Dövlətçilik tariximiz milli adət-ənənələrimizdən qaynaqlanır

 

  Unudulan toy adətlərinin bir çoxunun bərpasına ehtiyac var 

  III yazı

 

Azərbaycan xalqının qədim toy adətləri, toya qədər olan mərhələ o qədər maraqlı və yaşamağa layiq adətlərdir ki, adam onların hamısını oxuculara çatdırmaq istəyir. Əlbəttə, hazırda onların bir çoxu şəhər toy mədəniyyətində əks olunmur, ancaq Bakı kəndlərində, eləcə də digər bölgələrdə qalmaqdadır. Etnoqrafların araşdırmalarına görə, bu adətlərin çoxu hazırda müxtəlif adlarla yaşayır.

Toyqabağı adətlərdən biri də bəzi bölgələrimizdə yaşayan fətirüstü yığıncağıdır. Bu haqda yazarkən əlimizdəki etnoqrafik mənbələrə istinad edirik. Etnoqraflar yazır ki, kənd yerlərində toy şənliklərinə 3-4 gün qalmış, yuxaüstü günü münasibətilə qız evinə yığışan qadınlar toy süfrəsi üçün fətir, yuxa və digər çörəkləri bişirirlər. Bu zaman oğlan evindən bir dəstə qadın, başda bəy oğlanın anası olmaqla, qızgilə gəlib çörək bişirənlərə xələtlər paylayarlar. Axşam heyvan kəsilir, cavanlar yığışıb içalat kababı bişirir, "baş-ayaq" asırlar. Artıq qız evində toy tədarükü görülür, qab-qacaq yığılaraq düzülür. Səhər tezdən ocaqlar qalanır, qadınlar fətir bişirməyə başlayırlar. Cavan qızlar fətir bişirənlərə qulluq edirlər.

Mağar qurulur, oturacaqları, çıraqları düzürlər. Mağarı xalça-palazla bəzəyirlər. Sabah üçün bütün işləri gecədən görüb qurtarırlar.

Bura daxil olan mərasimlərdən biri də çörəkbişirdidir. Etnoqrafların məlumatına görə, toy günündən üç gün qabaq təcrübəli qadınlar, qız-gəlinlər yığışıb oğlan və ya qız evinə "çörəkbişirdi"yə gəlirlər. Xəmir yoğrulur, kündə kəsilir, yuxa, lavaş bişirilir. İlk bişən çörək oğlan və qız anasına verilir. "Süfrəniz bərəkətli, çörəyiniz isti olsun" deyilir.

Paltarbiçdi mərasimində ancaq qadınlar iştirak edirdi...

Uşaqlıqdan dəfələrlə şahidlik etdiyim və çox maraqlı mərasimlərdən biri kimi yadımda qalan paltarbiçdi adəti, təəssüf ki, hazırda bir çox yerlərdə öz ömrünü başa vurub. Keçmişdə toydan qabaq qız evində "paltarbiçdi" adlı toy mərasimi keçirilirdi. Burada ancaq qadınlar-oğlanın anası, bibisi (bəzi bölgələrdə "mama" deyirlər), xalaları, bacıları iştirak edirdilər. Paltarbiçdidə gəlinin adına alınmış bütün hədiyyələr oğlanın bacısı tərəfindən bir-bir mərasim iştirakçılarına göstərilirdi. Bu mərasimin əsas məzmunu oğlan tərəfindən alınmış toyluq parçaların qız evinə aparılması idi. Adətən paltar aparılarkən özləri ilə birlikdə geyim əşyaları və biçib-tikməyi bacaran bir nəfər qadın da götürülürdü. Paltar biçərkən həmin qadın mütləq qayçını parçaya toxundurur və qayçının kəsmədiyini elan edirdi. Oğlanın anasından "qayçı kəsdi" pulunu aldıqdan sonra geyimləri biçməyə başlayırdı. Nəyi göstərirdilərsə, məclis əhli hamısına "Allah xeyir versin", "Oğullu-qızlı olsunlar", "Qoşa qarısınlar" və s. xeyir-duaları verirdilər. Qız anası paltarları göstərənə hədiyyə verirdi.

