Naxçıvanın əvəzsiz
mədəniyyət inciləri...
Naxçıvandan danışırıqsa, onun tarixi abidələri, burada mövcud olan və indi də qorunan mədəniyyət nümunələrindən yan keçə bilmərik. Bu ərazinin qədim mədəniyyət ünvanı olduğunu hamımız bilirik. Əzəmətli xan sarayları, əfsanəvi Möminə Xatun türbəsi və başqa mədəniyyət abidələri tariximizin əvəzsiz sərvətidir.
Əcəmi Naxçıvaninin vətəni Naxçıvan Azərbaycanın əsas memarlıq mərkəzlərindən biri kimi özünü təsdiq edib. Bilgilərə görə, e.ə. III minilliyin sonu-II minilliyin əvvəllərinə aid yaşayış məskənlərindən Naxçıvanın qədim memarlığına aid çiy kərpic və möhrədən inşa edilmiş bina qalıqları, Naxçıvan ərazisində möhtəşəm qala divarları, düzbucaqlı və yarımdairəvi bürclərlə əhatə olunmuş erkən şəhər yerləri meydana gəlib. Məlumatlara görə, I və II Kültəpə, Govurqala, Qarabağlar, Oğlanqala, Plovtəpə, Qazançı, Vayxır, Çalxanqala və s. ilkin arxeoloji abidələrdir. Bu abidələr Azərbaycanın, eyni zamanda Naxçıvanın, Qafqaz və Yaxın Şərqin inkişaf tapmış mədəniyyət mərkəzləri ilə əlaqələrini aşkara çıxarıb. Naxçıvanın ayrı-ayrı yaşayış dövrlərinə aid yaşayış məskənləri, siklop tikililəri, maddi mədəniyyət və memarlıq abidələri, qalaları, istehkamları, inşaat materialları, tikinti texnikası öz zənginliyi ilə diqqəti cəlb edir.
Artıq əfsanəyə çevrilən və gözəllik, qürur yeri olan
Qudi Xatun və Möminə Xatun türbələrinin divar naxışları öz əsrarəngliyini indi də qoruyur. Məlum olduğu kimi, Naxçıvan XII əsrdə qüdrətli Azərbaycan Atabəylər dövlətinin paytaxtı olaraq əzəmətli bir şəhər, Azərbaycanın iqtisadi, siyasi və mədəniyyət mərkəzlərindən biri idi. Burada memarlıq sənəti yüksək səviyyəyə çatmışdı. Çoxsaylı dini memarlıq abidələri və mülki binalar, zəngin ornamentlər və boyalarla bəzədilmiş əzəmətli məscidlər, öz möhtəşəmliyi, mozaikaları və incə tərtibatı ilə diqqəti cəlb edən monastır və kilsələr, türbələr, saraylar, karvansaralar, körpülər, qala və bürclər, mədrəsələr, bəzəkli yaşayış evləri, zəngin tərtibatlı hamamlar və s. inşa edilib. Məşhur Atabəylər memarlıq kompleksi də məhz bu dövrün məhsuludur.
Möminə Xatun türbəsi-qadın əzəmətinə ucaldılan abidə...
Arxeoloji mənbələrin qeyd etdiyinə görə, Culfa rayonu ərazisindəki Cuğa qədim şəhər yerində, Cuğa nekropolundakı xaç daşlar Alban xaç daşlarının xüsusi qrupunu təşkil edir.
Azərbaycanda orta əsr xatirə memarlığının ən geniş yayılmış tipi olan qülləvari türbələrin yaradılmasında naxçıvanlı memarlar Əcəmi Əbubəkr oğlu və Əhəmd Əyyub oğlunun böyük xidmətləri olub. Memar Əcəminin XII əsrin II yarısında Naxçıvanda ucaltdığı və dövrümüzədək salamat qalmış Yusif Küseyir oğlu türbəsi və Möminə Xatun türbəsi dünya memarlığında insan xatirəsini monumental biçimlərlə əbədiləşdirən ən uğurlu örnəklərdəndir. Təkcə Azərbaycan memarlığında deyil, ümumilikdə İslam memarlığında ən uca və incə kompozisiyalı türbələrdən olan Möminə Xatun türbəsinin belə uzunömürlülüyü onun mühəndis həllinin bitkinliyi ilə izah olunur. Memar Əcəminin fəaliyyəti ilə Azərbaycan memarlığı tarixində Naxçıvan-Marağa memarlıq məktəbi kimi tanınmış üslub yaranıb və formalaşıb. Bu məktəbin təsiri ilə Yaxın Şərq ölklərində bir sıra memarlıq kompozisiyaları yaradılıb.
