Dövlətçilik tariximiz milli adət-ənənələrimizdən
qaynaqlanır
Unudulan toy adətlərinin bir
çoxunun bərpasına
ehtiyac var
IV yazı
Üst paltar və duvaq bütün türk xalqları arasında ağ-bəyaz rəngdə olduğu halda, Azərbaycan xalqında bu geyim tarix boyu od-alov və can sağlığının rəmzi sayılan müqəddəs al qırmızı rəngdə olub. Gəlin aparılan zaman onun qoluna qırmızı parça bağlanması, başına qırmızı çalma vurulması əski odsevərlik çağlarının əks-sədası sayılır.El-obanın nəzərində bu rəng od-alovun rəmzi olaraq bütün şər qüvvələrini insandan uzaqlaşdırıb zərərsizləşdirən qoruyucu bir vasitə, etibarlı bir sipər sayılıb.
Bir vaxtlar bu toy libası dəsti paltarkəsdi toyunda biçilib tikilsə də, sonrakı zamanlarda oğlan evi onu hazır, tikilmiş halda alıb qızgilə gətirirdi.
Bəzi yerlərin adətincə, təzə gəlin çox yaşayıb oğul toyu görsün deyə, toydan sonra bir müddət bu üst paltarı oğlan anası geyməlidir. Çox vaxt isə gəlinin üzündən duvaq götürüldüyü gündən sonra bu "paltar dəsti" də çıxarılıb həmişəlik boğçaya bükülür, əvəzində isə adi ev paltarı geyilir.
Ona həmçinin "bəzənik", "kəfrəm" (Naxçıvan), "gəlinlik donu -gəlin libası-toyluq libası" da deyirlər.
Gəlin bəzəyi...
Bu adətə qız evindən toy şənliklərinə ər evinə köçürüləcək gəlin qızın geyindirilib bəzənməsi aiddir.
Adət-ənənəyə görə, yalnız kəbinkəsdi mərasimindən sonra başlanan bu işlə, bir qayda olaraq, el-oba içində məşşatə adı ilə bəlli olan xüsusi bəzəkçi, usta qadın, yaxud qız yengəsi məşğul olur. Toy günü gəlin qız kənar adamların gözünə görünməsin deyə, onu bəzək otağında ipək pərdə, yaxud zərli örpək arxasında oturtdururlar.
Əvvəlcə saçkəsdi tədbiri həyata keçirilir. Burada qızın hörükləri kəsilib cavan gəlinlərə məxsus yeni biçimdə daranır. Bunun ardınca üzalma, gəlinlik paltarının geyindirilməsi və nəhayət, qızın başı və boyun-boğazının zinət əşyaları ilə süslənməsi icra olunur.
Əski qaydaya görə, gəlin qız öz toyunda başdan ayağa kimi ancaq oğlan evinin gətirdiyi pal-paltarı geyib, gələcək ərinin ona bəxş etdiyi zinət əşyaları ilə bəzənməlidir. Bu tədbirdə sonsuz və ya yas saxlayan qadın, qırxı çıxmamış zahı və həmzatlı qadınların iştirakına yol verilmir.
Başıbütöv qadın, yaxud qızın yaxın qohumlarından biri ilk əvvəl qızın başı üstə yaxası açılmamış bəxt köynəyinin yaxasını açır və "bismillah" deyərək, onu qızın başına keçirir. Sonra gəlinə qırmızı məxmər don, xara tuman və s. paltar geydirilir. Başına "dingə" vurub, üstündən "dördrəng" deyilən ipək yaylıq bağladıqdan sonra onu boğazaltının qarmaqları ilə bəndləyirlər. Ardınca, qızın saçlarına xırda mirvari düzür, qulaqlarına minalı sırğa, barmaqlarına qaşlı üzük, qollarına bilərzik, boynuna həmayıl, gözmuncuğu və mərcan asırlar.
Sinəsinə "qızıl gül", yaxasına isə "yaxalıq" keçirib, belinə gümüş kəmər (onsuz qız verilməz), varlı ailələrdə "təkbənd" və ya "girvənkə toqqa" deyilən qızıl kəmər və ya dəri zolaq üstünə üç sıra gümüş pul tikilmiş qurşaq, alnına isə yenə üzərinə qızıl və ya gümüş pullar düzülmüş "qabaqlıq" bağlayırlar.