Qohum-əqrəba qıza aldığı hədiyyəni göstərər, sonra xüsusi kiçik torbalarda hazırlanmış şirniyyatlardan götürərdilər. Qızın bacısı isə cehizi göstərirdi. Daha sonra cehizlər oğlan evinə aparılır və gəlin otağı bəzədilirdi. Mərasimin sonunda burada iştirak edənlərə yemək verilir və onlardan "nəmər" toplanırdı. Bu pullar yeni evlənənlərə çatdırılırdı.

Ev bəzəyən qızlara oğlan anasından xələt verilərdi, stol açılar, hamı yeni evlənənlərə xoşbəxtlik diləyərdi.

Qız şahı - ən gözəl mərasimlərdən biri...

Toyu olan qızın bacılığı bir qayda olaraq "şax" qaldırır. Şaxqaldırma geniş yayılmış bir adətdir. Taxtadan düzəldilmiş lövhənin üstünə güzgü, şam, parça, şirni, meyvə bərkidilmiş noğul və s. bəzədilir. Onu bəzəmək xüsusi zövq tələb edir. Əgər toyu olan qızın bacılığı ərə gedibsə, gəlin olduğu evdən ona "şax" qaldırır.

Bacılığıgildə süfrə açılır, şax bəzədilir. Cavanlar oynaya-oynaya bacılığıgilə gəlirlər. Yeyilər, içilər və oynayarlar. Axşam təxminən saat 9:00-da oğlan evindən cavanlar qız şaxına gəlirlər. Mərasimə bəy və qardaşlıq gəlirlər. Həyətdə "lopa" yandırır, tonqal qalayır və oxuyub-oynayırlar. Sonra da şahı götürüb çala-çala, tüfəng ata-ata qız evinə gəlirlər. Qız evində də yeyib-içib şənlənirlər.

"Barmaqların nazikdir, qorxuram yarar xına..."

Xınayaxdı mərasimi bu gün də yaşayır. Qızlar otağın birinə yığışır və qız yengəsi islanmış xınanı götürüb ortada oynamağa başlayır. Sonra bir sini, bir də boş bir kasanı gətirib oğlan adamının qabağına qoyur. O isə boş kasaya pul atıb xınanı götürür. Oynaya-oynaya qızın yanına gəlir, onun əllərinə, ayaqlarına xına qoyulur. Sonra da məclisdəkilərin qabağına gətirilir. Hamı xına qoyub, nəmər salır. Gəlinə xına yaxıldıqdan sonra bəzi bölgələrdə oğlan evinin yaxınları, qohumları gəlinə ayrıca hədiyyə verirlər.

Gəlinin qarşısına su ilə doldurulmuş kasa qoyulur. Qızın yengəsi, ya da qızın qardaşı arvadı xınanı payladıqdan sonra oğlanın qohumlarının gətirdiyi zinət əşyaları gəlinə təqdim olunmağa başlanır. Bu hədiyyələrdə bəyin valideynlərinin gəlin üçün gətirdiyi zinət əşyaları ilə yanaşı, qohumlarının da payı olur. Əvvəlcə gəlinin qayınanasının gətirdiyi qızıllar hamının gözü qarşısında göstərilərək gəlinin üstünə taxılır. Əgər zinət əşyalarından iki ədəd olursa, biri sudakı kasanın içinə salınır. Qayınananın gətirdiyi zinət əşyaları təqdim olunduqdan sonra oğlan qohumlarının hədiyyələri təqdim olunur. Oğlanın yaxın qohumlarının gətirdikləri zinət-qızıl əşyaları təqdim edildikcə su ilə doldurulmuş kasaya atırlar. Bir qayda olaraq, kasa yarıya qədər zinət əşyası ilə doldurulur. Bu qızıllar gəlinə mütləq çatır. Hədiyyə gətirənlər zinət əşyaları ilə yanaşı, oğlan evinin qohumları olaraq xonça da tuturlar.

