Gənc nəslin milli-vətənpərvərlik ruhunda dövlət tərbiyə siyasətinin əsas istiqamətləri...

 

 Azərbaycanda gənc nəslin milli şüurda, eyni zamanda da vətənpərvərlik ruhunda yetişdirilməsi üçün həyata keçirilən dövlət siyasəti müsbət nəticələr verməkdədir. Məlumdur ki, gənclərin düşüncəsi, onları narahat edən məsələlər, qayğılandıran hallar çoxdur. Bu çətinliklər də dövlət tərəfindən aradan qaldırılmağa başlayıb. Ekspertlər bildirir ki, gəncliyin inkişafı, onların problemlərinin həlli və perspektivdə atılacaq addımlar dövlətin bu təbəqəyə olan xüsusi diqqətinin nümunəsidir.

    Sosioloq Aytəkin Kamranqızının (Bağırova) sözlərinə görə, bunun nəticəsidir ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında Bakıda Gənclər Mərkəzinin və regionlarda "Gənclər evi"nin inşa edilməsi, Gənclər Fondunun yaradılması, gənclərin asudə vaxtının təşkili, onların məşğulluğunun təmin edilməsi və s. işlərin görülməsi nəzərdə tutulub. Sözügedən proqram ölkə başçısının gənclərə diqqət və qayğısının bariz nümunəsidir. Onu da deyim ki, artıq bu proqramlar yüksək səviyyədə icra olunmaqdadır. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrasına dövlət büdcəsindən 80 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Məsələ ondadır ki, 2005-2009-cu illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramına büdcədən 8 milyon 375 min 385 min manat ayrılmışdısa, yeni proqrama görə 80 milyon manat vəsait ayrılması planlaşdırılır. Bu da əvvəlki proqrama nisbətən təxminən 10 dəfə artıq göstəricidir. Bunun gənclərin milli mənlik şüurunun dərkində və vətənpərvərlik hisslərinin güclənməsində əhəmiyyəti böyükdür. Ümumən dövlətin gənclər siyasəti daha da gücləndirilib və gənclər proqramının təsdiqlənməsi də gənclərə dövlət qayğısının artdığını göstərir. Digər vacib məqam gənclər siyasətinin həyata keçirilməsi üçün infrastrukturun inkişafı ilə bağlıdır. Belə ki, sözügedən proqram çərçivəsində Bakıda Gənclər Mərkəzinin və 10 rayonda "Gənclər evi"nin tikintisi nəzərdə tutulur. Təsadüfi deyil ki, görülən bu işlər çərçivəsində artıq 12 rayonda "Gənclər evi" fəaliyyət göstərir. 2012-ci ildən başlayaraq, ölkənin bir rayonya şəhəri "Gənclər paytaxtı" elan edilməyə başlayıb. Bunun üçün gənclərin istəkləri nəzərə alınmaqla, müsabiqə, səsvermə keçirilib, paytaxtda gənclərlə bağlı tədbirlər inkişaf etdirilib. Həmin rayon gəncləri sahəsində təcrübə əldə edir. Digər tərəfdən, Azərbaycan dövləti "qara qızılın insan kapitalına çevrilməsi" kontekstində geniş biliklərə və dünyagörüşünə malik yeni kreativ nəsil gənclərin formalaşmasına xüsusi önəm verir. 2007-ci ildə qəbul edilmiş və gənclərin müxtəlif xarici ölkələrin təhsil ocaqlarında təhsilini davam etdirməsini nəzərdə tutan Dövlət Proqramı bu istiqamətdə atılan mühüm addımlardan biridir. Sözügedən proqram uğurla davam etdirilir və təhsil almağa göndərilən tələbələrin sayı ildən-ilə artır. Görülən bu işlər çərçivəsində bu gün xarici ölkələrdə müxtəlif proqramlar üzrə 10 minə yaxın tələbə təhsil alır. Bu, yeni yaradıcı düşüncə, yeni dünyagörüşü, eyni zamanda Azərbaycan dövlətçiliyinə xidmət edəcək mühüm kadr potensialıdır". 

