"Səbail rayonunun
sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"
Bakı köhnə Bakı deyil daha. Günü-gündən cavanlaşır, gözəlləşir, nimdaş libası əynində əriyib artıq, şahanə libasa bürünür şəhərimiz. Gecələr bir başqa olur Bakı. Paytaxtın mərkəzi - Səbailin əsas küçə və meydanlarında, Dəniz-kənarı Bulvarda gecələr işıq seli qaranlıqlara qalib gəlir. 21 il əvvəl ilk dəfə Bakıya gəlmişəm və birinci gördüyüm rayon da Səbail olub. O illərin Səbaili ilə müasir Səbaili müqayisə etmək çətindir.
Çünki mənim əvvəl gördüyüm Səbail bir qədər miskin, bir qədər də nimdaş idi. Dənizdən gələn neft-mazut qoxusu bu ərazinin hər yerində hiss olunurdu. Bakıya gəldikdən sonra uzun illər Səbail rayonunun "20-ci sahə" yaşayış massivi ilə əlaqəm olub, yaxın qohumlarım orada yaşadığı üçün tez-tez yolum ora düşürdü. O vaxt tamam başqa bir mənzərə vardı bu rayonda. Açığı, nəqliyyat problemindən tutmuş, yolların asfalt örtüyünün nimdaşlığına qədər çoxlu çətinliklər vardı burada. O vaxt "20-ci sahə"də bir köhnə poçt binası yerləşirdi, onun arxasında isə çoxlu həyət evləri salınmışdı. Burada sakinlərin həm su, həm kanalizasiya, həm qaz, həm də işıq sarıdan yaşadığı çox ağrılı qayğıların şahidi olurdum.
Ancaq bu gün bu problemlər sakinləri narahat etmir. Çünki
Azərbaycan Respublikasının Prezidentinin apardığı
uğurlu siyasət nəticəsində bu qayğılar
qayğısızlıqla əvəz olunub. Artıq Səbailin bir çox yaşayış yerlərində,
məhəllələrində abadlıq-quruculuq işləri
həyata keçirilir. Bu da insanların
rahatlığına xidmət edir.
Dosta
açılan qucaq...
Bilirik ki, Səbaili el arasında Bakının giriş
qapısı adlandırırlar. Qonaq-qaraya, müsafirə
qucaq açıb həmişə. Neft
qoxulu, mavi gözlü, mehriban Xəzərin qonaqpərvər
övladı Səbail. Tarixi çox qədimdir
bu rayonun. Neft məskəni kimi
tanınmazdan əvvəl də bu ərazi məşhur olub.
Onun adı tarixi mənbələrdə, səyyahların,
şairlərin əsərlərində xatırlanır.
Səbail rayon sakini olan yaşlı insanlarla
söhbətimiz zamanı onlar bildirdi ki, Səbail ərazisində
yaşayan insanların əsas məşğuliyyəti
balıqçılıq olub. Bu rayonun
Bakının giriş qapısı olduğunu deyən
ağsaqqallar bildirir ki, əsrlər əvvəl burada
çoxlu sayda müdafiə məqsədilə tikilən
qalalar olub. Bu qalaların qapısı dost üzünə
açılıb, düşmən üzünə isə
bağlanıb. Səbaillilər düşmən
qabağından qaçmayıb heç vaxt. İstər dənizdən, istərsə də
qurudan gözlənilən düşmən həmləsindən
müdafiə olunmaq üçün tədbirli olublar.
Tarixin
danışan dili-qalalar, tarixi abidələr
Yaşlı insanların verdiyi bilgiyə görə, bu
rayon ərazisində bizim eradan əvvələ aid çoxlu
abidələr olub, buradan tarixi-maddi qalıqlar tapılıb. Xəzər dənizinin
qoynunda yerləşən Səbailin tarixdə müxtəlif
adlarla tanıdıldığını bildirən
ağsaqqallar dedilər ki, Səbailin simvollarından biri
"Bayıl qalası"dır. Xalq arasında bu qala
"Sualtı şəhər", "Bayıl
daşları", "Şəhri-i Yunan",
"Karvansara", "Bayıl qəsri" və s.
adlanıb. Səbail qalası təqribən XIII
əsrin əvvəllərində tikilib, XIV əsrin əvvəllərində
isə tektonik dəyişikliklər nəticəsində Xəzərin
suları altında qalıb. Elə
"Sualtı şəhər" titulunu da onda qazanıb.
