Hərbi xidmət gəncliyin vətənpərvərlik
və milli mənlik məktəbidir
Gəncliyin
atdığı hər bir addımda, gördüyü
işlərdə bir vətənpərvərlik, milli təəssübkeşlik
hiss olunur. Məlumdur ki, bu gün gənclərin
vətənpərvərlik məsələsi gündəmdədir.
Demək olar ki, gündəlik olaraq yerli mediada
bu məsələ geniş şəkildə müzakirə
edilir. Təbii, gənclərdə vətənpərvərlik
hissinin yüksək səviyyədə olması sevindirici
haldır və təqdir edilməlidir. Azərbaycan
gəncliyi tarixən böyük qəhrəmanlıq yolu
keçib və bu yolda hər zaman uğur qazanıb. Azərbaycan gəncləri
vətən, xalq qarşısında məsuliyyəti dərk
edərək vətənpərvər olduqlarını hər
zaman təsdiqləyiblər. Bilirik ki,
müstəqil dövlətimizin ordu quruculuğu prosesində
gənclərimiz də davamlı olaraq iştirak edib. Azərbaycan ordusunda həyata keçirilən gəncləşmə
siyasəti ordumuzda vətənpərvər gənclərin
çox olduğunu bir daha təsdiqləyir. Bəllidir ki, ordu dövlətin müstəqilliyinin,
suverenliyinin və ərazi bütövlüyünün
qorunmasının təminatçısı rolunda
çıxış edir. Bundan başqa
da, ordu beynəlxalq sülhü möhkəmləndirmək, fəlakətlər
zamanı yardım etmək, müstəsna hallarda daxili təhlükəsizlik
məsələlərini həyata keçirmək
missiyasını öz üzərinə götürür.
Bir sözlə, ordunun çiyinlərinə
çox böyük missiya düşür. Ordu xalqın və dövlətin, o cümlədən
də beynəlxalq əmin-amanlığın qoruyucusu kimi
özünü göstərir. Dünyada
gedən proseslər, istər-istəməz, gənclərin
düşüncəsinə təsir edir. Bəzi
hallarda müəyyən qurumlar gəncləri əsgəri
xidmətdən, o cümlədən də vətənpərvərlikdən
yayındırmağa cəhd edir. Ancaq dövlətin
apardığı gənclər siyasəti gənclərimizi
dövlətimizə, milli şüurumuza bağlayır.
Hazırda Azərbaycanda gənclərin vətənpərvər
ruhda tərbiyə olunması başlıca vəzifələrdən
biri kimi qarşıda durur. Əraziləri
ermənilər tərəfindən işğal edilən Azərbaycanın
vətənpərvər gənclərə daha çox
ehtiyacı var. Torpaqlarımızın bir qisminin işğal
altında olduğu bir şəraitdə bu yöndə təbliğatın
gücləndirilməsi vacib əhəmiyyət kəsb edir.
Hərbçi Kamil Zamanov bizimlə
söhbətdə dedi ki, dövlətin qarşısında
duran başlıca vəzifələrdən biri də gənclərin
milli mənlik şüurunun inkişaf etdirilməsi və
onlara vətənpərvərlik hisslərinin
aşılanmasından ibarətdir: "Gənclərin
aparıcı qüvvə olaraq gələcəkdə
dövlətin yükünü öz üzərində
daşımalı olacağını nəzərə alanda,
sözügedən məsələyə son dərəcə
məsuliyyətlə yanaşmaq reallığı ortaya
çıxır. Gənclərin vətənpərvərlik
ruhunun yüksək olması hər mənada dövlətin
xeyrinədir, fərqi yoxdur, həmin gənc hərbçidir,
yoxsa digər peşə sahibi. Hansı
peşə üzrə əmək fəaliyyəti ilə məşğul
olmasından asılı olmayaraq, gənc nəsildə vətənpərvərlik,
torpağa, dövlətə sədaqət hissləri yüksək
olmalıdır. Azərbaycan dövləti
tərəfindən son illər bu istiqamətdə bir sıra
addımlar atılır, sistemli işlər
görülür. Bütün bunlarla
yanaşı, gənclərdə vətənpərvərlik
hisslərinin yüksək olması ilk növbədə
onların milli-mənəvi özünüdərkindən
keçir. Hər bir gənc, vətəndaş
dərk etməlidir ki, hansı vətəni, milləti, milli
xüsusiyyətləri təmsil edir. Xüsusilə
nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə
vəziyyətində olan dövlətdir. Ərazilərimizin
20 faizi işğal altındadır. Belə
bir situasiyada gənclərin milli-mənəvi dəyərlərə
bağlılığı çox önəmli və vacib əhəmiyyət
kəsb edir. Milli mənlik şüurunun
inkişaf etdirilməsi üçün bir sıra parametrlərin
nəzərə alınması vacib əhəmiyyət kəsb
edir".