  Ekspert dedi ki, bütövlükdə "Gənclər evi"nin inşa edilməsi haqqında sərəncam ən əlamətdar hadisələrdəndir. Onun sözlərinə görə, bu, gənclərlə işin yeni müstəvidə qurulmasına, onların ictimai həyatın bütün sahələrində fəal iştirak etməsinə və yeni inkişafın əsas qüvvəsinə çevrilməsinə imkan verir: "2011-ci ilin aprelində Prezident gənclərlə görüşündə bu istiqamətdə fəaliyyətin gücləndirilməsini və gənclərə dövlət qayğısının artırılmasını əsas vəzifə kimi qeyd edib. Bu məqsədlə gənclərin peşə hazırlığının təkmilləşdirilməsi, gənclər evlərinin yaradılması, Gənclər Mərkəzinin tikilməsi nəzərdə tutulub. Reallıq odur ki, qısa müddət ərzində Azərbaycan istər siyasi, iqtisadi, sosial, istərsə də demokratiya sahəsində böyük inkişaf yolu keçib. Əldə edilən sabitlik siyasiiqtisadi islahatların həyata keçirilməsinə və Azərbaycanın öz milli xüsusiyyətlərinə uyğun yeni inkişaf modelinin özünü təsdiq etməsinə rəvac verib. Bazar iqtisadiyyatına keçidi başa vuran Azərbaycan bu gün kapital idxal edən ölkədən kapital ixrac edən ölkəyə çevrilib. Azərbaycanın özəl və dövlət şirkətləri dünyanın müxtəlif ölkələrində sərmayələr yatırır, milli ideyaların daşıyıcılarına çevrilir. Dövlət büdcəsi müstəqilliyin ilk illəri ilə müqayisədə 1000 dəfə artıb. Daxili imkanlar hesabına həyata keçirilən investisiya layihələri, iqtisadi fəaliyyət istiqamətlərinin genişlənməsi iqtisadiyyatın çoxşaxəli inkişafına xidmət edib. Qloballaşan müasir dünyada texnoloji tərəqqinin yeni nailiyyətləri kommunikasiya vasitələrinin şaxələnməsinə, internetin yaratdığı imkanlar sayəsində məlumatların daha sürətlə ötürülməsinə şərait yaradıb. Bu həm insanların şüurunda, həm də gündəlik həyatında dəyişikliklərlə müşahidə olunur. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı Prezident tərəfindən təyin edilən prioritet sahələrdən biridir. Bizim gələcək inkişafımızın möhkəm özüllər üzərində qurulmasının əsasını texnoloji tərəqqi təşkil edəcək". 

  A.Kamranqızının dediyinə görə, ümumilikdə ölkə daxilində bölgələrdə yaradılan "Gənclər evi"nin gənclərin milli mənlik şüurunun inkişafında və vətənpərvərlik hisslərinin güclənməsində böyük rol oynadığı bəllidir.    Ekspert hesab edir ki, gənclərin təbii potensialının reallaşdırılması baxımından "Gənclər evi"nin yaradılması çox müsbət addımdır: "Azərbaycan dövlətinin gənclərlə bağlı yürütdüyü siyasət göz qabağındadır. Gənc nəslin bütün istiqamətlərdə önə çıxmasına nail olmaq istəyi dövlət siyasətinin prioritet istiqamətidir. Təbii ki, gənclər siyasətinin ən aparıcı istiqamətlərindən biri də gənclərin mənəvi tərbiyəsinə nail olmaq, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasını təmin etməkdir. İstedadlı gənclərə dövlət qayğısının göstərilməsi, gənclərin sağlamlığının qorunması, gənclərin məşğulluğunun təmin edilməsi və digər istiqamətlər "Gənclər evi"nin yaradılmasını özündə birləşdirir. Bələ mərkəzlərin yaradılması ilk növbədə gənclərin asudə vaxtının səmərəli keçirilməsinə kömək edir, onların zərərli vərdişlərə qoşulmamasına yardımçı olacaq və təbii ki, bütün bunların gənclərin vətənpərvərlik hisslərinin formalaşmasına, milli şüurlarının inkişafına böyük töhfəsi olur".    A.Kamranqızı dedi ki, bölgələrdə yaradılan və yaradılacaq "Gənclər evi"ndə gənclərin sosial problemlərinə də diqqət yetirilir. Onun sözlərinə görə, bölgələrdə olan gənclərin problemlərinin vahid mərkəzdə cəmləşməsi onların həllini də asanlaşdırır: "Bölgələrdə sosial müdafiəyə ehtiyacı olan gənclər çoxdur. Onların bu mərkəzlərə edəcəyi müraciətlər vahid mərkəzdə cəmləşəcək və lazımi istiqamətdə koordinasiya ediləcək. Düşünürəm ki, "Gənclər evi"nin gənclərə hərtərəfli köməyi olacaq. Bilirsiniz ki, biz sürətli informasiya dövründə yaşayırıq. Bu cür mərkəzlər vasitəsilə region gənclərinin beynəlxalq münasibətləri də gücələnmiş olacaqdünya ölkələri ilə təcrübə mübadiləsinin aparılmasına şərait yaradacaq".   