Qızlar "xınayaxdı"da olanda oğlanlar oynayıb şənlənirlər. Bu vaxt qız tərəfdən bir nəfər "ikirəngli" çay gətirib bəyin və dostlarının qabağına qoyur. Onlar da çayı içib, boş nəlbəkiyə nəmər qoyurlar. Qızlardan biri xına gətirir və oğlanlar da xınaya çəçələ barmağını batırırlar .

Lənkəran toylarında qız toyu ərəfəsində keçirilən "Xınayaxdı" mərasimində bir sıra mahnılar ifa olunur; gəlinin ətrafına toplanmış qız-gəlinlər "Xınayaxdı", "Əllərə xına yaxanlar", "Aman nənə" kimi mahnıları oxuyardılar.

"Xınayaxdı"da da, qız toyunda da mahnılar çox vaxt "Tək qaval" adlanan prinsiplə oxunardı. Qızlar, qadınlar dövrə vurub əyləşər, onlardan biri ("solist") əlində qaval ortada oturarmış. Oxunan mahnıların nəqarətini dövrə vuranlar xor şəklində oxuyar, "solist" isə qaval çala-çala mahnıların bəndini misra-misra ifa edərdi (hər misradan sonra xor ona nəqarətlə cavab verərmiş).

"Gəlin, taxtın mübarək!"

Gəlinin cülusu "Gəlinin taxta çıxarılması" anlamındadır. Gəlinapardı toyu, bəzi yerlərdə isə xınayaxdı toyunda nişanlı qızı ər evinə yola salmazdan əvvəl onun atası evində keçirilən, mənşəcə çox qədim tarixə malik olan bir ayinin adıdır. Burada ilk öncə məclisin ortasına bir ağ süfrə salıb, üzərinə bəxt güzgüsü qoyurlar. Güzgünün qarşısına bir ovuc buğda səpirlər, ətrafına isə bəylə gəlinin adına iki şamdan qoyub yandırırlar. Sonra gəlinlik taxtı qurulur.

Gəlinlik paltarını geyib bəzənmiş nişanlı qız pərdə arxasından çıxıb, qolunda yengə, böyründə sağdış-soldışı məclisə daxil olur və belinə kəmər taxdıqdan sonra həmin "taxt"ın üstündə üzü qibləyə əyləşdirilir. Bu vaxt hər tərəfdən: "gəlin, taxtın mübarək", "üzünə gün doğsun", "Allahın kölgəsi üstündən əskik olmasın", "xoşbəxt olasan, muradına çatasan, inşallah" və digər xoş sözlər deyir, qızı "mübarəkbadlıq" edirlər. Qızın qarşısına biri oğlan, biri qız evində tutulmuş iki xonça düzülür, onların üzərindəki şamlar yandırılır və sağdışın bəzəyib qaldırdığı qız şaxı buraya gətirilir. Bundan sonra qızın başına yığılmış rəfiqələri iki dəstəyə ayrılıb şax ətrafında müxtəlif rəqslər, oxumalar ifa edir (bunlara el içində "dingildəmə" deyilir), qız isə bu zaman öz güzgüsünə baxır və axırda onu öpür. Nişanlı qızın barmağı batırılmış suyu qızlar üstlərinə səpir və ya onu şərbət eləyib içirlər. Qızın yanındakı sağdış-soldış əllərində şam oğlan adamları gələnə kimi qızın yanında ayaq üstə dayanırlar. Yengə, yaxud məşşatə bir sini noğul gətirib "oğullu-qızlı olsun" deyərək, qızın başından tökür, ətrafdakılar noğulları yığmağa çalışırlar.

Qayınana və baldızın dilini necə "tikirlər"?