Məlumdur ki, ölkə
qanunvericiliyinə görə, 18 yaşı tamam olan gənclər
orduya hərbi xidmətə çağırılır.
Azərbaycanda sıravi hərbi xidmət
müddəti 18 aydır. Ali təhsilli gənclər isə
1 il hərbi xidmətdə qulluq edir. Hərbi xidmət həm də gənclər
üçün bir həyat məktəbidir. Belə ki, xidmətdə olan gənc fiziki, mənəvi-psixoloji
cəhətdən formalaşır, həyatın çətinlikləri
ilə ayaqlaşmağı öyrənir. Qəzetimizin
apardığı araşdırmaya görə, gənclərin
hərbi xidmətə marağı günü-gündən
artır: "Təsadüfi deyil ki, rəsmi statistik məlumatlara
görə, son illər Azərbaycan ordusunda fərarilik
halları əhəmiyyətli şəkildə azalıb. Demək olar ki, yox səviyyəsinə enib.
Halbuki, 15 il əvvəl bu kimi problemlər
daha qabarıq formada özünü göstərirdi. Bütün bu müsbət dinamikalar aparılan islahatlar
və nizam-intizamın gücləndirilməsilə
bağlıdır. Gənc əsgərlərlə
tez-tez fərdi söhbətlər aparılır, onların
problemləri dərindən öyrənilir. Arzuolunmaz halların baş verməməsi
üçün təlim-tədris müddətində gənc
əsgərlərlə təlim prosesini başa vurmuş əsgərlərin
görüşünə icazə verilmir. Gənc əsgərlərin səhhəti hər
gün yoxlanır. Problemləri, şikayətləri
öyrənilir. Əsgərin üzləşdiyi
istənilən neqativ hal araşdırılır və ciddi tədbirlər
görülür. Təbii ki, belə olan
halda gənclərin hərbi xidmət keçməyə olan
marağı artacaq. Hərbi xidmətdən
yayınma hallarının azalmasının fövqündə
dayanan başlıca mənəvi faktorlardan biri gənclərdə
vətənpərvərlik hisslərinin yüksək səviyyədə
olmasıdır. Məsələ
ondadır ki, hərbi xidmətə çağırılan gənclər
müxtəlif ailələrdə böyüyüb və onların
psixoloji durumları fərqlidir. Ailə
şəraitilə bağlı olaraq əsgərlərin hər
biri düşdüyü hərbi mühiti fərqli şəkildə
qəbul edir. Ancaq vətənpərvərlik
hisslərinin gənclərdə arzuolunan səviyyədə
olması onlara bütün çətinliklərin öhdəsindən
məharətlə gəlməkdə yardım edir. Eyni zamanda, onlarda vətənpərvərlik hisslərinin
daha yüksək səviyyədə formalaşmasına
kömək edir".
Araşdırmalarımız
onu da göstərir ki, müasir Azərbaycan gəncliyi gedən
proseslərə daha realist və praqmatik prizmadan
yanaşır. Gənclik anlayır ki,
hansısa bir dövlətin vətəndaşı gəlib
onların yerinə Qarabağ problemini həll edən deyil.
Bütün bu kimi amillər nəticə
etibarilə orduda fərarilik hallarının heçə enməsinə
gətirib çıxarır. Onu da nəzərə
almalıyıq ki, dövlətimiz 20 il əvvəlki
respublika deyil. Bəzi
çatışmazlıqlara rəğmən, ötən
dövr ərzində dövlət aparatı, dövlətçilik,
dövlət şüuru formalaşır. Orduda nizam-intizam gücləndirilir, neqativ hallara
qarşı mübarizə aparılır. Görünən odur ki, hər keçən gün
gənclər üçün hərbi xidmətin önəmi
artır. Ali təhsil alan gənclər
hərbi xidmətə getməyi özləri
üçün mənəvi bir borc hesab edir. Bütövlükdə
hərbi xidmətin gənclərdə vətənpərvərlik
hisslərinin, milli mənlik şüurunun
formalaşmasında özünəməxsus rolu və əhəmiyyəti
var. O baxımdan, hərbi xidmətin rolunu heç vaxt
kiçiltmək olmaz.
Xeyli müddət əvvəl
qəzetimiz vasitəsilə məsələyə münasibət
bildirən AMİP funksioneri Əli Orucov deyib ki, hərbi xidmətin
gənclərin həyatında oynadığı rol
çoxşaxəlidir. Onun sözlərinə
görə, bu təkcə vətənpərvərlik hisslərinin
formalaşmağı ilə məhdudlaşmır.
