Milli Azərbaycan
Tarixi Muzeyinin inciləri...
Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan
Tarixi Muzeyi olduqca zəngindir. Burada bir vaxtlar qara
torpağın udduğu, sonra isə qədirbilən
arxeoloqlarımız tərəfindən aşkara
çıxarılan bu xəzinə indi muzeydədir. Əslində arxeoloqların işi çox çətindir,
onlar xarabalıqlardan misqal-misqal inci yığırlar.
Bu incilərin isə nə qiyməti, nə də dəyəri
var. O qədər bahadır ki, adam
onları hansısa iri pul vahidi ilə dəyərləndirə
bilmir.
Onlar tarixin yaratdığı qiymətli sərvətdir. Bəllidir ki,
bu sərvətin xeyli bir hissəsi müxtəlif yollarla
ölkədən çıxarılıb, məşhur muzey
və kolleksiyalara verilib. Üzü qədimlərdən
bəri Azərbaycan sənətkarları minlərlə,
milyonlarla sənət incisi yaradıb. Bu
incilər o qədər çeşidlidir ki, saymaqla qurtarmaz.
Əsrimizin o tərəfindən bizə miras
qalan sənətkarlıq nümunələri, əl işləri
minlərlədir. Hərəsi də
özündə böyük bir tarixi, möhtəşəm
mədəniyyət-yaradıcılıq, sənətkarlıq
dünyasını yaşadır.
Dünəndən
bu günə daşınan sərvət...
Bəli, bu gün oluğu kimi, keçən minilliklərdə,
yüzilliklərdə misli görünməmiş sənətkarlıq
epoxası mövcud olub. Xalq sənəti növləri
özünün ən yüksək mərhələlərini,
dövrlərini yaşayıb. Azərbaycanda
dulusçuluq, qalayçılıq, zərgərlik, misgərlik,
papaqçılıq, dəmirçilik, oyma,
naxışsalma, şəbəkə, sazbəndlik, nalbəndlik
və başqa xalq sənəti növlərinin qədimdən-qədim
tarixi var. Hələ mən ipəkçilikdən, parça
toxuma sənayesindən danışmıram. Onları
da yada salanda, şübhəsiz ki, böyük bir xalq sənəti,
mədəniyyəti epoxasının özünütəsdiqini
görürük. Əlbəttə, bu
bizim ulularımızdan yadigar qalan sənət növlərimizdir
ki, bu gün də sənətkarlar tərəfindən davam
etdirilir. Milli Azərbaycan Tarixi Muzeyi o qədər zəngin,
dəyərli, qiymətli eksponatlarla zəngindir ki, bu, adamda
iç dolusu bir heyrət yaradır.
Azərbaycan Tarixi Muzeyində qiymətli sərvət
nümunələri çoxdur. Qayğı və diqqətlə
əhatə olunan bu nümunələr Azərbaycan
türkünün qədim məişət mədəniyyətinin
zəngin olmasından, qüdrətli ustad sənətkarların
mövcudluğundan xəbər verir. Bəllidir
ki, muzeydə mühafizə olunan incilərin böyük əksəriyyəti
yerli sənətkarların əl işləridir. Qədim insan yaşayış məskəni olan Azərbaycan
torpağında hər dövrün özünəməxsus
sənətkarlıq epoxası olub. Yəni
hansı dövrə baxsaq mütləq qarşımıza
böyük bir aləmin pəncərəsi açılacaq.
Sirr-sehir dünyasıdır bu aləm. Bir maraqlı məqam da ondan ibarətdir ki, sənətkarlığın
inkişafına mövcud hakimiyyətin özü dəstək
olub. Qədim çağlarda hər bir
dövlətin, xanlığın tərkibində sənətkarlıq
emalatxanaları, sənətkarların əl işlərinin
satıldığı dükanlar, bazarlar mövcud olub.
Bundan başqa, sənətkarlar şəyirdlər
yetişdirib, o şəyirdlər də usta kimi inkişaf edərək
sənətin müxtəlif sahələrini çiyinlərinə
götürüblər. Belə hallar da olub, sənət
atadan oğula ötürülüb. Sənət
sahəsində bu ən geniş yayılan məsələdir.
İncilərin
incisi...
Azərbaycan Tarixi Muzeyinin diqqətimi cəlb edən
bölmələrindən biri "Muzeyin inciləri" oldu.
Bu incilərin sırasında nələr yoxdur. Hamısı
da tarixin qiymətli sərvətidir.
Muzeydə ayrı-ayrı dövrlərə aid olan qiymətli
nümunələrdən sayılan bu incilər həqiqətən
də heyranedicidir.
Burada yer
alan nümunələrdən biri XIX əsrə aid edilən
"Gəlin baş bəzəyi"dir. İki əsr əvvəldə
yaradıldığı bildirilən bu eksponat Azərbaycanın
şimal bölgələrində istifadə olunmuş toy
libasının bir elementidir. Etnoqrafların
verdiyi bilgiyə görə, gəlin baş bəzəyi kimi
qiymətləndirilən eksponat nadir zərgərlik nümunəsi
olaraq gümüşdən düzəldilib, rəngli
qaşlarla bəzədilib.
