Mədəniyyətimizin, mətbuatımızın Üzeyir Hacıbəyov zirvəsi...

 

XX əsrin əvvəllərində milli jurnalistikamızın formalaşmasında, publisistika janrının inkişafında, xüsusən də felyeton sahəsinin geniş intişar tapmasında Üzeyir Hacıbəyovun rolu ölçüyəgəlməzdir. Onun fəaliyyətini saf-çürük edəndə, yazdıqlarını oxuduqda bu dahi insanın gördüyü işlərə heyran olursan.

Publisistikamızın bayraqdarı...

Bəllidir ki, Üzeyir Hacıbəyov yalnız professional musiqimizin banisi deyil. Onun mətbuat sahəsində də yaddaqalan qiymətli xidmətləri olub. Mənbələrin məlumatına görə, Azərbaycan mətbuatı üçün əsas janrlardan biri olan reportajın əsasını Azərbaycan Demokratik Cumhuriyyətinin parlamentindən hazırladığı reportajla Üzeyir bəy qoyub.

Tədqiqatçıların verdiyi bilgilərə görə, Üzeyir bəy Hacıbəyov bədii yaradıcılığa publisistika ilə başlayıb. O, "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal", "Yeni iqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında "Ordan-burdan", "O yan-bu yan" və s. başlıqlar altında "Ü", "Filankəs", "Behmankəs" və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirib. "Molla Nəsrəddin" jurnalında Üzeyir bəy Hacıbəyov məzəli imzalardan çox istifadə edib: "Adı bəy, özü Filankəs", "Anaş Qurbağa", "Tısbağa", "Qatilov", "Behmankəs", "Cin", "Xoca Lələ", "Bızbıza", "Çoban", "Əqrəb" (ehtimal olunur), "Qaf", "Beş", "İdarədən", "Lal uşaq", "Bala uşaq", "Gendən baxan", "Gendən qulaq asan", "Yalançı" və s. Gülüş, yumor onun həm insan kimi təbiətinin, həm də ədəbi yaradıcılığının, o cümlədən publisistikasının başlıca keyfiyyətlərindən idi. XX əsrin əvvəllərində Azərbaycan mətbuatının aparıcı janrlarından olan felyeton Ü.Hacıbəyovun da publisistik fəaliyyətində əhəmiyyətli yer tuturdu. Bədii və publisist tarazlığı saxlamaq etibarilə Ü.Hacıbəyovun felyetonları, oçerk və parodiyaları böyük dəyəri olan əsl sənət əsərləridir.

Yumoru sevən və sevdirən dahi...

Üzeyir Hacıbəyovun zəngin irsini öyrənməklə bitib-tükənmək bilmir. Bəllidir ki, onun komediya janrında qələmə aldığı hər bir mətnindən incə yumor, hətta satiranın surəti boylanır.

Üzeyirşünaslar yazır ki, Üzeyir Hacıbəyovun zəngin yumoristik söz yaradıcılığında vaxtilə dövri mətbuat səhifələrində "Ordan-burdan" ümumi başlığı altında dərc etdirdiyi yazılar xüsusi yer tutur. Ü.Hacıbəyovun "Bazar söhbəti", "Məzhəkə", "Təhsil" kimi əsərləri aşkar seçilən komponentləri ilə satirik hekayələri- "Rəfiqimdən məktub", "Üçüncü dəllək", "Məclisimizin duzu" "O, heç!", "Tərəqqi və gerilik", "Ha fikir edirəm başa düşmürəm!" kimi yazıları öz publisistik əlamətləri, ictimai-siyasi məzmunu və bədii dəyəri ilə felyetondur. Müəllif əsərlərində əsasən Bakı Şəhər Dumasının fərsiz deputatlarını rüsvay edir, tutduqları siyasi mövqeyə layiq olmadıqlarını nümayişkaranə açıqlıqla onların üzlərinə vurur, fəaliyyətsiz "qlasnıları" barsız ağaclara bənzədir. Ü.Hacıbəyovun qaravəlli və satirik miniatürlərini (məsələn, "Dövlət Duması", "Ata və oğul", "Moizə" və s.) böyük komedioqrafın sonrakı səhnə əsərlərinə səmərəli müqəddimə hesab etmək olar.

