Bakı gerblərinin tarixi əhəmiyyəti...
Bakı elə bir şəhərdir ki, burada həm qədim dövr, həm də müasir mədəniyyətin izləri, simvolları yaşayır. Arxaik çalarlarla zəngin olan şəhər memarlığı çağdaş tapıntılara da açıqdır. Odlar diyarının köksündə yanan bir ocaqdır Bakı. Deyirlər ki, atəşpərəstlik çağlarında onların tapındığı, səcdə etdiyi od məbədləri daha çox Bakıda və onun ətraf kəndlərində, ərazilərində yerləşib.
Təbii qaz və neftlə zəngin olan bu qədim şəhər öz qeyri-adiliyilə maraq doğurur. Burada tarixən odgahlar olub. Bundan başqa, qala və istehkamların üzərində məşəl yandırılıb. Məşəlin yandırılması bir tərəfdən atəşpərəst ulularımızın inancı, başqa bir tərəfdən isə Bakının neft və qaz məskəni olmasına bir işarə olub. Bakı ölkəmizin paytaxtı olana qədər də həm öz zəngin tarixi, həm gözəlliyi, həm də digər keyfiyyətlərinə görə diqqət mərkəzində olub. Şəhərimizin Xəzər dənizi sahillərində yerləşməsi onun tarixi rolunu həddindən artıq artırır.
Qədim mədəniyyətimizin formalaşmasında, geniş yayılmasında Bakının əhəmiyyətli rolu danılmazdır. Bundan başqa, Bakının həm qədim, həm də müasir simvol və atributları da qədim dövlətçilik mədəniyyətimizin təbliğinə xidmət edir. Tarixi mənbələrdə Bakü, Badi-Kübə və başqa adlarla xatırlanan şəhərimizdə XVIII əsrdə möhtəşəm Bakı xanlığı yaradılıb. Məlumdur ki, həmin dövrdə Azərbaycan ərazisində bir sıra müstəqil xanlıqlar yaradılıb. Onlardan biri Bakı xanlığıdır.
Tarixçi alimlərin bildirdiyinə görə, Bakı xanlığına 1747-1768-ci illərdə Mirzə Məhəmməd xan rəhbərlik edib. Tarixi mənbələr yazır ki, hakimiyyətdə olduğu 20 il ərzində Mirzə Məhəmməd xan ölkənin iqtisadiyyatının bərpası ilə məşğul olub, ticarətin, mədəniyyətin inkişafına şərait yaradıb. Bakı xanlığının bayrağı və xanlıqdan sonra yaradılan Bakı Quberniyasının gerbi milli mədəniyyətimizə xas çalarları özündə əks etdirib. On səkkizinci əsrdə yaranan Bakı xanlığının bayrağında həm Azərbaycan xalqının milli dünyagörüşünə, həm də islam dininə aid çalarlar var. Bütün xanlıqlarımız kimi, Bakı xanlığının da fəaliyyətində milli və dini amillər öndə olub. Bu dövrdə milli mədəniyyətdə islam əhval-ruhiyyəsi yaxın bir şəkildə təqdim edilib. Bu da, təbii, xanlığın dinə bağlılığından irəli gələn müsbət bir hal olub. Bakı xanlığının bayrağı bir əl işini xatırladır. Məlumatlara görə, Bakı xanlığının bayrağı 220 x 122 sm ölçüdə olub. Dördküncdür. Onun dörd parçası açıq moruğu qumaşdan və bir parçası isə açıq xaradan əl ilə tikilib. Uzununa yerləşdirilən, eni 31 sm olan yaşıl parça ona möhkəm tikilən, eni 6 sm olan qırmızı atlas köbə vasitəsilə bayraq ağacına taxılıb. Yaşıl parçanın üstündə xırda nəbati naxışlı üç zolaq var. Birinci zolaqda yan-yana baş-ayaq yerləşdirilən, biri tünd, o biri açıq yaşıl rəngli zanbağa oxşar butaların içində altıləçəkli güllər və şişuclu, dalğavari yarpağa oxşar naxışlar salınıb. Daha enli ikinci zolağın içində ucları birləşdirilən, biri tünd, o biri isə yaşıl rəngli iki aypara çəkilib. Bu ayparaların və onların birləşməsindən yaranan çevrənin içində altı və səkkizləçəkli güllər tikilib. Ayparalarla zolağın arasında içərisinə tünd yaşıl saplarla xallar vurulub, butavari yarpaqlardan yaradılan ornament salınıb. Bütün gül və naxışların üzərində artıq solmuş güləbətin saplarının izləri qalıb. Yaşıl parçaya yaxın yuxarı sol hissədə yerləşən parçanın üstündə tünd moruğu konturlu ucları birləşdirilən üç aypara təsvir edilib. Birinci ən böyük ayparanın içində ortadan başlayaraq əks istiqamətlərdə tünd moruğu saplarla iki sünbül çəkilib. Nisbətən enli yaşıl yerlikli orta ayparanın içində tünd moruğu saplarla iki sünbül çəkilib. Nisbətən enli yaşıl yerlikli ayparanın içində tünd moruğu saplarla ərəb dilində "Ya Məhəmməd, möminləri müjdələ" və "Allahdan kömək və yaxın qələbə" sözləri yazılıb. Digər ayparanın uclarının birləşməsindən əmələ gələn çevrənin içində yaşıl fonda tünd moruğu saplarla ərəb dilində "Allah kömək edəndir və Allah qoruyandır" sözləri yazılıb. Uzunsov səkkizləçəkli gül formasında olan aşağı hissəsi ərəb qrafikası elementləri "bismillah" və ya "Bakuyə"ni xatırladan mürəkkəb naxışlarla örtülüb.