Gəlinin başına parlaq cığcığa tökdükdən sonra saçlarına, üzünə oğlangildən gətirilmiş gülab və ya ənbər, paltarına isə müşk səpirlər. Qırmızı duvaqdan başqa, gəlin qızın bütün bəzək və toy libası ona geydirilir.
Bu işlər görülən zaman bir subay qız gəlinin sinəsinə güzgü tutur, qız yengəsi tez-tez onun ağzına şirni qoyur, qızın yaxın qohumlarından biri pərdə qabağında qaval çalıb ucadan oxuyur. Bununla inanca görə, bədxah ruhlar oradan qovulur.
Elə burada qızın rəfiqələri və qohumları hər vasitə ilə gəlin qızı əyləndirir, vəziyyətə uyğun oxumalar ifa edirlər. Qız isə pərdə dalında, əsl mənada ərli gəlinlərə məxsus yeni və bəzən tanınmaz bir sifət alırdı.
Bundan sonra o, abır-həya edib axşama qədər xəlvəti bir yerə çəkilib gizlənir, doğma atası, əmisi və dayısının gözünə görünməməyə çalışır. Çox vaxt bəzəmədən sonra gəlin qız yengəsinin evinə aparılıb axşama kimi orada qalır. Onun burada qalması hamıdan gizlədilir və o yalnız oğlan adamlarının gəlməsi üçün yenidən atası evinə gətirilir.
Bəzi yerlərin adətincə, "bəzəmə əməliyyatı" qızın atası evində deyil, onun yengəsi, yaxud qızın dayısı və ya xalası evində keçirilir. Axşam, oğlan tərəfin gəlişinə bir az qalmış, qız gəlinlik taxtına çıxarılır və atası ilə halallaşır. Bundan sonra onun izni ilə anası tərəfindən başına duvaq salınır (əski dədə-baba adətincə, toy günü gəlinin üzü, ayaqları və saçı görünməməlidir).
Gəlini aparanlar arasında oğlan evindən gəlmiş bir yeniyetmə duvaq üstündən qızın belini kəmər və ya kəlağayı ilə bağlayır. Sonra oğlan yengəsi bəzənmiş gəlinin başına bəzəkpulu qoyur. Bu pul qız yengəsinə çatır.
Qız anası da, öz növbəsində, məşşatəyə içinə şirniyyat, çay, köynəklik parça və s. düzülmüş xonça tutur. Məşşatə xonçalardakıları götürüb "Allah mübarək eləsin, Allah başından töksün" deyərək, razılıq edə-edə çıxır.
Azərbaycan dastanlarında bu mərasim belə nağıl edilir: "toy tədarükü başlanır, şəhərin 77 yerindən məşşatə çağırılır, gəlini geyindirib 77 qələm zinət verirlər". Mənşə etibarilə bu "bəzənmə əməliyyatı" gəlin qıza gözəllik vermək üçün edilmir. Bu onun qızlar sırasından ayrılıb "ərli qadınlar" cərgəsinə keçməsi ilə bağlıdır.
Bir para yerlərdə bu işə "gəlinbəzəndi", "bəzəkvurdu", "gəlinbaşı bağlama-gəlinbaşı bəzəmə-gəlindonatma" da deyirlər.
Bəylik papağı - kişilik, ərlik simvolu...
Bəydurma mərasimində adaxlı oğlanın başına qoyulan qaragül dərisindən şiş papaq, yaxud "daqqa" və ya "yappa" papağı qoyulur. Birincisi konusvari biçimli, təpəsi yastı olduğu halda, ikincisinin aşağısı və yuxarısı eyni ölçüdə olub üstü mahuddan tikilirdi.
Ötən zamanlarda bu cür papaqlar yalnız "bəy ailələri"nə məxsus olduğu üçün ancaq toy günləri geyilir, sonra isə hərə öz zümrəsinə uyğun papaq (keçmişdə başıaçıq gəzmək qəbahət sayılırdı) qoyurdu.
