Azərbaycanda yas
və dəfn adətlərinin tarixi
inkişafı
Azərbaycan xalqının adət və ənənələri, mədəni, dini, məişət mərasimləri kifayət qədərdih. Keçən yazılarımızda milli toy adətlərimizdən bəhs etdik. Burada Azərbaycan toyunun qədim çağlardan bəri formalaşma prosesini işıqlandırdıq. Bu gün isə xalqımızın adət və ənənələri sırasında əsas yerlərdən birini tutan yas və dəfn mərasimlərinin tarixi, keçdiyi yol, daşıdığı mahiyyət barədə danışmaq istəyirik. Təbii ki, bu mövzumuzda da yazılı mənbələrə istinad edəcəyik.
Azərbaycanda yas adətləri, yas mərasimləri tarixən özünəməxsus şəkildə keçirilib. Təəssüf ki, bir az onun istiqaməti dəyişdirilib. Bu gün daha çox insanlar təmtəraqlı yas mərasimi keçirməklə özlərini göstərməkdə israrlıdır. Demək olar ki, qədim çağlardan bu akt sırf insanlığa layiq şəkildə keçirilməyə başlayıb.
Ruh canı tərk edib Tanrıya qovuşar...
Biz bu yazıda islam qaydalarına və islama qədərki qaydalara uyğun adət və ənənələrdən bəhs edəcəyik. Növbəti yazılarımızda da bu xətti davam etirərək qədim türklərin yas mərasimlərilə bağlı adətlərini yada salacağıq. Əlbəttə, Azərbaycan türklərində islama qədərki dövrdə bitkin yas adətləri, dəfn qaydaları olub. Bizim borcumuz onları da indiki nəslə tanıtmaqdır.
İlk olaraq islam qaydalarından danışmaq istəyirik. Mənbələr bildirir ki, ölüm yatağında olan, kişi və ya qadın, qoca və ya cavan olmasından asılı olmayaraq, can verən zaman üzü qibləyə tərəf uzadılmalıdır. Can verən adamın yanında tək qadın qalmalıdır. Onun yanında həddindən artıq bərkdən ağlamaq və ya ucadan danışmaq, öləni otaqda tək qoymaq olmaz. İnsan vəfat edəndən sonra onun gözlərini, ağzını yumur, çənəsini bağlayır, əllərini və ayaqlarını düz uzadırlar ki, meyit eybəcər vəziyyətə düşməsin. Sonra onun üzünü ağ parça ilə örtürlər. Əgər ölüm gecə baş veribsə, onun yanına şam yandırıb qoyurlar.
Qədim adət-ənənəyə görə, insan öləndən sonra meyit dərhal yuyulmalı və pak olmalıdır və sonra həyətdə od qalanar, kişilər bu odun ətrafında dövrələmə əyləşərlər. Dövrədə əyləşənlərin sayı tək olmalıdır. Dövrədə əyləşən zaman küçədən yad bir adam keçərsə, yaxud dövrəyə gələrsə, onda fatihə oxunur. İslam qaydasına görə, ölən insanı paltarsız kəfənə bükürlər. Kəfən ağ kətandan və ya çitdən hazırlanır, üç hissədən ibarətdir: 1) bədənin aşağı hissəsini bükmək üçün parça kəsiyi; 2) köynək; 3) mərhumu başdan ayağadək bürüyən parça. Kəfən mütləq taxta iynə ilə tikilməlidir. Vəfat etmiş arvad üçün əri, vəfat etmiş kişi üçün isə arvadı, yaxud da onun qohumları və ya övladları kəfən hazırlamalıdır (bu gün isə bunlar əsasən məscidlərdə icra olunur-İ.S). Meyit həmin gün aparılmalıdır, daha doğrusu, adam ölən günü dəfn edilməlidir. Meyiti evdən çıxararkən birbaşa qaldırıb aparmaq olmaz. Mafəni üç dəfə yerə qoyub götürürlər. Meyiti apararkən dönüb geri və ətrafa baxmaq olmaz. Yaxud da yarı yoldan dönüb geri qayıtmaq olmaz. Yalnız düz qabağa baxmalı və səssiz-səmirsiz gedilməlidir.
Qəbiristanlığa çatanda meyiti birbaşa qəbrə endirmirlər. Qəbiristanlığa çatanda meyiti bir yerə qoymaq üçün qəbirdən bir metr kənarda yer düzəldilir. Cənazə olan mafə ora qoyulur və mərhumun başı üstündə cənazə namazı qılınır. Əgər ölən kişidirsə, mərhumun başı üstündə dua oxuyan cənazəyə yaxın, yox, əgər ölən qadındırsa, ondan bir qədər aralı durur. Dua oxunmamış, cənazə namazı qılınmamış meyiti basdırmaq düzgün hesab olunmur. Əgər altı yaşına çatmış uşaq ölmüşsə, namaz qılmaq məcburidir. Lakin altı yaşına çatmamış uşaq üçün namaz qılmamaq da olar. Ölən öz əcəli ilə deyil, qəsd edib özünü öldürmüşdürsə, ona da ölü namazı düşür. Ölü namazını qılmazdan əvvəl molla sağ əlini mərhumun sağ çiyninə, sol əlini sol çiyninə qoyub meyiti bərk-bərk silkələyir və onun qulağına üç dəfə bu sözləri təkrar edir: "Eşit, bil və agah ol, ya filankəs (adını çəkir)". Sonra dua oxumağa başlayır. Qadın qəbri kişi qəbrindən bir qədər dərin olur. Adət - ənənəyə görə, müsəlmanları tabutda dəfn etməzlər, lakin bəzi hallarda (bədəni parçalanmış və ya çürüməkdə olan meyiti tapılmış) tabutda basdırmaq olar. Amma bütün hallarda, müsəlman kəfənə tutulur, paltarsız və kənar əşyalar olmadan üzü qibləyə basdırılır.
