İşraqilik fəlsəfəsinin banisi Şihabəddin Sührəvərdi...

 

Tarixdən məlumdur ki, Azərbaycan türkləri dünya elminə çox böyük mütəfəkkirlər, fikir adamları, filosoflar bəxş edib. Zaman-zaman elminin, dünyagörüşünün, fəlsəfi nurunun işığına pərvanə olduğumuz qüdrət sahiblərindən biri də Şihabəddin Yəhya Sührəvərdidir. Sührəvərdi elm aləmində elə güclü, qüdrətli şəxsiyyətdir ki, yaratdığı elmi məktəb bu gün də ləyaqətlə davam etdirilir.

Tarixdə dərin izlər qoyan bu şəxsiyyət haqqında mənbələrdə kifayət qədər diqqətçəkən faktlar var. Açığı, əvvəllər Sührəvərdini bir şair kimi oxumuşdum, onun dahi bir filosof, təriqət başçısı olduğunu bilmirdim. Sonra bu böyük şəxsiyyətin qiymətli fəlsəfi əsərləri haqqında məlumatlar əldə etdim.

"Vikipediya" Açıq Ensiklopediyasında onun haqqında kifayət qədər informasiya var. Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş ibn Əmirək Sührəvərdi XII əsrdə yaşayıb. O, Azərbaycan və İran filosofu, sufi, İşraqilik fəlsəfi məktəbinin banisidir.

Filosofun yadigar əlyazmaları...

"Vikipediya" yazır ki, islam mistisizminin ən mühüm nümayəndələrindən biri olan Sührəvərdi eyni zamanda "Şeyx əl-Məqtul" və "Şeyx əl-İşraq" ləqəblərilə də tanınıb.

Şihabəddin Yəhya Sührəvərdinin onlarla əsərinin müxtəlif tarixdə köçürülmüş yüzə yaxın əlyazma nüsxəsi dünyanın otuzdan çox kitabxanası, əlyazmaları fondunda saxlanır. Onların əksəriyyəti AMEA Əlyazmalar İnstitutunda, Sankt-Peterburqda Şərqşünaslıq İnstitutunda, Türkiyədə Sultan Fateh, Yusif Ağa, Əsəd Əfəndi, Saray III Əhməd, Raqib, Rza Paşa, Aşir, Cərullah, Aya Sofiya Muzeyi, İstanbul Universiteti, Laləli, Nuri Osmaniyyə, Emniyyə, Şəhid Əli Paşa kitabxanalarında, İranda Astan-qüds Rzəvi, Səltənət, Milli Şura Məclisi, Tehran Universiteti, Sepəhsalar ali mədrəsəsi, Firdovsi milli kitabxanasında, Suriyada Zahiriyyə, Misirdə Xidiviyyə, Dar əl-kütub, bələdiyyə kitabxanalarında, İraqda Bağdad Universiteti kitabxanasında, Hindistanda Bankipur kitabxanasında, İngiltərədə Britaniya muzeyi kitabxanasında və Fransada Paris Milli Kitabxanasında saxlanır.

Sührəvərdinin əsl adı nə olub?

Qeyd edək ki, Sührəverdinin əsl adı ilə bağlı müxtəlif araşdırmalar aparılıb, dövrünün və sonrakı dönəmlərin alimləri onun adını müxtəlif cür yazıblar.

Mənbələrin məlumatına görə, Şihabəddin filosofun ləqəbidir. Şəmsəddin Şəhrəzuri onun haqqında "Şihab əl-millə və-l-haqq və-d-din" (millətin, haqqın və dinin axan ulduzu) deyə yazır. Əleyhdarları isə onun haqqında sadəcə Şihab (əş-Şihab-axan ulduz) yazırlar. Filosofun künyəsi Əbülfütuh "Qələbələr atası" mənasını verir. Sührəvərdinin öz adı isə mənbələrdə müxtəlif şəkildə qeyd edilib. Bu məsələ ilə xüsusi maraqlanan ibn Xəllikan onun haqqında yazır: "Deyilib: onun adı Əhməddir, onun künyəsi, yəni Əbülfütuh elə onun adıdır". Həkim Əbülabbas Əhməd ibn Əbi Useybiə Xəzrəci "Təbiblərin təbəqələri" kitabında qeyd edib ki, həmin Sührəvərdinin adı Ömərdir, atasının adını isə qeyd etməyib.

