Gənclik mənəvi formalaşma
prosesində sosial
şəbəkə imkanlarından düzgün bəhrələnə bilirmi?
Azərbaycan gəncliyi
son illər yeni əhval-ruhiyyə,
yeni ovqatla öz fəaliyyətinə başlayıb. Son illər ölkəmizdə gənclərlə
bağlı həyata keçirilən işlərin
hamısı onların gələcəyini düzgün
istiqamətdə qurmasına hesablanıb. Maraqlıdır ki, gənclərin formalaşma
prosesində bir sıra amillər
başlıca rol oynayır. Bu amillər bir-birinə təkan verərək
gənclərin düzgün şəkildə
yetişməsinə şərait yaradır. Müasir gənclərin vətənpərvərlik və milli mənlik şüuru
üzərində formalaşması üçün
dövlət miqyasında görülən işlər nəticəsiz
deyil. İnformasiya cəmiyyətində
yaşayırıq və bir vətəndaş
olaraq hərtərəfli məlumat almaq imkanlarımız genişdir.
Bu da bizim
çiynimizə həm də böyük
məsuliyyət qoyur. Faktdır ki, Azərbaycanda internet
imkanlarından, xüsusən də sosial
şəbəkələrdən istifadə edənlərin
sayı günbəgün artır. Bunların da
sırasında gənclər çoxluq təşkil
edir. Sirr deyil ki, gənclər
kütləvi olaraq sosial
şəbəkələrdən yararlanırlar. Azərbaycanda informasiya-kommunikasiya
texnologiyalarının (İKT) sürətli inkişafı, bu sahədə əldə edilən nailiyyətlər
gənclərin qarşısında yeni
üfüqlər açır.
Gənclərin sosial şəbəkələrdən
nə kimi məqsədlərlə istifadə
etməsi xeyli müzakirələrə yol açır. Gənclik mənəvi formalaşma prosesində sosial
şəbəkə imkanlarından düzgün
bəhrələnə bilirmi? Əslində, bu
sualın özü də çoxşaxəli
cavabı olan bir sorğudur. Gənclərin sosial
şəbəkələrdən istifadə məsələsinin
onların mənəvi formalaşma
prosesinə necə təsir etdiyini bilmək
elə də çətin deyil. Sadəcə,
bir qədər həssaslıq və
müşahidə tələb edən məqamdır. Sosial şəbəkə
burulğanı... Sosial şəbəkənin gənclərimizi
öz cazibəsinə saldığı bəllidir.
Azərbaycanda sosial şəbəkələrdən
istifadə gənclərin həyatında həm mənfi, həm
də müsbət izlər buraxıb. Bir
zamanlar gənclər sosial
şəbəkələrdən istifadə qaydalarını
elə də bilmirdi. Bu
da mövcud sahədə
maarifləndirmə işinin zəif
olması və məlumatlandırmanın aşağı həddə
olması ilə bağlı idi. Qeyd edək ki, sosial şəbəkələrdən istifadə
əvvəlki illərdə o qədər
kütləvi olmasa da,
var idi. Bu da bəzi gənclərin
sosial şəbəkələrdə
müxtəlif təsirlərə məruz qalması ilə nəticələnirdi.
Ümumiyyətlə, sosial şəbəkələri
bir növ burulğana bənzətmək olar.
Orada işləməyi, məqsədyönlü
çalışmağı bilməsən, yad
təsirlərə məruz qala bilərsən.
Bəllidir ki, hazırda yüzlərlə
sosial şəbəkə, internet saytı var ki, orada Azərbaycan gəncləri
də öz fəallıqları ilə seçilir. Düzdür,
burada milli şüurumuza, milli dəyərlərimizə
zidd olan saytlar və şəbəkələr də var, təəssüf ki, bəzi
gənclərimiz bu sosial
şəbəkələrin burulğanına
düşüblər. Bu da
onların vətənpərvərlik hisslərindən
uzaqlaşmasına gətirib çıxarır. Sözsüz ki, milli mənlik şüuru
olmayan bir gənc heç vaxt vətənpərvər
ola bilməz. Hansı gənclərdə ki, milli şüur
var, o birmənalı olaraq vətənpərvər olur. Sosioloq Təranə
Musalının sözlərinə görə, Azərbaycanda sosial şəbəkələrdən kütləvi
istifadənin yaşı elə çox olmasa da, gənclər
artıq ondan istifadə qaydalarını tam mənimsəyib: Sosial
şəbəkələr nəinki gənclərin, eləcə
də orta nəslə mənsub olan bizlərin həyatına daxil
olub. Gənclərimiz sosial
şəbəkələrdən çox
geniş surətdə istifadə edir. Bilirsiz, əvvəllər
sosial şəbəkələrdən
istifadə qaydaları sahəsində maarifləndirmə işi zəif idi. Bu da gənclərimizin
özləri də bilmədən müxtəlif qrupların,
sektaların təsirinə düşməsinə səbəb
olurdu. Bu gün də o problem var, amma
geniş mənada götürdükdə
indi gənclər sosial
şəbəkələrdən daha məqsədyönlü
qaydada yararlana bilir. Gənclik mənəvi formalaşma
prosesində sosial şəbəkə
imkanlarından düzgün bəhrələnə
bilirmi? Deyə bilərəm ki, informasiya cəmiyyətində
yaşamaq gənclərin həyatında
müsbət rol oynayıb". Sosial şəbəkələr
milli şüurumuzda
hansı təsirlər yaradır?
