Gənc istedadlara dövlət
qayğısı və istedad layihələri...
İstedad elə bir
keyfiyyət, göstəricidir ki, o hər uşaqda, məktəblidə
olmur. Etiraf edək ki, bu gün Azərbaycanda istedadlı
uşaqlar, şagirdlər çoxdur və onların da əksəriyyətində
vətənpərvərlik sevgisi yüksəkdir. Bəllidir
ki, istedadlı şagirdlərə həm valideynləri, həm
də təhsil aldıqları məktəb tərəfindən
qayğı bəslənməlidir. İstedadlı
şagirdlərin hər zaman qeydinə qalınmalıdır
ki, onlar həm bilik, həm yaradıcılıq, həm də
fərdi işlərində uğurlar əldə etsinlər.
İstedadlı şagirdlərin,
istedadlı gənclərin istedadının üzə
çıxarılması üçün Təhsil Nazirliyi
xüsusi layihələr həyata keçirir. Bu baxımdan
da istedadlı gəncləri həvəsləndirmək
üçün istər dövlət, istərsə də
hüquqi və fiziki şəxslər onlara böyük dəstək
verir. Bir müddət əvvələ qədər
istedadlı gənclərin dayaqları elə də
etibarlı deyildi, lakin dövlətin müdaxiləsi sayəsində
gənclərin qayğısına qalınmağa
başlanıldı. Sözsüz ki,
xüsusi istedada malik gənclərin fəaliyyətinin stimullaşdırılması,
onların innovativ ideyalarının, səmərəliləşdirici
təkliflərinin dəstəklənməsində biznes
strukturları xüsusilə maraqlı olmalıdır. Məsələyə dövlətin dəstəyilə
özəl qurumların dəstəyinin müqayisəsi
kontekstindən yanaşsaq, özəl qurumların geridə
olduğunun şahidi olarıq.
Təhsil
mütəxəssisi Qəndab Mirzəyeva bildirir ki, müasir
dövrdə artıq mübahisəsiz təsdiq olunub ki,
dövlətin gələcəyinin etibarlı təminatı
intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən
keçir: "Yəni elmin inkişafı dövlətin gələcəyi
deməkdir. Bu gün Azərbaycan gəncləri
ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə
fəal iştirak edir. Gənclərlə iş sahəsində
görülən tədbirlər onların inkişafına təkan
verir, cəmiyyətdə özlərini təsdiq etməsində
böyük rol oynayır. Ölkəmizdə gənc
nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların
sağlamlığının qorunmasına xüsusi
qayğı ilə yanaşılır. Azərbaycanın
aparıcı dövlətə çevrilməsi naminə gənclərin
imkanlarından daha səmərəli istifadə edilməsi, həmçinin
bunun üçün əlverişli şəraitin
yaradılması gənclər siyasətinin əsasını
təşkil edir. Bundan əlavə, gənclər
sahəsində dövlət siyasətinin uğurla həyata
keçirilməsi məqsədilə zəruri qanunvericilik
bazasının formalaşdırılması da təmin edilib.
Bunlardan biri də Azərbaycanın təhsil,
elm, texnika, mədəniyyət sahəsində xüsusi
istedada malik gənclərlə bağlı yeridilən
dövlət qayğısı siyasətidir. 1996-2002-ci
illərdə qəbul olunan "Bədən tərbiyəsi və
idman haqqında", "Gənc istedadlar üçün
xüsusi təqaüdlərin təsis edilməsi
haqqında", "Azərbaycanın gənc istedadlarına
dövlət qayğısı haqqında", "Dövlət
gənclər siyasəti haqqında" qanun, fərman və
sərəncamlar, habelə "Gənc ailə"
proqramı, "Gənclərdə vətənpərvərlik
və vətəndaşlıq hisslərinin yüksəldilməsi
haqqında", "İstedadlı yeniyetmələrin və
yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin
həllinə yönəlmiş, onların öz qabiliyyətlərini
inkişaf etdirməsinə kömək edən Dövlət
Proqramı", "Ordudan tərxis olunmuş gənclərin
məşğulluğu" Dövlət Proqramı bu qəbildəndir.
Qanunlar, fərman, sərəncam və dövlət
proqramları gənc nəslin mütəşəkkil qüvvə
kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən
tam yetkinləşməsinə, sosial problemlərinin həllinə,
faydalı məşğulluğunun təmin olunmasına təsir
göstərdi".
Bu siyasət 2003-cü ildə İlham Əliyev
Prezident seçiləndən sonra da davam edir. Dövlət
başçısının sərəncamına əsasən,
ali məktəblərə daxil olan və
650-dən çox bal toplayan 100 tələbəyə Prezident
təqaüdü verilir. Bu da qəbul
imtahanlarında iştirak edən gəncləri daha da həvəsləndirir.
