Həcc ibadəti və onun qəbulunun əlaməti
Həcc nədir?
Bu sözün lüğəti mənası xeyirxahlıq, mərhəmət, iltifat, təvəccö (rəğbət, meyl), məqsəd, fikir, qayə deməkdir. Həccin dini mənası isə məlum bir yeri müəyyən zamanda bəlli hərəkətlərlə ziyarət etmək deməkdir. Məlum yer-Kəbeyi-Muazzamə (Məkkədəki Məscidi-Haramın ortasında daşdan inşa edilən dördkünc bina, müsəlmanların qibləsi) və Ərəfətdir (Məkkədən 25 km. şərqdə yerləşən qəsəbənin adı, Həzrət Peyğəmbərin Vida xütbəsini oxuduğu yer, Həccin fərzlərindən biri). Müəyyən zaman - Şəvval, Zilqədə və Zilhiccənin (müsəlman təqvimində müvafiq olaraq 10,11 və 12-ci aylar) ilk on günüdür.
Bəlli hərəkətlər isə Kəbəni təvaf (Kəbə ətrafını yeddi dəfə dolanmaq), Ərəfətdə vəqfə (bir az dayanmaq) və səy (Səfa və Mərva təpəliyi arasındakı məsafəni qaçmaq) kimi məxsusi hərəkətlərdir.
Həccin hökmü
Həcc ibadəti İslamın təməl əsaslarından biridir. O, həm bədən, həm də mal ilə edilən ibadətdir. Həcc hicrətin 9-cu ilində Quran ayələri ilə fərz edilib: "Gücü çatan (imkanı olan) hər bir kəsin Həccə gedib o evi (Kəbəni) ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, özünə zülm etmiş olar" (Ali-İmran, 97); "(Ya Məhəmməd!) İnsanları Həccə çağır" (Həcc, 27). Ayələrdə "Hər bir müsəlmanın" və "müsəlmanların" yox, "hər bir kəsin" və "insanların"sözü işlədilib. Bu o anlama gəlir ki, Adəm(ə) tərəfindən inşa, İbrahim(ə) və İsmail(ə) tərəfindən təmir edilən Kəbəni ziyarət etmək gücü çatan hər bir imanlı bəndənin borcudur. Çünki, ilk insan Adəm(ə) də daxil olmaqla, hər bir insan fitratən (doğuluşdan) müsəlmandır - Allaha tabe, Ona islah olan kəsdir. Ayə həm də buyurur ki, Həcc ibadəti gücü çatan (imkanlı) şəxslər üçün vacibdir. İmkanı olmayanlar üçün bu, günah deyil. Günah bu ibadətin vacibliyini inkar etməkdir.
Həccin mahiyyəti
Həcc əvvəldən sona qədər Rəbbin bəyəndiyi hərəkətlərdən ibarətdir. Həcc mərasimində hacılar ihram adlanan kəfənə bənzər bəyaz parça geyirlər. Bu durum insanın simvolik ölməsinə və onun dünya ilə əlaqəsini kəsməsinə işarə edir. Dünya insana azacıq fürsət verər, sonra keçib gedər. Ona güvənənləri dərdə salıb dünya. Çox böyükləri həqir edib, "kimdir bizdən daha güclü" deyənləri alçaldıb dünya... Ərəfətdəki vəqfə isə insanların öldükdən sonra dirilib hesab vermələri üçün toplandığı yerin - Məhşərin rəmzidir. Ərəfətdən sonra "Allahu - Əkbər" təkbirləri ilə Müzdəlifəyə gələn hacılar bayram axşamını orada qalırlar. Müzdəlifə Mina təpəsi ilə Ərəfət arasındakı yerdir. Mənbələrə görə, Həzrət Adəm ilə Həvva Yerə endirildikdən sonra burada məskunlaşıblar. Bayram günü isə Hacılar Şeytanı daşlamaq və qurban kəsmək üçün Minaya yollanırlar.
