Mövludun mübarək, ya Peyğəmbər(ə)!

 

 İslam aləmi ortaq dəyərləri olan bir ümmət kimi yaxın günlərdə Peyğəmbər(ə)-nin mövludunu qeyd edəcək. Ayrı-ayrı xalqlara deyil, bütün bəşəriyyətə bir rəhmət olaraq göndərilən, yaşayan və Quran simvoluna çevrilən Məhəmməd(ə)-nin doğum günü 1 mlrd. 500 mln. müsəlmanın qəlbindəki iman nemətinin təntənəsidir.  

 Təsadüfi deyil ki, bəşərin iftixar tablosu, kainatın mayası və nüvəsi olan Peyğəmbər(ə)-nin həyat və yaradıcılığını öyrənən islamşünas və məhəmmədşünaslar həmişə olduğu kimi, bu gün də onun irsinə müraciət edirlər. 

  Məhəmməd(ə) peyğəmbərlərin sonuncusu, İslam dininin qurucusudur. Ərəb dilində Muhamməd kimi tələffüz olunan bu sözün mənası "çox təriflənən, çox öyülən" deməkdir. Özündən əvvəl bu ad heç kimə verilməyib.   

O, İbrahim(ə)-nin oğlu İsmayıl(ə) nəslindən olub, V əsrin əvvəlindən Məkkəyə rəhbərlik edən Qureyş qəbiləsinin Bəni-Haşim soyuna mənsubdur. Bir rəvayətə görə, Məhəmməd(ə) 570-ci ilin rəbiüləvvəl ayının 17-də bazar ertəsi günü, digər mənbə isə onun həmin ayın 12-də Fil müharibəsindən 50-55 gün sonra anadan olduğunu xəbər verir. Peyğəmbər(ə)-nin doğum ili barədə də yekdil fikir yoxdur. Bəziləri onun 569, digərləri isə 571-]i ildə anadan olduğunu iddia edirlər. Lakin qəbul olunmuş ümumi ənənəyə görə, Peyğəmbər(ə)-nin doğum tarixi 570-ci il hesab edilir. Mənbələrə görə, Məhəmməd(ə)-nin mövludunu bayram kimi qeyd etmək İslamın zühurundan 300-il sonra rəsmiləşdirilib. Qaynaqlar həmçinin iddia edirlər ki, onun anadanolma tarixi dəqiq bilinmədiyi üçün, həmin hadisə Peyğəmbər(ə)-nin vəfatı gününə uyğunlaşdırılıb.

 Ümumiyyətlə, İslamda ölüm tarixi əbədi həyatın başlanğıcı sayıldığından o, doğum günündən fərqli olaraq, daha yaddaqalan keçirilir. 

  Məhəmməd(ə)-nin anadan olduğu gün Kəbədəki bütlər üzü üstə düşüb, İrandakı Sahə gölü quruyub, atəşpərəstlərin məbədindəki tonqalın alovu sönüb. Maraqlıdır ki, əksər mənbələr Məhəmməd(ə)-nin doğumu, vəfatı, peyğəmbərliyə çatması və hicrətinin bazar ertəsi gününə düşdüyünü qeyd ediblər. 

  Peyğəmbər(ə)-nin atası Abdullah oğlunun dünyaya gəlməsindən bir neçə həftə əvvəl Mədinədə səfərdə ikən vəfat edib. O zamankı Ərəbistanın adətinə görə, yeni doğulmuş əsilzadə körpələr Məkkəyə nisbətən daha mülayim iqlimli bir yerdə yaşayan süd anasının himayəsinə verilirdi. Məhəmməd(ə) də Həlimə adlı bir qadına verilib. Və o, dörd il bu süd anasının yanında qalıb. Peyğəmbər(ə) anası Aminəni də tez itirib. O, 8 yaşında ikən babası Əbdül Mütəllib və onun vəfatından sonra əmisi Əbu-Talibin himayəsində olub. Belə ki, bir müddət əmisinin yanında ticarətlə məşğul olan Məhəmməd(ə) özünün düzgünlüyü, halallığı sayəsində Məkkə əhalisinin diqqətini cəlb etdiyi üçün, şəhərin ən varlı tacirlərindən olan Xədicə də öz ticarət işlərinin idarəsini ona etibar etdi. Məkkənin bir çox zənginləri isə səfərə gedərkən qiymətli əşyalarını Məhəmməd(ə)-yə tapşırardılar. Həmin səbəbdən, xalq arasında ona Məhəmməd-Əmin də deyirdilər.   

