Dövlətçilik
tariximiz milli adət-ənənələrimizdən
qaynaqlanır
Toy
mədəniyyətimizin mövcud olmuş adətləri...
II yazı
Məkan həminki olsa da, zaman dəyişir. Adət və ənənələrimizin toy mərasiminə aid hissəsi bir qədər dəyişikliklərə məruz qalsa da, ənənələrimizə sayğısı olan insanlar tərəfindən əsas detallar qorunur. Xüsusən də bölgələrdə bu məsələlərə ciddi baxılır. Buna görə də bölgələrdə toy adətlərimiz, ona qədərki mərhələlər dəqiqliklə yerinə yetirilir. Düzdür, hər şey qədimdəki kimi deyil, müəyyən deformasiya halları mövcuddur.
Buna görə də qədim adətlərimiz haqda geniş yazırıq ki, bu hallara qayıdış baş versin. Bilirik ki, nişanın, toyun əsas atributlarından biri xonçadır. Xonçatutma ənənəsi bu gün də yaşayır.
Xonça toyun zinətidir...
Toyun əsas atributlarından biri içinə ayrı-ayrılıqda pal-paltar, zinət əşyaları və şirniyyat qoyulan bağlama-xonça gətirmədir. Boğçadan fərqli olaraq, onun əsasını dördbucaq şəkilli qalın parça, yaxud ağacdan yonulmuş tabaq və ya dəyirmi metal lövhə, bəzən qızılı məcməyi, sonralar isə naxışlı sini təşkil edir. Əşyalar oraya düzüldükdən sonra o al qırmızı zərli-saçaqlı və ya alabəzək ipək parça, yaxud tirmə şala bükülür. Ancaq örtüklərin dörd bucağı düyünlənməmiş qalıb sap və ya sancaqla bənd edilir.
Çox vaxt başlarda aparılan bu bağlamalar həm tərkibi, həm zahiri görünüşü, həm də ünvan sahiblərinə görə bir-birindən fərqlənir.
Xonçaların böyüyünü evin və ya masanın ortasına qoyur, kiçik xonçaları isə, sayından asılı olaraq, böyük xonçanın ətrafına düzürlər. Qaydaya görə, toy şənlikləri zamanı onların üstünə on ikidən artıq olmayan rəngarəng şamlar düzülür.
Məlum olan ənənəvi yemək və paltar xonçalarının adları bunlardır: "ağ xonça", "bayram xonçası", "bəy xonçası", "bəzək xonçası", "çərşənbə xonçası", "gəlin xonçası", "qənd xonçası", "xızır xonçası", "xınayaxdı xonçası", "xuşkəbər xonçası", " nişan xonçası", "novbahar xonçası", "nübar xonçası", "sərpayı xonçası", "şirin xonça- şirniqabağı xonça- şirni xonçası", "toy xonçası", "üzük xonçası", "yeddi lövün xonçası", "yengə xonçası" və s. Borçalıda bu bağlamaya "xon", Qazaxda isə "bağlanc" deyirlər.
Nişandan sonra qız kimin toyuna, nişanına gedərsə, onun adına oğlan evi tərəfindən xonça gətirirlər. Məclisdə qızlar bir tərəfdə otururlar. Qayınana əlində xonça oynaya-oynaya məclisə girir və gəlininin qabağına gəlir. Alnından öpüb onu qaldırır və xonçanı onun yerinə qoyur. Qayınana gələcək gəlinini oynadır. Bundan sonra baldız, qayın və bəy gəlini oynadırlar.
Oğlan evində Novruz və digər xalq bayramları şərəfinə nişanlı qızlara aparılan və həmin qız evindən oğlan evinə gətirilən xüsusi bayram xonçasına "ağ xonça" deyirlər. Üstü qırmızı kəlağayı və ya saçaqlı tirmə şalla örtülən bu xonçaya səməni qoyar, içində rəngli şamlar yandırarlarmış. Onun başqa adı "bayram yemişi", "görəlgə" və "novruzpayı"dır.
İndi də üzük xonçası
haqqında danışmaq istəyirik. Bu, qədim çağlarda
necə olub?
Üzük
xonçasının mahiyyəti
Etnoqraflar
yazır ki, böyük nişan mərasimində
qızgilə aparılan xonçalar arasında içində
saçaqlı baş yaylığı, şal və
nişan üzüyü yerləşdirilmiş nişan
xonçasına üzük xonçası da deyirlər. Oğlanın əmisi, yaxud doğma
dayısının apardığı bu xonçaya, şal və
üzüklə yanaşı, noğul-nabat da
düzülür. Bu xonça indiki
Abşeron toyları üçün daha səciyyəvidir.
