Milli dövlətçilik tariximizdə Naxçıvan
Xanlığı dönəmi...
Naxçıvan ərazisində mövcud olan qədim tarixi dövlətlərimizin izlərini, burada yaranan maddi mədəniyyət abidələrimizlə bağlı məlumatları izləməklə, tarixdə iz qoyan şəxsiyyətlərimizin ömür yolunu öyrənməklə zəngin məlumat əldə edirik. Tarixçi alimlərimizin, arxeoloqlarımızın əməyi sayəsində tarixin qaranlıq qatlarından işığa çıxarılan minlərlə olay və hadisəni oxuculara çatdırmaqla bu dəyərləri təbliğ etməkdən qürur duyuruq.
Naxçıvan tarixi o qədər zəngin, o qədər genişdir ki, onu tam olaraq bir neçə yazıda əhatə etmək çətindir.
Keçən yazımızda Naxçıvanın qədim tarixindən, bu ərazidə mövcud olan dövlətlərdən, yaranan mədəniyyətdən qısa da olsa məlumat verdik. Bu yazımızda isə orta əsrlər Naxçıvanına, o cümlədən də şanlı Naxçıvan Xanlığının tarixinə, yaranmasına, fəaliyyətinə diqqətinizi yönəltmək istəyirik.
Döyüş meydanına çevrilən Naxçıvan...
Tarixi mənbələrdə yazılır ki, XV əsrdə Naxçıvan ərazisi əvvəlcə Qaraqoyunlu, daha sonra isə Ağqoyunlu dövlətlərinin tərkibində idi. 1501-ci ildə Şərur döyüşündə qızılbaşların Ağqoyunlular üzərində qələbəsindən sonra Naxçıvan Səfəvilərin hakimiyyəti altına keçdi. Məlumatlara görə, Səfəvilərin hakimiyyəti dövründə 280-300 min kvadrat kilometr ərazini əhatə edən tarixi Azərbaycan vilayəti inzibati ərazi baxımından dörd bəylərbəyliyə bölünmüşdü: Şirvan, Gəncə (Qarabağ), Çuxursəd və Təbriz bəylərbəylikləri. Naxçıvan ərazisindən yalnız Ordubad şəhəri Təbriz bəylərbəyliyinin tərkibinə daxil idi. "Vikipediya"da qeyd edilir ki, Naxçıvan MR-in digər əraziləri isə Çuxursəd bəylərbəyliyinin tərkibinə daxil olub: "Çuxursəd bəylərbəyliyinin mərkəzi İrəvan şəhəri idi. İrəvan, eləcə də Naxçıvan şəhəri qızılbaş ustaclılar tayfasının iqamətgahı olub. Səfəvi-Osmanlı müharibələri dövründə (XVI-XVII əsrlər) Naxçıvan ərazisi döyüş meydanına çevrildi. Dəfələrlə əldən-ələ keçən Naxçıvan şəhəri isə dağıntılara məruz qaldı. Dövrün hərbi-siyasi hadisələri üzündən Naxçıvan şəhəri əski əzəmətini, Azərbaycanın iqtisadi-siyasi, mədəni həyatındakı rolunu və mövqeyini itirmişdi. Culfa, Ordubad, Əylis kimi mərkəzlərə də xeyli zərər dəymişdi. I Şah Abbasın hakimiyyəti dövründə (1587-1629) isə Naxçıvandan İrana çoxlu əhali sürgün olundu.