Məhəmməd(ə) orta boylu, ağbənizli idi. Saçlarını ortadan ayırıb yanlara darayardı. Onun qaşları hilal şəkilli, gözləri iri və qara, saqqalı sıx, sinəsi geniş və seyrək tüklü idi. Üzü həmişə nur saçardı.    Peyğəmbərlik üçün vacib olan bütün xüsusiyyətləri (sidq, əmanət, təbliğ, mətanət - yüksək ağıl və zəka, qüvvətli hafizə və məntiq, ismət) özündə cəm edən Məhəmməd(ə), son dərəcə təvazökar adam idi. O, xəstələri tez-tez yoluxar, qonağı çox sevər, qonağa özü xidmət edərdi. Peyğəmbər(ə)-nin yaşayışı sadə və təmiz idi. O, daim təmiz geyinər, bədənini təmiz saxlayar, gündə bir neçə dəfə dişlərini yuyar və ətirlənməyi sevərdi. Az yeyər, süfrədən doymadan durardı. O, insanların ən comərdi idi. Özündə olan hər şeyi ehtiyacı olana verər, heç kimi əliboş geri qaytarmazdı. Ona təşəkkür edənlərə isə: "Mən ancaq paylayanam, verən Allahdır" - deyərdi.   

Beşikdən qəbrədək sadə həyat tərzi keçirən, həyatını ibadət və xeyirli işlərə sərf edən Peyğəmbər(ə)-nin qəlbi bəşəriyyətə məhəbbət hissilə dolu idi. O, heç kəsin qəlbini qırmaz, heç yerdə öz böyüklüyünü büruzə verməzdi. Tərkidünyalığı, tənbəlliyi sevməyən Məhəmməd(ə), həm də gözəl ailə başçısı idi. "Cənnət anaların ayaqları altındadır" buyuran Peyğəmbər(ə), tez-tez ümmətinin kişilərinə müraciətlə "Sizin ən xeyirliniz qadınlarla ən yaxşı davranandır" - deyərdi.    O, uşaqları çox sevərdi. Peyğəmbər(ə)-nin bir uşağı qucağına alıb öpdüyünü görən bir ərəb təəccüblə: "On uşağım var, lakin heç birini öpmürəm" demişdi. Bu zaman Məhəmməd(ə) ona: "Mərhəmət etməyənə mərhəmət olunmaz" cavabını verdi. 

  Peyğəmbər(ə)-nin çoxsaylı məziyyətlərindən biri də onun sidqidir. Doğru düşüncə, doğru söz, doğru davranış mənalarını ehtiva edən sidq (sədaqət) əməlin ruhu və özü, sağlam düşüncənin məhəngidir. Sidq, peyğəmbər olmayanlarda bir peyğəmbər sifətidir. Ən böyük sidq Rəbbə rizada, İslama sahib çıxmada və Məhəmməd(ə) ruhuna itaət və hörmətdədir. İslam tarixçilərinə görə, Məhəmməd(ə)-yə ilk vəhy 610-cu ilin Ramazan ayında 40 yaşında nazil olub. Lakin onun peyğəmbərliyini nə bütpərəstlər, nə də İslama alternativ din kimi baxan əksər yəhudi və xristianlar qəbul edirdilər. 40 yaşına qədər əmanətlərini Məhəmməd(ə)-yə etibar edən bu "ağıllı" adamlar onun peyğəmbərliyini inkar etməklə əslində, özlərinin cahilliyini sübut edirdilər. Düşmənləri Məhəmməd(ə)-ni yalançılıqda ittiham etmirdilər. Onlar Məhəmməd(ə)-də yalan tapsaydılar həmin anda onu faş edərdilər. Ona "şair, məcnun, sehirbaz" deyirdilər. Bəziləri peyğəmbərliyin məhz ona verilməsini qəbul etməyib, "Necə ola bilər ki, biz yox, bu yetim peyğəmbər olsun?" - deyirdi.  

 Peyğəmbər(ə)-nin şer və bəlağətdə məşhur olan Məkkə müşriklərinə: "inandıqlarınızı də gətirin və Quranın bir ayəsinə bənzər kəlamlarınızı ortaya qoyun" kəlamına isə onlar qılıncla cavab verirdilər. Məhəmməd(ə)-nin ən qatı düşmənlərindən olan Əbu-Cəhlin: "Doğrusu, biz sənin yalançı olduğunu deyə bilmərik. Amma sənin gətirdiyini (Quranı) yalan hesab edirik" ifadəsi, Peyğəmbər(ə)-nin sidqi qarşısında müşriklərin aciz olduğuna bariz nümunədir. Bu epizodu Quran belə ifadə edir: "Bilirik ki, onların dediyi söz səni çox kədərləndirir. Həqiqətdə isə onlar səni yalançı hesab etmirlər. Ancaq o zalimlər Allahın ayələrini inadla inkar edirlər" (Ənam 33).  