Bəllidir ki, iqtisadi inkişafda
davamlılığın təminatı, qanunçuluğun,
dövlət idarəetmə sistemi üçün yüksək
ixtisaslı, bacarıqlı, intellektual səviyyəli, vətənpərvər
kadrların hazırlanması güclü təhsildən və
elmin inkişafından keçir. Bunu hər
kəs təsdiqləyə bilər ki, bunun bir mühüm
yolu da xüsusi istedada malik gənclərə hərtərəfli
şəraitin yaradılmasıdır. Müasir
dünyada inkişaf etmiş ölkələrin göstəricilərini
şərtləndirən faktorlardan biri də beyin mərkəzlərinin
təmərküzləşməsidir.
Təhsil
eksperti Qəndab Mirzəyeva fikrini davam etdirərək qeyd edir
ki, istedadlı gənclərə hərtərəfli
qayğı göstərilməlidir: "Bu da əsasən
ona görə lazımdır ki, Azərbaycandan digər
ölkələrə beyin axını güclənməsin.
Bilirik ki, son 10 ilə qədər Azərbaycandan xarici ölkələrə
çox güclü beyin axını baş verdi.
Gənc alimlər, xüsusi istedadı olan
adamların əksəriyyəti başqa məmləkətlərə
gedib öz enerjisini yadlara xərclədilər. Təbii ki, beyin axınının davamlı
olması ölkənin potensial imkanları üçün təhlükə
yaradır. Onu da qeyd edim ki, dövlət
siyasətinin ayrılmaz hissəsi olan təhsil bu gün həm
də iqtisadiyyatın gələcəyi ilə bağlı məsələdir.
Cəmiyyət həyatındakı sürətli
dəyişikliklər milli təhsil konsepsiyasının
müasirləşdirilməsini, bu sahədə
qabaqcıllıq ənənələrinin mənimsənilməsini,
eləcə də mənəvi-intellektual intibaha xidmət edən
siyasətin həyata keçirilməsini vacib məsələ
kimi önə çıxarır. Bununla
belə, ölkə Prezidenti tərəfindən irəli
sürülən vəzifələr müstəqil dövlətimizin
istedadlı gənclərinə hərtərəfli
qayğı göstərməsinin vacibliyini ortaya qoyur. Məhz təhsilin inkişafı Azərbaycanda milli
şüuru, ictimai rəyi dünyada gedən sürətli
proseslər səviyyəsinə qaldırır və ölkəmizin
inkişaf etmiş ölkələr arasında özünə
layiqli yer tutmasına təminat verir. Azərbaycanda
həyata keçirilən dövlət gənclər siyasəti
gənclərin hərtərəfli inkişafını, onların
cəmiyyət həyatında fəal iştirakını təmin
etməkdədir".
Göz önündədir ki, artıq Azərbaycan gəncliyi
cəmiyyətin inkişafında fəal sosial təbəqəyə
çevrilib. Bu təbəqə, demək
olar ki, bütün sahələrdə öz sözünü
deyir və potensial imkanlarını ortaya qoyur. Bu öz ifadəsini dövlət sənədlərində
də tapır. Azərbaycan Respublikası Prezidentinin
2005-ci il avqustun 30-da imzaladığı
"Azərbaycan Gəncliyi Dövlət Proqramının
(2005-2009-cu illər) təsdiq edilməsi haqqında" Sərəncamı
da gənclərə dövlət qayğısının
artırılması məqsədinə xidmət edir. Sərəncamda ölkəmizdə gənclərlə
bağlı dövlət siyasətinin əsas istiqamətləri
açıqlanıb. Bu proqramda
yaradıcı və istedadlı gənclərə, gənc
ailələrə dövlət qayğısının
artırılması, mənzil şəraitlərinin
yaxşılaşdırılması, gənclərin dövlət
quruculuğu işlərinə geniş cəlb olunması və
bu kimi məsələlər də diqqətdən
qaçırılmayıb. Proqrama nəzər
salsaq görərik ki, burada gənclərin sosial müdafiəsi,
məşğulluğunun təmin edilməsi,
yaradıcılıq axtarışlarının
stimullaşdırılması, milli ruhda təlim-tərbiyəsi,
hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi,
sağlam həyat tərzinin təbliği istiqamətində
tədbirlər həyata keçirilməsi təsbit olunub.
Sənədlərə fikir versək görərik
ki, gənclərin əsas fəaliyyəti 9 aprel 2002-ci ildə
qəbul olunmuş "Gənclər Siyasəti
Haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Haqqında
danışılan sənəddə nəzəri cəlb edən
nüanslardan biri də 6-cı maddədə öz əksini
tapır. Belə ki, orada, sosial və maddi
vəziyyətindən asılı olmayaraq, istedadlı və
yaradıcı gənclərin təhsilini davam etdirməsinə
dövlət təminat verir. Sosial
müdafiəyə ehtiyacı olan istedadlı gənclərə
təhsilini başa vurduqdan sonra qaytarmaq şərti ilə
qanunvericiliklə müəyyən edilmiş qaydada kreditlər
verilə bilər. Həmçinin,
istedadlı gənclərin təcrübə keçmələrinə
şərait yaradılması qanunda əks olunub.