Ə.Orucov bildirib ki, ümumilikdə hərbi xidmət hər
bir vətəndaşın borcudur: "Xüsusən də
söhbət kişi cinsinə aid olan vətəndaşlardan
gedir. O da var ki, bir sıra ölkələrdə qadınlar
da hərbi xidmət keçir. Məsələn,
İsraildə qadınlar hərbi xidmət keçir. Azərbaycanda, məlum olduğu kimi, hərbi xidmətə
çağırış ildə 4 dəfə həyata
keçirilir. Müqayisə
üçün qeyd edim ki, sovet dönəmində orduya
çağırış ildə 2 dəfə olurdu və
maksimum yaş həddi 27 idi. Hazırda bizdə
gənclər 18 yaşdan 35 yaşadək hərbi xidmətə
çağırılır. Mənə
elə gəlir ki, vətənpərvərlik hisslərinin
işartıları uşaqlıqdan gənclərə təbliğ
olunmalıdır". Ə.Orucovun fikrincə,
həmçinin, təbliğat vasitələrində, tədris
müəssisələrində hərbi vətənpərvərlik
və hərbi xidmətə çağırış xüsusi
diqqət mərkəzində olmalıdır. Siyasətçi təəssüflə qeyd edir ki,
şəhərin bir sıra yerlərində yerləşən
reklam lövhələrində bu kimi şüarları
görmürük. Küçələrdəki
kommersiya xarakterli reklamlardan narahatlıq keçirən partiya
təmsilçisi deyib ki, hərbi xidmətin gənclərin həyatında
oynadığı rola daha çox diqqət yetirməyə
ehtiyac var: "Çünki hərbi xidmət keçən gənc
əvvəla müstəqil həyata qədəm qoyur və
bir sıra sınaqlardan çox uğurla çıxır. O
üzdən, hərbi xidmət elədir ki, orada insanların zəif,
güclü cəhətləri, digər keyfiyyətləri məlum
olur. Başqa bir tərəfdən, hərbi xidmətdə
gənclərin bir-biri ilə kollektiv münasibəti
formalaşır. Özüm sovetlər
dönəmində hərbi xidmətdə olduğum
üçün bu hisslər mənə çox
yaxındır. Deməyim odur ki, hərbi
xidmət gənclərə vətənpərvərlik hissləri
aşılamaqla yanaşı, onlarda bir mətinlik,
dözümlülük formalaşdırır. Onlarda vətənə bağlılıq kontekstində
daha geniş təsəvvürlər formalaşdırır.
Bir məqamı da nəzərə almaq
lazımdır ki, Azərbaycan müharibə şəraitində
olduğu üçün, hərbi xidmət gənclərdə
düşmənə qarşı nifrət hissinin
formalaşmağına təkan verir. Bundan
başqa, hərbi silahlardan, texnikadan istifadə qaydalarına
yiyələnmək baxımından xidmətin gənclər
üçün özünəməxsus rolu var. Bu da istər
millətin, istərsə də həmin insanın
özünün təhlükəsizliyi üçün vacib
şərtlərdən biridir. Ona görə
də hesab edirəm ki, kimliyindən asılı olmayaraq,
bütün gənclər hərbi xidmət keçməlidir.
Çünki hərbi xidmət həm də bir
kişilik məktəbidir. Hərbi xidmətin
gənclərin formalaşmağında oynadığı rolu
orta ümumtəhsil müəssisələrində şagirdlərin
diqqətinə çatdırmaq lazımdır".
Ümumiyyətlə,
gənclərin hərbi vətənpərvərlik ruhunun
yüksəldilməsi üçün ictimai səviyyədə
də işə ehtiyac var. Ekspertlər hesab edir ki, Azərbaycanda
hərbi mükəlləfiyyətə münasibət uzun əsrlərdən
bəri formalaşmış ənənəyə əsaslanır.
Bu fikri bölüşənlərin qeyd etdiyinə
görə, Azərbaycan gəncləri başqa xalqlarla
müqayisədə hərbə maraq baxımından çox
fərqlənir. Hərbi ekspertlər
düşünür ki, bu da bizim etnik, milli psixologiyamızdan
irəli gələn bir yanaşmadır. Bəllidir
ki, qədim və müasir türklər hər zaman hərbə
meylli bir xalq kimi özlərini göstərə bilib. Bu üzdən də, gənclərimizdə hərbə
münasibət bir millət olaraq vətənpərvərlik,
dövlətçilik hisslərinin gücləndirilməsi
baxımından önəmli rol oynayıb. Gənclər dövlətimizin, ordumuzun, milli
şüurumuzun ən böyük
daşıyıcısı olaraq öz fəaliyyətində
bu anlayışlara sadiq olduqlarını qeyd edirlər. Məsələ burasındadır ki, indi əsgərliyə
könüllü gedən gənclərin sayı davamlı
olaraq artır. Gənclər tam ruh yüksəkliyilə
vətən ordusunda xidmət etməkdən qürur
keçirdiyini bəyan edir. Azərbaycan
ordusunda xidmət edən gənclər vətəni,
torpağı yüskək vətənpərvərliklə
qorumağa hazırdır.
İradə
SARIYEVA
Bakı xəbər.-2014.-16
yanvar.-S.15.