Zəkəriyyə Qəzvini və onun kitabının şərhçisi Əbdürrəşid Bakuvi, həmçinin Səlahəddin Səfədi Şihabəddin Sührəvərdinin adının Məhəmməd olduğunu yazmışlar. Qütbəddin Şirazi filosofun adının Ömər olduğunu qeyd edib. AMEA-nın müxbir üzvü Zakir Məmmədov filosofun öz şagirdi Şəmsəddin Şəhrəzuri və Yaqut Həməviyə istinad edərək filosofun ləqəbi, künyəsi, adı, atasının və babasının adı və nisbəsini Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş ibn Əmirək Sührəvərdi olduğunu qeyd edir.

Alimin etnik mənşəyi...

 

Sührəvərdi (əs-Sührəvərdi) nisbəsi filosofun Sührəvərdə mənsubluğunu bildirir. Mənbələrdə göstərilir ki, Sührəvərd Zəncan şəhəri yaxınlığında kiçik yerdir, Zəncan isə Azərbaycanda-Cibal (əl-Cibal) bölgəsindədir. Tədqiqatçılardan Hilmi Ziya Ülkən Sührəvərdinin Azərbaycanda doğulduğunu, V.A.Qordlevski isə onun etnik mənşəcə azərbaycanlı olduğunu yazmışlar. Zakir Məmmədov və Malik Mahmudov da filosofun etnik mənşəcə azərbaycanlı olduğunu qeyd etmişlər. Eyni zamanda, müxtəlif tədqiqatçların əsərlərində filosofun farskürd mənşəli olması da göstərilib.

Əlbəttə, sonuncu quru iddiadan başqa bir şey ola bilməz. Çünki zaman-zaman türk mənşəli dahilərimizin başqa xalqların adına çıxıldığının şahidi olmuşuq...

Həyatı necə keçib?

Şihabəddin Sührəvərdinin doğum tarixi haqqında müxtəlif məlumatlar var. Tədqiqatçılar filosofun doğum ilinin müəyyənləşdirilməsi məsələsində onun ölüm tarixinə istinad edirlər. Lakin alimin ölüm tarixi müxtəlif illərə istinad verildiyi kimi, onun yaşının da hicri hesabı ilə 36, 38, 40 və 50 il olduğu ehtimal edilib. AMEA-nın müxbir üzvü Zakir Məmmədov yazır: "Şihabəddin Sührəvərdinin yalnız gənc (əş-şəbb) adlandırılması faktı göstərir ki, o ən çox 38 il yaşayıb. 587-ci hicri ilindən 38 il çıxdıqda mütəfəkkirin təqribən 549-cu (1154-cü il) ildə doğulduğu müəyyənləşdirilmiş olar".

Gəncliyi və təhsili...

Filosofun həyatının Sührəvərd dövrü haqqında tarixi mənbələrdə məlumat az olsa da, Zakir Məmmədov onun imkanlı ailədə böyüdüyünü qeyd edir. Şihabəddin Sührəvərdi "kiçik yaşlarında elm və fəlsəfə öyrənmək üçün Marağaya gedib, orada Məcdəddin Cilidən təhsil alıb". İbn Xəllikan Şəmsəddin Şəhrəzuri və Yaqut Həməvinin bu məlumatlarına əlavə edərək yazır ki, Şihabəddin Sührəvərdi "fəlsəfənin və fiqhin əsaslarını hər iki sahədə məşhur olana qədər Azərbaycan əyalətlərindən Marağa şəhərində Şeyx Məcdəddin Cilinin yanında oxumuşdu". Şihabəddin Sührəvərdi sonra İsfahan şəhərinə səfər edib, orada Zəhirəddin Farisinin yanında peripatetik filosof İbn Səhlan Savinin "Bəsirətlər" (əl-Bəsair) kitabını oxuyub.

Dahinin güzar etdiyi məkanlar...