Naxçıvan memarlığı yalnız daş memarlıq abidələrilə deyil, əsas inşaat materialı qırmızı bişmiş və bənövşəyi kaşılı kərpiclər olan abidələrlə də məşhurdur (Naxçıvan İmamzadə kompleksi, Qarabağlar türbəsi və sair). Monqol istilaları nəticəsində əvvəlki əzəmətini itirmiş, Elxani hökmdarları dövründə digər Azərbaycan şəhərləri kimi dirçəlmiş, XIV əsrin II yarısında Çobani və Cəlairi əmirləri arasındakı dağıdıcı müharibələrdən zərər çəkmiş, Qızıl Orda xanları və Əmir Teymurun yürüşləri zamanı qətl-qarətlə üzləşmiş, XVI əsrdə dəfələrlə əldən-ələ keçmiş, XVII əsrdə iki dəfə ciddi dağıntılara məruz qalmış Naxçıvan əski əzəmətini, Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatındakı aparıcı rolunu itirmişdi. Hərbi-siyasi hadisələr Cuğa, Ordubad, Əylis kimi mədəni mərkəzlərə də xeyli zərər yetirmişdi. Görkəmli memarların yaratdıqları yüzlərlə qiymətli tikinti və abidə ara müharibələri zamanı dağıdılıb, dövrümüzə qədər gəlib çatmayıb. Çox zaman bunları yaradan sənətkarların və xalq ustalarının adı belə unudulub.
XVII əsrin ikinci yarısından başlayaraq Naxçıvanın, Ordubadın, Culfanın şəhər həyatında müəyyən canlanma hiss olunur. Türk tarixçisi Övliya Çələbinin məlumatına görə, XVII əsrdə Naxçıvanda 20 min ev, 70 dini bina, 20 karvansara, 7 hamam və bazarlar olub. İmamzadə memarlıq kompleksi (XVI-XVII əsrlər), İsmayıl xan hamamı (XVIII-XIX əsrlər), Naxçıvan xan sarayı (XIX əsr), Ordubad Cümə məscidi və Ordubad mədrəsəsi, zorxana, hamam və karvansaralar tikilib.
Naxçıvanın tarixi memarlıq abidələrindən danışarkən Möminə Xatun türbəsi ilə yanaşı, Əbrəqunis monastırının, Qarabağlar türbəsinin, Yusif Küseyir oğlu türbəsinin, Əlincəçay xanəgahının da adlarını qeyd etməliyik.
Minillərin sənətkarlıq soraqları...
Tarixi mənbələrin yazdığına görə, Naxçıvan diyarı hələ qədim zamanlardan sənətkarları ilə Yaxın Şərqdə şöhrətlənib. Əldə etdiyimiz materialda qeyd edilir ki, qədim xalq sənəti sahələri olan dulusçuluq, metalişləmə, misgərlik, daşişləmə, ağacişləmə, toxuculuq, zərgərlik və sair Eneolit və İlk Tunc dövrlərindən Naxçıvanda inkişaf edib. Burada əkinçiliyin və maldarlığın intensiv inkişafı sənətkarlığın təkamülünə inkişaf yaradıb. Mədəni tələbatın artması bəzək əşyalarının, hətta əmək alətlərinin, məişət avadanlıqlarının, silahların müəyyən hissəsinin gözəl bədii tərtibatla hazırlanması ilə nəticələnib.