XVII-XVIII əsrlərdə Naxçıvan ərazisi ustaclılar tayfasının idarəsinə verilmişdi. Bu tayfanın tərkibinə daxil olan Kəngərlilər Naxçıvanın siyasi və mədəni həyatında aktiv iştirak edirdilər. XVIII əsrin əvvəllərində Azərbaycana sahib olmaq uğrunda iki türk sülaləsi - Osmanlılar və Səfəvilər arasında mübarizə yenidən gücləndi. 1724-cü ilin sentyabrında Osmanlılar Naxçıvan şəhərini, bir neçə gün sonra isə Ordubad şəhərini tutdular. Naxçıvan vilayətinin böyük bir hissəsi yeni təşkil olunmuş Naxçıvan sancağının tərkibinə daxil edildi. Osmanlılar dövründə Naxçıvan sancağı 14 nahiyəyə bölünmüşdü: Naxçıvan, Əlincə, Sair Məvazi, Dərəşahbuz, Mülki-Arslan, Məvazeyi-Xatun, Qarabağ, Qışlağat, Dərəşam, Azadciran, Şorlut, Dərəşürgüt, Sisyan, Dərələyəz. Ordubad ayrıca nahiyə təşkil etməyərək Azadciran nahiyəsinə daxil idi. 1735-ci ildə Azərbaycanın digər əraziləri kimi, Naxçıvan da Nadir xanın hakimiyyətinə keçdi. 1736-cı il Muğan qurultayında özünü şah elan edən Nadir şah Əfşar Səfəvilər sülaləsinin hakimiyyətinə son qoydu. Mərkəzləşdirmə siyasəti yeridən Nadir şah inzibati - ərazi bölgüsünü dəyişdi, bəylərbəylikləri ləğv edərək Azərbaycanın bütün ərazisini vahid Azərbaycan vilayəti (mərkəzi Təbriz şəhəri) adı altında birləşdirdi və vilayətin idarəsini qardaşı İbrahim xana həvalə etdi. Naxçıvan bölgəsində yaşayan Kəngərli tayfası Nadir şaha itaətsizlik göstərdiyinə görə bu tayfanın bəzi üzvləri Əfqanıstana sürgün edildi.
Nadir şah Naxçıvan əyalətinə eyni zamanda iki hakim təyin etdi: "Hakim-e ölkə-ye Naxçıvan" (tayfa vəkili və əyalətdən toplanan qoşunun rəisi) və "Hakim-e tümən-e Naxçıvan" (şah tərəfindən təyin olunur, iqtisadi-inzibati idarə işlərinə rəhbərlik edirdi). 1747-ci ildə Nadir şah Əfşarın sui-qəsd nəticəsində öldürülməsindən sonra Kəngərli tayfasının başçısı Heydərqulu xan özünü Naxçıvanın müstəqil xanı elan edərək Naxçıvan xanlığının əsasını qoydu. Zəngəzur dağlarından Araz vadisinə qədər ərazini əhatə edən xanlığın mərkəzi Naxçıvan şəhəri oldu. Xanlıq inzibati cəhətdən Əlincə, Xok, Dərələyəz, Ordubad, Əylis, Dəstə, Çənənəb və Biləv mahallarına bölünmüşdü".
Tariximizin 18-ci yüzilliyində qalan Naxçıvan Xanlığı...
Naxçıvan Xanlığı Azərbaycan xanlıq tarixində xüsusi yeri olan bir quruluşdur. Mənbələrin verdiyi məlumata görə, Naxçıvan Xanlığı 1747-1828-ci illərdə Azərbaycan ərazisində mövcud olan feodal dövləti kimi tarixdə öz yerini tutur. Bəllidir ki, 18-ci əsrin ortalarında Azərbaycanın şimalında yaranmış xanlıqlardan biri də Naxçıvan Xanlığı olub. Xanlığın ərazisi Zəngəzur dağlarından Araz çayının vadisinə qədər olan torpaqları əhatə edirdi. İrəvan, Qarabağ və Maku xanlıqları ilə həmsərhəd idi. Nadir şah Əfşarın ölümündən sonra 1747-ci ildə Kəngərli tayfasının başçısı Heydərqulu xan yerli feodalların köməyi ilə şahın naibi Ağahəsəni Naxçıvandan qovdu və özünü xan elan etdi (1747-1764).