Şeytana daş atmaq həm onun hiylə və vəsvəsələrinə qarşı nifrət hissinin təzahürü, həm də İbrahim(ə)-nin Şeytanı daşlamasının xatırlanmasıdır. Ziyarətçilər Şeytanı daşlamaqla pis işlərə qarşı mücadilələrini nümayiş etdirdikdən sonra lazım gələrsə, Allah yolunda canlarını belə fəda etmələrinin rəmzi olan qurban kəsirlər. Bu, həm də İbrahim(ə)-nin Rəbbə sədaqət və vəfa andının, yəni onun Allah rizası üçün oğlunu qurban verməyə hazır olması təntənəsinin yaşanmasıdır. Təvaf isə kainatın nizamından alınan ibadətdir. Belə ki, kainatda planetlər, Günəş, elektronlar, toxum, çəyirdək, pərvanələr, atəş-nüvə ətrafında fırlanırlar. Onlar fırlanma hərəkətləri ilə mərkəzə bağlılıq və ona olan eşqlərini nümayiş etdirirlər. Bu baxımdan, təvhid dininin simvolu olan Kəbə ətrafında dolanma həm də İslam dininə olan bağlılıq və ona eşqin simvoludur. Kəbəni yeddi dəfə dolanmaq yeddi qat göylərə çıxmaq, mənəvi dünyamızda yeddi pilləli olan nəfsin ən aşağı təbəqəsindən ən yuxarı təbəqəsinə yüksəlmək, yəni insan həyatının mənasına varmaq, ruhani həyata, saf mənəviyyata qovuşmağın rəmzidir.
Rəbb təqdirinə əsasən, körpəsi İsmail ilə birlikdə Məkkə vadisində tənha qalan Hacər, həm də susuzluqdan əziyyət çəkirdi. Az sonra onun südü də kəsilir. İsmail isə dodaqları qurumuş halda elə ağlayırdı ki, ana artıq bu dərdə dözə bilmirdi. Hacər su tapmaq məqsədilə Səfa ilə Mərva arasındakı məsafəni yeddi dəfə qət etdi. Paltarının ətəyi uzun olduğu üçün o, ətəyini bir az qaldırıb qaçırdı. Nəhayət ananın səy və əzmi hədər getmədi. Yeddinci dəfə o qeybdən bir səs eşitdi. Və bunun Rəbb yardımı olduğuna inanıb dedi: "Duydum, duydum. Yardım et".
Bu zaman insan sifətində bir mələk peyda olub yeri eşərək oradan su çıxartdı və sonra da qeyb oldu. Ana balası ilə sudan doyunca içdikdən sonra orada bir hovuz düzəltdi. Hacər suyun hədər yerə axmasının qarşısını almağa çalışaraq dedi: "Zəm-zəm", yəni "dayan, dayan, axma". Həccdəki səy ibadəti də həmin anı xatırladır. Bu səbəbdən, hacılar Səfa ilə Mərva arasındakı məsafəni yeddi dəfə qaçıb, rəmzi mənada o halı - Hacər səy və iradəsini yaşayırlar. Qeyd edək ki, müqəddəs suyu olan Zəm-zəm quyusu Kəbə qapısı ilə üzbəüzdür.
Həccin hikmət və faydası
1. Həccdə möminlər vahid qayə və inancla ibadətlərini yerinə yetirmək üçün cəm olurlar. Dünyanın heç bir yerində görünməyən bu qələbəli izdiham ibadət şüuru və həyəcanı ilə kainatın Yaradıcısına yönələrək Ondan əfv, məxfirət, arzu və istəklər diləyir. Onlar kamil bir iman, elm və iradə vəhdəti ilə Rəbbin istədiyi kimi yaşayıb ölməyi niyaz edirlər. Ümumiyyətlə, Həccdə qazanılan mənəvi dəyərlər bəndənin qalan ömrünün saflaşmasına xidmət edir. Həcc - dünya müsəlmanlarının hər il könüllü çağırılan iman, əqidə, birlik, sülh, konsensus, qarşılıqlı yardım, məhəbbət, Tanrıya qayıdış konqresidir.
2. Ayaqları yalın, başları açıq olan hacıların kəfən rolunu oynayan ağ parçaya bürünmələri isə, Məhşər gününü və o gündə Rəbbə tam itaət və təslimiyyəti xatırladır. Bu zaman maddilik unudulur, qəlblər yumşalır, baxışlar lətifləşir, hiss və duyğular həyəcana gəlib mənən bayram edirlər. Əslində, bu hal "Necə yaradılmışsınızsa, dərgahıma elə də dönəcəksiniz" Rəbb kəlamının dünyəvi təntənəsidir.
3. Vahid ilahi əmrlə 14 əsrdən bəri milyonlarla insanın eyni vaxtda bir müqəddəs yerə toplaşaraq Allah əzəmətini səciyyələndirməsi, əslində bir sərgi kimi İslamın fiziki və mənəvi birliyinin nümayişidir. Onlar xasiyyətcə qul kimi olsalar da, fəqət şərəf və din baxımından səbatlı və əzmlidirlər.