Muzeyin digər qiymətli eksponatı baş
örtüyü üçün sancaqdır (broşka). Etnoqraflara
görə, Bakıda istifadə edildiyi qeyd edilən eksponat
XIX əsrin axırı - XX əsrin əvvəlinə aiddir.
Xüsusi fondda saxlanan bu incinin materialı qızıl,
firuzə, mirvari, rəngli şüşədən ibarətdir. Etnoqraflar
bildirir ki, Azərbaycanda baş örtükləri hər zaman
müxtəlif bəzəklərlə bəzədilir. Baş örtüyi üçün özünəməxsus
bəzək növü broş idi. Azərbaycanda
baş örtüyünün sancaq və ya broşla bəzəmə
ənənəsi qədim dövrlərdən məlumdur.
Arxeoloqlar qadın məzarlarında böyük
miqdarda belə bəzəklər üzə
çıxarmışlar. Miniatürlərin
təsdiq etdiyi kimi, bu ənənə orta əsrlərdə
öz davamını tapıb. Bu dövrdə
adətən baş örtüyü broş ayrıca bəzək
və ya lələyi tutan alət rolunu oynayırdı. XIX - XX əsrin əvvəllərində baş
örtüyünə broş əlavə etmək ənənəsi
geniş yayılıb. Bu dövrdə zadəgan
xanımlar örtüklərin üzərində
daş-qaşlı bəzəklər taxırdılar. MATM kolleksiyasında baş örtüyü
broşların müxtəlif növləri qorunub
saxlanmaqdadır, onların arasında "kəpənək"
formasında olan broş maraq doğurur, ənənəvi
olaraq kəpənək asma elementlərlə və aypara
ulduzla bəzədilir. İncə və
istehsal üsulu daş-qaş və mirvari ilə bərabər
maraqlı kompozisiya yaradıb.
Bu xəzinədə daha nələr qorunur?
Bilirik ki,
Azərbaycanda misgərlik ən qədim sənət
növü olaraq müxtəlif dövrlərdə intişar tapıb. Misgərlik
nümunələrinin məişətdə geniş
yayıldığı bəllidir. Yerli
misgərlərin hazırladığı,
qalayçıların qalayladığı qazanlar,
satıllar, səhənglər, sərniclər, teştlər,
aşsüzənlər, güyümlər məişətdə
istifadə olunub. Bu gün də bundan
istifadə edənlər var.
Muzey xəzinəsində qorunan incilərdən biri
qapaqlı mis qazandır. Bu qazanın XIX əsrdə Lahıc kəndində
düzəldildiyi bildirilir. Etnoqraflar qeyd
edir ki, Azərbaycan xalqının şöhrət
qazandığı ən qədim sənətkərlıq
növlərindən biri mis basma məmulatlarının
hazırlanmasıdır. Bakı, Naxçıvan, Lənkəran,
Şamaxı, Şəki, Qubanın misgər
ustaların əsərləri tək Azərbaycanda yox, həmçinin
xaricdə də məhşur idi. Dağların
qoynunda yerləşən Lahıc kəndi bütün Qafqazda
mis məhsulların istehsal mərkəzi hesab olunurdu. Təsadüfi deyil ki, sovet hakimiyyəti
qurulmasından öncə 180-ə qədər mis emalatxanası
mövcud idi. Sonralar emalatxanaların
sayı azalsa da, kənddə məmulatların ənənəsi
bu günə qədər qorunub saxlanıb. Təqdim edilən qapaqlı qazan öz hamar
forması ilə və nadir ornamentləri ilə fərqlənir.
Belə ki, "Sevgililərin
görüşü","Yırtıcının
ceyranı parçalaması" səhnələrilə
yanaşı, ona gözəllik verən bitki ornamentləri və
ərəb yazısı mövcuddur. Bu
eksponat onu istehsal edən ustanın bədii zövqü, zəngin
mənəvi aləmi və yüksək peşəkarlığından
xəbər verir.
Aynalı
kəmər...
Azərbaycan ustasının XIX əsrdə yaratdığı
aynalı kəmər gümüşdəndir. Çəkisi
500-900 qramdır, firuzə, Süleyman daşı ilə
süslənib. Üzərində döymə,
qravirovka, qarasavat işlənib. Bəllidir
ki, Azərbaycan milli qadın geyim növlərinin ayrılmaz tərkib
hissəsi kəmərlər idi. Kəmərlə
bağlı təsəvvürlər hələ qədim
dövrlərdə formalaşıb. Kəmərlə
qurşanma insan ətrafında dairə yaratma vasitəsilə
bəd qüvvələrdən qorunma üsulu
sayılırdı.
Kəmərlər müxtəlif forma və
kompozisiyaları ilə fərqlənirlər. Onların zərif
işlənmə texnikaları ilə bərabər, üzərlərində
olan rəsmlərin bədii xüsusiyyətləri də
böyük maraq doğurur.