Lənkəranda isə nişan
üzüyünü həmin xonçaya qoyulmuş bir
balığın ağzına keçirirlər. Bu da bərəkət, uğurlu nikah,
uzunömürlülük arzusu ilə bağlıdır.
Xonçanın başqa adı
"nişanbaxtı"dır.
"Gəl
alım qardaşıma, olum baldızın, ay qız"
Bizim toy ənənələrimizdə haxışta mərasiminin
yeri özəldir. Təəssüf ki, bu bəzi bölgələrdə
unudulsa da, Naxçıvanda və Cənubi Azərbaycanda, eləcə
də Kərkük türkmənləri arasında göz bəbəyi
kimi qorunur.
Etnoqraflar yazır ki, Naxçıvan diyarında
çaldırılan toy-nişan məclislərində
qız evində cavan qız-gəlinlər
"haxışta" adlı halaysayağı rəqs ifa
edirlər.
8-12 iştirakçıdan ibarət olan iki dəstə
cərgə ilə qabaq-qabağa dayanıb əl-ələ
tuturlar. Sonra ifaçılardan biri sonu
"haxışda" kəlməsilə bitən bir
bayatı oxuyur, o birilər bu sözü təkrar edərək
əl çala-çala, oynaya-oynaya qarşı cərgəyə,
oradan da əks cərgəyə keçirlər. Oxuya bilməyən sıradan çıxmalı və
bir ayaq üstə atılıb-düşərək rəqs
etməlidir.
Bibərdən
uzun, ay qız, haxışta
Göydə
ulduzun, ay qız, haxışta
Gəl
alım qardaşıma, haxışta
Olum baldızın, ay qız, haxışta.
Bayram
xonçası - Qız evinə gətirilən Qurban payı
Toya qədər bütün bayramlarda qız evinə
bayramlıq gətirərlər. Bunlardan ən
maraqlısı Novruz bayramında gəlir. Bu bayrama oğlan evi həvəslə
hazırlaşır. Ya axır çərşənbədə,
ya da bayram axşamında gəlinə bayramlıq gətirərlər.
Gətirilən hədiyyələrdə
qıza qırmızı rəngli paltar, yaylıq və bir
zinət əşyası da olar. Əlavə
olaraq qız evinə başına xına qoyulmuş buynuzlu
qoç da gətirilir.
Bundan başqa, şəkərbura, paxlava, qatdama,
qoz-fındıq, innab, xurma ilə dolu xonçalar, şamlarla
bəzədilmiş səməni və səbətlər gətirilir. Burada müxtəlif
bölgələrin adətlərinə əsasən müəyyən
fərqlər də var. Misal üçün, cənub
bölgəsində bayram xonçasında gəlin
üçün mütləq balıq aparılır. Balığın burnuna qızıl üzük
taxılır. Gəlinin başına, əlinə,
ayağına bayram gecəsi xına yaxılır.
Azərbaycan toyuna qədərki mərhələnin biri
də danışığa gəlmə adətidir ki, bu da
toyqabağı baş verir. Oğlan evi toya
hazır olduqda qız evinə bu barədə
danışığa gələcəyi haqda xəbər
göndərir. Danışıqda
oğlan evi tərəfindən əsasən kişilər
iştirak edir. Qız tərəfdən isə
qız atası və məsləhət bilinən qohumlar olur.
Hər iki tərəfdən qadınlar
iştirak etsələr də, qadınlar lazım olan anda
söhbətə qoşulurlar. Zaman
keçdikcə bu adət birgə məsləhətləşməyə
çevrilib.
Danışıqda toy günü təyin olunur və
toyun musiqiçiləri müəyyənləşir. Toyun xərcini
oğlan evi çəkir. Bəzi hallarda
qız evi imkanlı olduqda bu xərcdən imtina edir və ya xərci
birgə çəkirlər. Toy
razılığı istənilən halda bir
görüşdə həll edilir.
Ümumiyyətlə, burada bir məsələni də
önə çəkmək istəyirik. Bu da
başlıq pulu deyilən bir məsələdir. Artıq bu ənənə bölgələrimizin
çoxunda ləğv olunsa da, bəzilərində
yaşamaqdadır. Qədim
çağlarda qız evinin oğlan evindən başlıq
pulu alması bir adət halını almışdı.
"Maşın-maşın
cehizi var gəlinimin..."
