Səbail rayonunun
sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Öz təbii sərvətlərindən əldə etdiyi gəlirlərin şaxələnməsini uğurla davam etdirən Azərbaycan Respublikası (AR) dayanıqlı sosial rifahın təmin olunmasında mühüm nailiyyətlər qazanıb. Son 8 ildə iqtisadi göstəricilərimiz 3 dəfə artıb, yoxsulluq səviyyəsi 7 dəfə aşağı düşüb. Hazırda ölkəmizin ictimai həyatının bütün sahələrinin inkişaf etdirilməsini şərtləndirən 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir.
Prezident İlham Əliyevin 2011-ci il noyabrın 29-da "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə bağlı tarixi sərəncamı isə AR-nin yeni inkişaf mərhələsinə qədəm qoymasının başlanğıcı oldu. Yüksəlişimizin 2014-2020-ci illəri əhatə edəcək yeni mərhələsində respublikamızın inkişaf etmiş ölkələr sırasına çıxarılması, loqistika infrastrukturunun inkişaf etdirilməsi, ümumdaxili məhsulun 2 dəfə artırılaraq adambaşına 13 min dollara çatdırılması nəzərdə tutulub. 2020-ci ilə kimi Azərbaycanın valyuta ehtiyatlarının 5 ildə əhəmiyyətli dərəcədə artaraq 100 milyard dollara çatacağı gözlənir. Bu möhtəşəm dinamik inkişafı təmin etmək üçün isə illik artım tempi 7-8 faiz səviyyəsində olmalıdır.
Göründüyü kimi, İnkişaf Konsepsiyası ölkəmizin bütün imkanlarından maksimum istifadəni, mövcud iqtisadi, sosial və siyasi resurslardan tam yararlanmağı vacib edib. Deməli, təməlini sülh və inkişaf təşkil edən Azərbaycan dövlətinin strategiyasının uğurlu icrası və səmərəli nəticələri inzibati ərazi vahidi kimi hər bir şəhər və rayonun fəaliyyətindən asılıdır.
Paytaxtın paytaxtı - Səbail rayonu
Respublikanın əldə etdiyi sosial-iqtisadi nailiyyətlərdə və İnkişaf Konsepsiyasında nəzərdə tutulan vəzifələrin icra edilməsində Bakının "paytaxtı" Səbail rayonunun da xüsusi payı var. Bunu cari ilin son 6 ayının yekunları sübut edir. Həmin müddətdə rayonun sənaye müəssisələri 11 milyard 534,6 milyon manatlıq məhsul istehsal edib. Əsas kapitala investisiya qoyuluşu 2 milyard 512,5 milyon manat olub. 2014-cü ilin 6 ayı ərzində rayon ərazisində 1190 yeni daimi iş yeri açılıb. Rayonda əsaslı təmir-yenidənqurma, abadlıq-yaşıllaşdırma işləri uğurla davam etdirilir. Hazırda rayonun ərazisində Avropa Oyunları-2015 üçün nəzərdə tutulan Su İdmanı Sarayının, Oksford məktəbi üçün yeni tədris korpusunun, "Cənub" mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni müasir mehmanxananın, Qurban Abbasov küçəsində İş Mərkəzinin, çoxmərtəbəli "İnturist" mehmanxanasının, jurnalistlər üçün ikinci yaşayış binasının və digər mühüm sosial obyektlərin tikintisi aparılır, Bayıl qəsəbəsində genişmiqyaslı abadlıq işləri görülür. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni bina, "Alov qüllələri" kompleksi isə artıq istifadəyə verilib.
Rayon İcra Hakimiyyəti təsərrüfat xidmətləri sahəsinə, sakinlərin sosial müdafiəsinə, onların şikayət və ərizələrinə həssaslıqla yanaşır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, təhsil, səhiyyə, tarixi abidələrin mühafizəsi, ətraf mühit və ictimai asayişin qorunması, eləcə də digər sahələr İH-nin gündəlik diqqət mərkəzindədir.
Bibiheybət: tarixi arayış
Səbail rayonunda yerləşən və daim inkişaf edən inzibati ərazilərdən biri də Bibiheybət qəsəbəsidir. Sovetlər dövründə adı Xanlar olan bu qəsəbə AR Ali Soveti Milli Şurasının 1992-ci ildə qəbul etdiyi qərara əsasən Bibiheybət adlanır.