Bəzi yerlərin adətincə, bu papağı qız evinə aparıb belbağlama ayini zamanı gəlin qızın başına üç dəfə qoyub çıxarırlar.
Digər bölgələrin adətinə görə, qız anası toy ərəfəsində bəy oğlana papaq altından geymək üçün qırağı qızılı və gümüşü baftaya tutulmuş "istiba təsək" deyilən bəzəkli bir araxçın göndərirdi. Keçmiş əyyamlarda isə bu, mirvaridən gül-çiçək naxışları ilə bəzənmiş "səhrə" deyilən xüsusi bir çələng olub. Bununla adaxlı oğlan rəmzi şəkildə "başıbağlar", yəni evli kişilər cərgəsinə daxil olmuş hesab edilirdi.
"Bəy oğlanın tayı yoxdur bu yerdə..."
Etnoqrafların verdiyi bilgiyə görə, ötən çağlarda toy günləri oğlana, bir qayda olaraq, həqiqi bəy, xan və padşahların libas və tacını yamsılayan bir "kisvət" geydirilirdi. Oğuz türklərində bu, yun və ya ipək parçadan tikilmiş qırmızı "qoftan" ("qaftan"), əslində isə arxalıq olub və bəy oğlan bu libasda gərdəyə girərmiş. Qaydaya görə, bu "qoftan" (ona "ərgənlik" də deyilir) toydan qırx gün sonra təzə bəyin əynindən çıxarılıb bir fəqir və ya gəzərgi dərvişə pay verilirdi. Qədim zamanlar təzə qohumlaşan ailələrin varlı və ya kasıb olmalarına baxmayaraq, libasın biçimi eyni olmuş, onlar yalnız tikildiyi parça növü ilə fərqlənmişlər.
Sonrakı dövrlərin adətinə görə, qız tərəf oğlan üçün ən azı iki dəst paltar tikdirməli idi. Qızgildən hamam boğçasında göndərilən təsək, arxalıq və toy çuxasından başqa, oğlan anasının doğma oğlu üçün hazırladığı paltarları da bəy oğlan, bir qayda kimi, bəylik hamamında, yaxud toy günü oturduğu bəylik otağında geyinirdi.
Əski dədə-baba adətinə görə, bu paltarları bəy oğlana çoxlu oğul-nəvəsi olan yaşlı bir kişi geydirməlidir. Bəzi yerlərdə rəmzi məna daşıyan bu "geyinmə" bəydurma mərasimi zamanı baş verir.
Bir zamanlar bəyin başına qoyduğu papaq, geydiyi libas, ayağındakı ayaqqabının biçimi onun hansı zümrəyə mənsub olduğunu bildirirdi. Kasıb ailələrdə bəy əyninə "aşırmalı", yaxud "önürlü" bir arxalıq geyərək, ayağına "şirazi" çarıq keçirir, arxalıq üstündən isə belinə təzə kəlağayıdan qurşaq və ya qayış kəmər bağlayaraq, qabağından üç yaylıq asıb üstündən çuxa geydirilirdi. Varlı ailələrdə o, ağ ipəkdən və ya məxmərdən köynək geyir, qız anasının ona göndərdiyi al qırmızı ipək yaylığı cibinə basıb başına öz zümrəsinə məxsus bəylik papağı qoyur, çuxa üstündən belinə "təkbənd" gümüş kəmər və xəncər taxır, ayağına isə vaxtilə "cıqcıq" deyilən ayaqqabı, yaxud yumşaq dəridən uzunboğaz çəkmə keçirirdi.
Bu geyinmədən sonra bəyin ətəyinə duz gəzdirib başına çevirərək manqala atır, paltara dumduru su çiləyirdilər. Bundan sonra bəy oğlanın geydiyi paltar digər "başıbağlı", yəni evli-arvadlı kişilərin libası və zahiri görkəmindən əsla fərqlənmirdi.
Bir para yerlərin dilində bu paltara "bəylik libas- bəylik kisvət-bəylər paltarı", "güveylik libas", "toyluq libas", "ərkənlik" və "şahanə" deyilir.