Xalq mahnılarının nota yazılması

Üzeyirşünaslar qeyd edir ki, bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kontata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərlərini yazıb. Üzeyir bəy Hacıbəyov həm Azərbaycan Xalq Cumhuriyyətinin, həm də Azərbaycan SSR-in himnlərinin müəllifi olub. Bu gün də dövlət himnimizin müəllifi Üzeyir Hacıbəyovdur.

 

Şərqin gözündən götürülən pərdə - ilk operamız...

Bəllidir ki, Üzeyir Hacıbəyov xalqda musiqili səhnə əsərlərinə maraq oyatmaq məqsədilə Azərbaycan dilində milli opera yaratmaq qərarına gəlir. Bu işdə qardaşları Zülfüqar Hacıbəyov və Ceyhun Hacıbəyli, seminariya dostları, dövrün maarifçi ziyalıları, azərbaycanlı artistlər Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Əbdürrəhim bəy Haqverdiyev, Hənəfi Terequlov və başqaları ona yaxından kömək edirlər.

Ü.Hacıbəyovun 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulub. Hacıbəyov operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazıb. İlk tamaşaya istedadlı aktyor və rejissor Hüseyn Ərəblinski quruluş vermişdi. Dirijor isə yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyev idi. Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış etmişlər. Sonrakı tamaşalarda isə Hacıbəyov özü və onun yaxın dostu və məsləkdaşı bəstəkar Müslüm Maqomayev dirijorluq etmişlər.

"Ey Füzuli şeirinin bir bəstəkar qardaşı"

Bəstəkarın fikrincə, Füzuli poemasının ruhu, lirikası, "Leyli və Məcnun" poemasının romantizmi məhz muğam kimi möhtəşəm bir musiqi ilə təcəssüm oluna bilər. Operanın musiqisi əsasən muğam və təsniflər üzərində qurulub. "Leyli və Məcnun" ilə musiqi tarixində operanın yeni növü- muğam operası meydana gəldi. Üzeyir Hacıbəyovun məhz Füzulinin yaratdığı "Leyli və Məcnun" poemasına müraciətinin səbəbi ondan ibarət idi ki, bu əsər Azərbaycan dilində yazılaraq, Şərq ədəbiyyatının inkişafına böyük təsir göstərmişdi. Bu əsərdən parçalar peşəkar xanəndələr tərəfindən muğamlarda çox ifa olunaraq, xalq arasında geniş yayılmışdı. Azərbaycanda ilk opera olan "Leyli və Məcnun" xalq tərəfindən çox sevildi və bu günə kimi də Azərbaycan Opera və Balet Teatrının səhnəsində oynanılır. Azərbaycan operasının məhz Füzulinin "Leyli və Məcnun" poeması əsasında yazılması təsadüfi deyil. Üzeyir yaradıcılığında Füzuli poeziyasına çox dərin bir məhəbbət hökm sürürdü. Səməd Vurğun çox doğru olaraq Üzeyirə "Ey Füzuli şeirinin bir bəstəkar qardaşı!"deyə müraciət edirdi.

Məcnun rolunun ilk ifaçıları Hüseynqulu Sarabski olub. Daha sonra Sidqi Ruhulla, Xanlar Haqverdiyev, Əlövsət Sadıqov, Şirzad Hüseynov, Gülağa Məmmədov, Mais Salmanov, Qulu Əsgərov, Bakir Haşimov, Əli Mehdiyev, Arif Babayev, Baba Mirzəyev, Canəli Əkbərov, Səfa Qəhrəmanov, Alim Qasımov və Mənsum İbrahimov bu rolu ifa etmişlər.

Şanlı səhifə...

Üzeyir yaradıcılığını tədqiq edən, xüsusilə "Leyli və Məcnun" operası barədə yazanlar qeyd edir ki, yarandığı gündən sevilən, musiqisi və sözləri dillər əzbərinə dönən "Leyli və Məcnun" operası milli mədəniyyətimizin şanlı salnaməsinə çevrildi. Operanın səhnələşdirilməsində əsas problem Leyli rolunun ifaçısını seçmək idi. XX əsrin əvvəllərində Azərbaycanda səhnədə qadın aktrisaları problem olduğu üçün bu rolun ilk ifaçısı çayçı Əbdürrəhman Fərəcov seçilib. Bir dəfə Üzeyir bəy çayçıda olarkən çayçı işləyən birinin xoş zümzüməsini eşidir və onu teatra gətirərək Leyli rolunu ona təklif edir. İkinci tamaşada Fərəcov Leyli rolunu oynamaqdan imtina edir. Yenə də təsadüf nəticəsində Miri adlı bir şəxsə Leylini oynamaq həvalə edilir.

