Azərbaycan fəlsəfi məktəbinin
banisi - Bəhmənyar...
Tarixdə elə alimlərin, elə qüdrətli şəxsiyyətlərin izləri yaşayır ki, biz o adlarla, imzalarla fəxr edirik. Azərbaycan fəlsəfi fikrinin öncüllərindən olan Bəhmənyarın xidmətləri əvəzsizdir. Tarixi mənbələrin verdiyi məlumata görə, Əbülhəsən Bəhmənyar Azərbaycani-Şərq peripatetizminin görkəmli nümayəndələrindən biri, Azərbaycan fəlsəfi məktəbinin banisidir.
Onun İbn Sinanın şagirdi olduğu qeyd edilir. "Vikipediya"nın məlumatına görə, dahi filosofun doğum yeri naməlumdur. Ancaq filosof mənbələrdə, bir qayda olaraq, "əl-Azərbaycani" olaraq xatırlanır və Azərbaycandan olması vurğulanır. Şagirdi Zəhirəddin əl-Beyhəqi filosofun Azərbaycandan olmasını xüsusilə qeyd edir. Bəzi mənbələr onun əvvəllər zərdüşti olduğunu, daha sonra islamı qəbul etdiyini qeyd edirlər. Bəhmənyar Azərbaycani əksər Şərq peripatetikləri kimi öz əsərlərini ərəb dilində yazıb. Təkcə Azərbaycanda deyil, ümumilikdə Şərq fəlsəfəsi tarixində yaradıcılığı böyük əhəmiyyətə malik olan filosof həm də yetişdirdiyi dəyərli alimlərlə öz məktəbini yaradıb.
Bəhmənyarın həyatı...
"Vikipediya" tarixi qaynaqlara əsaslanaraq yazır ki, Əbülhəsən Bəhmənyar Mərzban oğlu böyük Azərbaycan filosofu, Şərq peripatetizminin görkəmli nümayəndələrindəndir. AMEA-nın müxbir üzvü Zakir Məmmədov araşdırmaları nəticəsində belə qənaətə gəlib ki, Azərbaycanda Şərq peripatetizminin ilk böyük nümayəndəsi olan Bəhmənyar X əsrin sonlarında doğulub. Tədqiqatçı həmin tarixi 993-cü il kimi göstərib. Orta əsr müəllifləri Bəhmənyarın "Azərbaycan ölkəsindən" ("min bilad Azərbaycan"), yaxud da "Azərbaycanlı" ("əl-Azərbaycani") olduğunu yazıblar. İlk mənbələrdə o, atəşpərəst (məcusi, zərdüşti) sayılır. Bir sıra müəlliflər isə, onun islamı sonradan qəbul etdiyini söyləyirlər: "Professor Ə.K.Zəkuyev Bəhmənyarın "ibn əl-Mərzban" kimi tanındığını nəzərə alaraq, onu Cənubi Azərbaycan hakimləri olan Mərzbanlar nəslindən hesab edib. Mənbələrdə Bəhmənyar Mərzban oğlunun Kiya (hakim, bahadır) adlandırılması onun hakim olan Mərzbanlar ailəsinə mənsubluğunu göstərir. Əbülhəsən Bəhmənyar Şərqin ensiklopediyaçı alimi İbn Sinanın ən görkəmli şagirdi və davamçısıdır. Onun öz müəllimi ilə ilk görüşü haqqında yazırlar: "Bir dəfə İbn Sina dəmirçixanada olarkən Bəhmənyar oraya gəlib od istəyir. Dəmirçi deyir: "Qab gətir, içərisinə od qoyum apar". Bəhmənyar ovcuna bir qədər torpaq töküb deyir: "Odu bu qaba qoy". Bəhmənyarın dərrakəsini görən İbn Sina onu özünə şagird götürür". Bəhmənyar parlaq istedadı və çalışqanlığı ilə İbn Sinanın dərin rəğbətini qazanıb. Müəllim sonralar öz şagirdi haqqında iftixarlar yazırdı: "O mənə oğuldan artıq istəklidir. Mən ona təlim-tərbiyə vermiş və bu səviyyəyə gətirib çıxarmışam". 1023-cü ildən qabaq Bəhmənyarın İbn Sina ilə qədim Azərbaycan şəhəri Həmədanda olması məlumdur. Sonralar İbn Sina bəzi yaxın adamları ilə birgə İsfahana gedərkən Əbülhəsən Bəhmənyarın onlarla birlikdə olması xəbər verilmir. Çox güman ki, İbn Sina Əlaüddövlənin sarayında yaşadığı dövrdə Azərbaycan filosofu ondan uzaqda olub, buna görə də onunla məktublaşmağa başlayıb. Müəllimlə şagir arasında gedən mübahisələrə həsr edilmiş məktublardan bəzilərinin məzmunu onların təqribən XI əsrin 30-cu illərində yazıldığını göstərir".
