Milli mədəniyyətimizin
Üzeyir zirvəsi..
Azərbaycan xalqının elə böyük şəxsiyyətləri var ki, onlar haqda hər zaman danışmaq lazımdır. Bu qüdrətli simaları ancaq onlarla bağlı əlamətdar tarixlərdə, günlərdə deyil, həmişə xatırlamaq, barələrində söhbət açmaq vacibdir. Üzeyir Hacıbəyov-bu əzəmətli ad, əbədi imza, xalqımız yaşadıqca yaşayacaq şəxsiyyət hər gün yada düşməlidir.
Düşür də. İnanmıram ki, hansısa bir gün, saat, dəqiqə Üzeyir Hacıbəyov adı unudulsun. O, Azərbaycan həyatında elə bir köklü ağacdır ki, o ağacın barı həmişə dərilir.
Üzeyir Hacıbəyovun ictimai fikir tariximizdə,
milli mətbuatımızın inkişafında, musiqi mədəniyyətimizin
formalaşmasında, yüksək pillələrə doğru
sürətlə addımlamasında misilsiz rolu olub. Bu ölməz
şəxsiyyət professional Azərbaycan musiqisinin banisidir. Yəni
professonal musiqimiz Üzeyir Hacıbəyovla başlayır.
Bu şəxsiyyət bütün Şərq
üçün örnək olan böyük bir xəzinənin
yaradıcısı, tükənməz dəfinənin
sahibidir.
Bəziləri düşünə bilər ki, Üzeyir
Hacıbəyovun doğum günü sentyabrın 18-dədir və
ölkəmizdə də həmin gün Milli Musiqi
Günü kimi qeyd edilir, ondan niyə indi yazırsan? Deyim ki,
Üzeyir Hacıbəyovdan yalnız 18 sentyabrda deyil, hər
gün yazmaq lazımdır. Çünki
onun keçdiyi ömür yolu, ictimai fəaliyyəti,
yaratdığı qiymətli xəzinə o qədər zəngindir
ki, burada hər gün yazmaq üçün kifayət qədər
məlumat var.
Üzeyir
ömrünün səhifələri...
Zamanın təlatümlü çağında
doğulub Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyov. Azərbaycan
xalqının dahi oğlu 18 sentyabr 1885-ci ildə
Əbdülhüseyn bəy və Şirinbəyim
xanımın ailəsində doğulub. 1948-ci il noyabr ayının 22-də (bəzi mənbələrdə
23 noyabr-İ.S) isə vəfat edib, haqq dünyasına
qovuşub. Dünya şöhrətli bəstəkar, görkəmli
musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai
xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin
və milli operasının banisi Üzeyir Hacıbəyovun
dünyadan köçməsi, əlbəttə, yalnız
musiqi ictimaiyyəti üçün deyil, Azərbaycan, eləcə
də bütün SSRİ məkanı üçün
böyük itki idi və ölkə matəmə qərq
olmuşdu.
Onun vəfatı
ilə əlaqədar Azərbaycanın xalq şairi Səməd
Vurğun qiymətli bir şeir nümunəsi
yaratmışdı...
Ölüm
sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Şirin
bir xatirə tək yaşayacaq dünyada,
Sevərək
yaşayanlar, sevilərək ölənlər!
Bu,
xalqın dahi oğluna verilən dəyər idi...
Üzeyir
Hacıbəyov, yaxud Hacıbəyli elə mütərəqqi
bir ailədə doğulub boya-başa çatmışdı
ki, o ocaq ancaq belə bir oğul yetişdirə bilərdi. Mənbələrdə yazılanlara görə,
Üzeyirin atası Əbdülhüseyn Molla Məhəmməd
oğlu Hacıbəyov öz dövrünün savadlı,
ziyalı şəxslərindən biri olub. O, XIX əsrin
tanınmış dövlət xadimi və şairə,
Qarabağ xanlarının varisi Xurşudbanu Natəvanın
mirzəsi olub və onun Ağcabədidəki təsərrüfatına
başçılıq edib. Üzeyirin anası
Şirinbəyim xanım Qarabağda məşhur Əliverdibəyovlar
nəslindən idi. Üzeyir Hacıbəyov
ailədə üç qardaş, iki bacı olublar.
Oğlanları Zülfüqar, Üzeyir və Ceyhunun gələcəkdə
ədəbi və musiqi istedadının formalaşmasında
ailənin böyük rolu olub. Üzeyirdən
başqa uşaqların hamısı Şuşada doğulub.
Evin dördüncü uşağı olan Üzeyirin
Şuşada yox, Ağcabədidə anadan olmasının da
öz tarixçəsi var. Üzeyir bəyin atası
Əbdülhüseyn Xurşudbanu Natəvanın şəxsi
mirzəsi olmaqla yanaşı, həm də xan
qızının Ağcabədidə olan təsərrüfatına
rəhbərlik edirdi. Ona görə də ilin
çox hissəsini orada keçirirdi. Şirinbəyim
xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə
gedib yoldaşına baş çəkmək, sonra yenidən
Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş çəkmək
üçün yolunu əvvəlcə Ağdamdan salır.
