ayına (17.04.1466-17.05.1466) düşüb.

 

Çələbi Xəlifəni Bakuvinin dəfninə gətirən yollar...

Çələbi Xəlifənin Bakı səyahətini anladan Xulvi Seyid Yəhyanın cənazə mərasimi haqqında bilgi verir. Çələbi Xəlifə onu görmək üçün Ərzincandan yola çıxıb, ancaq Bakıya çatanda insanların dəstələrlə bir tərəfə getdiklərini görüb. Maraq edib səbəbini soruşanda "Seyid Yəhya adında kamil bir mürşidimiz vardı. Bu gün vəfat etdi. Ona son vəzifəmizi etməyə gedirik"- cavabını alıb. Bu xəbərə çox üzülüb, camaatla cənazə namazını qılaraq o gecə qəbri başında müraqəbəyə gedib.

Haqqında olan mənqəbələr...

Seyid Yəhyanın həyatına dair müstəqil bir mənaqibnamə olmasa da, onun mənqəbələri bəzi kitablarda verilib. Bir çox vəli mənqəbələrində olduğu kimi, Seyid Yəhya ilə bağlı mənqəbələrdə də motivlərin bir qismi islamaqədərki inamlarla, bir qismi də Kitabi-müqəddəs Quran və həzrəti Məhəmmədin həyatında yer alan hadisələrlə səsləşir. Ancaq bu mənqəbələri dərindən təhlil etdikdə XI əsrdə Şirvanın dini, sosial, tarixi və mədəni həyatına işıq salacaq önəmli bilikləri əldə etmək mümkündür. Qaynaqlarda Seyid Yəhya haqqında çövkan və yuxu, qeybolma, onu üzənlərin həlak olması, atasının duası, tənnur hadisəsi, saqqal duası, ovçunun tövbəsi, son yeməyi, yuxuda görülməsi, xəbərçinin tövbəsi kimi mənqəbələr qorunub və dövrümüzə çatıb.

Yaratdıqları...

Alimlər yazır ki, Seyid Yəhyanın dini-təsəvvüfi əsərlərinin sayı və siyahısı heç bir qaynaqda tam olaraq verilməyib. Bu əsərlərdən "Virdü-Səttar" və "Əsrarüt-Talibin" istisna olmaqla, digər əsərlərin məzmunundan isə qaynaqlarda heç bəhs edilməyib. Əsərlərindən mükəmməl təhsil aldığı məlum olan Seyid Yəhya nəsr əsərlərini türk, ərəb və fars dillərində, nəzm əsərlərini isə fars dilində qələmə alıb. Bu dildə yazdığı şeirlərində "Seyid" məxləsindən istifadə edib. Mehmet Rıhtım Türkiyə və Azərbaycan kitabxanalarında apardığı uzun araşdırmalar zamanı bu ölkələrin kitabxanalarında Seyid Yəhya əsərlərinin 100-dən artıq əlyazma nüsxəsinin olduğunu üzə çıxarıb. Ümumiyyətlə, Seyid Yəhya irsinə aid olan əsərlər bunlardır:

"Ətvarül-qəlb", "Bəyanül-elm" (Çehel Mənazil və həft məqam),

"Əsrarüt-Talibin", "Ətvarül-qəlb", "Qəzəliyyat", "Kəşfül-qülub", "Qisseyi-Mənsur", "Kitabül-vüdu", "Məkarimi-əxlaq

Mənaqibi-Əmirəlmöminin Əli kərrəmallahü vəchəhu", Mənazilül-aşiqin", "Mənazilüs-sabiqin", "Meyari-təriqət

Rümuzül-işarət" (Təfsir və təvili "İhdinəs siartəl müstəqim"), "Risaleyi-Ma la buddə batiniyyə" (Əsrarül-vüdu),

"Risalə fi Səlavatin-nəbi", "Şərh Məratibi-əsrari-qülub",

"Şərh Sualati-Gülşəni-əsrar", "Şərül-Əsmai-səmaniyyə", "Şəfaül-əsrar", "Təsərrufatü mükaşəfat", "Virdü-Səttar".

