Şəhid zabit Elman Ovçuyevin 50 yaşına...

 

Şəhidlər Xiyabanında uyuyan Borçalı balası

 

"Şəhidlər ölməz, Vətən bölünməz". Oğullar ona görə şəhid olur ki, Vətən parçalanıb bölünməsin, Vətənin ərazi bütövlüyünə göz dikən yağıların ayağı yığışsın torpaqlarımızdan. Azərbaycanın bütövlüyü, müstəqilliyi uğrunda həlak olan insanların hamısı şəhiddir.

Ermənilərin təcavüzü nəticəsində başlanan Qarabağ savaşında minlərlə Azərbaycan övladı şəhidliyə qovuşdu. Əlbəttə, insan doğulandan ölənə qədər mücadilə aparır. Hər bir insanın həyatında tufanlar, zəlzələlər olur. Şəhid ömrü ayrıca bir ömürdür, bizlərin ömrünə bənzəməz heç.

Bakının Şəhidlər Xiyabanında əbədi yuxuya gedən, ancaq ruhları qələbə müjdəli şəhidlərin sırasında qaragöz, qaraqaş bir oğlan da uyuyur. Özü haqq dərgahında, əməlləri el arasında yaşayan bu oğlan Borçalı mahalındandır. Bilirik ki, Qarabağ savaşında Borçalı igidləri böyük şücaətlə vuruşub, igidlik göstərib, şəhidlik yolunu seçib. Mən sizə Borçalı əsilli bir türk oğlundan danışacağam. O, Azərbaycanın ərazi bütövlüyü yolunda canından keçib, özü "uf" demədən.

Qan düşüb Güləbirddə...

Haqqında danışdığım şəhid 1964-cü il sentyabrın 5-də Gürcüstan Respublikasının Dmanisi (Başkeçid) rayonunun Qəmərli kəndində doğulub boya-başa çatan Ovçuyev Elman Binnət oğludur. Elman peşəkar hərbçi olub Qarabağ savaşının ilk vaxtlarından bir zabit kimi əməliyyatlarda iştirak edib. 1992-ci il oktyabr ayının 16-da Laçın rayonunun Güləbird kəndi uğrunda gedən əməliyyat zamanı Tanrının istəkli bəndəsi olaraq şəhidliyə yüksəlib.

Güləbirdə,

Yol gedir Güləbirdə...

Düşmənlər dərdə düşə,

Analar gülə bir .

Anası Elmanı tək ağlamadı həmin gün, onu bütün el ağladı. Elin oğlu oldu Elman Ovçuyev o gündən. Bütün Başkeçid eli o oğlanın qəhrəmanlığı ilə öyünür. Niyə öyünməsin ki...Vətənə oğul olmağı bacardı Elman. 28 yaşı vardı şəhid olanda. Gənc idi Elman, Vətən sevgisi ilə, eyni zamanda da düşmənə nifrətlə silahlanıb yağı üstə varardı. Yağının burnunu əzmişdi dəfələrlə silahdaşları ilə birlikdə.

Elman Ovçuyev yaşasaydı, sentyabrın 5-də əzizləri ilə birgə 50 yaşını qeyd edəcəkdi. Yəqin baba olacaqdı onda. Əgər müharibə olmasaydı, Elman başqa Elman olardı. Ancaq yenə vətənpərvər, dəyanətli, qeyrətli olardı. Çünki halal ocaqdan çıxmışdı. Çoxuşaqlı fəhlə ailəsində doğulmuşdu, həyatın isti-soyuğunu da ailəsində hiss etmişdi. Axı çoxuşaqlı ailələrdən çıxan uşaqlar fərqli olur, daha qayğıkeş, daha mübariz olduqlarını sübut edirlər.

Elman Ovçuyevin əlli yaşı bir neçə gün əvvəl tamam olub. Yazı həmin gün işıq üzü görmədi, bu da ondan irəli gəlir ki, şəhid haqda məlumat mənim əlimə gec çatdı. Elman Binnətoğlu barəsində informasiyanı Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Şamxal Nəsiboğlu hazırlayıb, onu redaksiyamıza məşhur gürcü əsilli şair-tərcüməçi, jurnalist Giya Paçxataşvili (Givi) gətirib.

Təşəkkür məktubları - qanadlanan valideyn sevinci...

