Əzəmətli şəxsiyyətin
yaratdığı möhtəşəm əsərlər
qalereyası...
Üzeyir Hacıbəyovun milli musiqi sənətinin ayağa durub bütün dünyada özünü təsdiq etməsində əməyi böyükdür. Yəni peşəkar musiqimizin cığırını, yolunu o açıb. Əlbəttə, bu böyük şəxsiyyət olmasaydı, yəqin ki, biz də musiqi mədəniyyəti sahəsində axsayardıq. Azərbaycan professional musiqisini zirvələrə qaldırıb, orada yerini əbədi edib Üzeyir bəy. Bu zirvədə həm onun özü dayanır, həm də musiqimiz.
Keçən yazımızda "Koroğlu" operasının möhtəşəmliyindən danışdıq, bu gün də o hissəni davam etdiririk. Üzeyir musiqisi, Üzeyir sənətinin möhtəşəmliyi şahları, padşahları da ovsuna sala bilib.
Stalin Üzeyir bəydən nə istəyib?
1938-ci il Azərbaycan mədəniyyəti, incəsənəti,
ədəbiyyatı, rəqsi tarixində
sıçrayış ili kimi xatırlanır. Məlum
olduğu kimi, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan
incəsənəti dekadasında "Arşın mal alan", "Koroğlu" operaları
böyük maraqla qarşılanır. Hər
iki operaya baxan Stalin bəstəkarın
yaradıcılığına yüksək qiymət verir.
"Koroğlu"nu zamanında yaradılan
opera hesab edən Stalin Üzeyir Hacıbəyova məsləhət
görür ki, "Bir yox, iki belə opera yaratmaq
lazımdır".
Stalinin göstərişi ilə Azərbaycandan gələn
nümayəndə heyətinin şərəfinə ziyafət
təşkil edilir. Deyilənə görə, həmin məclisdə
Üzeyir Hacıbəyova yuxarı başda Stalinlə Mircəfər
Bağırovun yanında yer göstərilir.
Stalinin
heyrəti və heyranlığı...
Üzeyir
Hacıbəyovun "Arşın mal alan"
operettası əsasında çəkilən filmdən
heyranlıqla danışan Stalin Üzeyir bəylə xeyli
söhbət edir və söhbət əsnasında
"Arşın mal alan" operasına hələ
Gürcüstanda olarkən baxdığını bildirir,
"Arşın mal alan"dan parçalar da oxuyur.
Hacıbəyov həyatının son illərində
"Firuzə" operası üzərində işləyib. Bu bitməmiş
operadan təkcə Firuzənin ariyası qalıb.
Musiqili
komediyalar
Üzeyir bəy Azərbaycan musiqisində köklü
dönüş yaratmış dahi bəstəkardır. O, 19-cu əsrin əvvəllərinədək
şifahi xalq musiqi sənəti şəklində mövcud
olan Azərbaycan milli musiqisini Qərbi Avropa bəstəkarlıq
məktəblərinin nailiyyətləri, forma və
janrları ilə zənginləşdirib, Azərbaycan və
ümumiyyətlə Şərq musiqisinin gələcək
inkişaf perspektivlərini, estetik prinsiplərini müəyyənləşdirib.
Hacıbəyov həm də böyük
musiqişünas alim idi. O, müasir Azərbaycan elmi
musiqişünaslığının əsasını qoyub,
musiqiyə dair çoxlu məqalələr yazıb, tədqiqatlar
aparıb.
Əvvəlcədən qeyd etdim ki, müsəlman Şərqində
ilk operetta da Üzeyir Hacıbəyovun adı ilə
bağlıdır. Bəstəkarın ilk musiqili
komediyası üç pərdədən ibarət
"Ər və arvad"dır. Bu əsər
Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub.
Rollarda H.Sarabski (Mərcan bəy),
Ə.Ağdamski (Minnət xanım) və başqaları
çıxış etmişlər. Komediyalarının
mətnini də Üzeyir bəy özü yazıb.
O
olmasın, bu olsun...