Rusiya imperiyası 1806-cı ildə Bakı xanlığını işğal etdikdən sonra xanlıq üsuli-idarəsini ləğv edib, onu əyalətə çevirib. 1859-cu ildə yaradılan Bakı quberniyasının milli çalarları özündə ehtiva edən gerbi olub. Bu gerblə müasir Bakının gerbi arasında bir çox oxşarlıqlar, bənzərliklər var. Bakının o dövrdə olan gerbinin ortasında, indiki gerbdə olduğu kimi, dalğalar, dalğalar üzərində isə alov nişanələri olub. O gerbin ətrafında müxtəlif elementlər və başında tacvari bir təsvir olsa da, hazırkı gerbimiz nisbətən sadə quruluşa malikdir. Sözsüz ki, Bakı Quberniyası və ondan sonrakı illərə qədər olan gerbin simvolikasını araşdırsaq, orada Çar Rusiyasının izlərini də görə bilərik. Bu az da olsa var, amma geniş mənada həmin gerbdə millilik özünü göstərir. Bakının neft diyarı və Odlar Yurdunun ürəyi olması o gerbin də simasında yaşayır.
Araşdırmamız nəticəsində bəlli
oldu ki, Bakının
hazırkı gerbinin meydana
çıxması keçən əsrin 60-cı illərinin
sonlarına təsadüf edir.
Tarixçilər bildirir ki,
Azərbaycanın vətənpərvər
övladlarının təşəbbüsü ilə araya-ərsəyə
gələn gerbimiz bir
mədəniyyət nümunəsi kimi
tarixdə yaşayacaq. Bakı köhnə
zamanlardan göz
qabağında olan şəhər olub. XX əsrdə isə Bakı daha da inkişaf
etdi. Keçən əsrin 60-cı illəri
yalnız bizim xalqın deyil,
Sovet İttifaqı məkanında yaşayan başqa
xalqların həyatında da müxtəlif
əlamətdar hadisələrlə yadda
qalıb. O vaxt Bakıda yaşayan mütərəqqi, millətsevər
ziyalılar, qələm adamları Bakının gerbinin yaradılması ilə bağlı
müəyyən fikirlər səsləndirib. 1967-ci ilin 14 aprel tarixində Azərbaycan paytaxtının
rəsmi gerbi qəbul edilib. Bu gerb qalxanın üzərində həkk
edilən üç alov və onların
altında həkk edilən dəniz dalğalarının təsvirindən
ibarətdir. Bakının indiki gerbi Azərbaycanın
Çar Rusiyası tərkibində olduğu vaxtlarda yaradılan Bakı Quberniyasının
və Bakı şəhərinin gerbindən
yalnız çar tacının olması ilə və müəyyən başqa
kiçik elementlərlə
fərqlənir. Bu gerbdə dövlətçilik
elementləri çoxdur.
Milli mədəniyyət elementlərinin
yaşadığı bu
gerb dəyərli bir gerb sayılır.
Bəziləri hesab edir ki, onun
bir az
da zəngin olmasına ehtiyac var.
Qeyd edək
ki, gerbin fonu açıq göy rəngdədir. Bu isə sülh və açıq səma mənasını
verir. Lövhənin fonunda qızılı
rəngli, eyni ölçülü üç
alov dili isə Odlar Yurdunun rəmzidir. Alov dilinin hər
birinin hündürlüyü
37 mm, eni 26 mm-dir. Gerbin
aşağı hissəsində
şaquli xətt üzrə lövhənin
onda bir hissəsini tutan və neftin mövcud olmasını bildirən qara rəngli sahə, qalan hissənin isə dörddə birini tutan firuzəyi
rəngdə dəniz
dalğaları təsvir
edilib. Üfüqi xətt üzrə firuzəyi rəng fonunda üç cərgə qızılı
rəngli beş
dalğa keçir. Üfüqi xətt boyunca hər dalğanın ölçüsü
17,6 mm-dir. Binalar və
abidələr üzərində
gerb qabarıq (barelyef) şəkildə lövhənin aşağısında
dalğalar və ortasında 3 alov dili olmaqla təsvir
edilərək çərçivə
ilə haşiyələnir.
Gerb medallarda və fəxri fərmanlarda təsvir edilərkən, aşağıdan başlayaraq
sağdan və soldan şöhrət rəmzi olan zeytun budaqları ilə haşiyələnir.
Budaqlar aşağı hissədə
çarpazlanır.