Ərə verilən qıza ata evindən gündəlik
həyat, ev-eşik üçün ən vacib sayılan əşyalar
verilir. Əvvələr qız evi bu əşyaları
oğlan evindən aldığı başlığın hesabına
əldə edirdi. Qeyd etdiyimiz kimi, illər
keçdikcə bu adətin forması və alınma mənbəyi
dəyişikliyə məruz qalıb.
Vaxtilə kasıb ailələrdə cehiz anasından
qızına bir miras tək ötürülürdü. Qız
doğulduğu gündən başlayaraq, anası öz
cehizindən qalmış əşyaları və
çatmayanları yenidən alaraq əlavə edir, ayrıca
bir sandığa yığırdı. El-oba qaydasına
görə, ev əşyalarının
çoxunu nişanlı qız özü hazırlayır,
xalı, corab toxuyur, saatqabı, tənbəki kisəsi və
s. tikirdi. Varlı ailələrdə isə
cehizi tamamilə yenidən toplayardılar.
Tədarük işləri böyük nişantaxdı
mərasimindən sonra toy günlərinə qədər davam
etdirilirdi. Bu
müddət ərzində həmin avadanlığın bir
hissəsi qonum-qonşu qadınların köməyilə
düzəlir, yun yuyulub daranır, yorğan-döşək
tutulur, xalça-palaz toxunur və s. vacib işlər
görülürdü.
El-oba qaydasınca buraya köməyə gəlmiş hər
subay qıza bir tikə yorğan-döşək
parçasından və bir çəngə yun verib
"başına gəlsin" deyilərmiş. Yaxın qohumların verdiyi
və qonaqların özləri ilə qız toyuna gətirdikləri
hədiyyələr (bunlar qazan, tas, ləyən,
sürahi və s. olurdu) də cehizə qatılır. Qız evi kasıb olduqda, çox vaxt adaxlı
oğlan özü bu əşyaları toplayıb toy
gününə qədər qızgilə
çatdırır və gəlinapardı mərasimində
onu gəlin qız ilə birlikdə ər evinə
daşıyırlar.
Keçən
əsrin əvvəllərində qeydə alınmış və
cehizə daxil olan ənənəvi əşyalar bunlardır:
hər ailə üçün vacib sayılan Quran kitabı,
üstündə namaz qılmaq üçün əbrişim
şaldan tikilmiş iki-üç canamaz, möhürqabı,
yüz bir danəli təsbeh. Daha sonra iki
adamlıq qırmızı yorğan və qırmızı
məxmərdən üzlənmiş böyük taxt
döşəyi, iki yun döşəkçə, iki ədəd
mütəkkə, bir böyük nazbalınc,
qayınata-qayınana üçün iki kiçik
döşək. Nişanlı qızın özü,
yaxud qız evi qadınları tərəfindən bəy
üçün hazırlanmış tikmə əl işləri
güləbətinli tirmə araxçın, ipək
daraqqabı, saatqabı, zərxaradan on iki ədəd tənbəki
və pul kisəsi, 20-30 cüt çarıqbağı, at
üçün zinpuş, qələmdanqabı və s. Yenə
məişət üçün dəstərxan süfrə,
əl-üz dəsmalı, isti qabları qaldırmaq
üçün yeddi cüt "tutqac" və s. Gəlinin
özü üçün sürmədan, ətirqabı,
qayçıqabı, iynəqabı, sayı yeddi olmaqla iynə,
qıyıq, güləbətinli pərdəbağı, ipək
tumanbağı, taxça və güzgü pərdəsi,
qara ayaqdaşı və s. Bunlardan başqa, bir "camaxatan
sandığı", yun məmulatından bir-iki
xalça-palaz, camədan-məfrəş, xurcun, saxsı
qab-qacaqdan nehrə, küpə, kuzə, aşsüzən,
ağac məmulatından yeddi taxta qaşıq, tabaq, oxlov,
çanaq, çömçə, çörəkqabı,
bazardan alınmış təzə, yaxud yenicə
qalaylanmış mis qab-qacaq, gəlinin yuyunması
üçün böyük teşt, farş, qazan, gülabzən,
mis aftafa-ləyən, hamam satılı, altı kabab
şişi və s. metal əşyalar.
Qızın
"xırda-mırda" cehizi
El-oba adətinə görə, buradakı mis, yaxud
saxsı su qablarını yeni mənzilə əsla boş
aparmaq olmazdı, onlar hökmən su ilə doldurulmalı idilər. Bundan əlavə,
gəlin özü ilə ər evinə müxtəlif rəngli
parçalardan tikilmiş yeddi kiçik torbada (hərəsi
bir kiloqram olmaqla), yeddi cür taxıl növü buğda,
arpa, düyü, mərci, noxud, lobya, darı və uğursuyu
deyilən bir səhəng təmiz içməli su və bir
qab neft aparardı.