Arxeoloji qazıntılar nəticəsində qədim yaşayış yerlərindən (I və II Kültəpə, Sədərək, Maxta, Ovçular təpəsi, Daşarx, Qızılburun, Şahtaxtı, Qarabağlar, Külüs, Kolanı və s.) müxtəlif əmək alətləri, məişət və bəzək əşyaları aşkara çıxarılıb. Arazın sol sahilində yaşamış qədim tayfaların sosial həyat tərzi, dini-ideoloji dünyagörüşləri, inamları, vəhdət ənənələri bu dövrün sənətkarlığında öz əksini tapıb. Naxçıvanın Tunc dövrü mədəniyyəti üçün səciyyəvi sayılan yüksək ustalıqla hazırlanmış bədii tərtibatlı boyalı gil qabları (bu dövrdə Naxçıvanda bir sıra xüsusiyyətləri ilə fərqlənən Boyalı Qablar mədəniyyəti təşəkkül tapıb), rəngarəng motivli bəzəklər, həmçinin tunc və gümüşdən nəfis zərgərlik məmulatı, qızıl bəzək əşyaları, müxtəlif minerallardan hazırlanmış muncuqlar, metal, ağac, sümük, gil və daşdan zərif sənətkarlıq əsərləri, gil və daş heykəlciklər buna parlaq sübutdur.
Onu da qeyd edək ki, Şahtaxtı yaşayış yerindən aşkarlanmış Boyalı Qablar mədəniyyətinə aid saxsı küp və Osman ibn Salman Naxçıvaninin hazırladığı bürünc dolça Rusiyanın Ermitaj Muzeyində saxlanır.
Qədim sənətkarlığın mühüm sahəsi olan dulusçuluq Naxçıvan ərazisində e.ə. IV minillikdə yaranıb. Arxeoloji materiallar göstərir ki, Eneolit və Tunc dövrlərinə aid gil qablar dulus çarxlarında hazırlanmış və xüsusi kürələrdə bişirilib. Dulus kürələrinin ən qədim qalıqları I Kültəpə yaşayış yerində aşkar olunub. Tunc dövrünə aid II Kültəpə yaşayış yerindən əl ilə, qismən də dulus çarxında hazırlanmış müxtəlif formalı sadə, həndəsi və nəbati naxışlar, insan, heyvan və quş təsvirləri ilə bəzədilmiş boyalı qab nümunələri məlumdur. Yüksək keyfiyyəti, rəngarəngliyi və çeşidli formaları ilə seçilən dulus qablarının bəzədilməsi, şirələnməsi xalq sənətinin mühüm sahələridir.
Qadın gözəlliyi və Naxçıvan sənətkarlarının əl işləri...
Naxçıvan eyni zamanda dünyanın ən qədim metal işləmə ocaqlarından biridir. "Vikipediya"da yer alan məlumata görə, I Kültəpənin ən qədim mədəni təbəqəsindən müxtəlif mis- mərgümüş, nikel - mərgümüş qatışığı olan alətlər və bəzək nümunələri əldə edilib. Ordubad rayonunun Plovdağ nekropolundan çoxlu tunc sancaqlar, Kültəpədən tunc dövrünə aid başı ilgəkli dörd sancaq, bıçaq parçası və sair tapılıb. Arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılmış materiallar Naxçıvanın qədim sakinlərinin sümükdən və daşdan əmək alətləri və bəzək hazırlamaq məharətinə malik olduqlarını göstərir.
Toxuculuq peşəsinə aid daş, sümük və gil başlıqlarına, həmçinin, çox zərif parça qalıqlarına rast gəlinib. Orta əsrlərdə misgərlik, zərgərlik, ipəkçilik, xalçaçılıq kimi sənətlər xüsusilə vüsət alıb, yüksək sənətkarlıq və zövq ilə hazırlanmış müxtəlif məişət əşyaları və zərgərlik məmulatları şöhrət qazanıb. Bu sənətkarlıq məhsulları xarici bazarlara da ixrac edilirdi".
Onu da deyək ki, bədii metal ustası Osman ibn Salman Naxçıvaninin oyma naxışlarla bəzədilmiş 1190-cı ilə aid edilən bürünc dolçası (1190) Fransanın məşhur Luvr muzeyində sərgilənməkdədir.
Gəmiqaya təsvirlərindən ruhlanan Bəhruz Kəngərli...