Meyiti qəbrə endirməmişdən öncə cənazə olan mafəni üç dəfə yerə qoyub götürürlər. Yalnız bundan sonra onu məzara endirirlər. Əgər ölən kişidirsə, mafəni üçüncü dəfə yerə qoyanda mərhumun başı qibləyə tərəf olmalıdır. Kişini qəbrə onun enli tərəfindən endirirlər. Qadını isə üzü qibləyə tərəf qoyur və dərhal qəbrə endirirlər. Cənazə qəbrə endirilərkən onu yerləşdirmək üçün qəbrə enən adam başıaçıq və ayaqqabısız olmalıdır. Həmin adam qəbirdən mərhumun ayaq tərəfindən çıxmalıdır. O hamıdan qabaq qəbrə bir ovuc torpaq atıb deməlidir: "Biz hamımız Allaha məxsusuq və onun yanına qayıdırıq". Qəbrə torpaq atanda yalnız tək sayda atılır. Qəbrin üstünə yığılan torpaq səviyyəsindən dörd-beş barmaq hündürlükdə olmalıdır. Qəbrin üstü torpaqla örtüldükdən sonra qəbrin üstünə su töküb yeddi dəfə ovucla torpaq atıb dua oxuyurlar. Bütün bunlardan sonra ölən adamın yaxın qohum-əqrabası sıra ilə cərgəyə düzülür və bütün qəbiristanlıqda olan adamlar onlara başsağlığı verir. Başsağlığı verərkən bu cümlələri deyirlər: "Allah öləninizə rəhmət eləsin. Geridə qalanları gözəgörünməz qəzadan-bəladan saxlasın. Allah onların canını sağ eləsin". Qayıdıb evə gəlirlər. Həmin gecə Quran oxunur.
Dəfndən sonrakı mərasimlər...
Bilirik ki, ilk mərasim üç mərasimidir. Bu hansı anlamı daşıyır? "Üç"-adicə rəqəm olsa da, yas mərasimi ifadəçisi kimi maddiləşərək, ad göstəricisinə çevrilib, sayla omonimik mövqe qazanıb. "Üç" yas mərasimi kimi Zərdüşt ənənələri ilə bağlı bir məfhumun ifadəçisidir. "Avesta"da qeyd edildiyinə görə, mərhumun ruhunun himayəsizlikdən xilas olub, Günəşin himayəsinə keçdiyi günü ifadə edib. Uzun əsrlərin islam təsiri bu adəti də özünə çulğaşdıraraq, matəm günlərinin qeyd olunan əlamətdar və ağır günləri sırasına daxil edib. "Yeddi", "cümə axşamı", "cümə" və "qırx" günlərində olduğu kimi, "üç" mərasimində də ölünün ruhu öz evinə baş çəkir, doğmalarının qəlbinə yaxın olur. Bu zaman ruhu ovundurmaq naminə ehsan verir, "Yasin" oxutdurur, dualar edir və namaz qılırlar.
Yeddi mərasimi "üç" mərasimindən sonra gəlir. Azərbaycan türkləri içərisində xüsusi mifik semantikaya malik olan "yeddi" rəqəminə münasibət əcdadlarımızın təfəkkür formalaşdırılması ilə bağlıdır. "Yeddi" sözünün mifik semantika qazanması tarixi qədim Şumer, Akkad mifik təfəkkürünə bağlanır. Belə ki, qədim akkad və elam yazılarında yeddi şər ruhun varlığından söz açılır. Ruhların "O dünya" deyilən astral aləmlə və ölülərlə bağlı bir anlayış olduğunu nəzərə alsaq, şər ruhların şər hərəkətlərə rəhbərlik edən mifik qüvvələr olaraq qədim dünyanın mənəvi təfəkkür məhsulları sırasında mövqeyi aydın olar.