Qız toyu - yaşayan adət...
Məlumatlara görə, toy səhər saat 11-də, qara zurnanın səsi ilə başlanardı. Cavanlar toy başlamamışdan əvvəl qulluq etməyə yığılardılar. Dəstə-dəstə adamlar toy evinə gəlir, yeyir-içir, toy sahiblərini təbrik edirdlər. Toya kimi xonça gətirir, kimi də nəmər yazdırardı.
Yemək verilməzdən əvvəl oğlan evindən bir nəfər kişi aşpaza pul verir. Buna "qazanaçdı" deyirlər. Toyda kəndin cavanları güclərini sınayır, güləşirlər. Qalib gəlib kimin qolundan tutarsa, onunla oynamalıdır. Burada boyun qaçırmaq, etiraz etmək olmaz. Oğlan evi qızı oynadır. Sonra isə təxminən saat 4-5-də geri qayıdırlar. Oğlan evi getdikdən sonra şənlik davam edir. Saat 6-nın yarısı olanda qız evində cavanlar "qız şaxına" getməyə yığışırlar.
XX əsrə qədər qız toylarında yalnız xanımlar iştirak edərdilər. Musiqiçilərdən tutmuş, aşpazlara kimi hamısı xanımlardan ibarət olurdu. Qadın məclisi ərə gedən qızın başına toplaşıb onun şad gününə sevinirdilər. Qeyd edim ki, bu ənənə bölgələrimizin çoxunda itsə də, Abşeronda, Bakı kəndlərində yaşayır.
Bəy öz toyunda oynasa, ucuzluq olar...
Kənddə toy üç gün-cümə, şənbə və bazar günləri olurdu. Toyun birinci günü cümə günü axşam üstü başlayırdı. Toyu musiqiçilər, aşıq, bir də toybaşı idarə edirdi. Kim hansı havaya oynamaq istəyirsə, toybaşıya sifariş verirdi. Toyun ikinci günü toy əhli oynayır, şənlənir, müxtəlif oyunlar keçirirdilər. Qədim el havaları toyun bəzəyi olardı. Toyun üçüncü günündə qız toyudursa, gəlin tərəfi, oğlan toyudursa, bəy tərəfi toya gələrdi. Mağarda ayrıca üstü şirniyyatla bəzənmiş stol qoyulurdu. Stolun üstündə güzgü də olardı. Bəyin yanında sağdışı ilə soldışı otururdu. Oğul anası onlara hədiyyə verərdi. Bəy toy mağarına gecikəndə kim onun yerində otursa, hədiyyə alır, sonra duraraq yeri bəyə verirdi. Tərifdən sonra bəyi və ya gəlini öz toyunda oynadardılar.İnanca görə, bəy və ya gəlin öz toyunda oynayanda həm bolluq, həm də ucuzluq olardı.
Yolkəsdi mərasimi toyun ən maraqlı yerlərindən biridir ki, bu adət qədimdən bəri davam edir. Kənd toylarında gəlin aparılan zaman, bir adət-ənənə kimi, məhəllə cavanlarının kəndir-sicim ilə toy alayının qarşısını kəsmək adəti var. Burada yolu kəsmiş cavanlara oğlan evi adamları tərəfindən nəmər verilməlidir. Ona daha çox "yolkəsdi nəməri" deyirlər.
Gəlin aparma
Azərbaycan xalqının ən qədim havası olan Vağzalının sədaları altında oğlan evi qız evinə gəlir. Onlar oynaya-oynaya, oxuya-oxuya deyirlər:
Al almağa gəlmişik,
Şal almağa gəlmişik.
Oğlanın adamıyıq,
Aparmağa gəlmişik.
Gəlin olan otağın qapısı bağlı olar. Bəy atası xələt verməyincə qız evi gəlini otaqdan çıxmağa qoymaz. Gəlin evdən çıxmamış ata-ana xeyir-dua verər. Gəlinin belini qırmızı yaylıqla qaynı bağlayar. Gəlinin başına duvaq atarlar. Həyətdə iri tonqal qalayıb ətrafında gəlini 3 dəfə fırladırlar ki, getdiyi ev işıqlı, ocağı isti olsun.