 Peyğəmbər(ə)-nin həyat və əxlağını bilən o dövr kafirlərinin gəldiyi qənaət belə idi: "Məhəmməd öz vicdanı ilə yalançı deyil və o, bilərəkdən heç kimi aldatmaz. O, peyğəmbərlik iddiası və təbliğinin doğru olduğuna qəlbən inandığı üçün belə deyir. Lakin onun inandığı kitab, xəbər verdiyi qiyamət, ölmə, dirilmə və s. inanılası deyil. Xülasə, onun təbliği yanlışdır. O, aldatmır, fəqət aldanıb və aldandığını özü də bilmir".   

Məhəmməd(ə)-nin peyğəmbərlik statusunu rəsmən qəbul etməyən həmin fasiq və müşriklərin bugünkü törəmələri də onun yalnız "müsbət tarixi rolunu" bəyan etməklə kifayətlənərək, mahiyyətcə 14 əsr bundan öncəki əsillərinin inkarını təkrarlayırlar. Halbuki, hələ b.e-nin 30-35-ci illərində Rəbbin növbəti möcüzəsi və rəsulu olan İsa(ə) buyurub: "Mən yalnız İsrail oğullarına göndərilən xilasedici bir peyğəmbərəm. Məndən sonra Allah tərəfindən Məhəmməd adında bir rəsul göndəriləcək. Elə bu kainat da onun üçün yaradılıb" (Barnaba İncili, fəsil 96, maddə 8).  

 Məhəmməd(ə) bütün bəşər üçün kamil insan, gözəl əxlaq nümunəsidir. Kiçik alman dövlətlərini birləşdirib vahid Almaniyaya çevirən Otto Bismark (1815-1898) onun bütün məziyyətlərini belə ümumiləşdirib: "Mən iddia edirəm ki, Məhəmməd Allahın seçdiyi müstəsna bir varlıqdır. Yaradanın ikinci belə bir vücudu dünyaya gətirməsi ehtimaldan uzaqdır. Sənin müqəddəs hüzurunda kamal və hörmətlə baş əyirəm, ya Peyğəmbər". 

  Mədinədə qurulan ilk İslam dövlətinin başçısı olan Məhəmməd(ə), Allahın bu müqəddəs dinini təkcə Ərəbistan yarımadasında təbliğ etməyib. O, Həbəşistan, Misir, İran, Bizans və digər ölkə hökmdarlarına məktublar göndərərək, onları böyük əzmlə İslama dəvət edib. Onun diplomatik missiyası, demokratik idarəetmə prinsipi, fikir müxtəlifliyini müdafiə etməsi ("ümmətimin birliyi onun fikir müxtəlifliyindədir") müasir baxımdan xüsusi əhəmiyyət kəsb edir. "Müsəlmanları doğru yola yönəldən adam kəsik burunlu zənci də olsa, ona itaət edin" buyuran Peyğəmbər(ə) dinin saflığı və dövlət idarəçiliyində yalnız imanlı, əməlisaleh insanlara üstünlük verirdi.   

Bioloji anaya hörmət və qayğını "Cənnət anaların ayaqları altındadır" kimi təbliğ edən Həz.Peyğəmbər həm də buyurub: "Cənnət qılıncların kölgəsi altındadır". Kəlamın hikməti ondan ibarətdir km, ən yaxşı ibadət-azad insan ibadəti yalnız və yalnız mənəvi ana-doğma Vətən azad, mütəqil və suveren olarkən mümkündür. Bunun üçün isə Vətən güclü olmalı, övladlar onu canı bahasına qorumalıdır. Bu baxımdan bir ümmət kimi məlum kəlamın felən yerinə yetirilməsində şəhidlərimizin "qılınclarının kölgəsini" xüsusilə vurğulamaq lazımdır. Məhz həmin "qılıncların kölgəsinə" - Vətən eşqinin ölümdən uca olmasına görə, bu gün doğma Azərbaycan müstəqil dövlət kimi azad ibadəti reallaşdıran bir ölkəyə çevrilib. 