Araşdırmamızdan bəlli olur ki, Azərbaycan
dövləti istedadlı gənclərin üzə
çıxarılması üçün bütün sahələr
üzrə lazımi qanunvericilik bazası yaradıb. "Bakı-Xəbər" qəzeti dəfələrlə
bu sahədə araşdırmalar aparıb və nəticələri
oxucularla bölüşüb. Bu da
faktdır ki, çoxları gənclər deyəndə
yalnız orta məktəbi bitirmiş yaş kateqoriyasına
aid olan sosial təbəqəni başa düşür. Ancaq Azərbaycanda gənc nəslin yaş həddi
14 yaşından götürülür. Qəzetimizin əməkdaşı
yazılarından birində göstərir ki,
başlanğıcın 14 rəqəmi olması o deməkdir
ki, Azərbaycan gəncliyinin əhəmiyyətli bir hissəsi
orta məktəb şagirdləridir: " Orta
məktəblərdə kifayət qədər istedadlı gənclərin
olması reallıqdır. Bu istedadların
tapılıb ortaya çıxarılmaması, onlara lazım
olan qayğının göstərilməməsi xüsusi
keyfiyyətlərə malik şagirdlərin itirilməsi ilə
nəticələnə bilər. Burada incə
məqam ondan ibarətdir ki, həm gəncliyin bünövrəsi,
həm də istedadın əsası orta məktəbdə
qoyulur. Bu günlərdə Təhsil Nazirliyi orta məktəblərdə
maraqlı bir layihəyə start verdi. Məqsəd
ölkə üzrə orta məktəblərdə
istedadlı şagirdləri müəyyənləşdirməkdir.Qeyd
edək ki, bu layihə çərçivəsində Azərbaycan
Təhsil Nazirliyi 2011-2012-ci tədris ili
üçün ölkədəki istedadlı şagirdlərin
sayını müəyyənləşdirib.İstedadlı
şagirdlərin seçimi 8, 9 və 10-cu sinif şagirdləri
arasında aparılıb. Hazırda ölkədə 1184
istedadlı 8-10-cu sinif şagirdi var. İstedadlı şagirdlərin
seçimi 4 fənn - kimya, biologiya, fizika və riyaziyyat
üzrə müəyyənləşir. Nazirlikdən
bildirilib ki, növbəti tədris ili
üçün respublika üzrə istedadlı şagirdlərin
müəyyənləşdirilməsi üçün
noyabrda müsabiqə keçiriləcək. Müsabiqədə
şagirdlərin istedad səviyyəsi görkəmli alimlər
tərəfindən hazırlanmış xüsusi testlər
vasitəsilə yoxlanacaq. Bunun üçün onlara 50
sualdan ibarət test xarakterli, nisbətən mürəkkəb
çalışmalar təqdim edilib".
Bu
cür layihələrin gənclərin mənəvi
formalaşmasında böyük rol oynadığını
önə çəkən Media və Təhsil
İnnovasiyalar Mərkəzinin rəhbəri Səidə
Hüseynova qəzetimizin keçən saylarından birində
deyib ki, Təhsil Nazirliyinin istedadlı şagirdlərin müəyyənləşdirilməsi
ilə bağlı həyata keçirdiyi layihə təqdirəlayiq
sayılmalı və dəstəklənməlidir: "Biz
apardığımız müşahidələrdən
görürük ki, yerlərdə olan təhsil şöbələrinə
bu barədə ciddi göstərişlər verilib. Orta məktəblərdə həddindən artıq
istedadlı uşaqlarımız var, sadəcə, onların
itib-batmasına imkan verməməliyik. Bu
layihə ilə artıq xeyli sayda belə şagird müəyyənləşib.
Orta məktəb şagirdləri bizim gələcəyimiz
sayılır. Onların tərbiyəsini,
təhsilini özbaşına buraxmaq olmaz. İstənilən istiqamətdə şagirdlər
dövlətin diqqətini, dəstəyini hiss etməlidir.
Xüsusilə gənc istedadların müəyyənləşməsi
olduqca əhəmiyyətli və həssas məsələdir.
Son vaxtlar görürük ki, orta məktəb
şagirdlərinin böyük əksəriyyəti internet
düşgünü olduğu üçün təhsildən
bir qədər aralı düşüb. Yaxşı
ki, Təhsil Nazirliyi bu layihənin icrasına başladı,
yoxsa vəziyyət get-gedə pisləşməyə
doğru gedirdi. Düşünürəm
ki, istedadlı şagirdlərin müəyyənləşməsi
istiqamətində aparılan işlər gənclərin
yetişməsində, mənəvi formalaşmasında olduqca
əhəmiyyətli rol oynayır".
Gənclərin təhsilə
cəlb edilməsi, onların müxtəlif bilik və fiziki tərbiyə
layihələrində iştirakı böyük fayda verir. Bu onlara hərtərəfli
hazırlıq təlqin edir və belə gənclərdə
milli şüur simptomları yüksək inkişaf edir, vətənpərvərlik
yüksək olur.
İradə SARIYEVA
Bakı xəbər.-2014.-15
yanvar.-S.15.