Müsahibimiz dedi ki, belə təsisatların yaradılması bölgə gənclərinin hərtərəfli inkişafına olduqca müsbət təsir edir. Bölgələrdə tikilən və tikilməkdə olan "Gənclər evi"ndən danışan A.Kamranqızı bildirdi ki, Gəncədə belə bir ev artıq inşa olunub: "Sevindirici haldır ki, yeni tikilən "Gənclər evi"ndən biri də Gəncə şəhərindədir .Deyim ki, şəhər rəhbərliyi tərəfindən mərhum Heydər Əliyevin adını daşıyan parkda "Gənclər evi"nin tikintisi üçün 5 hektar ərazi ayrılmışdı. Tikilən mərkəz 4 mərtəbədən ibarətdir. Onun daxilində gənclər üçün müxtəlif imkanlar yaradılıb. Tikilən bina bir növ gənclərin resurs mərkəzi rolunu oynayır. Bu mərkəzin bölgə gənclərinin asudə vaxtının səmərəli təşkil edilməsində də əhəmiyyəti böyük olacaq və gənclər üçün ən müxtəlif əyləncə yerləri yaradılıb. Tikilən binada, həmçinin, qərargahı olmayan gənclər təşkilatlarına da fəaliyyət göstərmək üçün ofislərin verilməsi nəzərdə tutulur. Burada o cümlədən beynəlxalq tədbirlərin keçirilməsi üçün də şərait yaradılıb. Bir sözlə, "Gənclər evi"nin yaradılması ideyası olduqca gözəl təklifdir və bütün bölgə gəncləri dövlətin onlara yönəlik apardığı bu sayaq işləri ürəkdən dəstəkləyir".  

 Gənc Liderlər Təhsil-Təlim və İnkişaf İctimai Birliyinin rəhbəri Səbinə Ələkbərova bildirdi ki, dünya praktikasında gənclər üçün belə mərkəzlərin yaradılmasının gözəl effekti olub: "Mən Strasburqda oxşar mərkəzdə olmuşam. Həmin mərkəzdə müxtəlif ölkələrdən gələn gənclərin bir-biri ilə fikir mübadiləsi aparması üçün gözəl şəraitin olduğunu gördüm. Belə "ev"lərin həm də gənclərin asudə vaxtının səmərəli keçirilməsi baxımından böyük önəmi var. Bu yaxınlarda gənclər və idman nazirinin müavini Gəncədə keçirdiyi görüşdə bizə məlumat verdi ki, bu bölgədə də bir neçə "Gənclər evi"nin tikintisi planlaşdırılır. Artıq Hacıkənd qəsəbəsi və Gəncə şəhərində belə mərkəzlərin tikintisinə start verilib. "Gənclər evi"nin yaradılması bu sahədə atılan çox önəmli və uzaqgörən bir addımdır. Bu günə kimi bütün QHT-lərdə təmsil olunan gənclərin ümumilikdə hansısa bir görmək, tədbir keçirmək üçün məkan problemi olub. Zaman-zaman bu problem gənclərin aktiv fəaliyyətinə müəyyən maneçilik yaradıb. Görüşlər, tədbirlər keçirmək üçün gənclər məkan problemi ilə üzləşirdi. Ona görə də adıçəkilən evlərin yaradılması çox önəmli bir hadisədir. Sözügedən evlərin yaradılması həm də gənclərin milli mənlik, vətənpərvərlik şüurunun inkişafına təkan verir".  

 Onun sözlərinə görə, həmin evlərdə gəncləri milli qəhrəmanlarla, iş fəaliyyətində uğur əldə edən insanlarla görüşdürmək olar. Ekspert qeyd edib ki, gənclər üçün stimul ola biləcək bu görüşlərin əhəmiyyətini kiçiltmək olmaz. Həmin evlər onlarda vətənpərvərlik hisslərinin daha da yüksək səviyyəyə çatdırılması baxımından önəmli bir məkan olduğunu təsdiqləyir.

 

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.-9 yanvar.-S15.