Gəlinin dalınca daş atarlar ki, getdiyi yer möhkəm olsun. Gəlinin dalınca su atarlar ki, aydınlıq olsun. Gəlin oğlan evinə çatan kimi ayağının altına qab qoyurlar ki, sındırıb keçsin. Bu, evin xanımı olmağına işarədir. Gəlini qapıda əyləşdirib qucağına oğlan uşağı verirlər ki, ilki oğlan olsun. Gəlin ayağı altında qoyun qurbanı kəsilir. Qoyunun qanından gəlinin alnına, bir də paltarına sürtürlər ki, istiqanli olsun, oğlan evinə tez qaynayıb-qarışsın.
Gəlinin qayınanası başına sığal çəkər ki, mehribançılıq olsun. Gəlinin başına xırda pul, şirniyyat, düyü, buğda səpərlər ki, bolluq olsun. Gəlinin qarşısında qırmızı lentlə bağlanmış güzgü aparırlar. Güzgü yengənin əlində olur. Sağdışla, soldışın əlindəki stəkanın içində düyü, şam olur. Düyü bolluq rəmzidir. Gəlin bəzədilmiş otağa aparılır. Hamı bir ağızdan "xoşbəxt olsun", "oğullu-uşaqlı olsunlar" deyir. Toydan üç gün sonra qız anası və qızın ən yaxın qohumları qızı görməyə gəlirlər.
Ayaqaçdı mərasimi...
Gəlini gördükdən sonra gəlinin anası qızını və kürəkənini evinə qonaq çağırır. Buna "ayaqaçdı" deyirlər. Ayaqaçdıda kişilər də gəlir. Böyük məclis qurulur. Qızın anası oğlana və qıza aldığı hədiyyəni verir. Həmin gün qızı evdə qonaq saxlayırlar. 1-2 gündən sonra əri gəlib aparır. "Ayaqaçdı"dan sonra bəylə gəlin istədikləri vaxt ora gedib gəlirlər.
"Ayaqaçdı"dan sonra həm oğlan, həm də qız tərəfdən ən yaxın qohumlar bəylə gəlini qonaq çağırırlar. Bu da bir növ "ayaqaçdı"ya bənzəyir. Qonaq çağırdıqdan sonra bəylə gəlin onların evinə gedib-gəlirlər. Qonaq çağırarkən onlara hədiyyə verirlər. Bəylə gəlin kimin evinə ilk dəfə qədəm qoysa, o zaman onlara hədiyyə verirlər.
Nəvə baladan da şirindir
Gənc ailədə ilk övladın dünyaya gəlməsi toy-bayrama çevrilir. İlk nəvənin yorğan-döşəyini qız anası salır. Ən gözəl ipəkdən ona yorğan-döşək salınır, beşik alınır. Nəvəni görməyə "qırx" çıxdıqdan sonra gedirlər. Övlad gördüsünə gəlinin ata-anası, bacısı-qardaşı, gəlinləri yığılıb gəlirlər. Bu zaman gəlin üçün nişanda gətirilən kəllə qənd bölünərək gələn qohum-əqrabaya paylanar. Körpəyə paltar alırlar. Bu şeylərin hamısını qırmızı lentlə bağlayırlar. Körpəni görəndə isə hamı qundağına nəmər qoyur.
Biz toy adətlərimizin yığcam mənzərəsini təqdim etdik. Yazmadığımız adətlər də var, sağlıq olsun, bu barədə nə zamansa yenə yazarıq. Əlbəttə, toy adətlərimiz çox zəngindir, bu zənginliyin içində böyük bir xalqın mədəniyyəti, mənəviyyatı, adət-ənənəsi yaşayır. Təbii, bugünkü toylarla keçmiş toylar arasında böyük fərq var. Bunu hamımız yaxşı bilirik. Əsas odur ki, çağdaş dünyamızda toy adətlərimizin yaşamasına, ayaqda durmasına çalışan minlərlə təəssübkeş var.
İradə
SARIYEVA
Bakı xəbər.-2014.- 12-14 sentyabr.- S.15.