XVIII-XIX əsrlərdə ən geniş
yayılmış kəmər növü "aynalı kəmər"
idi. Aynalı kəmər "ayna" adlanan düzbucaq
lövhələrdən ibarət idi ki, bu lövhələr
üzərində müxtəlif texniki üsullarla
naxış yaradılır, əlvan daş-qaşlar bərkidilirdi.
Muzeyin Xüsusi fondunda saxlanan digər aynalı kəmər
də XIX əsrə aiddir. 300-500 qram
qızıldan hazırlanan kəmər firuzə, Süleyman
daşı ilə süslənib, üzərinə döymə,
qravirovka, qarasavat işlənib.
Burada saxlanan digər kəmər isə minalı kəmərdir. Gümüşdən
emal edilən bu kəmərin də tarixini XIX yüzilliyə
aid edirlər. Milli Azərbaycan Tarixi
Muzeyinin əsas fondunda saxlanan bu kəməri təsvir edən
etnoqraflar bildirir ki, onun misli yoxdur.
Etnoqraflar bildirir ki, XVIII əsrdən etibarən Azərbaycanda
aynalı kəmərlərlə bərabər minalı kəmərlər
də geniş yayılıb. Azərbaycanın milli
kolleksiyasında öz forma müxtəlifliyi, detalların əlvanlığı
və kompozisiya mürəkkəbliyi ilə seçilən
çoxsaylı belə kəmərlər qorunub
saxlanmaqdadır. Ən çox maraq
doğuran cəhət yalnız bu dövr üçün bu
kəmərlərin istehsal incəliyi deyil, həm də
onların üzərində olan öz bədii xüsusiyyətlərinə
görə müstəsna rəsmlərdir. Bütün kəmər növlərinin səciyyəvi
xüsusiyyəti onların adətən daha çox döymə
qarnituraya malik olan toqqalığıdır. Boya qamması qırmızı, göy və
yaşıl rəngin açıq çalarlarını
ehtiva edir.
Arxalığım
ipəkdən...
Azərbaycan qadını və kişisinin geyim mədəniyyətində
arxalığın yeri ayrıcadır. Xüsusən
də qadınların üst geyimi sırasında arxalıq əsas
yeri tutub.
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda saxlanan
qiymətli incilərdən sayılan üst geyim növü
olan arxalıq XVIII əsrin əvvəlinə aiddir. Bu arxalıq məxmər,
ipək, "güləbatın", "doldurulma tikmə"
üsulu ilə hazırlanıb. Uzunluğu
80 sm-dir.
Etnoqraflar bildirir ki, Azərbaycan milli geyimləri
uzunmüddətli təkamül prosesində hasil olub,
davamlı özünəməxsusluğun etnik əlaməti
olaraq o xalqın mahiyyətini tam şəkildə əks
etdirir. Ölkənin muzeyində qorunub saxlanan milli geyim
nümunələri öz gözəllik və zərifliyi, bəzək
motivlərinin zənginliyi və yüksək istehsal
texnikalarına görə təkrarsızdır. Hələ venesiyalı səyyah Marko Polo (XIII əsr)
Azərbaycan şəhəri Şamaxı və Bərdənin
toxuma məmulatlarının gözəlliyini tərifləyir,
Azərbaycana gəlmiş ingilis səyyah Antoniy Cenkinson (XVI əsr)
yazırdı ki, "hökmdar gözəl, ipəklə və
qızıldan tikilmiş çadırda əyləşib",
onun paltarının üzərində mirvari və qiymətli
daşlar tikilib. Azərbaycanın
bütün bölgələrində ən çox
yayılmış üst geyimi paltar növü arxalıq idi.
Barəsində
danışdığımız nümunə tünd rəngli
və tikişlə bəzədilmiş qalın məxmərdən
hazırlanıb. Azərbaycan tikmələrinin
texnika və kompozisiyasının kökü qədim dövrlərə
gedir. Tikiş üçün Şamaxı, Gəncə,
Şəki və digər şəhərlərdə istehsal
edilən ipək və yun saplar və həmçinin kanaus,
darayı və məxmər parçalardan istifadə olunan
motivlər qızıl gül, nərgiz, qərənfil və
nar, alça, heyva və digər meyvə
ağaclarının çiçəkləri idi. Təqdim
edilən paltar üzərində "güləbatın"
və "doldurulma tikmə" üsulu ilə tünd fonda parlaq mürəkkəb və bəzək
yaradılıb.
Bununla muzeyin incilər silsiləsi bitmir. Yüzlərlə
incilər var ki, onlar dərya qoynunda qalıb üzə
çıxacaqları günü gözləyir. Milli Azərbaycan Tarixi Muzeyi ilə bağlı
mövzunu gələcəkdə yenə də davam etdirəcəyik.
Çünki muzeyin sərvətini, mədəniyyət
incilərini təbliğ etmək üçün 4-5 yazı
kifayət etmir. Bir müddətlik aradan
sonra yenə də mövzuya nəfəs verəcəyik.
İradə SARIYEVA
Bakı xəbər.-2014.- 22 sentyabr.- S.10.