4. 14 əsr ərzində İslam və Vətən uğrunda canlarını qurban verən şəhidlərin qəbrini ziyarət edən hacıların qəlbi islamı vəhdətdə yaşama, ona qulluq və məhəbbət hissi ilə dolar. Ziyarətçilər bü qəbirlərə baxıb sanki deyirlər: "Bizə miras buraxdığınız müqəddəs əmanətləri biz də gələcək nəslə layiqli surətdə verməyə and içirik".
5. Həcc ziyarəti səfərdə çətinliklərlə rastlaşan bəndəyə nemətlərin qiymətini və onlara şükr etməyi öyrədir. Həcc, ailə və sərvətindən uzaq olan ziyarətçilərə kimsəsiz və yoxsul insanlara yardım etməyi aşılayır. Həccdə həm də cihad savabı var. Çünki onda həm səfər, həm nəfslə mücadilə, həm də əziyyət və yorğunluğa qarşı dözüm var.
6. Həcc ibadətinin mənəvi fayda və hikmətləri ilə yanaşı, onun çox mühüm sosial-ictimai əhəmiyyəti də var. Belə ki, Həcc mövsümü dünyanın islam ölkələri nümayəndələrinin daxili və xarici məsələlərdə fikir, proqram birliyinə nail olmaqla, vahid qüvvə halında fəaliyyət göstərməyə imkan verən İlahi bir fürsətdir. Onlar burada bir-birinə qaynayıb qovuşur, mədəniyyət, elm, texnika və digər sahələrdə fikir mübadilələri aparır; inkişaf etməyən islam ölkələrinə yardım və onlarla iş birliyi institutları təsis edir və s. niyyətlərdə bulunurlar.
Umrə və ya kiçik Həcc
Umrənin lüğəti mənası ziyarət, dini anlamı isə Məkkədə xüsusi şəkildə ibadət etmək deməkdir. Həcc üçün lazım olan şərtlərin çoxu umrədə də vacibdir. Lakin umrə üçün konkret zaman yoxdur. Ərəfə günü və qurban bayramının dörd günündən başqa ilin hər hansı günündə bu ziyarəti etmək sünnətdəndir. Umrənin fərz olan həccdən fərqi bunlardır: umrənin müəyyən vaxtı yoxdur; bu ibadətdə Ərəfət, Müzdəlifə vəqfləri, Kudüm (Məkkəyə daxil olarkən edilən təvaf) və Vida (Məkkədən çıxan şəxslərin etdikləri təvaf) təvafları, Şeytanı daşlama prosesi yoxdur.
Həccin şərtləri
İnsana Həccin vacib, yəni fərz olması üçün o: müsəlman, ağlı başında, yetkin və hürr olmalıdır. Ziyarət müddətində ailəsi və özünün təmin edəcək maddi imkana malik olmalı, səhhəti imkan verməli və Həccin fərz olduğunu bilməlidir. Üzərində Həcc fərz olan bir müsəlman xəstə, şikəstdirsə və ömrünün axırına qədər bu vəziyyətdə qalarsa, o, vəkalətlə başqa birisini öz yerinə ziyarətə göndərə bilər. Buna bədəl (əvəz edən) həcci deyilir. Ümumiyyətlə, Həcclə bağlı digər məsələlər barəda şəriət kitablarından müfəssəl məlumat olmaq olar.
Həccin qəbulunun əlaməti
İslam üləmalarına görə: "Haram malı olana Həccə getmək deyil, malı sahibinə qaytarmaq fərzdir. Bu sərvətlə Həccə gedən şəxs təsəlli tapsa da, fəqət o, Həcc səvabı qazana bilməz. Bəndənin həccinin qəbul əlaməti onun bu ziyarətdən Peyğəmbər(ə) əxlaqı ilə dönməsi, sonrakı fəaliyyətində bu əxlaqla yaşaması və imtiyaz tələb etməməsidir. Həccin qəbul olmaması əlaməti isə günahlı bəndənin əvvəlki kimi günah işlətməsidir".
Məlumdur ki, cəmiyyətin saflaşması, mənən yüksəlməsində dinin xüsusi rolu var. Müstəqilliyimiz dövründə digər sahələrdə olduğu kimi, bu sahədə də özünəqayıdış, özünütəsdiq prosesi dönməz xarakter alıb. Çünki insan haqq və azadlıqlarının tərkib hissəsi olan inanc, ibadət kimi dəyərlərin qorunması həm də Konstitusiyada təsbit olunub. Bu isə həmin sahənin mühüm atributu olan həcc mərasiminin Rəbb əmri kimi hər il uğurla həyata keçirilməsini təmin edir. Müstəqilliyimizin 23 ili ərzində Allah evini (Kəbə) ziyarət edən hacılarımızın sayınin 1400 il ərzində Həcc ziyarətinə gedənlərdən çox olması deyilənlərin əyani sübutudur.