XVIII əsrin ortalarında Azərbaycan ərazisində yaranan 18 xanlıqdan biri də Naxçıvan Xanlığı olub və bu xanlığın keçdiyi yol kifayət qədər maraqlıdır. 1797-ci ilə qədər Naxçıvan Xanlığı müstəqil dövlət qurumu olaraq fəaliyyət göstərib. Bu dövrdə xanlığın ali hakimi xan özü idi, qalan feodalların hamısı ona tabe idilər. Lakin İran hakimiyyəti dövründə (1797-1828) xanlığın idarə olunmasında tamamilə başqa vəziyyət yarandı. Naxçıvan Xanlığı Cənubi Azərbaycanın tərkibinə daxil edildi. Naxçıvan Xanlığının iqtisadiyyatı üçün natural təsərrüfat xüsusilə xarakterik idi. Başqa Azərbaycan xanlıqlarında olduğu kimi, burada da həlledici amil feodal istehsal üsulu idi. Naxçıvan Xanlığında iqtisadiyyatın əsasını heyvandarlıq və əkinçilik təşkil edirdi, əsas istehsal vasitəsi torpaq idi. Şərqin müsəlman ölkələrində olduğu kimi, Azərbaycan xanlıqlarında da beş növ torpaq mülkiyyəti mövcud idi: dövlət (xəzinə) torpaqları; xan ailəsinə məxsus torpaq sahələri (xalisə), ayrı-ayrı feodallara, mülkədarlara məxsus torpaq sahələri (mülk torpaqları); məscidlərin, pirlərin və bu kimi dini ocaqların ixtiyarında olan torpaqlar (vəqf torpaqları); kənd icmasına məxsus torpaq sahələri (camaat torpağı).
Dağ kəndlərində yaşayan əhalinin əsas məşğuliyyəti maldarlıq idi. Düzən yerlərdə isə maldarlıq əhalinin ikinci məşğuliyyəti hesab olunurdu. Naxçıvan Xanlığında feodal təsərrüfatının iki müxtəlif iqtisadi forması-oturaq əkinçilik və yarımköçəri maldarlıq səciyyəvi idi, bu da kəndlilərdən çoxlu vergilərin alınmasına gətirib çıxarırdı. Kəndlilərdən alınan vergilərin sayı və miqdarı müxtəlif idi. Vergilərin müxtəlifliyi, ilk növbədə, iqlim şəraitindən və tez-tez baş verən feodal ara müharibələrinin vurduğu zərərdən asılı idi. XVIII əsrin ikinci yarısında Azərbaycanın bütün xanlıqları çox ağır siyasi şəraitlə qarşılaşırdılar. Tez-tez baş verən hərbi yürüşlər, saray çevrilişləri kənd təsərrüfatına da ağır zərbə endirirdi. Rəiyyətlər kənd icması tərəfindən ayrılmış torpağı becərir və əldə etdiyi məhsulun onda birindən beşdə bir hissəsinə qədərini ona verməyə məcbur olurdular. Rəiyyətlər nəinki torpaqların becərilməsi ilə məşğul olur, həm də feodal torpaqlarında bir sıra tikintilərdə işləyirdilər. Rəiyyət feodaldan aldığı əmək alətləri, toxum və s. üçün də əldə etdiyi məhsulun müəyyən hissəsini ona verməyə məcbur olurdu. Kəndlilərə hüquqi cəhətdən becərdikləri feodal torpaqlarını atıb başqa yerlərə getməyə icazə verilirdi. Lakin təcrübədə çox nadir hallarda bu cür köçmələr baş tuturdu. Belə hallar bir sıra çətinliklərlə qarşılaşırdı ki, bu da rəiyyətlərin könüllü şəkildə köçmələrinə imkan vermirdi, köçməzdən əvvəl rəiyyət öhdəsinə düşən bütün işlərin başa çatmasını gözləməli, torpaqla bağlı bütün mükəlləfiyyətləri yerinə yetirməli, başqa bir yerə köçəcəyi barədə əvvəlcədən feodala xəbər verməli, öz borclarını və vergiləri vaxtında ödəməli idi.