Sonralar suyun səviyyəsi tədricən
aşağı enib və 1723-cü ildə abidə yenidən
görünməyə başlayıb. Səbail
qalasının hansı məqsədlə tikilməsi alimlər
tərəfindən hələ də dəqiq öyrənilməyib.
Bəzi alimlər hesab edir ki, o müdafiə
qalası və gömrükxana olub, bəzi alimlərin fikrincə
isə, qaladan ibadətxana kimi istifadə olunub. Onu da bildirək ki, Bayıl qalası Bakının
Bayıl burnu yaxınlığında yerləşən və
hazırda dəniz sularının altında qalan tarixi
memarlıq abidəsidir. Şirvan-Abşeron
memarlıq məktəbinin ən gözəl əsərlərindən
biri olan bu qala XIII əsrdə inşa edilib. Bayıl qalası Xəzər dənizinin suyunun
qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə
çıxır, gah da sulara qərq olaraq görünməz
olur. Nə bilmək olar, bəlkə də
nə vaxtsa Bayıl qalası da suların qoynundan birdəfəlik
qopacaq. Belə olduqda isə, qalada dövlət
tərəfindən əsaslı təmir-bərpa işləri
aparıla bilər. Başqa abidələrdə
olduğu kimi, bu abidə də restavrasiya olunduqdan sonra
xalqın ziyarət məkanına çevrilər.
Keçmişlə
bu günün görüşü...
Qədim sivilizasiyaların sakinlərinin tikib bizə
miras qoyduğu tarixi abidələr özlərində
çox böyük həqiqətlər gizlədir. Demək olar
ki, Bakıda ən çox abidəsi olan rayon Səbaildir.
Burada tarixin istənilən dövrünə aid
abidəyə rast gəlmək mümkündür. Bu rayon ərazisində əsrlər əvvəlin də,
dünənin də, bu günün də simasını,
ovqatını, tarixini ayna kimi göstərən abidələr
var. Keçmişlə dünən, dünənlə bu
gün yanaşı addımlayır Səbaildə. Səbail rayonu ərazisində tarixi memarlıq abidələrinin
digər rayonlarla müqayisədə çoxluq təşkil
etdiyini bildirdik. Təbii ki, bu abidələrin
hamısını bu günlərdə və daha əvvəllər
ziyarət etmişik. Bakının bu hissəsində
aparılan tikinti-quruculuq işləri, abidələrin, qədim
və əhəmiyyətli abidə və binaların yenidən
qurulması prosesi gözlərimiz qarşısında baş
verib. Bakı Dənizkənarı Parkın (bulvar),
"İçəri şəhər"in,
"Şirvanşahlar" Saray Kompleksinin, "Səadət"
sarayının, "Bibiheybət" məscidinin, daha
neçə-neçə tarixi yerlərin, bağların,
abidə tipli məkanların əsaslı bərpası nəzərdən
qaçmayıb.
Bir
neçə il əvvələ qədər
"Bibiheybət" məscidinin ətrafı əsl natəmizlik
yuvası idi. "Gecəqondular"ın məskəni
olan bu ərazidə yastı-yapalaq evlər,
uçub-dağılmaq təhlükəsində olan daxmalar
vardı. Elə təpənin
üstündə yerləşən tarixi "Bibiheybət"
qəbiristanlığı da bərbad vəziyyətdə
idi. Uzun müddət baxımsız
qaldığından, burada ölü sahiblərini narahat edən
bir sıra məsələlər vardı. Lakin sonradan Bakı-Salyan yolunun çəkilməsilə
əlaqədar həm "gecəqondular"da yaşayan sakinlər
köçürüldü, həm də qəbiristanlıqda
əsaslı təmir işi aparıldı. 7-8 il əvvələ baxanda bu gün məzarlıq
orada uyuyanların ruhuna layiq şəkildədir desək
yanılmarıq. Çünki bu qəbiristanlıqdakı
vəziyyətlə əlaqədar bir neçə dəfə
qəzetimizdə məsələ də qaldırdıq.
Bu, keçmişdə baş verib.