"Yeddi" rəqəminin də "üç" rəqəmi kimi mərhumun ruhunun şər ruhlardan (inkir-minkir) xilas olma vaxtı kimi rəmzi bir mənası olub. Dinlərin və mədəniyyətlərin kəsişmə nöqtələrindən biri kimi, Azərbaycan mühiti bu adətin də yerli şüurlara qovuşma mərkəzi olub. Azərbaycan məkanında "yeddi" mifik obrazının işlənmə tarixi e.ə. III-II minilliklərə gedib çıxır. Bu söz atəşpərəstlik dövrü mifik təfəkkürünün şər qüvvələri ilə əlaqələnib. "Yeddi" rəqəmi ilə əlaqədar fikirlər içərisində insanın üzündə batini zahirlə əlaqələndirən yeddi yuva barəsində (iki göz, iki qulaq, iki burun dəliyi, bir ağız) rəylər geniş yayılıb.
Qırx mərasimi haqda bilmədiklərimiz...
İnsanın dünyaya gəlişindən, körpənin ana bətnindən ayrıldığı gündən qırx gün keçənə qədər həm ananın, həm də körpənin orqanizmində bir-birindən ayrılmadan yaranan zədələnmələrin bərpası prosesi gedir. Bu qırx gündə həm ana, həm də körpə qırxlı olur. Onların kənar təmaslardan qorunması həm ruhi, həm də gigiyenik cəhətdən zəruri hal kəsb edir. İnsanın dünyadan gedişi də "qırx" rəqəmi ilə bağlı matəm mərasimlərinin bitməsi, başa çatması ilə qeyd olunur. Qırx gün ərzində ölünün cəsədində çürümə getməsi və bu prosesin başa çatması yekunlaşır. Bu müddət ərzində ölü sahibləri də baş vermiş ağır itkiyə sanki alışır, matəm günlərindəki yır-yığışa baş qarışdırmaqla fikrən qəmdən-kədərdən bir qədər uzaqlaşır. Dünyaya gəlişindən qırx gün keçənə qədər dünya ilə qovuşub onun reallıqlarına alışan insanın dünya ilə üzülüşməsi də qırx günə başa çatır. Ruhşünasların "qırx" əlamətinin ruhla bağlılığı barəsindəki qənaəti belədir ki, qırx gün ərzində ölünün ruhu atmosfer qatından bir qədər yuxarıda durur. Bu müddət ərzində mərhumun ruhu-astral bədən cismani bədəndən uzaqda durmaqla hər şeydən əvvəl özünü bu ayrılmaya alışdırır. "Qırx"la bağlı müxtəlif dünyagörüşlərinin münasibətlərindən asılı olmayaraq, müsəlman aləmində bu matəm günü əvvəlkilərdən daha geniş miqyasda qeyd olunur. Matəmin bu gününə dəfn günündə iştirak edənlər dəvət olunur. İştirakçılar isə həmin gün yasa getməklə mərhuma olan son borclarını vermiş hesab olunur. Azərbaycanın şimal-şərq bölgəsindəki yas mərasimləri ilə bağlı tədbirlər içərisində "əlli ikinci" günün qeyd olunması xüsusi yer tutur. Onu da qeyd edək ki, bu mərasim əsasən sünni məzhəbinə mənsub müsəlmanlar arasında, xüsusən də Qazaxda, Borçalının bəzi kəndlərində keçirilir. Bu o anlamı daşıyır ki, ölünün əti sümükdən tam ayrılır...Burada molla gəlir, ailə üzvlərinin iştirakı ilə dua oxunur, kiçik süfrə açılır və ailə üzvləri bir növ yasdan çıxarılır.
Atəşpərəstlikdən islama qədərki yas və dəfn adətləri
Çoxlarımız Azərbaycan Tarix Muzeyində və yerli diyarşünaslıq muzeylərində qədim Azərbaycan insanın dəfn olunduğu qəbir formalarını, qəlibləri, küpləri görmüşük. Əlbəttə, keçmişlə aramızda körpü yaradan bu dəfn elementləri xalqımızın yüz illiklər boyu böyük tarixi inkişaf yolu keçdiyini təsdiq edir.
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, etnoqraf Solmaz Məhərrəmova qədim yas və dəfn adətlərimizi geniş şəkildə araşdırıb. Etnoqraf qeyd edir ki, yas və dəfn mərasimi müsəlman mərasimləri arasında ən arxaik və bütpərəstlik ənənələrinin bir çox əlamətlərini özündə saxlayan mərasimlər hesab edilir":Milli-mənəvi dəyərlərimizin, ailə məişətinin tərkib hissələrindən biri də yas və dəfn mərasimi hesab edilir. Bu gün yas və dəfn mərasimləri öz məzmun və mahiyyətini itirib, formasını dəyişib. Bəs qədim tariximizdə bu mərasimlər necə icra olunub? Tarixə nəzər saldıqda görərik ki, Azərbaycanda dəfn adətləri çox qədim tarixə malikdir. Arxeoloji qazıntılar ölkəmizdə 8 tip qəbir abidəsinin olduğunu müəyyənləşdirib. Bu qəbir tipləri sadə torpaq, quyu, təknə, taxta qutu, daş qutu, katakomba, çiy kərpic və küp qəbirlərindən ibarət olub..."
Ardı gələn sayımızda
İradə
SARIYEVA
Bakı xəbər.-2014.- 15 sentyabr.-
S.15.