Qeyd edək ki, mənbələrdə Əbülhəsən Bəhmənyarın ölüm tarixi fərqli göstərilir. Ayrı-ayrı müəlliflər tərəfindən gah 1038- ci, gah 1065-ci, gah 1066-cı, gah da 1067-ci illər kimi göstərilir. AMEA-nın müxbir üzvü Zakir Məmmədov isə ilk mənbələr əsasında filosofun 1066-cı ilin ortalarında vəfat etdiyini müəyyənləşdirib.
Filosofun yaradıcılığı...
"Vikipediya" Açıq Ensiklopediyası tarixi mənbələrə istinadən yazır ki, Əbülhəsən Bəhmənyar İbn Sinadan sonra otuz ildən bir qədər az ömür sürüb. Şərq peripatetizminin XI əsrin ortalarına aid mərhələsi birbaşa onun adı ilə bağlıdır. İbn Sina ənənələrini qoruyub saxlamaq filosofun üzərinə ciddi və məsul vəzifələr qoyurdu":O, var qüvvəsini əsirgəmədən Aristotelçi fəlsəfənin irəliyə doğru inkişafını təmin etməli idi. İbn Sina vaxtilə bəlkə də bu ümidlə sevimli şagirdi Bəhmənyar haqqında yazmışdı: "Onun axır gəlib mənim yerimdə olmasına bir şey qalmayıb". Bəhmənyar öz yaradıcılığında İbn Sinanın əsərlərindən iqtibaslara geniş yer verib, müəlliminin ideyalarının daha artıq dərəcədə təbliğinə çalışıb".
Mənbələrdə və məxəzlərdə Bəhmənyarın aşağıdakı əsərlərinin adı qeyd edilib:
"Təhsil" ("ət-Təhsil"), "Məntiqə dair Zinət" ("əz-Zinə fi-l-məntiq"), "Gözəllik" ("əl-Bəhcə"), "Səadət" ("əs-Səadə"),
"Musiqi kitabı" ("Kitab fi-l-musiqa"), "Metafizikanın mövzusu" ("Maudu elm ma bəd ət-təbiə"), "Mövcudatın mərtəbələri" ("Məratib əl-maucudat").
Tədqiqatçıların fikrincə, "Təhsil" əsəri Bəhmənyarın yaradıcılığında xüsusi yer tutur. Filosof bu əsəri dayısı Əbu Mənsur Bəhram ibn Xürşid ibn İzədyara ithaf edib. Onun ərəb dilində orijinalının müxtəlif illərdə köçürülmüş əlyazma nüsxələri Rampur, Tehran, İstanbul, Vatikan, Qahirə, London və Beyrut şəhərlərinin kitabxanalarının əlyazma fondlarında saxlanmaqdadır. "Təhsil" ilk dəfə 1971-ci ildə Tehranda nəşr edilib.
İbn Sina ilə mübahisələrdən doğulan əsər...
Bəhmənyar İbn Sina ilə apardığı mübahisələr nəticəsində yazdığı bu əsərin quruluşuna görə "Bilik kitabı", mənalarının əhatəsi sarıdan öz müəlliminin bütün əsərlərinə müvafiq gəldiyini müqəddimədə qeyd edir. Təhsil əsəri "Məntiq" ("əl-Məntiq"), "Metafikizika" ("Elm ma bəd ət- təbiə") və "Əyani mövcud şeylərin halları" ("Əhval əyan əl- maucudat") olmaqla üç kitabdan ibarətdir. Bunlar Şərq peripatetizminin əsasən nəzəri hissəsini ifadə edir. Müəllif burda Aristoteldən başqa Empedoklun, Evklidin, Sokratın, Platonun və antik dövrün digər nəhəng alimlərinin adlarını çəkib, onlardan iqtibaslar gətirib. O, mühüm fəlsəfi problemlərin qoyuluşunda və həllində İbn Sinanın əsərlərindən, ümumiyyətlə fikirlərindən geniş bəhrələnərək müəlliminin yolunu ardıcıl davam etdirib.
