Bəhmənyarın ən müxtəlif mənəvi və maddi məfhumlarla bağlı təlimləri...

 

Bəhmənyarın fəlsəfi, elmi görüşləri həddən artıq maraqlıdır. Onun ayrı-ayrı məfhumlar haqqında elmi əsaslarla verdiyi izahlar çox dəyərlidir.

Bəhmənyarın tərif verdiyi mənəvi məsələlərdən biri də nəfsdir. Dahi filosof, mütəfəkkir nəfs haqqında çox qiymətli fikirlər bildirib.

Bəhmənyarın əsərində nəfs haqda belə deyilir: "Şərq peripatetiklərinin antologiyasında materiya, formacisim maddi substansiyalar sayılır. Materiya və formanın vəhdətini ifadə edən cisim mürəkkəb substansiya adlanır. Əbülhəsən Bəhmənyarın və digər aristotelçi filosofların fikrincə, nəfs və əql mücərrəd dərkedici substansiyalardır. Həmin substansiyalar arasında fərq bunda görülür ki, əql maddə ilə təmasda olmadığı halda, nəfs cisimlərdə qərar tuta bilir.

"Vikipediya"nın qeydlərinə görə, Bəhmənyar "Təhsil" kitabında yazır ki, ünsürlərdən və onların qarışığından əmələ gəlmiş cisimlər (canlı varlıqlar) durur, iradə ilə hərəkətdə olur: "Qidalanır, böyüyür və maddələr mübadiləsi edir. Bu onların cisimliklərinin hesabına deyil. Deməli, onların mahiyyətlərində öz cisimlərindən başqa bir şey olmamalıdır. Biz həmin şeyi nəfs adlandırırıq. Filosof nəfsin üç-nəbati, heyvaniinsani növlərini fərqləndirir. Nəfsin nəbati qüvvəsi qidalanma, inkişaf edib böyümə və törəyib çoxalma vəzifələrini yerinə yetirir. Heyvani nəfs qüvvələri təhrikedici (şəhvət, qəzəb) və qavrayıcı (xaricidaxili hisslər) olmaqla iki yerə bölünür. "Təhsil" kitabında deyilir ki, bütün heyvani qüvvələrin fəaliyyəti yalnız bədənlə olur. Qüvvələrin mövcudluğu onların fəaliyyət göstərməsi sarıdandır. Heyvani qüvvələr, deməli, bədənə məxsus fəaliyyət göstərməsi sarıdan mövcuddur. Belə ki, onlar bədənin yox olması ilə yoxa çıxır".

İnsani nəfs nədir?

İnsani nəfs qüvvəsinə gəldikdə, o, əqldən və yaxud düşünən qüvvədən ibarətdir. Özlərinə məxsus nəfsi qüvvələrlə bərabər heyvan nəbati, insan isə heyvani və nəbati qüvvələrə də malikdir. Tədqiqatçılar bildirir ki, lakin Bəhmənyarın fikrincə, bitkidə, heyvandainsanda müştərək olan nəfsi qüvvələr eyniləşdirilə bilməz, onların arasında əsaslı keyfiyyət fərqləri var. XI əsr Azərbaycan filosofu bu münasibətlə yazır":Biz insandasair heyvanlarda bir nəfs qüvvəsi var dedikdə onlarda, məsələn, xurmada olan nəfs qüvvəsinin mövcudluğunu nəzərdə tutmuruq, əksinə, nəbati nəfs fərqləndirici əlamətlərə görə müxtəlif olan cinsi bir mənadır. Belə ki, insandakı nəbati nəfs insanı elə sərf edir ki, o, materiyanı (bədəni) insani dərkedici qüvvələr üçün alət olmağa gətirib çıxarır".

Nəbati, heyvaniinsani nəfs qüvvələri arasında keyfiyyət müxtəlifliyi orqanizmlərin tərkib və təşəkkül cəhətdən müxtəlifliyindən irəli gəlir. Filosofa görə, insandakı ət insan nəfsinin fəaliyyəti üçün münasibdir, at nəfsinin fəaliyyəti üçün münasib deyil.