Bildirək ki, medallarda və fəxri fərmanlarda, habelə gerb təsvir olunan digər sənəd və əşyalarda bütün
nisbətlər saxlanır,
təsvirin miqyası isə tələbatdan asılı olaraq müəyyən edilir.
Gerbimizin
tarixilə bağlı
fikir bildirən tədqiqatçı Fikrət
Nağıyev mətbuatda
dərc etdirdiyi məqaləsində göstərir
ki, Azərbaycan şəhərlərinin ilk gerbləri
1843-cü ildən yaradılmağa
başlanıb: "Bakının
1843-cü ildə qəbul
edilən gerbinin yuxarı hissəsində də qızıl sahədə Xəzər vilayəti gerbinin bir hissəsi, mavi sahəsi olan aşağıda soldan dəvə və onun ətrafında
zəfəran kolları,
sağda isə torpağa sancılmış
lövbər təsvir
edilib. 1883-cü ildə
isə Bakının gerbi dəyişdirildi və qalxan üzərində qara fonda qızıl
rəngdə üç
alov işarəsi əksini tapdı. Əslində üç alov
ideyası artıq
1843-cü ilin gerbində
var idi. Lakin demək lazımdır ki, bu gerbin
əsasını 1878-ci ildə
Bakı Quberniyası üçün yaradılan
gerb təşkil edirdi. Həmin gerbdə Rusiya
imperatorunun qızılı
tacı həkk olunurdu. Bakı şəhərinin öz gerbinə gəlincə isə, bu gerbdə sadəcə çar tacı şəhər divarları şəklində
stilizə edilib".
Fikrət Nağıyevin yazdığına görə, Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra isə, digər müttəfiq respublikaların heraldikasında olduğu kimi, Azərbaycan heraldikasında da bütün simvollar dəyişdirilib":Eləcə də ölkənin şəhər və rayon gerbləri ləğv olunub. Bakının 1883-cü ildə yaradılan gerbi isə bəzi dəyişikliklər edilməklə 1967-ci il aprelin 14-də qəbul edildi və ən nəhayət, 1975-ci ildə həmin gerbə yeni əlavələr olundu. Gerbin öz forması da maraqlıdır. Çünki heraldikanın qaydalarına görə, dövləti və hakimiyyəti əks etdirən gerblərin əksəriyyətində qalxan əsas komponent sayılır. Bu mənada Bakının gerbi qalxanın formasına görə rus heraldikasının əsas elementini özündə saxlayır. Maraqlıdır ki, Azərbaycanın Dövlət Gerbi də 1991-ci ildə dəyişdirilənədək rus qalxanı formasında idi.
Halbuki, artıq sovet hakimiyyəti illərində Gürcüstan SSR və Ermənistan SSR öz gerblərində məhz Qafqaza xas girdə qalxanları qoruyub saxlayırdı. Qəribədir ki, həm Gürcüstan, həm də Ermənistanın sovet illərindəki gerbləri heraldikanın qaydalarına daha uyğun idi".
Bakının bir çox tarixi tikililərinin, o cümlədən də Bakı Şəhər İcra Hakimiyyəti binasının fasadını Bakı şəhərinin gerbi bəzəyir. Bugünədək qorunub saxlanan gerbin ortasında mavi dalğaların üstündə ulu babalarımızın sitayiş etdiyi və Azərbaycanı odlar diyarı kimi rəmzləndirən üç qızılı rəngli məşəl təsvir olunub.
Folklorşünas Günay Ağamalıyevanın sözlərinə görə, istər Bakı xanlığının, istər Çar Rusiyası dövründəki Bakının, istərsə də sovet dövrü və hazırkı dövrün Bakısının gerbində təsvir olunan bütün elementlərin əsasını dövlətçilik elementləri təşkil edir. Gənc folklorşünas hesab edir ki, şəhərimizin ayrı-ayrı yerlərində Bakının müxtəlif dövründə mövcud olan gerblərin və bayraqların təsvirləri verilməlidir: "Azərbaycan dövlətlərinə, xanlıqlarına, quberniyalarına aid olan bayraqların, gerblərin və digər rəmzlərin bir-birilə tarixi əlaqəsi var. Bu da ondan irəli gəlir ki, Azərbaycan xalqı ənənələrə bağlı xalqdır.
Ənənələr üzərində qurulan bütün gözəl nümunələr əbədiyaşardır. Şəhərimizin özü od mənbəyidir. Bakının Suraxanı kəndindəki Atəşgah məbədi öz möhtəşəmliyini yenə də qoruyur. Qədimdən Azərbaycan torpağı bütün aləmdə Odlar Yurdu kimi tanınıb. Bu gün də öz şöhrətini qoruyub saxlamaqdadır. Bakının müasir gerbində odumuz, neftimiz, sülhpərvərliyimiz özünü göstərir. Başlıca olaraq isə, milli mədəniyyət elementləri gerbimizin əsas qayəsidir".
Sonda qeyd edək ki, "Bakı-Xəbər" qəzetinin üzərində də Bakının gerbi var. Ekspertlər hesab edir ki, Bakının gerbi olduğu kimi, himni və bayrağı da olmalıdır.
İradə
SARIYEVA
Bakı xəbər.-2014.- 1 sentyabr.- S.12.