Seyid Yəhyanın müxtəlif mənbə və kataloqlarda başqa əsər adlarına da təsadüf edilir. Bunlar "Elmi-lədün", "Mənazilül-arifin", "Əsrarül- vəhy", "Əsrarül-qülub", "Gəncineyi əsrar", "Kitabül-üsul" əsərləridir. Mehmet Rıhtım yazır": "Bunlardan bir qismi ehtimal ki, adı fərqli qeyd edilmiş əsərlərdir. Çünki uzun tədqiqatlar bu əsərlərin olmadığını göstərdi".

Şeyxin təsəvvüf görüşləri...

"Vikipediya" yazır ki, Seyid Yəhyanın təsəvvüf elminin bir çox sahəsində yazılmış olan əsərlərindəki dil, ədəbi xüsusiyyətlər və məzmun zənginliyi müəllifin təfəkkürünün dərinliyini göstərməsi baxımından da dəyərlidir. Bununla yanaşı, onun nəzm və nəsrlə çoxlu sayda əsər yazması da diqqəti xüsusi cəlb edir. Çünki ona qədər xəlvəti şeyxləri arasında bu sayda və çeşiddə əsər yazan olmayıb.

Əsərlərində İslam dünyasında işlək olan üç dildən-ərəb dili, fars dili və Azərbaycan türkcəsindən istifadə edib və farsca şeirlər yazıb. Bu da onun dil zənginliyini və ifadə genişliyini göstərir. Əsərlərində diqqətçəkən cəhətlərdən biri də qaynaq zənginliyidir. Müəllif əsərlərində mövzuları çox vaxt Quran ayələri və Məhəmməd peyğəmbərin hədisləri ilə əsaslandırıb. Bu da onun Quran və hədis bilgisinin dərinliyini göstərir. Digər tərəfdən, özündən əvvəl yaşamış və əsər yazmış bir çox sufi aliminin də əsərlərindən yararlanıb.

Müridləri...

Mənbələrdə Seyid Yəhyanın iyirmi minə yaxın müridinin olduğu, onlardan 360-nın xilafət aldığı bildirilir. Ən məşhur mürid və xəlifələri Dədə Ömər Rövşəni, Pir Şükrüllah Ənsari, Əlaəddin Rumi, Həbib Qaramani, Pir Məhəmməd Ərzincani, Ziyaəddin Yusif Müsküri, Seyid Əhməd Sünnəti

Baba Qütb, Pirzadə Fəthullah, Pirzadə Nəsrullah, Hacı Həmzə Çankıri, Sinan Rumi, Baba Rəsul Xəlvəti, Dərviş Kamal, Üveys Xəlvəti, Şeyx Mənsur əfəndidir. Bu görkəmli müridlər öz mürşüdlərinin irsini layiqli şəkildə öyrənib və onu təbliğ ediblər. Seyid Yəhya Bakuvinin böyük qüdrət sahibi kimi mədəni, mənəvi irsimizə, fəlsəfi dünyagörüşümüzə təsiri böyükdür. O, tükənməz bir elm xəzinəsi yaradıb və o xəzinə əsrlərdir elmimizi şərəfləndirir.

Zaman keçəcək, bizdən sonrakı nəsillər Seyid Yəhya Bakuvi adının axtarışına çıxacaq. Babadan nəvəyə əmanət edilən irs heç vədə itmir. O irs yüzilliklər keçdikcə daha da qiymətli olur. Elm-ürfat (irfan) sahiblərinin yaratdığı o irs zaman-zaman xalqın öyrənmək, maariflənmək yeri, mənbəyi olaraq qalır. Dəyişən təkcə illər olur, o şəxsiyyətin yaratdıqları öz qiymətini qoruyub saxlayır. Seyid Yəhya Bakuvi unudulmayan, hər zaman xatırlanan bir şeyx kimi tarixdə qalıb. Onun xatirəsi anılır, adı ilə bağlı beynəlxalq elmi konfrans və simpoziumlar keçirilir. Haqqında yazılan dissertasiya işləri, kitablar elmin ən dəyərli nümunələri kimi diqqəti cəlb edir.

 

  əvvəli var

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 23 oktyabr.- S.15.