Ancaq bacıları onu tez buraxmaq istəmir.
Şirinbəyim xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec
olur, Şuşaya qayıda bilmir. Ona
görə də gələcəyin dahisi olacaq bu
oğlanı elə Ağcabədidə dünyaya gətirir.
1 aydan sonra isə dəvənin üstündə
kəcavə düzəldib, Şirinbəyim xanımı
Üzeyirlə birgə Azərbaycan mədəniyyətinin
beşiyi olan Şuşaya gətirirlər.
Dahinin Şuşa həyatı...
Üzeyirşünasların yazdığına görə,
valideynləri Ağcabədidən Şuşaya
köçdükdən sonra Üzeyir ilk təhsilini
buradakı iki sinifli rus-türk məktəbində alıb. Şuşanın
zəngin musiqi-ifaçılıq ənənələri
Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir
göstərib. Onun ilk müəllimi Azərbaycan
musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy
Əliverdibəyov olub. Üzeyir bəyin
dayısı Ağalar bəy Əliverdibəyov həm də
Şövkət Ələkbərovanın ilk muğamat
müəllimi olub.
Şuşadan
Qoriyə aparan yollar...
Yollara uşaqlıqdan həsədlə baxmışam. Ona görə
ki, o insanları uzaqlara aparıb arzularına
çatdırır. Yollar olmasaydı,
insan işıqlı gələcəyə, xəyalının
həqiqət olacağına inana bilməzdi. Yollar Üzeyir Hacıbəyovu Vətəndən
uzaqlara aparıb. Aparıb ki, elmini artırsın,
yeni biliklərə yiyələnsin, fikirlərini cilalasın
və nəhayət xalqının gözünə
işıq olsun. Üzeyir Hacıbəyov
xalqın işıqlarından biri olub, onun
işığı millətin balalarını səadətə
aparıb. O işığı tutub gedənlər bəxtiyar
olub...
Üzeyir Hacıbəyov Şuşadan Qoriyə təhsil
almağa yollanır. 1899-1904-cü illərdə Qori Müəllimlər
Seminariyasında təhsil alıb və onun
dünyagörüşünün formalaşmasında
seminariya böyük rol oynayıb. Hacıbəyov
seminariya illərində qabaqcıl dünya mədəniyyəti
ilə yaxından tanış olub. O burada
Avropa musiqi klassiklərinin əsərlərini mənimsəyib,
skripka və baritonda çalmağı öyrənib, xalq
mahnı nümunələrini nota köçürüb. Qori
Seminariyasında Üzeyir Hacıbəyov gələcəkdə
Azərbaycan opera musiqisində öz sözünü deyəcək
Müslüm Maqomayev ilə tanış
olub. Seminariya illərindən başlanan dostluq
sonralar həm də qohumluğa çevrildi. Üzeyir Hacıbəyov və Müslüm Maqomayev
Terequlovlar ailəsi ilə qohum oldular. Belə
ki, Üzeyir Hacıbəyov Məleykə xanımla,
Müslüm Maqomayev Badigülcamal xanım Terequlova ilə evləndi.
Qoridən
Cəbrayıla, Cəbrayıldan Bakıya...
Gənc Üzeyirin arzusu xalqın balalarını
qaranlıqdan işığa çıxarmaq, cəhalət pərdəsini
yırtıb onlara bir ömürlük günəş bəxş
etmək idi. Odur ki, ilk fəaliyyətini müəllimlikdən
başladı. Seminariyanı bitirdikdən
sonra Hacıbəyov 1904-cü ildə Cəbrayıl qəzasının
Hadrut kəndinə müəllim təyin edilib. Hadrut kənd məktəbində rus dili, hesab, tarix və
musiqidən dərs deyib.
Sonra isə onun ömür yolunda yeni cığır
açılıb. Üzeyir Hacıbəyov Bakıya gəlib.
Bakı həyatında o, xalqa daha geniş
miqyasda xidmətlər göstərib. Mətbuat
aləminə qədəm qoyub, bədii tərcümə ilə
məşğul olub. Mənbələrdən
aldığım məlumata görə, Ü.Hacıbəyov
Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində
Bakıya gəlib, Bibiheybətdə, sonralar isə "Səadət"
məktəbində dərs deyib. Üzeyir
Hacıbəyov Bakıda ədəbi-publisistik fəaliyyətə
başlayaraq "Həyat" qəzetində tərcüməçi
işləyib. Həmin gündən nəşr
edilməyə başlayan "İrşad" qəzetinin əməkdaşı
olub. 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində
"Hesab Məsələləri" və "Mətbuatda
İstifadə Olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri
Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti"ni nəşr etdirir. Rus
yazıçısı Nikolay Qoqolun "Şinel" povestini
Azərbaycan dilinə tərcümə edir.
Moskva həyatı
və cücərən arzular...