Gənclərin sosial şəbəkələrdən
istifadə etməsinin xeyirli tərəflərindən
danışan sosioloq dedi
ki, bu gün
internetdə müxtəlif təbliğat çarxları
işlək vəziyyətdədir. Sosial
şəbəkələrin qarışıq virtual
aləm olduğunu deyən T.Musalı hesab edir ki,
bu mürəkkəblikdə Azərbaycan
gəncliyi çoxluq olaraq
işıq gələn tərəfə gedir
və bunda israrlıdır: "Sosial şəbəkələrin
qarışıq bir aləm olduğu bəllidir. Burada
hər kəs öz tərbiyəsinə uyğun hərəkət edir.
Sosial şəbəkələrdən
istifadə edən gənclərin imkanları, alternativ
seçim imkanları xeyli
çoxalıb. İnformasiya
texnologiyalarının inkişafı imkan
verir ki, gənclər
burada daha çox milli şüurla bağlı informasiya
alsın. Nəzərə alsaq
ki, hazırda sosial
şəbəkələrdə Azərbaycanın tanınan
siyasətçilərinin, alimlərinin, filosoflarının,
sosioloqlarının, şair-yazıçılarının səhifələri
var və bu səhifələrdə
də milli şüurun
formalaşmasına təkan verən, onu
gücləndirən kifayət qədər etibarlı
yazılar, istiqamətlər var. Gəncliyimizin
imkanı var ki, vətənpərvərlik
hisslərini daha dərindən mənimsəsinlər.
Bilirik ki, Azərbaycan
dövlətinin həyata keçirdiyi gənclər
siyasəti gənclərin həyatını inkişafa
doğru aparan bir mexanizmə çevrilib.
Təbii, gənclərin sosial şəbəkələrdən
azad, maneəsiz şəkildə bəhrələnməsi,
İKT nailiyyətlərinə yiyələnməsi dövlətin
gənclər siyasətilə uzlaşan
amillərdən biridir. Sosial
şəbəkələrdə Azərbaycan xalqının qədim
tarixindən başlayaraq
günümüzə qədər olan bütün hadisələrlə bağlı aşkar, qərəzsiz məlumatlar var. Bu da
gənclərimizdə milli şüurun formalaşmasına böyük təkan verir.
İnternetdə elə saytlar var ki, o
saytlar birbaşa gənclərimizin
milli tərbiyəsində, mənəvi
formalaşmasında böyük rol oynayır. Sevindirici
haldır ki, vətən tarixilə
bağlı çox sanballı informasiyalar, ayrı-ayrı dəyərli
insanların həyat-fəaliyyət dastanı sosial
şəbəkələrə yol
açıb. Bu da çox gərəkli bir
məsələdir. Sosial şəbəkələr
gənclərin şüuruna müsbət
mənada da təsir edir.
Sosial şəbəkələrdə Azərbaycanla,
onun mədəniyyəti, durumu
barədə real məlumatlar gənclərimizin
diqqətini cəlb edir". Gənclər sosial
şəbəkələr vasitəsilə necə vətənpərvər
ola bilər?
Hərbçi Kamil Zamanov bizimlə söhbətində bildirdi ki, keçmişdə
gənclərdə milli mənlik şüurunun, xüsusən də vətənpərvərliyin
formalaşdırılması üçün
iş görmək daha
böyük vaxt və
geniş imkan tələb
edirdi. Onun
sözlərinə görə, hazırda sosial
şəbəkələrin verdiyi imkanlardan səmərəli istifadə etməklə
sözünü gəncliyə deyə
bilərsən: "Milli şüur
məsələsi bu gün
çox ciddi bir məsələ kimi
gündəmdədir. Milli şüur
tərbiyəsinin gənclərdə
formalaşdırılması üçün
ən böyük işi
dövlət görür. Dövlətin
həyata keçirdiyi işlər sayəsində
gənc nəsildə milli mənlik şüurunun formalaşması yüksək
səviyyədə gedir. Əvvəlki zamanda gənclərə bu
hissləri aşılamaq üçün
böyük çətinliklərlə
qarşılaşırdıq. Rayonlara, kəndlərə
gedirdilər, orada günlərlə
mühazirələr oxuyur, tədbirlər
keçirirdilər. Yəni təbliğat bu
formada olurdu. O da təbii ki, müxtəlif
çətinliklər yaradırdı. Bir
pedaqoqun, şairin,
yazıçının, professorun
bölgələrə gedib
qayıtması böyük vaxt itkisi idi.