1910-cu ildə Üzeyir Hacıbəyov "Ər və
arvad"dan sonra ikinci operettası-"O olmasın, bu
olsun"u yazır. İlk tamaşa 1911-ci il aprelin 25-də
(mayın 8-də) Bakıda, Mayılov qardaşlarının
teatrında olub. Əsərin musiqi partiyası ənənəvi
xalq mahnı-rəqs havalarına əsaslanan orijinal parodiya
üzərində qurulub. "Uzundərə"
lirik xalq rəqsinin bir qədər dəyişdirilən
melodiyasından istifadə olunub və Məşədi
İbadın ilkin xarakteristikasını verən "Mən nə
qədər, nə qədər qoca olsam da" mahnısı
bu yöndəmsiz, çirkin tacirin ifasında ifrat
mübaliğəli səslənir. Əsərin
sonuncu pərdəsində təkrarlanan bu mahnı Məşədi
İbadın mənəvi məğlubiyyətini göstərir.
Sonralar "O olmasın, bu olsun" musiqili
komediyası müxtəlif dillərə tərcümə
olunaraq Qafqazyanı ölkələrdə, eləcə də
Türkiyədə, Bolqarıstanda, Yəməndə və
digər məmləkətlərdə tamaşaya qoyulub.
Dünya
şöhrətli "Arşın mal alan"
Üzeyir
Hacıbəyovun üçüncü və sonuncu musiqili
komediyası "Arşın mal alan"dır.
"Arşın mal alan" musiqili
komediyasında inqilabdan əvvəlki Azərbaycan məişəti,
xalq adət və ənənələri əksini tapıb.
Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq
üçün Moskvaya gedib, həmin il
burada Filarmonik Cəmiyyətin musiqi kurslarında, 1913-cü
ildə isə Peterburq Konservatoriyasında oxuyub. Peterburq
dövrü Hacıbəyovun yaradıcılığında
mühüm rol oynayıb, o, "Arşın mal alan" musiqili komediyasını məhz burada
yaradıb. Üzeyir Hacıbəyovun
yazdığı bu operetta 70-ə yaxın xarici dilə tərcümə
edilib, 100-dən çox teatrın səhnəsində
oynanılıb. "Arşın mal alan"
beş dəfə ekranlaşdırılıb, dəfələrlə
qrammafon valına yazılıb.
"Arşın
mal alan" musiqili komediyası əsasında
ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.
İkinci
dəfə 1917-ci ildə Sankt-Peterburqdan gəlmiş Q.Beyyatov
"Arşın mal alan"ı yenidən
ekranlaşdırmışdı. Lakin o bu
işi görərkən nə müəllifdən icazə
almış, nə də onunla məsləhətləşmişdi.
Bu səbəbdən də cəmi iki gün
nümayiş etdirilən film ekrana buraxılmayıb.
Üçüncü dəfə isə 1937-ci ildə
ABŞ-da yaşayan R.Mamulyan adlı bir erməni rejissor
"Arşın mal alan"ı Üzeyir
Hacıbəyovdan icazə almadan ekranlaşdırıb. Filmdə Azərbaycan bəstəkarının
adını göstərməyib. Dördüncü dəfə
"Arşın mal alan" 1945-ci ildə
Bakı Kinostudiyasında ekranlaşdırılıb və bu
musiqili film də dünyada geniş şöhrət
qazanıb. Baş rolda Rəşid Behbudov
çəkilib. Lakin əsərlərinə kimlərinsə
düzəliş etməsi ilə heç cür
barışmayan Üzeyir bəy "Arşın mal alan" bədii filmindən narazı
qalmışdı. Filmə baxış sona yetəndən
sonra Üzeyir bəy söz alaraq deyib: "Mənim
övladım yoxdur. Əsərlərim mənim
övladlarımdır. Heç kimin onlara
toxunmağa haqqı yoxdur".
1965-ci ildə
isə "Arşın mal alan" musiqili
komediyası Bakıda yenidən ekranlaşdırıldı. Bu rəngli, musiqili filmin rejissoru Tofiq Tağızadə,
musiqi redaktoru Fikrət Əmirov idi. Bu film
uğurlu alınmışdı. Baş
rolun ifaçıları Həsən Məmmədov, Murad
Yegizarov, Nəcibə Məlikova, Leyla Şıxlinskaya
tamaşaçıları valeh edib. Hacıbəyovun
"Arşın mal alan" musiqili
komediyası ingilis, alman, çin, ərəb, fars, polyak,
ukrayna, belarus, gürcü və s. dillərə tərcümə
edilib.