"Təhsil" orta əsrlərdə məntiq, metafizika və təbiəti öyrənmək üçün mühüm mənbələrdən biri olub. Görkəmli ərəb filosofu Əbdüllətif Bağdadi (1163- 1231) peripatetizmə dair başqa əsərlərə yanaşı, bu kitabdan təhsil aldığını xüsusi qeyd edib.
Zakir Məmmədovun zəhməti...
Zakir Məmmədovun tədqiqatlarına qədər Bəhmənyarın "Metafizikanın mövzusu" və "Mövcudatın mərtəbələri" adlı kiçik həcmli iki traktatı məlum idi. Tədqiqatçı filosofun geniş həcmli "Təhsil" əsərinin varlığını aşkara çıxarıb. Onun əlaqədar təşkilatlara çoxsaylı müraciətləri hesabına həmin traktat Azərbaycana gətirilib. Alim "Təhsil" əsərini ilk dəfə olaraq tam halda tədqiqata cəlb edib. "Təhsil" fəlsəfi biliklərin öyrənilməsində lazımlığına və məşhurluğuna görə hələ o dövrdə ərəb dilində olan orijinalından fars dilinə tərcümə edilib. Bu sərbəst tərcümənin XVII əsrdə köçürüldüyü güman edilən bir əlyazması Özbəkistan Elmlər Akademiyasının Biruni adına Şərqşünaslıq İnstitutunun Əlyazmalar Fondunda saxlanır. Əlyazmada əsərin ünvanı "Dünyanı göstərən cam" ("Came cahan-noma") kimi tanınıb, "Kəmaləddinə töhfə kitabı" yazılıb. Burada müəllifin adı çəkilmir, ancaq bir yerdə belə ifadə işlədilir: "Dünyanı göstərən cam kitabı nəinki "Təhsil" kitabı üslubundadır, hətta özü tərcümədir". Əsərin farsca başqa bir əlyazma nüsxəsi İranda Milli Şura Məclisi Kitabxanasında saxlanır. "Təhsil" fars dilində Tehranda (1983), rus dilində Bakıda (1983, 1986) nəşr edilib. "Metafizikanın mövzusu" və "Mövcudatın mərtəbələri" traktatlarının əlyazma nüsxələri Avropanın müxtəlif kitabxanalarında saxlanır. S.Popper bu iki traktatı ərəb dilindən alman dilinə tərcümə edib və 1851-ci ildə hər iki dildə nəşr etdirib. Həmin traktatlar 1911-ci ildə Qahirədə çap olunub. AMEA-nın müxbir üzvü Zakir Məmmədov "Metafizikann mövzusu" və "Mövcudatın mərtəbələri" traktatlarını Azərbaycan dilinə tərcümə edib və həmin tərcümə əsərləri "Şərq fəlsəfəsi (IX-XII əsrlər)" kitabında 1999-cu ildə çapdan çıxıb.
Bəhmənyar dühası...
Bəhmənyarın yaradıcılığına İbn Sina ilə onun arasında baş verən elmi-fəlsəfi mübahisələr xüsusi təsir göstərib. Əsas etibarilə "Mübahisələr" kitabında toplanan həmin polemik əsərlərdə elmlərin təsnifatı, əql, nəfs, materiya, forma və digər mövzularda ciddi söhbətlər gedir. Ayrı-ayrı fraqmentlər halında bir sıra məntiq, metafizika və təbiətşünaslıq məsələlərinin şərh edildiyi "İzahat" ("Ət- Təliqat") deyilən bir kitabı bəzi müəlliflər İbn Sinaya mənsub bilməklə bərabər onu Bəhmənyarın söyləməsi adlandırıblar. Onların fikrincə, Bəhmənyar "İzahat" kitabını İbn Sinadan eşidib yazıb. Bu kitabla "Mübahisələr" kitabı arasında müəyyən uyğunluqlar var.
Əbülhəsən Bəhmənyarın yaradıcılığı, xüsusən onun "Təhsil" əsəri nəinki Azərbaycan fəlsəfəsinin, bütün Yaxın və Orta Şərq ölkələri xalqlarının fəlsəfi fikrinin mühüm nailiyyətlərindən sayılır.