Təbiətşünas Şərq filosofları orta əsrlərdə bitki, heyvan və insanı, ümumiyyətlə, üzvi aləmi, habelə bütün maddi varlıqları bir-birindən təcrid edilmiş şəkildə deyil, qarşılıqlı əlaqədə, vəhdətdə götürüb tədqiq edirdilər.

Əbunəsr Farabi, Əbuəli İbn Sina kimi Bəhmənyar də Aristotel təliminə uyğun olaraq nəfsin bədəndə vücuda gəldiyini, onun sayəsində fəaliyyət göstərdiyini qəbul edib. Azərbaycan filosofunun fikrincə, cisim olmadan nəfs vücuda gələ bilməz. O, ruh adlanan incə bir cisimdə təzahür edir. Peripatetik təsəvvürə görə, ünsürlərin qarışığından və onların buxar hallarının incəliyindən törəyən bu cisim ürəkdə meydana çıxır, hiss və hərəkət qüvvələrinin daşıyıcısı olan beyində kamilləşir. Nəfs mücərrəd substansiya sayıldığından, bədəndə həkk olmur. Cisim öldükdən sonra nəfsin yaşamaqda davam etməsinə inanan Şərq peripatetikləri eyni zamanda onun cəsəddən cəsədə keçməsini iddia edən tənasüx təliminə qarşı idilər. Bəhmənyar "Təhsil" kitabında bu təlimin təkzibi üzərində xüsusi dayanıb.

 

Aksidensiyalar...

Bəhmənyar bir sıra məsələlərlə yanaşı, aksidensiyalar barədə də yazıb. Aksidensiyalar dedikdə Aristotelin kateqoriyalar haqqındakı təliminə uyğun olaraq öz-özlüyündə müstəqil surətdə deyil, müəyyən bir substrata bağlı müvəqqəti, keçiciqeyri-mühüm xassələrdən söhbət gedir. Əbülhəsən Bəhmənyar "Təhsil" kitabında "aksidensiya bir şeydə onun bir hissəsi kimi olmadan mövcuddur və həmin şeydən ayrı mümkün deyil" müddəasının geniş şərhini verib.

Aksidensiyalar iki qismə bölünür: onlardan bəzisini təsəvvür etmək üçün öz substratı kifayətdir, məsələn, kəmiyyət və keyfiyyət. Bəzi aksidensiyaları təsəvvür etmək üçün isə kənar şeylərə ehtiyac duyulur, məsələn, digər kateqoriyalar.

Bu bəhs "İzahat" kitabında da həmin məzmunda nəzərdən keçirilir. Birinci cisim aksidensiya özüiki növdür: birinin səbəbi substansiyada vaqedir, məsələn, miqdar, bölgü, bir şeyin ən azı və ən çoxu. Bu kəmiyyətdir. Həmin aksidensiyanın ikinci növü mahiyyətdən xaric təsəvvür edilməyən substansiyada bir haldır. Bu keyfiyyətdir. Kəmiyyətə misal: say, uzunluq, en, dərinlik. Keyfiyyətə misal: sağlamlıq, xəstəlik, ismət, düşüncə, bilik, güclülük, zəiflik. "Təhsil" ktabında bu kateqoriyalardan hər birinin şərhi üzərində geniş dayanılır. Burada kəmiyyətin fasiləsiz və fasiləli növləri fərqləndirilir. Fasiləsiz kəmiyyət odur ki, onun üzərində biri digəri ilə təmasda olan müəyyən həddin mövcudluğunu fərz etmək mümkündür. Belə kəmiyyətin dörd növü var: xətt, səth, cisimzaman.

Əbülhəsən Bəhmənyar İbn SinaAristotel mövqeyindən çıxış edib, bu kateqoriyalarla əlaqədar olaraq hərəkət barədə ətraflı söhbət açıb, hərəkəti potensiallıqdan aktuallığa tədrici keçmə kimi səciyyələndirib. Filosof göstərir ki, hərəkəti zamana görə müəyyənləşdirmək mümkün deyil, zira, zaman özü hərəkətin sayəsində müəyyən edilir. Mövcud hərəkət hərəkətin çıxdığı başlanğıc ilə hərəkətin yönəldiyi son arasında baş verir. Belə ki, ortada hansı hədd fərz edilirsə, hərəkət edən cisimondan qabaq, nə də ondan sonra həmin hədd daxilində mövcud olur.