Qaydaya görə, qız gəlin köçürüldükdə,
ayaqqabısından başqa, istədiyi bütün
paltarlarını yeni mənzilinə apara bilər. Amma bəzi yerlərin adətincə,
gəlinin bəxti ağ olsun deyə,
cehizlə, bəzən isə elə qızın özüylə
onun bir tay köhnə ayaqqabısı da ər evinə
aparılarmış.
Cehiz əşyaları siyahıya alındıqdan sonra bədnəzərdən
qorunmaqdan ötrü onları qırmızı qaytan və
lentlərlə sarıyaraq cecim sandıqlarına yerləşdirərmişlər.
Ötən əsrlərdə varlı ailələrdən
ərə verilən qızların ata-anası
övladlarına mal-qara sürüsü, ev-imarət, zəmi
və bağ-bağça kimi hədiyyələr qoşur,
hökmdarlar isə gəlin köçürdükləri
qızlarına, bir adət olaraq, geniş bir ərazi və ya
bir neçə kənd bağışlayarmışlar.
Adətə
görə, qıza verilən bütün əşyalar onun
şəxsi malı hesab edilir. Bəzən el içində həqarətlə
deyilən "cehizindən xeyir görməyəsən",
yaxud "cehizin qayıtsın" kimi bəd dualar hələ
də yaşamaqdadır.
Müxtəlif
bölgələrdə qızı ərə verdikdə ona
qoşulan cehiz "ağırlıq", "barxana-qız
barxanası", "verdik-verdük", "dədəverdi-dədəmalı",
"mal" (Şəki), "kabin",
"öllüx-dirilıx" (Quba), "sədəqə",
"təchiz", "tuti", "xərcxəcələt"
(Salyan), "cehiz qoşma-cehizləmə-cehizçilik",
"cer-cehiz", "şeylan" və bu kimi adlar
daşıyır. Onun "cehaz- ceyiz / cihaz"
(Ordubad) deyiliş şəkilləri də var.
Bəy
evində şirinlik mərasimi...
Toydan iki-üç gün əvvəl ər evinə gəlinin
cehizini gətirirlər. Bunu gəlinin qardaşları, əmisi,
dayısı, bibisi, xalası oğlanları, bəyin
dostları və "qardaşlığı" edirlər.
Ana gəlinin cehizini düşürmək
üçün gəlinin qardaşına nəmər verir.
Sonra gəlinin yengəsi, bacısı və ya
bacılığı evi bəzəməyə gəlirlər.
Onlar evi bəzəyib qurtarandan sonra əşyaların bəzisinə
qırmızı lent bağlayırlar. Qayınana
evi bəzəyənlərə də xələt verir.
Toy-nişan mərasimlərində oğlan evinin
xonçalarına biçimcə keçmişdə başa
qoyulan "şişpapağa" oxşayan konus formalı qənd-kəlləqənd
yerləşdirilir.
Qız evinə yollanan zaman kəlləqəndin yerləşdiyi
xonçanı o biri xonçalardan irəlidə, adət
üzrə, dəstə önündə oğlanın
kiçik qardaşı və ya kiçik oğlan qohumu
aparır. Qızgildə oğlan evi adamları bu qəndləri
parça-parça doğrayıb nəlbəkilərə
yığır və şirni tək qonaqlara paylayırlar.
Toy günü oğlan evində gəlin qız
gərdək pərdəsi arxasında oturduğu zaman
sağdış-soldış qızın başı üzərində
kəlləqənd tuturlar. Qənd şirinliyi ilə
yanaşı, özünün duru ağ rəngilə
saf işığı, ağ günü təmsil edir. İnama görə, evlənənlər bu qəndi
yalnız ilk övladları olandan sonra parçalayıb
süfrəyə qoya bilərlər.
Şəkər çuğundurundan alınan müasir qənd
XVIII əsrin bəhrəsidir. Ondan əvvəl xalqımız
şəkər qamışı "neyşəkərdərı"
hasil olunub ağ sapa düzülmüş
bozumtul, yaxud sarı rəngli "nabat"
parçalarından istifadə edib.
Bəzi yerlərdə onu "kəlləşəkər
- şəkər kəlləsi - qənd kəllə" də
adlandırırlar.
Ardı var...
İradə SARIYEVA
Bakı xəbər.-2014.- 10 sentyabr.- S.15.