Şəmsəddin Şəhrəzuri öz müəlliminin "çoxlu yerlərə səfər etdiyini" xəbər verir. Şihabəddin Sührəvərdi Azərbaycanın, ümumiyyətlə Yaxın və Orta Şərq ölkələrinin mühüm şəhərlərini, o cümlədən Ərdəbil, Miyanə, Diyarbəkir, Harput, Konya, Sivas, Mardin, Bağdad, Dəməşq və Hələbi gəzib. Sührəvərdi öz elmi-fəlsəfi fikirlərini ən çox Kiçik Asiyada yaya bilmişdi. O, Rum Səlcuqlu dövlətinin hökmdarı İzzəddin Qılıc Arslanın (1156-1188) rəğbətini qazanıb və onun uşaqlarına (Süleyman, Börküyarıq və Məlikşaha) dərs deyib.

İlk mənbələr Şihabəddin Sührəvərdinin sufilərlə əlaqəsinə də diqqət yönəldir, onun gəzib-dolaşdığı müxtəlif ölkələrdə sufi mütəfəkkirlərlə görüşdüyünü təsbit edir. Şəmsəddin Şəhrəzuri müəllimini təsəvvüfdə Əbuyəzid BistamiHüseyn ibn Həllac Mənsur ilə həmməslək sayıb. Bəzi müəlliflər filosofun qələndəri sufi ordeninə mənsubluğunu söyləmişlər. Şihabəddin Sührəvərdinin tərcümeyi-halından söhbət açan müəlliflər, bir qayda olaraq, onun dünya işlərinə laqeydliyini, ətrafda baş verən hadisələrə etinasızlığını xüsusi hal kimi qeyd edirlər. Zəkəriyyə Qəzvini yazır ki, Şihabəddin Sührəvərdi "dünyanı tərk edən filosof, alim, möcüzələr və qərib işlər sahibi idi. O, adamlardan ayrılıb riyazətlə məşğul olardı". Filosof eyni zamanda dünyəvi elmlərlə ciddi məşğul olan alim kimi təqdim edilir. İbn əl-İmad Hənbəli yazır: "Sührəvərdi Şihabəddin Yəhya ibn Həbəş ibn Əmirək Adəm övladlarının zəkalılarından biridir. Dəqiq elmləri bilməkdə başçı, kəlam elmində mahir, mühakiməli disputçu, zühdlə məşğul, alimləri saymayan, dinin qullarına istehza edəndir".

Sührəvərdi sehirlə məşğul olub?

 

Bütün böyük şəxsiyyətlər kimi onun haqqında da müxtəlif rəvayətlər danışılır. Hətta dahi ilə bağlı müxtəlif iddialı fikirlər də mövcuddur. İddialara görə, Şihabəddin Sührəvərdinin orta əsrlərdə Şərq ölkələrində geniş yayılmış sehrkarlıq, sehr elmi (elm əs-simya) ilə məşğul olub. Təbii, bu bir iddiadır. İbn Əbi Üseybiə yazır: "Şihabəddin Sührəvərdi haqqında nəql edilir ki, o, sehr elmini bilirdi. Bu fəndən onda müşahidə olunmuş qeyri-adi əhvalatlar mövcuddur".

Şihabəddin Sührəvərdi azadfikirlilik meyllərinə, yüksək fəlsəfi ideyalarına görə müsəlman şərqi ölkələrində, habelə Əndəlüsdə tanınıb, böyük şöhrət tapıb. Onun əsərlərinin şöhrəti yayıldıqca, özünə həm dostlar, həm də düşmənlər qazanıb. Şəmsəddin Şəhrəzuri alimlərin Şihabəddin Sührəvərdiyə mənfi münasibətini onların onu dürüst dərk edə bilməməsi ilə izah edib. O yazır ki, Şihabəddin Sührəvərdinin "kəlamını anlamaqda çətinlik çəkdikdə ona tənə etmişlər".

Barəsində çıxarılan ədalətsiz hökmlər...

Şihabəddin Sührəvərdi Mardində öz dostlarından Fəxrəddin Mardinionun şagirdlərindən ayrıldıqdan sonra Hələbə yollanmışdı. Filosof 1183-cü (579) ildə şəhərə daxil olub Hələviyyə mədrəsəsinə gəlmişdi. O, mədrəsənin şeyxi Şərif İftixarəddinin dərslərində oturur, fəqihlərlə və başqa ixtisas sahibləri ilə görüşürdü. Filosof burada disput məclislərində, diskussiyalarda iştirak edirdi.