Mənbələrə görə, burada şiələrin VII imamı Museyi-Kazımın qızı Həkimə (Hökumə və ya Hukəymə) xanımın, imamın iki oğlan və bir qız nəvəsinin məzarı yerləşir. Bu tarixi dini-memarlıq abidəsi XII əsrdə Şirvanşah II Fərruxzad ibn Axsitan tərəfindən inşa edilib. Məscidin divarında tarixi faktlar yazılan kitabə yerləşir. Kitabədə yazılıb ki, 1281-1282-ci illərdə tikilən məscidin memarı Mahmud ibn Saaddır. Mənbələr həmçinin qeyd edir ki, VII imam Museyi-Kazımın qızlarından Həkimə xanım Bibiheybətdə, Məsumə xanım İranın Qum şəhərində, Rəhimə xanım Bakının Nardaran, Leyla xanım isə Bilgəh kəndində dəfn edilib. 1257-ci ildə vəfat edən Həkimə xanım heç vaxt ailə həyatı qurmayıb, bütün ömrünü qardaşı uşaqlarına həsr edib. İmamın nəvələrini və həkimə xanımı bütün təqiblərdən qoruyan Hacı Bədir adlı bir nəfər həkiməni tanımasınlar deyə, onu "Bibiheybət" (ləyaqətli, izzətli bibi) kimi təqdim edib. Hacı Bədir öz arzusu ilə xanımın məzarının ayaq tərəfində dəfn edilib.
Həkimə xanımın türbəsini Quba xanı Fətəli xan da tez-tez ziyarət edib. Ziyarətlərin birində dünyasını dəyişən Fətəli xan elə bu məzarlıqda da öz arzusu ilə torpağa tapşırılıb.
Digər rəvayətə görə, imam Museyi-Kazımın oğlu imam Rza xəlifə Məmun tərəfindən Xorasan şəhərində zəhərləndikdən sonra Həkimə xanım imamın üç nəvəsi ilə birlikdə Ənzəli şəhərinə yollanıb. O burada Baba Sucəd adlı mömin bir şəxs vasitəsilə Bakı limanına gəlib. Bakıda Sucəd Hökumə xanımı Hacı Bədir Heybət adlı imkanlı bir dostuna tapşırıb. Beləliklə, həmin yer "Heybətin bibisi"nin dəfn edildiyi məkan kimi tarixə vəsiqə alaraq, pir-ziyarətgah şöhrətini qazanıb.
Azərbaycanın ictimai-elmi mühitində hadisə kimi yadda qalan mərhum akademik Ziya Bünyadov isə yazıb: "Bakının cənub qərbində yerləşən Şıxlar (Şeyxlər) və ya Bibiheybət adlanan kəndində vaxtilə yerləşən məscidin içində şiələrin 7-ci imamı Musa əl-Kazımın qızı və 8-ci imamı Əli ibn Musa ər-Rizanın (9.XII.812-ci ildə vəfat edib) bacısı Hükəymə (hökumə) xanımın məqbərəsi var idi. Məscidin binası üzərindəki kitabələr və əlavə məlumatlar təsdiq edir ki, bina hələ XIII əsrdə mövcud olub. Rəvayətlərə görə, Hükeymə xanım xəstələnib, öz yaxın adamları və nökərləri ilə IX əsrdə həmin kəndin içində axan müalicə suyuna möhtac olub buraya gəlib. Lakin xəstəlik üstün gəldiyinə görə xanım vəfat etdi və elə bu yerdə dəfn olundu. Onunla gələnlər bu yeri tərk etməyib kənd saldılar. Sonradan müqəddəs məqbərənin xeyrinə vəqflər yazıldı. Bibiheybət məqbərəsinin vəqfinə qədimdən "əmlak və sərvətilə" Zığ kəndi, üç neft quyusu, "bəzi torpaqlar", Badamdar adlanan yer, qoyun sürüləri və s. daxil idi".
Bibiheybət məscidinin ilkin vəziyyətini Əli bəy Hüseynzadə rəsmə çəkib. 1934-cü ildə bu ziyarətdah bolşeviklər tərəfindən partladılıb. Məscid və minarə yerlə-yeksan olunaraq üzərindən yol çəkilib. Lakin məscid müstəqillik dövründə mərhum Prezident Heydər Əliyevin təşəbbüsü ilə yenidən bərpa olunub. Burada qeyd olunası vacib məqamlardan biri də həm ziyarətgahın bərpası, həm də Salyan şosesinin genişləndirilməsi ilə əlaqədar bəzi məzarların başqa yerə köçürülməsi zamanı dövlətin məzar sahiblərinə həssaslıqla, halallıqla yanaşması oldu. Məscid 2008-ci ildə istifadəyə verilib. Klassik Şərq üslubunda tikilən əzəmətli Bibiheybət ziyarətgahının daxili bütünlüklə ağ mərmərdən ibarətdir. Müqəddəs Quran ayələri mərmər divarda gözəl xəttatlıq nümunələri ilə həkk olunub. İbadətgahda 3000 nəfər adam eyni vaxtda namaz qıla bilər.
Müasir Bibiheybət qəsəbəsi sosial-iqtisadi inkişaf yolunda
Ölkə Prezidentinin Bakı şəhəri və onun qəsəbələrinin inkişafına yönələn sərəncamlarının icra edilməsi istiqamətində Səbail rayonunun Bibiheybət qəsəbəsində də ürəkaçan işlər görülüb. Bunu Səbail Rayon İcra Hakimiyyəti başçısının qəsəbə üzrə nümayəndəsinin həm 2013-cü ilin yekunları və cari ilin 6 ayındakı hesabatları, həm də qəsəbə üzrə əyani tanışlığımız sübut edir.