"Bibiheybət" məscid kompleksi Bakının
möhtəşəm abidələrindən biri kimi
bütün Şərq aləmində məşhurdur. 150 ildən
artıqdır ki, insanların ziyarət yerinə çevrilən
"Bibiheybət" bolşevizm terrorundan canını qurtara
bilib. Bəllidir ki, 1934-cü ildə məscid
dinamitlə partladılıb. Məscid və
minarə yerlə-yeksan olunaraq üzərindən yol çəkilib.
Lakin müstəqillikdən sonra "Bibiheybət"
məscidi yenidən bərpa olunub. Mərhum
Azərbaycan prezidenti Heydər Əliyevin göstərişi
ilə məscidin bərpasına 1998-ci ildən
başlanıb. 2008-ci il iyulun 12-də
yenidən qurulan "Bibiheybət" məscidinin
açılışı olub. "Bibiheybət"
Səbailin giriş qapısının açarıdır
sanki. Bakıya gələnlər də,
gedənlər də bu ibadətgahı ziyarət edir, ona nəzir
verir. Bu gün məscid kompleksi də daxil
olmaqla abidənin özü və ətrafı
abadlaşdırılıb. Səbaildəki
tarixi abidələr bərpa edilərkən mütləq
orijinal dəst-xətt saxlanır, bərpa işləri o
üslubda həyata keçirilir. Abidələr
xəzinəsi olan Səbaildə antik dövrə və orta əsrlərə
aid abidələr mövcuddur. "İçəri
şəhər"in min ildən çox yaşı var.
Bünövrəsində divarlarının
qalınlığı 5 metr, hündürlüyü 28 metr
olan səkkiz yaruslu monumental tikili - Qız qalası Səbail
rayonunun rəmzidir. Qala dəfələrlə -
orta əsrlərdə, XIX əsrin ortalarında (rus hərbçiləri
tərəfindən), sonuncu dəfə 1960-cı illərdə
bərpa olunub. Təəssüf ki, bərpa
zamanı tikilinin bəzi elementləri və onun ilkin
görünüşü dəyişdirilib. Məsələn, əvvəllər qala içəridən
örtülməmişdi, mərtəbələrarası
qübbələr isə son təmir işləri zamanı
tikilib. Eyni zamanda, bəzi oyuqlar və
qapılar hörülüb. 1964-cü ildə
qala muzey elan olunub, 2000-ci ildə YUNESKO-nun abidələri
siyahısına daxil edilib.
Zaman
dayanmayıb...
"İçəri
şəhər"in qucağından dünyanı mat qoyan
bu abidə də son illər bərpa edilib. Dünən
miskin, təmirsiz görünən abidələr indi peşəkar
memarlar tərəfindən bərpa edilir, yeni libasda təqdim
edilir. Tariximizi yaddaşına
köçürən "Şirvanşahlar" saray kompleksi
də əsaslı şəkildə bərpa edilib. Düzdür, sarayın bərpası bəzi mütəxəssisləri
qane etmir. Amma, bütövlükdə,
saray əvvəlki təmirsiz, uçuq-dağınıq vəziyyətindən
çıxıb. "Şirvanşahlar"da
olduğumuz zaman muzey əməkdaşları bildirdi ki,
dövlət tərəfindən yenidən həyata
qaytarılan sarayın bərpasına ilk dəfə
1932-1934-cü illərdə başlansa da, yalnız müəyyən
işlər görülüb, bu da abidənin
uçmasının qarşısını alıb. Həmin dövrdə abidədən Azərbaycan
Tarix Muzeyinin binası kimi istifadə etmək nəzərdə
tutulub. Saray kompleksinin ardıcıl şəkildə
öyrənilməsi və tədqiq edilməsi işlərinə
yalnız Böyük Vətən Müharibəsindən sonra
başlanıb. 1945-ci ildə
"Şirvanşahlar" saray kompleksinin ayrı - ayrı
abidələri elmi əsaslarla bərpa edilməyə
başlanıb. Bərpa işlərinə AMEA-nın həqiqi
üzvü, professor Sadıq Dadaşov rəhbərlik
edib. Əməkdaşların verdiyi bilgiyə
görə, 1946-cı ildə alimin vəfatı
"Şirvanşahlar" saray kompleksinin bərpasını
xeyli ləngidib. Yalnız 1950-ci ildə
memarlıq işləri idarəsində elmi-bərpa istehsalat
emalatxanasının yaradılması nəticəsində
"Şirvanşahlar" saray kompleksinin bərpası
yekunlaşdırılıb. Sovet
dövrünün son illərində kompleksin yenidən bərpa
edilməsinə ehtiyac yaranır, amma onun təmirinə uzun
illər sonra nail olunur. Kompleks əməkdaşları
bildirdi ki, burada tez-tez mədəni-kütləvi tədbirlər
keçirilir, bir sıra layihələrin həyata
keçirilməsində Səbail Rayon İcra Hakimiyyəti
onlara böyük yardımlar edir.