Ancaq hazırda sosial
şəbəkələrin, internetin
imkanları genişlənib. Bu da alimlərin, ideoloqların, ictimai-siyasi insanların təbliğat üçün bölgələrə getməsinə
o qədər də ehtiyac
olmadığını şərtləndirir. İndi
çox rahatlıqla sosial
şəbəkələrdən istifadə edərək gəncliyə
düzgün yolu
göstərmək olar. Bu gün sosial
şəbəkələrdə kifayət qədər
ağıllı, düşüncəli, vətənpərvər
gənclər var. O gənclər sosial şəbəkələrdə Azərbaycanla
bağlı böyük işlər
görürlər. Müşahidəm nəticəsində mənə
aydın oldu ki, belə
gənclərin sırası günbəgün artır. Sosial şəbəkələrdən istifadə
etməklə müxtəlif şəhər və rayonlarda, ölkələrdə yaşayan gənclər bir-birilə əlaqə
saxlayırlar. Bu əlaqələr sağlam müstəvidə olduğu
üçün çox
sevindiricidir. Sosial
şəbəkələrdə vətənpərvərliyi təbliğ
edən şəxslər çoxdur və
gənclər də o qruplarda
fəallıqları ilə seçilir. Bu gün Milli
Qəhrəmanlarımızın, Qarabağ
müharibəsi veteranlarının, şəhidlərinin həyatı,
döyüş yolu
ilə bağlı geniş məlumatlar var. Bu məlumatların son illər sosial şəbəkələrdə
geniş miqyas
alması müsbət haldır. Hesab edirəm
ki, sosial şəbəkələr
gənclərin milli şüurunun
düzgün istiqamətdə
formalaşmasında mənfi rol
oynamır. Çünki burada
mənfi təsirlərə qarşı sarsılmaz tərəf
olan məlumatlar, fikirlər, təbliğat
çarxları çoxdur. Vətənpərvərlik
hisslərinin təbliği üçün
mövcud durumda sosial şəbəkələr böyük işlər görür". Sosial şəbəkələr
vasitəsilə Azərbaycanı tanıdan gənclər... Müsahibimiz bildirdi ki, sosial
şəbəkələr həm də xaricdə
yaşayıb təhsil alan gənclərimizin
milli şüurunun
formalaşmasına böyük təkan verir. Onun dediyinə
görə, gənclər sosial şəbəkələr
vasitəsilə Azərbaycanı təbliğ etməkdə davam edir: "Vaxt vardı ki, Azərbaycanın
internetə çıxış imkanları elə də geniş deyildi. Gənclərimiz
bu şəbəkə vasitəsilə sözünü elə də deyə bilmirdi. Ancaq son illər internet
imkanlarının artırılması, sosial
şəbəkələrdən geniş
istifadə imkanları gənclərimizin həyatında böyük səhifələr açıb. Bu gün həm xaricdə,
həm də Azərbaycanda yaşayıb təhsil alan gənclər sosial
şəbəkələr vasitəsilə çox
böyük işlər görür.
Deyim ki, indi Azərbaycanla, Dağlıq Qarabağ problemi ilə, mədəniyyətimizlə,
iqtisadiyyatımızla, sosial-mənəvi həyatımızla
bağlı müxtəlif qruplar
yaradıblar. Bu qrupların bir neçə dildə fəaliyyət
göstərməsi imkan verir
ki, əcnəbilər də onlara üzv olub Azərbaycan düşüncəsini, mədəniyyətini
yaxından tanısın. Gənclərimizin milli
şüurunun formalaşması sayəsində
vətənpərvərlik hissləri özünü
geniş səviyyədə göstərir.
Hesab edirəm ki, sosial şəbəkələr vasitəsilə
vətənpərvərlik hissinə sahib
olan gənclər çoxdur.
Bu da o
deməkdir ki, gənclik mənəvi formalaşma prosesində sosial
şəbəkə imkanlarından düzgün
bəhrələnə bilir. Söhbət
burada çoxluqdan gedir. Gənclərin böyük
hissəsi artıq bu işin
bir milli prinsip olduğunu düşünür".
İradə SARIYEVA
Bakı xəbər. - 2014.-10-12
yanvar.- S.15.