Qəsəbədə 2350 nəfərdən çox əhali yaşayır. Burada 360 nəfər məcburi köçkün məskunlaşıb. Müvafiq dövlət proqramları və Proqramlara əlavə tədbirlər planının icrası ilə bağlı qəsəbə mədəniyyət evi və kitabxanada əsaslı təmir-möhkəmləndirmə işləri aparılıb, əlavə bina tikilib və istilik sistemi quraşdırılıb. 70 saylı uşaq bağçası üçün 2 mərtəbəli, 1 musiqi zalı və 3 yardımçı otağı olan əlavə korpus tikilib, bağçanın köhnə binası isə əsaslı təmir olunaraq müasir ləvazimatlarla təchiz olunub. RİH başçısının qəsəbədə apardığı açıq qəbul zamanı sakinlərin müraciəti nəzərə alınaraq burada yeni poçt məntəqəsi istifadəyə verilib.
Qəsəbə nümayəndəliyi RİH-nin bilavasitə köməyi ilə Bibiheybət məscidindən "Şıx" çimərliyinin sonuna qədər geniş abadlıq-quruculuq işləri görüb. Bu sahədə şosenin hər iki tərəfində salınan və davam etdirilən yaşıllaşdırma işləri, "Dostluq parkı"ndan Lökbatan dairəsinə kimi əkilən 15 mindən çox ağac, salınan yeni asfalt örtüyü neft-qaz qoxulu köhnə Bibiheybətin simasını tamam dəyişdirib. Namiq Quliyev adına və digər küçələrdə abadlıq işləri aparılıb, yeni ağac və dekorativ kollar əkilib. Qəsəbədəki xeyir-şər evi əsaslı, tibb məntəqəsinin dam örtüyü isə cari təmir edilib. Qəsəbənin Məktəb küçəsindəki fərdi evlərin fasadları ağardılıb, məcburi köçkünlərin məskunlaşdığı "Şıx" sanatoriyasında kanalizasiya sistemi əsaslı, su xətləri cari təmir olunub. Salyan şosesində isə 500 p/m magistral su xətləri yenisi ilə əvəz olunub, yeni kanalizasiya xətti çəkilib. Şəhid Cəbrayıl Əsgərovun valideynlərinin xahişi nəzərə alınaraq Səbail RİH tərəfindən şəhidin oxuduğu 50 saylı orta məktəbin binasına onun xatirə lövhəsi asılıb. Qəsəbədə müasir tipli su və qaz sayğaclarının quraşdırılması davam etdirilir.
Qəsəbədə Novruz, Ramazan, Qurban bayramları, 20 Yanvar faciəsi, Xocalı soyqırımı qurbanlarının və bütövlükdə şəhidlərin anılması ilə əlaqədar tədbirlər mütəmadi keçirilir. RİH, hər il rayon üzrə olduğu kimi, qəsəbədə də yaşayan aztəminatlı və qaçqın-köçkün ailələrə yardımlar paylayır, qəsəbənin sakinləri ilə görüşüb mövcud problemləri operativ həll edir.
Qəsəbənin sosial-iqtisadi inkişafına xüsusi qayğı göstərən RİH başçısı bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən hazırda Bakı Dənizkənarı Bulvarının Bibiheybət qəsəbəsinə kimi uzadılması işləri uğurla davam etdirilir.
Qəsəbənin "Şıx" çimərlik zonasındakı "Dostluq parkı"nda müasir velo-kriteriumun yaradılması ilə bağlı işlər görülür.
Səbail rayonunun Bibiheybət qəsəbəsi ölkəmizin cənub-qərbinə və şimal-qərbinə açılan bir qapısıdır. Bu qapını hər gün 100 minlərlə ölkə və xarici vətəndaş açır. Və sözsüz ki, bu qapının hansı vəziyyətdə olması həm də doğma Azərbaycan haqqında fikir formalaşdırır. Bu baxımdan RİH sosial-iqtisadi inkişaf və modernləşmə prosesini uğurla davam etdirir ki, maddi-mənəvi-tarixi keçmişi ilə zəngin olan və bu dəyərlər üzərində müasirləşən Bibiheybət qəsəbəsi buradan gəlib-keçən hər kəsə həm də xoş xatirələr yaşatsın. Dövlətçiliyimizin rəmzi kimi Bayraq meydanından, dinimizin rəmzi kimi Bibiheybət ziyarətgahından məmnun qalan bu kəslərin yolunu isə mavi Xəzərə baxan mayak işıqlandırır.
Vaqif CƏLİLOĞLU,
Tex.e.üzrə fəlsəfə doktoru
Bakı xəbər.-2014.- 16 sentyabr.-
S.15.