"Vikipediya"nın verdiyi məlumata görə, Naxçıvan Xanlığında əhalinin nisbətən sıxlıq təşkil etdiyi yerləri üç qrupa bölmək olar: birinci qrupa Naxçıvan şəhəri daxil olmaqla Naxçıvan çayının mənsəbinə doğru uzanan ərazi; ikinci qrupa daxil olan ərazi Culfadan başlayaraq, Ordubaddan keçməklə Gilançay boyunca davam edərək Mehri istiqamətinə qədər gəlib çatırdı. Üçüncü qrupa isə əhalisi nisbətən az olan ərazi- Əlincə çayı boyunca uzanan sahə daxil idi. Naxçıvan Xanlığının qalan ərazisi meşəsiz, hər cür bitkidən məhrum və susuz yerlər idi.
Dövlət mədəniyyətimizin formalaşmasına böyük töhfələr verən Naxçıvan Xanlığı haqda yazarkən mütləq burada hökmranlıq edən şəxsiyyətləri də yada salmalıyıq.
"Vikipediya" yazır ki, Naxçıvan xanı Heydərqulu xanın ölümündən sonra hakimiyyətə Hacı xan Kəngərli keçdi. Onun dövründə xanlıq xeyli zəiflədi":Hacı xanın oğlu Rəhim xanın hakimiyyəti illərində xanlıqda daxili çəkişmə başlandı. Əliqulu xan, Vəliqulu xan və Abbasqulu xan Kəngərlilərin zamanında xanlıq xeyli zəiflədi. XVIII əsrin 80-ci illərində Xoy Xanlığı, Qarabağ, İrəvan xanlıqları, Kartli-Kaxetiya çarlığı və İran zəifləmiş Naxçıvan Xanlığını öz təsirləri altına almağa çalışırdılar. 1783-cü ildə Xoy xanı Əhməd xan Naxçıvan Xanlığını özündən asılı vəziyyətə salaraq orada öz adamı Cəfərqulu xanı hakim təyin etdi (1783-1787). Əhməd xan Dünbüli 1786-cı ildə öldürüldü və Naxçıvan Xanlığı Xoy Xanlığının asılılığından çıxaraq yenidən müstəqil oldu. Hakimiyyətə isə (1787) Kəlbəli xan Kəngərli gəldi. 1787-ci ildə Qarabağ xanı İbrahim Xəlil xan Cavanşir Naxçıvana yürüş etdi. Yenicə hakimiyyətə gəlmiş Kəlbəli xan bu hücumun qarşısını ala bildi. Xoy və İrəvan xanlıqları ilə münasibətləri yaxşılaşdıran Kəlbəli xan 1792-ci ildə İbrahim Xəlil xanın ikinci yürüşünü də dəf edə bildi. Lakin İran təhlükəsinə qarşı birgə mübarizə onların arasındakı ziddiyyətləri azaltdı. 1795-ci ildə Ağa Məhəmməd xan Qacarın qoşunları Azərbaycana hücum etdi və bu zaman Kəlbəli xan Rusiyaya meyl etdi. Məhz buna görə də Ağa Məhəmməd şah Qacar 1797-ci ildə ikinci dəfə Azərbaycana yürüş edəndə Naxçıvan Xanlığını işğal edib onu özündən asılı vəziyyətə saldı. Ağa Məhəmməd şah Qacar Kəlbəli xanı həbs etdirib onun bir gözünü çıxartdırdı. Hakimiyyətə isə Kəlbəli xanın qardaşı Abbasqulu xanı (1797-1801) gətirdi. Ağa Məhəmməd şah Qacarın öldürülməsindən sonra (1797) Kəlbəli xan İrandan qaçıb Naxçıvana gəldi..."
Bəlli olduğu kimi, Azərbaycan xanlıqlarının bir çoxunda baş verən daxili çəkişmələr, qonşuluqdakı iri dövlətlərin yersiz müdaxilələri Naxçıvan Xanlığına da təsirsiz ötüşməyib. Təəssüf ki, bu ağrılı məqamlar tariximizin səhifələrinə qanlı ləkələr salıb.
Ardı var...
İradə
SARIYEVA
Bakı xəbər.-2014.- 5-7 sentyabr.- S.15.