Hərəkət...

Birinci müəllim və onun Şərq davamçıları hərəkət növlərini kateqoriyalara nisbətdə müəyyən etmişlər. Stagiritə görə, "mahiyyət kateqoriyası üçün hərəkət yoxdur, belə ki, mövcud heç şey ona zidd deyil...". Əbülhəsən Bəhmənyar da bu məsələni geniş işıqlandırıb: "Bil ki, substansiya artmanı və azalmanı qəbul etmir. Hər bir hərəkət isə azalmanı və artmanı qəbul edən şeyə görədir. Deməli, heç bir hərəkət substansiyaya görə deyil. Substansiyanın vücuda gəlməsi və yoxa çıxması hərəkət yox, əksinə, bir dəfə olan şeydir. Bir dəfə olanın sırf potensiallığı ilə sırf aktuallığı arasında orta mövqe tutmuş tamamlanma yoxdur".

Aristotel keyfiyyət, kəmiyyət və məkana nisbətdə üç hərəkət tipinin mövcudluğunu müəyyənləşdirib. Peripatetik filosoflar buna vəziyyətə görə hərəkəti də əlavə etmişlər. Şeyin artması və azalması kəmiyyətə aid hərəkət növünə, qaralıqdan ağlığa və əksinə çevrilməsi, soyuqluqdan istiliyə və əksinə çevrilməsi keyfiyyətə aid hərəkət növünə misal çəkilir. Keyfiyyətə görə hərəkətə insan nəfsində baş verən hadisələr də daxil edilir. Məkandakı hərəkət cismin başqa cisimlərə nisbətən yerdəyişməsidir. Vəziyyətə aid hərəkət öz üzərində fırlanan cismin hərəkətidir.

Peripatetiklərin təlimində hərəkətin düzxətli və dairəvi növləri üzərində xüsusi dayanılır. Düzxətli hərəkət ünsürlərdən təşəkkül tapmış mürəkkəb cisimlərə nisbət verilir. "Təhsil" kitabında deyilir":Tərkibi qəbul edən cisimlər, şübhəsiz, məcburi düzxətli hərəkəti qəbul edir, yoxsa, tərkibi qəbul etməzdi. Bu cür hərəkətin olduğu yerdə hərəkətin baş verdiyi cəhətlərin mövcudluğu labüddür, zira, hərəkətin gerçəkliyi bir şeydən ayrılmaq və bir şeyə doğru irəliləməkdir. Cəhət mövcud olmazsa, ayrılma və irəliləmə də mövcud olmaz".

Əbülhəsən Bəhmənyarın fikrincə, ünsüri cisimlər təbii halda hərəkətsizdir. Başqa sözlə, cisim öz təbii məkanında hərəkətə malik deyil. Hərəkətə gəlmək üçün onun təbiətinə bir hal əlavə olunmalıdır. Bu, meyl adlanır. "Təhsil" kitabında göstərilir ki, hərəkətetmə haqqında meylin təbiətə nisbəti yandırma zamanı hərarətin odun təbiətinə nisbəti kimidir.

Bəhmənyara görə, göy cisimlərinə məxsus dairəvi hərəkət təbiətən hərəkətlərin ilkinidir, fasiləsizdir, əbədidir. Peripatetik filosoflar hərəkəti materiyadan ayrı təsəvvür etmir. Hər bir hərəkətin yalnız cisimlərdə mövcud olduğunu söyləyirlər. "Təhsil" kitabında deyilir: "Hərəkət potensialaktual surətdə olandan təşəkkül tapmış bir şeydə mövcud olmalıdır ki, bu da cisimdir".

Filosof daha sonra yazır: "Hərəkət edən cisim hərəkətin mövcudluğu ilə birlikdə labüddür. Materiya ilə əlaqəsi olmayan mücərrəd substansiyanın hərəkət etməsini qeyri- mümkün saydıq. Hərəkət edən başqa cür yox, ya cisim, ya da cismani olmalıdır".