Bununla yanaşı, qadınlardan biri gəlinin başı üstə yeddi rəng sapla qayınana ilə baldızın dilini "tikir", yaxud qırmızı parçadan hazırlanmış insan dilinə oxşar bir şeyi qız oturduğu yerə mismarlaya-mismarlaya "qayınata-qayınananın, baldızın, qonşuların dillərini mıxladım" deyir. Qızın anası gəlinin qoluna qırmızı parça, başına isə həmin parçadan bir çalma dolayır (yengə onu oğlan evində açmalıdır). Toy günü gəlin dalınca gəlmiş oğlan evi adamları yol üstündə olan qızı beləcə duvaq altında, taxtda əyləşmiş vəziyyətdə görürlər.

Nişanlı qızın bu cür "taxta çıxması"nı xalq arasında onun ər evində həmişəlik ocaq və bina salıb yaşamaq əzmi, gələcəkdə ərinə üstün gəlib "hakimi-mütləq" olmaq arzusu kimi açıqlayırlar. Əslində bu, ötən çağlar subay qızın "ərli qadınlar cərgəsinə" keçməsi ilə bağlı bir ayinin qalığıdır. Nişanlı qızın taxta çıxması ilə onun "nişanlı" adlandırılması başa çatır və o bu andan etibarən ilk övladı olana qədər "gəlin qız", "gəlin" və "təzə gəlin" adı daşıyır.

Bəzi yerlərdə bu ayinə "gəlin taxta qalxdı", "duvaqlama- duvaqtoyu", "üzə duvaq vermə" də (Muğan zonası) deyirlər.

"Gedin deyin qazıya, qoy kəbini kəssin"

Kəbin kəsdirmə-nikah mərasimi toyun ən maraqlı hissələrindəndir. Kəbin kəsdirmə toy günündən bir neçə gün qabaq olur. XX əsrin əvvəllərinə qədər kəbini molla kəsirmiş. Bu mərasimdə hər iki tərəfdən iştirak edərlər. Hər iki tərəfdən bir nəfər şahid olmalı idi. Zəhməthaqqı kimi mollaya 3 manat pul, bir kəllə qənd pay verərmişlər. Kəllə qəndin çəkisi 8 kq olarmış. Bundan əlavə, kəbin kəsdirilərkən gəlini sığortalamaq üçün kəbinin qeydiyyatına müəyyən miqdarda qızıl da yazılarmış.

Kəbin kəsdirmədə təqdim olunan qızıl gəlinin halal malı sayılarmış. Kəbin kəsdirmədə hər iki tərəfin yaxın adamı, bir çox hallarda isə qız və oğlan iştirak edərdilər. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra cəmiyyət tərəfindən nikahın dövlət tərəfindən qeydə alınması formasına üstünlük verildi. Kəbin kəsdirmə bəzi yerlərdə nişanlama mərasimi zamanı, digər yerlərdə paltarkəsdi toyundan sonra, çox vaxt isə elə toy günü həyata keçirilir.

Bəzi bölgələrdə bu mərasimə biri oğlan, biri qız tərəfdən olmaqla iki molla dəvət edilərmiş.

Kəbini hər mollanın kəsməsinə icazə verilməzmiş, bu, şəriətdən başı çıxan və nüfuzlu ruhani olmalı idi. Mərasimdə oğlan və qız evindən gəlmiş iki vəkil oğlan ilə qızın kəbinə razı olduqlarını molla yanında bildirib şərtlərini irəli sürürdülər. Adətən burada qızın vəkili oğlan evindən 81, 201, 259, 501, 1001 və digər sayda qızıl məbləğində kəbinpulu istəyərdi. Müəyyən məsləhətləşmələrdən sonra tərəflər müəyyən məbləğə razılaşır, molla da şəriətin bütün qaydalarına əməl etməklə, "fatihə-xeyir" kəbin duası oxuyub nikahı kəsirdi.

Mərasim qız evində keçirildikdə buraya oğlangildən bir neçə mötəbər kişi gələrdi. Onlar üçün xüsusi kəbin süfrəsi açırlarmış. Başqa bir otaqda nişanlı qızı üzü qibləyə gəlinlik taxtına oturdurlar, yerdəki süfrənin yuxarı başına qızın bəxt güzgüsünü, onun hər böyrünə isə bir şamdan qoyub, bəy və gəlinin adına iki şam yandırırlar. Güzgü qarşısına bir ovuc buğda səpər, iynə sancılmış bir tirmə şal üstünə süzənə dəsmalı çəkərlərmiş.