Üzeyir
Hacıbəyovun xor, simfonik əsərləri, bəstələri...
Üzeyir Hacıbəyovun çoxşaxəli
yaradıcılığında musiqinin bütün
janrlarına rast gəlirik. Bu məsələyə
geniş münasibət bildirməzdən öncə qeyd edək
ki, Azərbaycan Xalq Cumhuriyyətinin dövlət himninin musiqi
müəllifi də Üzeyir bəy olub. Bu
gün də həmin himn müstəqil Azərbaycan dövlətinin
himnidir.
Onun
1919-cu ildə Əhməd Cavadın sözlərinə bəstələdiyi
"Azərbaycan", sözləri də özünə məxsus
olan "Milli marş",
1930-cu ildə yazdığı "Himn" (sözləri
Üzeyir Hacıbəyovundur), 1934-cü ildə M. Firdovsinin
1000 illiyinə həsr etdiyi "Kantata", "Qızıl əsgər
marşı" (sözləri Məmməd Səid
Ordubadinindir) demək olar ki, hər gün səslənir. Bundan başqa, bəstəkarın
1936-cı ildə "Azərbaycan xalq mahnılarının
xor üçün işləmələri", Xalq
çalğı alətləri ansamblı və ya
fortepianonun müşayiəti ilə xor üçün
("Ay bəri bax", "Gedək gəzək
bağçada", "Aman nənə", "Nə
gözəldir", "Lolo", "Sən gözəl",
"Ləlli") hazırladığı xalq
mahnıları da səsləndirilir.
Bəstəkar
"Süvari marşı", "Piyadalar marşı",
1938-ci ildə yazdığı "Kantata" (sözləri
Süleyman Rüstəmindir),
Mirzə Fətəli Axundovun anadan olmasının 125
illiyi münasibətilə (cözləri H.Natiqindir) 1939-cu ildə
bəstələdiyi "Kantata", 1942-ci ildə
yazdığı "Vətən və cəbhə"
kantatası (sözləri Üzeyir Hacıbəyovundur),"Ey
Vətən" (sözləri Səməd Vurğunundur). 1945-ci ildə bəstələdiyi
"Azərbaycan SSR Dövlət himni" (sözləri Səməd
Vurğun və Süleyman Rüstəmindir), "Qələbə
himni" ("Zəfər himni", sözləri Səməd
Vurğunundur), "Stalinə salam" ( sözləri
Süleyman Rüstəmindir), 1947-ci ildə yazdığı
"Kantata" ( Nizami Gəncəvinin 800 illiyinə həsr
olunub, sözləri Süleyman Rüstəmindir) kimi əsərlərə
nəfəs verib.
Nizaminin qəzəl dühası Üzeyir Hacıbəyov
üçün yeni bir ilham mənbəyi olmuşdu. Nizami qəzəllərinin
dərin mənası bu qəzəllərə layiq musiqi əsərləri
yaratmağı tələb edirdi. "Sənsiz",
"Sevgili canan" kimi qəzəl incilərinə layiq
musiqi əsərləri yaradan böyük sənətkarımız
Üzeyir Hacıbəyov olub. Nizami
dühasına Üzeyir musiqisinin əlavə olunması təkrarolunmaz
romansların yaradılmasına səbəb oldu.
Üzeyir Hacıbəyovun ən çox müraciət
etdiyi şairlərdən biri Əhməd Cavad olub. Bu gün də
dillər əzbəri olan "Çırpınırdı
Qara dəniz" mahnısını 1918-ci ildə şairin
sözlərinə bəstələyib. 1927-ci ildə
"Yetim quzu" və "Bir quş düşdü
havadan", 1930-cu ildə H.Natiqin sözlərinə
yazdığı "Qara göz", 1932-ci ildə Məmmədhüseyn
Təhmasibin şeirinə bəstələdiyi
"Komsomolçu qız", "Süvari
mahnısı" (sözləri H.Natiqindir), Mirmehdi Seyidzadənin
sözlərinə yazdığı "Pilotlar",
"Bayram günü",
"Çağırış" (S.