Üzeyirşünasların yazdığına görə,
1911-ci ildə Üzeyir Hacıbəyov musiqi təhsili almaq
üçün Moskvaya gedib, Moskva Filarmonik Cəmiyyəti nəzdində
İlyinskinin xüsusi musiqi kursunda təhsil alıb. Moskvadan
göndərdiyi satirik hekayə və felyetonlar
"İqbal" qəzetində dərc olunub. Maddi ehtiyac üzündən Hacıbəyov Moskvada
musiqi təhsilini yarımçıq qoyub Bakıya
qayıtmağa məcbur olub. Bəstəkar
Bakıya qayıdır və burada yaradıcılıq fəaliyyətini
davam etdirərək, yazdığı operaları səhnəyə
qoymaqla məşğul olur.
Üzeyir Hacıbəyovla Məleykə xanım
Hacıbəyova 1910-cu ildə ailə həyatı qurublar. İxtisasca
rus dili müəlliməsi olan Məleykə xanım həyat
yoldaşının sənətinə yaxın olmaq
üçün Konservatoriyanın musiqi nəzəriyyəsi
şöbəsinə daxil olub. Adətən
gecələr işləyən Üzeyir bəyi Məleykə
xanım heç vaxt tək qoymayıb. Bu insanlar 38 il qoşa ömür sürüblər.
Ölümlə
üz-üzə, yaxud sovuşan xəta...
Üzeyir Hacıbəyov Azərbaycanın bolşeviklər tərəfindən işğalına qədər ciddi siyasi fəaliyyətlə məşğul olub. Lakin məlumatlara görə, sovet dövründə siyasi fəaliyyətinə son verib və daha çox ictimai işlərlə, musiqi mədəniyyətimizi zənginləşdirməklə, pedaqoji əməklə xalqa fayda verib.
1918-ci ildə ermənilərin Azərbaycanda törətdiyi mart qırğını zamanı erməni daşnakları Üzeyir bəyin evini gülləbaran ediblər. Şərqin ilk operasını yazan bəstəkara qısqanclıqla yanaşan daşnaklar evin divarlarını, damını güllə yağışına tuturlar. Bu qəlpələr 1975-ci ildə bəstəkarın ev-muzeyinin açılışı ərəfəsində təmizlənib.
Sovet hakimiyyətinin ilk illərində Üzeyir Hacıbəyovun adı tez-tez xalq düşmənləri sırasında səslənməyə başlayır. 1920-ci ildə bəstəkarı güllələmək istəyirlər. Bu təhlükə sırf təsadüf nəticəsində sovuşur. Üzeyir Hacıbəyovun qaynı Hənəfi Terequlov əqidəcə qatı kommunist idi. O, təhlükəsizlik idarəsi şöbə müdirlərinin birinin masasının üstündə təsadüfən haqqında güllələnmə hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyir Hacıbəyovun da adını görür. Başılovlu Nəriman Nərimanovun yanına gedərək vəziyyəti danışır. Nəriman Nərimanov müvafiq orqanlardan həmin siyahını tələb edir. Onları tələm-tələsik qərar çıxarmaqda günahlandıran Nərimanov bu siyahını cırıb atır. Nəriman Nərimanov bəstəkara bir müddət Bakıdan uzaqlaşmağı məsləhət görür.
Üzeyir bəy erməni şəri ilə əlbəyaxa olub...
Azərbaycan xalqının dahi oğlu ermənilərin hər zaman paxıllıq və həsəd ünvanlarından biri olub. Onlar bu böyük şəxsiyyətin uğurlarından qeyzlənərək barəsində "yuxarılara" danos yazmaqla məşğul olublar. Üzeyirşünaslar yazır ki, erməni fitnəsi nəticəsində 1939-cu ildə Üzeyir Hacıbəyov şəkər xəstəliyinə tutulur. Üzeyirşünaslar uzun illər Üzeyir Hacıbəyovun şəxsi katibi işləyən yaxın qohumu Ramazan Xəlilova istinad edərək yazırlar ki, bəstəkar bu xəstəliyi bədnam qonşularımızın ucbatından tapıb. Belə ki, 1939-cu ildə Moskvada ittifaq miqyasında milli musiqi alətləri ifaçılarının müsabiqəsi keçirilir.
Stalinin göstərişi ilə münsiflər heyətinə Üzeyir Hacıbəyov başçılıq edirdi. Müsabiqə zamanı bəstəkar bərk əsəbiləşir, təbiətcə sakit insan olan Üzeyir bəy uzun müddət sakitləşə bilmir: Azərbaycanı təmsil edən ifaçılar arasında ermənilərin olmasına baxmayaraq, Bakı erməniləri Moskvaya məktub yazırlar və bildirirlər ki, Üzeyir Hacıbəyov millətçilik edərək qeyri-millətlərin müsabiqədə iştirakına əngəllər törədir. Keçən əsrin 30-cu illəri üçün bu ittiham ən ağır ittiham sayılırdı. Molotov ona ünvanlanan ərizəyə dərkənar qoyaraq bəstəkara göndərir: "Özünüz həll edin". Başdan-ayağa böhtan olan bu ərizə bəstəkarın əsəblərinə ciddi təsir göstərir və o, şəkər xəstəliyinə tutulur.
Ardı var...
İradə SARIYEVA
Bakı xəbər.-2014.- 24 sentyabr.- S.15.