Şərq peripatetiklərinin varlıq təlimində hərəkət sükunət ilə qarşılıqlı surətdə nəzərdən keçirilir. "Təhsil" kitabında deyilir: "Hərəkət fasiləsizlik üzrə hədlərə gəlib çatmadır. Sükunət odur ki, gəlib çatma kəsilir. Həmin hədlər gəlib çatmaya görə fərz olunur. Bu üsulla "kəsilmə" ("fasilə") mənasında hərəkətin mövcudluğu izlənir... "Kəsilmə" mənasında hərəkətin mövcudluğu yalnız nəfsdədir".

Əbülhəsən Bəhmənyar "Mövcudatın mərtəbələri" traktatında təbii hərəkətin öz təbii halına qayıtmasını sükunət adlandırıb. Sükunət hərəkətə nisbətdə mövcuddur: "Hərəkətdə olmayan şey sükunət halında ola bilməz". Sükunət nisbidir: "Əgər cisim sükunətdədirsə, şübhəsiz, hərəkətə gəlməlidir, yoxsa, onda sükunət olmazdı".

Sükunət anlayışı...

Sükunət anlayışı "Təhsil" kitabında daha geniş şərh olunur:

"Sükunət zamanla ölçülür, yəni onun qədərini aksidental surətdə zaman müəyyənləşdirir. Çünki bir şey başqa bir şeylə birlikdə hərəkət etdikdən sonra o ikisindən biri bir müddət sükunət halında olub, bundan sonra öz hərəkətini dayandırmadan davam etdirən şeylə birlikdə yenidən hərəkətə başlayırsa, ona müvafiq hərəkət edən şeyin hərəkət müddətinə onun sükunət halının bir nisbəti olduğu fərz edilir. Həmin hərəkət zamanla müəyyənləşir, onun aksidental surətdə aradan qalxması da zamanla müəyyənləşir".

Bəhmənyarın fikrincə, materiyasız zaman yoxdur. Zamanın "mövcudluğu materiyadan asılıdır, o, materiyada mövcuddur. Onun materiyada mövcudluğu hərəkət vasitəsi ilədir".

İdrak nəzəriyyəsi...

Şərqin başqa peripatetik filosofları kimi Əbülhəsən Bəhmənyar da idrak prosesinin hissi və əqli olmaqla iki mərhələdən keçdiyini göstərib.

Orta əsrlərdə müsəlman Şərqi ölkələrində fəaliyyət göstərən digər fikir cərəyanlarının nümayəndələrinə nisbətən peripatetik filosoflar təbiətşünaslıq məsələləri ilə daha çox məşğul idilər. Onlar təbiətin sirlərinə daha dərindən bələd olmaq üçün ilk növbədə bilavasitə konkret maddi şeyləri və hadisələri qavramağa çalışırdılar. Bu səbəbdən Şərq peripatetizminin qnoseologiyasında idrakın hissi mərhələsi çox böyük əhəmiyyət daşıyırdı.

Şərq peripatetikləri digər mühüm fəlsəfi məsələlərin şərhində olduğu kimi, idrakda hissin, duyğuların rolunu müəyyənləşdirərkən də ardıcıl aristotelizm mövqeyində durmuşlar. Hisslər, duyğuları idrakın mənbəyi hesab etmək haqqında birinci müəllimin doktrinasını, demək olar ki, onun Şərqdəki bütün tərəfdarları qəbul etmişlər.

Bəhmənyar İbn Sina təlimindən çıxış edərək göstərir ki, insan fitrətən məlumat toplamağa, elm öyrənməyə qabildir. Filosofun fikrincə, şeylər təbii surətdə duyğular vasitəsilə, sonra onların nüsxəsi olan təxəyyül vasitəsilə dərk edilir. Azərbaycan filosofu bu münasibətlə yazır: "İnsanda duyğu ilə dərketmə, fəhmlə dərketmə və əql ilə dərketmə var".

 

Ardı var...

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 28 oktyabr.- S.15.