Məlumatlara görə, erkən orta əsrlərdən başlayaraq istehsal texnikası təkmilləşib, ipək istehsalında ayaqla hərəkətə gətirilən təkərli mancanaqlar (baramaaçan dəzgahlar), ipək karxanalarında mütəhərrik toxucu dəzgahları tətbiq olunub. Ordubad şəhəri Azərbaycanın ipək parça istehsal edən əsas mərkəzlərindən biri idi. Culfa, Ordubad və Naxçıvanda bez istehsalı (bezzazlıq) sənəti də geniş yayılmışdı. Azərbaycanın qədim xalçaçılıq ənənəsinin formalaşmasında Naxçıvanın da öz rolu var. Orta əsrlərdə Naxçıvanda xalçaçılıq sənəti daha da inkişaf edib, sonrakı dövrlərdə Naxçıvan əhalisinin məişət və iqtisadiyyatında mühüm yer tutub. Naxçıvan xalçaçılıq məktəbi Azərbaycan xalçaçılığının xüsusi bir qolunu təşkil edir. Naxçıvanda xalçaçılıq bu gün də yaşadılmaqdadır.
Naxçıvanda böyük bir rəssam yaşayıb bir zamanlar. Bəhruz Kəngərli olaraq tarixə düşən bu böyük təsviri incəsənət ustası özündən sonra böyük izlər qoyub. Bəllidir ki, Bəhruz Kəngərlinin ərsəyə gətirdiyi sənət nümunələri qədim ənənələrə söykənirdi. Bu haqda danışmazdan əvvəl qeyd edək ki, Naxçıvanda təsviri sənətin kökləri qədim Gəmiqaya rəsmlərinə (e.ə. VII-I minilliklər) gedib çıxır. Bu diyarın qədim sakinlərinin dünyagörüşünü, bədii-estetik təfəkkürünü əks etdirən həmin rəsmlərdə onların təsərrüfat həyatı və məişəti əbədiləşdirilib. Ərazidən tapılmış maddi mədəniyyət nümunələri, xüsusilə Əlincəçay vadisindəki Zoğala yaşayış yerindən tapılmış sütun altlıqları, orijinal tunc qrifon fiqurları (VI-VII əsrlər), Cavanşirin tunc heykəli və s. sənət əsərləri Naxçıvanda təsviri sənətin qədim tarixindən xəbər verir.
Orta əsrlərdə, bütün müsəlman şərqində olduğu kimi, Naxçıvanda da xəttatlıq, kitabşünaslıq və miniatür sənəti inkişaf edib. Naxçıvanın məşhur sənətkarlarından Nəşəvi Həddad ibn Asim (XI əsr), İzzəddin Əbülfəzl Dövlətşah əs-Sahibi (XII əsr), Ətiq Ordubadi, Mirzə Məhəmməd Ordubadi (XVI- XVII əsrlər) və başqaları bütün Yaxın Şərqdə məşhur olub. Görkəmli şair usta Zeynal Nəqqaş (XIX əsr) həm də məşhur nəqqaş idi.
Naxçıvanda professional rəssamlıq sənəti XX əsrin əvvəllərində yaranıb. Realist Azərbaycan rəssamlığının banisi Bəhruz Kəngərlinin əsərlərində dövrün kaloriti, öncül mövzuları əksini tapıb. Azərbaycan boyakarlığında mənzərə və portret janrlarının təşəkkülü onun adı ilə bağlıdır. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım nəticəsində doğma yurdundan didərgin düşmüş insanların portretlər silsiləsi ("Qaçqın qadın", 1921-ci il, Azərbaycan Dövlət İncəsənət Muzeyi və sair əsərlər) təkcə rəssamın yaradıcılığında deyil, həm də Azərbaycan boyakarlığında əhəmiyyətli yer tutur.
Məşhur Azərbaycan və türk boyakarı İbrahim Səfi, xalq rəssamları Hüseyn Əliyev və Elmira Şahtaxtinskaya, əməkdar incəsənət xadimi Əyyub Hüseynov, əməkdar rəssam Cəmil Müfidzadə də Naxçıvan torpağının yetirməsidir. Əməkdar incəsənət xadimləri Şamil Qazıyev, Əyyub Fətəliyev, M.Qasımov isə əsasən teatr rəssamları kimi tanınmışlar. Ş.Qazıyevin "Çoban portreti" (1931) Tretyakov qalereyasında (Moskva) sərgilənməkdədir. Naxçıvan MR-də Azərbaycan Rəssamlar İttifaqının filialı fəaliyyət göstərir.
Ardı var...
İradə SARIYEVA
Bakı xəbər.-2014.- 8 sentyabr.- S.12.