Kişi məclisində çay içildikdən sonra qudalar qonaqlar arasından iki "vəkil" seçir və ya başqa otaqdakı nişanlı qızın yanına adam göndərərək onun özündən kimi vəkil seçdiyini öyrənirlərmiş. Ardınca vəkillər həmin otağın qapısı ağzında dayanaraq, üç dəfə qızdan "filankəsə" ərə getməyə razı olub-olmamasını soruşurlar.

Qız qapı arxasından "razıyam" deyir və hər iki vəkil yenə kişilərin məclisinə qayıdaraq, nişanlı qızın razı olduğunu bildirirlər. Qız razı olmazsa, məcburi ərə verilərsə, kəbin pozulmuş sayılır.

Anadan halallıq alma-südpulu...

Ana südünün halallığı, qızı böyüdüb ərsəyə çatdırmasının haqqı kimi oğlan evinin qız anasına verdiyi pulun adlarından biri. Onun məbləğini toy ərəfəsində oğlan tərəf özü müəyyən edir və o heç bir halda geri qaytarılmır. Ötən çağlar kənd-mahal sahibi xan və ya bəyin ailəsində toy çaldırılan zaman gəlinlik cehizi üçün əhalidən yığılan pul da bu adı daşıyıb. El içində bu pula "südhaqqı" və "halallıq" da deyirlər. Tovuzda ona "süd nəməri", Qubada "xerc", başqa yerlərdə "qızpulu", "yolpulu", cənub bölgəsində isə "şirbəha" və s. deyirlər.

Gəlin necə geyinirdi?

Müasir dövrdən fərqli olaraq gəlinlər 80-100 il əvvələ qədər öz toyunda milli paltar geyinərdi.

Oğlan evinin gəlin qız üçün xüsusi olaraq toy məclislərində geyilməkdən ötrü tikdirdiyi bütün üst-başın, həmçinin lap üstdən geyilən dəbdəbəli başpaltarı dəstinin adı.

Əski adət-ənənələrə görə, gəlin öz toyunda başdan ayağa kimi yalnız oğlan evinin biçib-tikdirdiyi və ya aldığı paltarları geyməlidir. Buraya əsas etibarilə "zircamə" deyilən bəxt köynəyi , yun şal, yaxud qırmızı məxmər və ya zərxaradan tikilib yaxası pullu, üzəri əl ilə işlənmiş üst paltarı "don" və ya "nimtənə" deyilən qolsuz bir gödəkçə, yaxud ətəyinə bafta, qaytan və gümüş pullar tikilmiş "ətəklik" adlanan qofta, xara tuman və s. libaslar daxildir. Ötən çağlar bu dəstə ipək və məxmər parçalardan tikilmiş gəlinlik arxalığı da daxil olub.

Bundan başqa, gəlinə bir uzunboğaz çəkmə də geydirilir. Onun boğazı, adətən, nazik və yumşaq keçi və ya qoyun dərisi "tumac"dan tikildiyi halda, o biri hissələri yaşıl dəridən olur. Bu cür çəkmə olmazsa, toy günü gəlin qız oğlan evindən ondan ötrü gətirilmiş ata minməyə qəti etiraz edirmiş.

Bəzi yerlərdə isə nişanlı qıza oğlan tərəfin apardığı üç cüt başmaqdan biri , yaşıl və ya atın sağrı gönündən hazırlanmış bənövşəyi rəngli dikburun "sağrıbaşmaq" geydirilir. Qaydaya görə, gəlinin bahalı parçalardan tikilmiş üst paltarının rəngi hökmən al qumaşa çalmalıdır (astarı parçadan olmaq şərtilə). Xalq ədəbiyyatında gəlin qız bu geyimdə "xaşxaş" gülünə bənzədilir.

 

Ardı var...

 

 İradə SARIYEVA

 Bakı xəbər.-2014.- 11 sentyabr.- S.15.