Orta əsr ərəb mənbələrində qeyd edilir ki, Şihabəddin Sührəvərdi Hələviyyə mədrəsəsində fiqh, kəlam və fəlsəfəyə dair məsələlər ətrafında keçirilən müzakirələrdə yüksək fəallıq göstərib. Şeyx İftixarəddin filosofun qeyri-adi istedadını, geniş elmi qabiliyyətini yüksək qiymətləndirib, dərin rəğbətini gizlətmədən onu başqalarından fərqləndirib. Həmin vaxtdan etibarən bəzi hüquqşünas sxolastlar ona zidd çıxıb, düşmən münasibətində olmuşlar.

Həmin dövrdə Hələb şəhərinin hakimi Misir, Yəmən və Suriyanın hökmdarı sultan Səlahəddin Əyyubinin (1169-1193) oğlu əl-Məlik əz-Zahir Qazi (1186-1215) idi. Şihabəddin Sührəvərdinin şöhrətini eşidən hakim filosofu dəvət edib, onun şərəfinə böyük şəxslərdən-fəqihlərdən, mütəkəllimlərdən, müxtəlif sahələr üzrə adlı-sanlı alimlərdən ibarət məclis düzəldir. Mənbələrdə deyilir ki, aparılan disputun nəticəsi olaraq Sührəvərdi öz dərin mühakimələri və inandırıcı sübutları ilə fəqihlərə, mütəkəllimlərə qalib gəlir.

Yaqut Həməvi yazır: "Şihabəddin Sührəvərdi öz məntiqi mühakimələri, sübutları, dəlilləri ilə onlara qalib gəldi. Fəziləti Məlik Zahirə bəyan oldu. Hakim onu özünə yaxınlaşdırdı, qəbul etdi, başqalarından fərqləndirdi. Rəqiblərinin Şihabəddin Sührəvərdiyə qarşı qeyzi artdı, onu dinsizlikdə və zındıqlıqda ittiham etdilər". İbn Xəllikan da bu faktı təsdiq edərək yazır: "O, əqidə pozğunluğudinsizlik üstündə ittiham olunmuşdu. Onun haqqında deyilmişdi ki, o, şəriət qanunlarına zidd getmişdi".

Mütəfəkkirin bu qədər nüfuz qazanması onun əleyhdarlarının hiddətinin daha da artmasına və edamının tələb edilməsinə səbəb olmuşdu. Fəqihlər əl-Məlik əz-Zahirdən onun edam edilməsini tələb etdilər. Hakim razı olmadı, atası Səlahəddinə üz tutdular: "Onlar onun küfrlərini təsdiq edən hökmlər hazırlayıb Dəməşqə, Məlik Nasir Səlahəddinə göndərdilər. Dedilər əgər bu gənc sağ qalarsa, əl-Məlik əz-Zahirin etiqadını korlayar. Eləcə də o azad edilərsə, ölkədə hər hansı bölgəni korlayar. Səlahəddin Əyyubi Hələbə Qazi Fazilin xətti ilə Şihabəddin Sührəvərdi haqqında oğlu əl-Məlik əz-Zahirə məktub göndərdi. Orada deyirdi: "Bu Şihab Sührəvərdinin öldürülməsi labüddür. Onu heç vəchlə azad buraxmaqsağ saxlamaq olmaz".

Əl-Məlik əz-Zahir filosofu öldürtmədi. "Bundan sonra Səlahəddin bir daha ona yazıb, Şihabəddin Sührəvərdini öldürtməyi əmr etdi, filosofu öldürtməzsə, Hələbi onun əlindən almaqla hədələdi. Bu xəbər Sührəvərdiyə çatdıqda hakim əz-Zahirdən bir yerdə həbs edilib, ölənə qədər yemək-içmək verilməməsini xahiş etdi".

Professor Zakir Məmmədov filosofun ölüm tarixinin 1191-ci il (587) olduğunu qeyd edir.

Ardı var...

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 31 oktyabr.- S.15.