Əliyevanındır)
"Şəfqət
bacısı" (sözləri Səməd Vurğunundur),
"Vətən ordusu",
"Yaxşı yol" (cözləri Süleyman
Rüstəmindir), "Ananın oğluna nəsihəti"
(cözləri aşıq Mirzə Bayramovundur),
"Döyüşçülər marşı"
(cözləri Səməd Vurğunundur) Üzeyir
yaradıcılığının qiymətli nümunələridir.
Üzeyir
Hacıbəyovun layiq görüldüyü ödüllər,
fəxri adlar
Üzeyir Hacıbəyov milli mədəniyyətimizin,
ictimai fikrimizin formalaşmasında önəmli roluna, çəkdiyi
zəhmətə görə hər zaman xalq tərəfindən
minnətdarlıqla anılıb. Öz dövründə də xalq məhəbbətini
hiss edib. Dövlət də onun əməyini
qiymətsiz qoymayıb. Əlbəttə,
Üzeyir bəyin xalqa xidməti təmənnasız idi və
onun bir məqsədi vardı. Onun tək
istəyi xalqı cəhalətdən, xurafatdan ayırıb
onu maarifləndirmək, yüksək bilik, intellekt sahibi etmək,
zəngin musiqi mədəniyyətinə sahib olduğunu təlqin
etmək idi.
Üzeyir
Hacıbəyov 1935-ci ildə SSRİ-nin əməkdar incəsənət
xadimi, 1937-ci ildə Azərbaycan SSRİ-nin xalq artisti, 1938-ci
ildə SSRİ-nin xalq artisti fəxri adlarına, 1941-ci ildə
"Koroğlu" operasına görə II dərəcəli
Stalin mükafatına, 1946-cı ildə "Arşın mal
alan" operettasına görə II dərəcəli Stalin
mükafatına layiq görülüb, 1938-ci ildə Lenin
ordeni, 1945-ci ildə isə Qırmızı Əmək
Bayrağı ordeni ilə təltif edilib.
Üzeyir
Musiqi Günü...
Bəllidir ki, Üzeyir bəyin doğum günü, yəni 18 sentyabr musiqi tariximizin ən ələmətdar tarixi kimi qeyd olunur. 1995-ci ildə sabiq Azərbaycan prezidenti mərhum Heydər Əliyevin Fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illiyi ərəfəsində 18 sentyabrın Üzeyir Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Qeyd edək ki, Üzeyirşünaslar bildirir ki, bu günün Milli Musiqi Günü adlandırılması səhvdir, bu mühüm tarix Üzeyir Musiqi Günü adlandırılmalıdır. Çünki tədbirin adı Heydər Əliyevin imzaladığı Fərmanda Üzeyir Musiqi Günü adlandırılır.
1995-ci ildən bu yana ənənəvi olaraq hər il onun doğum günü Azərbaycanda Musiqi bayramı kimi qeyd edilir. Onu da qeyd edək ki, Üzeyir bəyin vaxtilə adını daşıyan Bakı Musiqi Akademiyasının üstündən Üzeyir Hacıbəyovun adı götürülmüşdü. Lakin medianın və Akademiya rəhbərliyinin uzun illər göstərdiyi səy nəticəsində Üzeyir bəyin adı yenidən Bakı Musiqi Akademiyasına qaytarıldı. İndi bu ali musiqi ocağı Üzeyir bəyin adını daşıyır.
Onu da qeyd edək ki, artıq 2009-cu ildən başlayaraq Azərbaycanda Üzeyir Hacıbəyovun xatirəsinə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilir. Festivalda Azərbaycan bəstəkarları və musiqiçiləri ilə birgə yaxın və uzaq ölkələrdən gəlmiş musiqiçilər də iştirak edir.
Üzeyir Hacıbəyov Azərbaycan mədəniyyətinin, publisistikasının, ictimai fikrinin nəhəg siması kimi hər zaman xatırlanır. Çünki o, peşəkar musiqimizə böyük bir abidə qoyub.
Üzeyir bəy, "ölüm sevinməsin qoy!" Sevərək yaşayanlar, sevilərək ölənlər heç vədə unudulmur!
İradə
SARIYEVA
Bakı xəbər.-2014.- 26-28 sentyabr.- S.15.