Azərbaycan müstəqillik qazandıqdan sonra tarixi abidələr
sisteminə yeni bir baxış yarandı. Hər bir abidənin
xalqımızın şərəfli tarixinin yadigarı
olduğu rəsmi səviyyədə elan edildi. Səbaildə elə əhəmiyyətli,
maraqlı tarixçəsi olan binalar var ki, onların
siması miskin, görkəmsiz olanda, istər-istəməz,
bir qədər diqqətdən kənarda qalır. Bu
binalardan biri də Murtuza Muxtarov küçəsində yerləşən,
XX əsrin əvvəllərinin - sürətlə inkişaf
edən neft Bakısının ən gözəl tikilisi, bu
gün isə insanları səadətə qovuşduran "Səadət
sarayı"nın uzun illər təmirsiz
qalması, ona aid otaqların müxtəlif qurumlara icarəyə
verilməsi kənardan baxanda ürəyimizi
ağrıdırdı. Lakin Gənclər və İdman
Nazirliyinin sifarişi və Rayon İcra Hakimiyyətinin
yaxından dəstəyi ilə "Səadət
sarayı"da əsaslı təmir-bərpa işləri
aparılıb və artıq yeni nikaha daxil olan cütlüklərə
qucaq açıb.
"20-ci sahə" sakinləri nədən
narahatdır?
Səbail
rayonunun ərazisində günü-gündən vüsət alan, genişlənən tikinti-quruculuq işləri
insanların ürəyincə olsa da, bəzi xırda problemlər
onların narahatlığına səbəb olur.
Səbail rayonu "20-ci sahə" Elçin Əzizov
küçəsinin sakinləri ilə söhbətimizdə
onlar bəzi qayğılarını mənimlə
bölüşdülər. Həmin ünvanda yaşayan Təranə
Əlizadə bildirdi ki, məhəllədaxili yolların
rahatlığı onları təmin etsə də, "20-ci
sahə" dairəsində işıqforun qoyulmaması
sakinlərin həyəcanını artırır":Hər şey yaxşıdır,
razıyıq. Bircə məsələ bizi
narahat edir. Bilirsiz ki, "20-ci sahə"
dairəsi avtobusların dayandığı yerdir, həm də
Azərbaycanın müxtəlif bölgələrinə və
digər ölkələrə gedən avtobuslar, nəqliyyat
vasitələri əsasən buradan keçir. "Kruq"da işıqfor olmadığına
görə biz yolu keçməkdə çətinliklə
üzləşirik. Çox vaxt gözləyirik
ki, maşın azalsın yolu keçək. Çox ciddi təhlükədir. İşıqfor Bibiheybətə yaxın yerdə
quraşdırılıb, yaxşı olar ki, "kruq"da
da quraşdırılsın".
Əlbəttə, Təranə xanımın qeyd etdiyi məsələ
ciddidir və düşünürəm ki, rayon rəhbərliyi
sakinləri əndişəyə salan bu problemin aradan
qaldırılması üçün müvafiq addımlar
atacaq.
Səbaildə olarkən sakinlərlə söhbət etdik, onları üzən bəzi çətinliklərdən də, həll edilən problemlərdən də xəbərdar olduq. Hesab edirəm ki, birneçə il ərzində mövcud olan xırda problemlər də aradan qalxacaq və sakinlər tam rahat şəraitdə həyatlarını davam etdirəcək. Bu, rayonun qarşısında duran perspektivdir. Səbail üzü uğurlara doğru irəliləyir.
İradə
SARIYEVA
Bakı xəbər.-2014.- 4 sentyabr.- S.15.