Varlıq təlimi - vacib və mümkün varlıq...
"Vikipediya" yazır ki, Bəhmənyarın metafizikasında anlayışların üstünlük dərəcəsi həcm genişliyinə əsasən müəyyənləşdirilir. Bu baxımdan ən geniş həcmə və ən böyük ümumiliyə malik "varlıq" anlayışı daha üstün hesab edilir. "Təhsil" kitabında göstərilir ki, "varlığa məntiqi tərif vermək mümkün deyil. Belə ki, o təsəvvürdə daha ilkindir, zira onun üçün nə cins, nə də fərqləndirici əlamət var. Bir sözlə, varlığı tanıdacaq daha mühüm bir şey yoxdur". Müxtəlif baxımdan nəzərdən keçirilən varlıq vacib və mümkün, səbəb və nəticə, ilkin və meydana çıxmış və s. qismlərə bölünür. Zəruri və mümkün qismlərə bölünməsi baxımından varlığın təsnifatı bütün Şərq peripatetiklərinin antologiyasında mühüm yer tutur. Zəruri, yaxud vacib varlıq mövcudatın əsasını təşkil edir, ondan savayı mövcud olan hər şey mümkün varlıq sayılır. Bəhmənyar varlığın qismlərini qarşılıqlı surətdə araşdıraraq yazır ki, "vacib varlıq qeyri-mövcudluğunun fərz edilməsi mümkün olmayan varlıqdır". Mümkün varlıq isə nə varlığı, nə də yoxluğu cəhətdən zəruridir. Filosof bununla belə bir fikri təsdiqləyir ki, "vacib varlıq öz-özlüyündə səbəbsiz varlıqdır, çünki öz varlığında onun bir səbəbi olsaydı, varlıq həmin səbəb ilə mövcud olardı. Onda o, öz-özlüyündə vacib varlıq olmazdı. Mümkün varlıq öz mahiyyətinə görə mümkün sayılan varlıqdır. Belə ki, onun varlığı və yoxluğu bir səbəblədir".
Əbunəsr Farabi göstərirdi ki, mümkün varlıq öz-özlüyündə mümkün, vacib varlığın sayəsində isə zəruridir. Bu müddəa İbn Sina, Bəhmənyar və sonrakı peripatetiklər tərəfindən də qəbul edilib. Bəhmənyar vacib varlıq haqqında "səbəbi olmayan varlıq", "ilk səbəb", "tək" ifadələrini işlədib. Ərəbdilli peripatetiklər ilk səbəb və onun nəticəsi məsələsi ilə dərindən maraqlanıb, öz antoloji təlimlərini bu təməl üzərində qurmuşlar. Bu baxımdan Yəqub Kindi ilk səbəbə dair elmi "ilk fəlsəfə" kimi dəyərləndirib. Bütün mövcudatı səbəb və nəticə asılılığında təsəvvür edən Bəhmənyar isə yazırdı: "Qarşımıza çıxan iki şeydən biri səbəb, digəri isə nəticədir". Vacib varlığın mahiyyətsiz mövcudluğuna dair müddəaya gəldikdə, Şərq peripatetiklərinin hamısı bunda həmrəy idilər. Onların fikrincə, zəruri varlığın əsasında heç bir substansional mahiyyət durmur. Bəhmənyar bu münasibətlə yazır: "Öz-özlüyündə vacib varlıq üçün varlığın vacibliyini lazım bilən bir mahiyyətin olması doğru deyil. Onda varlıqdakı həmin vacibliyin o mahiyyətdən asılı olması və onsuz vacib olmaması lazım gələrdi... Bu halda vacib varlıq vacib olmazdı, çünki onunçün vacib olan səbəb var. Bu isə qeyri-mümkündür. Deməli, vacib varlıq üçün heç bir mahiyyət yoxdur". Bəhmənyara görə, mahiyyət ancaq mümkün varlıq üçündür. Vacib varlıq əvvəlcə substansiyadan ibarət mahiyyəti, daha sonra başqalarını əmələ gətirir. "Təhsil" kitabında deyilir: "Mahiyyətə malik hər bir şey nəticədir". Bu fikir "İzahat" kitabında da eynilə təkrar edilir".