Şamxal Nəsiboğlu fiziki ömrü yarıda qırılan, lakin mənən əbədi yaşayan şəhid Ovçuyev Elman Binnət oğlu haqda müfəssəl bir məktub yazıb redaksiyamıza. O yazır ki, Elman Ovçuyev Qəmərli kənd orta məktəbini əla qiymətlərdə bitirdikdən sonra ali təhsil almaq üçün Bakıya gəlir. Xarici dillər üzrə mütəxəssis olmaq istəyində olduğu üçün sənədlərini o vaxtkı Xarici Dillər İnstitutuna verib, lakin arzuladığı ali məkbətə daxil ola bilməyib. Fəhləlik etməyə başlayıb. 1982-ci ildə hərbi xidmətə çağırılan Elman Ovçuyev Rusiyanın Çita şəhərində qulluq edib. Əsgəri xidmət müddətində Elmanın nizam-intizamı, tərbiyəsi, vətənpərvərliyi, nümunəviliyi ilə əlaqədar valideynlərinin üstünə qucaq-qucaq təşəkkür məktubları gəlib. Şamxal Nəsiboğlu yazır ki, Elman sakit təbiətli təmkinli bir insan olub dostluq etməyi bacarıb, ailəsinin, soyunun adına layiq olub həmişə: "Bizim Borçalı bölgəsində hər insanı öz tayfasına, əsil-nəslinə görə tanıyırdılar. Bizim nəsil bölgədə Ovçular nəsli kimi tanınır, sayılıb seçilirdi. Elman hər zaman öz soyuna dəyər verir, onu hörmətdə saxlayırdı. O vaxt Elmanın dostluq etdiyi insanlar çox idi. Onlar hər dəfə Elmanın valideynlərini görəndə "halal olsun sizə, çox gözəl oğul böyütmüsünüz, Allah bəd nəzərdən qorusun" deyirdilər. Elman 1984-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra hərbçi olacağına qərar verir. Beləliklə, sənədlərini Tiflis şəhərində Ali Hərbi Məktəbə verir qəbul olunur. Sonra təhsilini davam etdirmək üçün Moskva vilayətində yerləşən Artilleriya Ali Hərbi Məktəbinə daxil olub. 1989-cu ildə Ali Hərbi Məktəbi bitirdikdən sonra Türkmənistan Respublikasının Yolötən şəhərinə desant diviziyasına göndərilib. 1990-cı il 20 Yanvar hadisəsinə qədər zabit kimi orada qulluq edib. Zabit yoldaşlarının hərbi hissədə Bakıda törədilən qətliam haqda, rus şovinistlərinin insanlarımızı qətlə yetirməsi barədə söhbətini eşidən Elman buna dözmür. O, qulluq etdiyi hərbi hissədən imtina haqda raport yazır Azərbaycana göndərilməsini israr edir".

Vətən, yaralarını sarımağa gəldim...

Şamxal Nəsiboğlu yazır ki, Vətənin dar günündə o, Azərbaycana qayıdır 1991-ci il mayın 1-də baş leytenant rütbəsində sovet ordusunun Gəncədəki hərbi desant diviziyasında xidmətə keçir: "Elmanın damarlarından halal azərbaycanlı qanı axırdı o istəyirdi ki, öz bilik bacarığını, təcrübəsini yenicə qurulmaqda olan milli ordumuza sərf etsin. O, böyük çətinliklər bahasına gənc əsgər zabitlərə artilleriyanın sirlərini öyrədirdi. Onu da deyim ki, Goranboy rayonunun qısa müddətdə ermənilərdən təmizlənməsində Elman Ovçuyevin böyük rolu olub, bu əməliyyatda şücaətlə iştirak edib. Onun döyüş yolu, qəhrəmanlığı haqda döyüş yoldaşları ağız dolusu, fəxrlə danışır. Onu mahir kəşfiyyatçı kimi xarakterizə edən səngər yoldaşları deyir ki, Elman Gəncə diviziyasında xidmət edərkən ermənilərin vaxt, hansı istiqamətdən hücum edəcəklərini öyrənərək bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məlumat verirdi. Döyüş yoldaşları danışır ki, hətta bir dəfə Elman ermənilərin bir neçə sərhəd rayonunda zəhərli maddələrdən istifadə edəcəyi haqda məlumat alıb dərhal bu barədə MN- məlumat verib. Nazirlik rəsmiləri onun məlumatlarının tam dəqiq olduğunu müəyyən etdikdən sonra Elman Ovçuyevi kəşfiyyat işinə dəvət ediblər. Elman öz istedadı, bacarığı ilə seçilən kəşfiyyatçı olub ona verilən tapşırıqları dəqiqliklə, cəsarətlə yerinə yetirib. Dəfələrlə ən qaynar nöqtələrə ezam edilən zabit Ovçuyev tapşırıqlara əməl edib. Ağır əməliyyatların birində-1992-ci il oktyabrın 16-da Laçın rayonunun Güləbird kəndinə əməliyyata gedərkən şəhid olub. 776-cı hərbi hissədə tibb bacısı kimi xidmət göstərən Şərqiyyə xanım oğlu Tərlandan, Nurcahan xanım isə oğlu Elxandan çox Elman barədə danışır, onun qəhrəmanlığı ilə fəxr edirlər. Nurcahan xanım mənə danışdı ki, onunla bir neçə dəfə əməliyyatda olub Elman Ovçuyevin kəşfiyyatçı qabiliyyətini gözləri ilə görüb. O deyir ki, Elmanın kəşfiyyata gedərkən hansısa səhv buraxdığına heç vaxt inanmırdım. Ona görə , özümün bircə oğlumu ona etibar edirdim ki, onun yanınla getsin".

50 yaşlı şəhid zabit Elman Binnət oğlu Ovçuyev 22 ildir Tanrı dərgahında-şəhidlik mərtəbəsində əbədilik ömrünü yaşayır. Yuxuya gedib Elman, bu yuxu sonsuz olsa da, onun bir gün o yuxuda diksinməyi var-qələbə günündə baş verəcək o hadisə...

Uca Yaradan bütün şəhidlərə rəhmət eləsin!Bəli, yazının əvvəlində yazdığım kimi, "şəhidlər ölməz, Vətən bölünməz"!

 

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 15 sentyabr.- S.14.