  "Bir ərəbin qeyri-ərəbdən, qeyri-ərəbin də ərəbdən heç bir üstünlüyü yoxdur. Çünki bütün insanlar Adəm oğullarıdır, Adəm isə torpaqdandır" Peyğəmbər(ə) kəlamıdır. Həmin səbəbdən, o, Vida xütbəsində (632 il) 114 min insana "Ey möminlər, ey müsəlmanlar" yox, "Ey insanlar" deyə xitab etdi. Əslində bu müraciət bir ümumbəşəri hüquq bəyannaməsi idi. Və heç də təsadüfi deyil ki, 1789-cu il Böyük Fransa İnqilabının ideoloji rəhbərlərindən biri olan filosof Lafayet Mari (1757-1834) məşhur "İnsan Haqları Bəyannaməsi"ni hazırlayarkən bütün hüquq sistemlərini tədqiq etdikdən sonra deyib: "Ey Məhəmməd! Ədaləti həyata keçirmək sayəsində sənin çatdığın səviyyə nə qədər bənzərsiz və möhtəşəmdir".   

Məlumdur ki, özündən əvvəlki kitablardan (Tövrat, Zəbur, İncil) fərqli olaraq, Quranın 6236 ayəsindən 1000-dən çoxu elmin müxtəlif sahələrinə həsr olunub. Həmin səbəbdən VII əsrdə (?) "beşikdən qəbrə qədər öyrənin" deyən Məhəmməd(ə), yalnız "dünya fırlanır" təsdiqinə görə XIII-XIX əsrlərdə (?) neçə-neçə alimi fiziki məhv edən, diri-diri tonqalda yandıran kilsənin əksinə olaraq elm və alimlərə həmişə xüsusi hörmət və qayğı göstərib. Elmilə xalqı zülmətdən nura çıxaran ziyalılar üçün Peyğəmbər(ə) buyurub: "Biliyi ilə xalqı faydalandıran bir alim 70 il ibadət edəndən xeyirlidir". Müasir dövrün "ziyalı zehni əməklə məşğul olandır" tərifini hələ VII əsrdə rədd edən Məhəmməd(ə) hər oxuyana, hər alimə ziyalı demirdi. Ziyalının buyruq sahiblərinə yox, cəmiyyətə xidmətini önə çəkən Peyğəmbər(ə) buyurub ki, "Bir alimin padşahla çox oturub-durduğunu gördünmü, bil ki, o, oğrunun, talançının biridir". Çağdaş dünyanın hər bir guşəsində müsəlmanların ən azı gündə beş dəfə "Allah" ismilə birlikdə yalnız Məhəmməd Mustafa(ə) ismini anmaları ümmətinin həmin mənəviyyat sahibinə olan sədaqət və məhəbbətinin göstəricisidir.

Bu həqiqət Həz.Məhəmmədin ümmiliyilə (oxumaqla yox, Allah tərəfindən alim edilməsilə) bərabər, onun ən əkməl (ən kamil) bir din şəriətilə, ən mükəmməl mətanətilə, ən etibarlı əminliyilə, ən qüvvətli təbliğilə, ən dərin fətanətilə (zehin açıqlığı, dərrakə) və ən pak ismətilə sabitdir.  

 Mövlud gecəsi Qədr gecəsindən sonra ən qiymətli gecədir. Bu gecə Peyğəmbər(ə)-nin doğumuna sevinib, həmin günlərdə məxsusi ibadət və saleh əməldə bulunanlar üçün bütün il bərəkətli olar. Çünki "Rəbbimiz Məhəmməd(ə)-ni möhkəm bir dəlillə, şəfa verən öyüdlə, xalqı intizama salacağ bir dəvətlə göndərdi; gizli ilahi hökmləri onunla aşkar etdi, bildirdi; nöqsan və eyb tutulacaq bidətləri, adətləri onunla söküb atdı; uyulması gərək olan şeyləri onunla təbliğ etdi. Onun doğulduğu yer Məkkə, köçdüyü yer-tər-təmiz şəhər Mədinədir. Şöhrəti orada ucaldı, səsi oradan eşidildi..." (Həz.Əli). 

  Bu əziz günlərdə biz də Allahın şahidliyilə iqrar edirik ki, Həzrət Məhəmməd Onun qulu, Peyğəmbəri, seçdiyi dostu, mülkünün gözəlliyi, meracının sahibi, sənətinin təməl daşı, inayətinin açarı, hidayətinin günəşi, məhəbbətinin izharı, rəhmətinin misalı, yaratdıqlarının nuru, mövcudatının şərəfi, kəlamlarının təbliğçisi, kainat sirlərinin bəyançısı, qullarının müəllimi, peyğəmbərlərin möhürü, aləmlərə rəhmət olaraq göndərdiyi həbibi və rəsuludur. Doğum günün mübarək, ya Rəsulallah! Ümmətinin sayı qədər Sənə salət və salam olsun! Amin!   

 

 

Vaqif CƏLİLOĞLU

 Bakı xəbər.-2014.-20 yanvar.-S.15.