Qeyd edək ki, bu dövr ərzində 50 mindən artıq azərbaycanlı Həcc ziyarətində olub. Yəni bu gün mükəlləf əhalinin 90 nəfərinə bir Hacı düşür. Kəmiyyət göz qabağındadır. Bəs, keyfiyyət necə? Təəssüflə qeyd edilməlidir ki, Həccdən Peyğəmbər(ə) əxlaqı ilə dönüb, vətəndə həmin əxlaqla yaşayıb fəaliyyət göstərən hacılarımızın sayı azdır. Onların çoxu hacı statusunu imtiyaz tələb edən bir vasitəyə, şan və şöhrətə çevirirlər. Halbuki, hacı cəmiyyət üçün bir əxlaq, həya nümunəsi, barışıq, sülh-əminamanlıq, cəmiyyətin sözü keçən adamı olmalıdır. 40-50 il bundan qabaqkı bir hacının sözü bir rayon, kənd, oba üçün keçərli idisə, indi 10 hacının sözünə bir məhəllə belə inanmır. Buraya rüşvətxor məmurlar içində kifayət qədər "hacı" statusu daşıyanları da əlavə etsək, Həcci qəbul olunmayan o bədbəxtlərin var-dövlətinə qibtə etməzdik. Çünki xalqı idarə edənlər olduqları üçün, onları həcci qəbul olunmayan adi insanın cəzasından daha çox cəza gözləyir. Müstəqilliyimizin ərsəyə gətirdiyi hacılarımızın bilavasitə təşəbbüsü ilə hazırlanan hacı pivəsi, hacı kolbasası, hacı sosiskası və sair anti-islam məmulatlar bu günki bəzi hacıların cəmiyyətə verdiyi "töhvələrdir". Siyahiyə şəxsi marağı üçün digər ölkələrin siyasi sifarişini yerinə yetirən və bununla da müstəqilliyimizi, bayrağımızı, dinimizi dolayısı ilə baltalayan hacıları da əlavə etsək, iman və əməllərimizin Vida Həccindən nə qədər fərqli olduğunun fərqində olar və özümüz özümüzdən dəhşətə gələrdik...
Həccin son sünnəti
Həccin son sünnəti Mədinəyə gedib orada Məhəmməd(ə)-nin məzarını ziyarət etməkdir. "Qəbrimi ziyarət edənə qiyamət günündə şəfaətin vacib olacaq" - buyurub Həzrət Peyğəmbər. Zəvvarlarımıza Allahdan əmin-amanlıq, ixlaslı ibadət və iman, elm, iradə vəhdətini diləyirəm. Xalq kəmiyyət yox, keyfiyyətlə tanındığı üçün hamınıza Məhəmməd(ə) əxlaqı ilə Vətənə dönüb, həmin əxlaqla yaşayıb-yaratmağınızı arzu edirəm. Şəfaətçiniz Peyğəmbər(ə) olsun. Amin!
Vaqif CƏLİLOĞLU, T.e. üzrə fəlsəfə doktoru
P.S. Məkkə şahidlik edir: İsmaililər (IX-IX əsrlər) təriqətinin
bir qolu olan qərmətilər Həccə gedən zəvvarları
qarət edib öldürür,
bəzən də əsir alıb qul kimi satırdılar. 930-cu ildə onların bir dəstəsi Məkkəyə hücum edib şəhər
əhli və zəvvarlar arasında qırğın
törətdilər. "Qara
daşı" yerindən çıxardılar və onu ikiyə bölüb
özləri ilə Bəhreynə apardılar. Yalnız
20 ildən sonra onlar bütün İslam aləmi
üçün müqəddəs olan bu yadigarı xərac
müqabilində Məkkəyə qaytardılar. 1803-cü il aprelin 30-da Məkkəni
alan vəhhabi Əbdüləziz ibn Səud ihram geyərək
şəhərə girdi. Əbdüləziz
Peyğəmbər(ə), Əbu Bəkr, Ömər,
Əli və Fatimənin doğulduğu
evləri sökdürdü; Kərbəlada
2 mindən çox şiəni
qılıncdan keçirdi.
Bakı xəbər.-2014.- 22 sentyabr.- S.15.