Səbəb və nəticə
Mütəkəllimlər ilk varlığın əsasında bir varlığın olduğunu söyləyirdilər. İslam sxolastları bununla peripatetiklərin təlimində vacib varlığın özünün özü üçün səbəb olması fikrinə qarşı çıxırdılar. İlk səbəb və nəticə haqqında təlim qabaq (öncə) və sonra bəhsində davam etdirilib. Bəhmənyarın qabaq və sonra anlayışlarını təhlil etməsi onun fəlsəfi mövqeyini düzgün qiymətləndirmək üçün müəyyən əhəmiyyət daşıyır. Bu bəhsə "Metafizikanın mövzusu" və "Təhsil" əsərlərində xüsusi fəsillər ayrılıb. Qabaq və sonra: 1) zaman və məkan; 2) üstün və sabiq; 3) tək və çox; 4) varlığın hasili baxımındandır. Bəhmənyar qabaq və sonra mənalarını ətraflı şəkildə izah etdikdən sonra bildirir ki, bu qabaq onların bütün kateqoriyaları təbiətcə və səbəbiyyətcə xüsusiləşən şeydən başqa həqiqi qabaqlıq (öncəlik) deyil. Zamanca qabaqlıq vəhmdə və fərziyyədə olan bir şeydir. Həqiqi qabaqlıq isə mahiyyət etibarilə olur. Mahiyyətcə qabaqlıq dedikdə bir şeyin varlığının başqasından, yaxud müqayisə edilən ikinci şeydən asılı olması nəzərdə tutulur. Həmin ikinci şeyin varlığı birincidən faydalanır. Öz müəllimi İbn Sina kimi Bəhmənyar da ilk səbəb ilə nəticə arasındakı, başqa sözlə, vacib varlıq ilə maddi aləm arasındakı münasibəti əsla zamanca, yaxud məkanca qabaq və sonra olmaya görə müəyyənləşdirməyib. Əksinə, filosof dəfələrlə qeyd edib ki, səbəb ilə nəticə zamanca birgədir.
Bəhmənyar səbəb ilə onun təsirinin öz aralarında həmişə ayrılmaz surətdə bağlı olduğuna və birinin digərsiz mövcud ola bilməyəcəyinə uyğun gələn səbəbiyyət haqqındakı periatetik təlimi nəinki tənqid etməyib, əksinə, göstərib ki, səbəb məhz nəticəyə nisbətdə səbəbdir, zira "səbəb əgər felən səbəbdirsə, onunla birlikdə nəticənin olması vacibdir".
Bəhmənyarın elmi dəlilləri...
Bəhmənyar "səbəbin varlığından nəticənin varlığının hasili vacibdir" tezisini "Metafizikanın mövzusu" traktatında da bəyan edib.
Bəhmənyara görə, aləm və zaman ilk səbəbdən heç bir boşluq vasitəsilə nə ayrılar, nə də aradan qaldırıla bilər: "Əgər aləm aradan qaldırılmış fərz edilərsə, ölçülərin mövcudluğu vacibdir, belə ki, sonsuz bir fəza fərz edilir. Ondan ötrü isə sabit bir müddət fərz edilir. Bunun hər ikisi qeyri- mümkündür. O ikisinin xəyalda aradan qaldırılmasının qeyri-mümkünlüyünə dəlil budur ki, zaman əbədidir, aləm əbədidir".
Bəhmənyar bununla belə qənaətə gəlir ki, ilk səbəb nəticəni zamanca qabaqlamaq xüsusiyyətinə malik deyil.
Dörd cür səbəb haqqında Aristotelçi təlim ərəbdilli filosofların varlıq təlimində mühüm yer tutur. Bəhmənyar əmələgətirici (əl-fail), forma (əs-surə), materiya (əl-maddə), yaxud ünsür (əl-ünsür), məqsəd (əl-qayə) səbəblərini "Təhsil" kitabında aşağıdakı misalla izah edir: "Qapının hazırlanmasında dülgərin işi əmələgətirici, ağaca müəyyən forma verilməsi forma, qapı üçün ağac materiya və qapının hasilindən nəzərdə tutulan fayda məqsəd səbəbidir".
Ardı gələn sayımızda...
İradə SARIYEVA
Bakı xəbər.-2014.- 24-26 oktyabr.- S.15.