Sonralar Əhməd Ağdamski, Hüseynağa Hacıbababəyov və nəhayət qadın ifaçılardan Sona Hacıyeva, Məhbubə Paşayeva, Yavər Kələntərli, Gülxar Həsənova, Cahan Talışinskaya, Sima xanım, Simuzər Hətəmova, Rübabə Muradova, Sara Qədimova, Zeynəb Xanlarova, Rəsmiyyə Sadıqova, Flora Kərimova, Nəzakət Məmmədova, Səkinə İsmayılova, Qəndab Quliyeva, Yaqut Abdullayeva, Gülyaz Məmmədova, Nəzakət Teymurova, Gülüstan Əliyeva və Aygün Bayramova olmuşlar.

 

Şərqdən doğan ulduzlar...

Üzeyir Hacıbəyovun opera yaradıcılığı, təbii ki, yalnız "Leyli və Məcnun"la bitmir. Bəstəkarın bir-birinin ardınca bəstələdiyi operalar çoxdur. O, 1909-1915-ci illər arasında davamlı olaraq "Şeyx Sənan" (1909), "Rüstəm və Söhrab" (1910), "Şah Abbas və Xurşudbanu" (1912), "Əsli və Kərəm" (1912), "Harun və Leyla" (1915) muğam operalarının librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında yazıb. O, "Leyli və Məcnun"dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirib.

Xalq dastanı əsasında bəstələdiyi "Əsli və Kərəm" operasında Hacıbəyov muğamatla bərabər aşıq musiqisindən də istifadə edib.

Xalqın etirazını daşıyan "Koroğlu" operası...

1937-ci il keçmiş SSRİ-də ən mürəkkəb, ən çətin, ən ağrılı, deyərdim ki, qanlı-qadalı dövr kimi xarakterizə edilir. Stalinin repressiya maşını var gücü ilə işləyirdi. Azərbaycan ziyalıları, ədəbiyyat, elm adamları bu maşının bıçağından can qurtara bilmirdi. Saysız-hesabsız adlı-sanlı insan repressiyadan canını qurtarmadı. Təbii ki, bu illərdə Üzeyir Hacıbəyovun da başı üstə acı küləklər əsir, repressiya ona da diş qıcayırdı. Onu bu bəladan Allah xilas edib, yoxsa o da repressiya burulğanından xilas ola bilməzdi.

1937-ci ildə Azərbaycan musiqi mədəniyyətində, ictimai mühitində böyük bir hadisə baş verdi. Bütün SSRİ məkanında da bayram kimi qarşılandı bu hadisə. Üzeyir bəyin "Koroğlu" operası meydana çıxdı. Bəli, 1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında "Koroğlu" operası ilk dəfə tamaşaya qoyuldu. Xalq qəhrəmanlıq dastanının motivlərinə əsaslanan "Koroğlu" operası Azərbaycanda ilk klassik opera hesab olunur. Bu əsər Üzeyir Hacıbəyovun yaradıcılığının zirvəsini təşkil edir. Elə həmin il Üzeyir Hacıbəyov "Azərbaycan SSR xalq artisti" fəxri adına layiq görülüb.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan "Koroğlu" operasında Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaradıb.

"Koroğluyam Çənlibeldir oylağım"

O, "Koroğlu" operasında simfonik orkestrin tərkibinə Azərbaycan xalq musiqi alətlərini daxil edərək orkestrin rəngarəng səslənməsinə nail olub. Üzeyir bəy Azərbaycan musiqisində köklü dönüş yaratmış dahi bəstəkardır. O, XIX əsrin əvvəllərinədək şifahi xalq musiqi sənəti şəklində mövcud olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq məktəblərinin nailiyyətləri, forma və janrları ilə zənginləşdirib, Azərbaycan və ümumiyyətlə Şərq musiqisinin gələcək inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirib.

 

Ardı var...

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.- 25 sentyabr.- S.15.