Gənclərdə milli mənlik şüuru nədir?

 

Vaqif Arzumanlı: "Gənclərdə milli mənlik şüurunun inkişafı elə getməlidir ki, bu, təkcə gəncin öz şəxsi təşəbbüsündən asılı olmasın"

 

"Fikirləşməlidir ki, onun bugünkü fəaliyyətindən millətin gələcəyi asılıdır"

 Milli mənlik şüuru Azərbaycanın varlığının, milli özünüidarə və özünütəsdiqinin, milli ləyaqətin və ümumbəşəri keyfiyyətlərin məcmusudur. Milli mənlik şüurunun komponentlərinə: millətin adı, varlığı, dili, xarakteri, adət və ənənələri, psixologiyası, mənəviyyatı, mədəniyyəti daxildir.  

 Hər bir azərbaycanlı gəncdə milli mənlik şüuru belə bir zəmin üzərində təşəkkül tapır və belə bir həqiqəti bir daha təsdiq edir ki, mədəniyyətin, elmin inkişafı xalqın böyüklüyü və kiçikliyindən deyil, həmin xalqın müdrikliyindən və zəngin təfəkkür tərzindən asılıdır. 

  Bu gün mənəvi tərbiyənin mühüm tərkib hissələrindən biri Azərbaycan gənclərində milli mənlik şüurunun formalaşdırılmasıdır. Azərbaycan gəncləri öz kökünə müraciət edərək xalqın tarixi irsini, tariximizin bəzəyi olan görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənir, milli özünüdərkin, milli özünütəsdiqin, milli özünəməxsusluğun bütün əlamətlərini aşkar etməyə çalışır.

   Milli mənlik şüurunun formalaşması Vətənə, doğma yurda məhəbbət yaradır. Gənclər dərk edirlər ki, dünyada Azərbaycan xalqı var, yaşayır və özünün çox hiyləgər düşməninə - ermənilərə qarşı mübarizə aparır. Başlıca məsələ gənclərdə bu mübarizədə qələbəyə inam yaratmaqdır. Milli həyatımızın bir çox hadisələri özünün emosionallığı ilə gəncləri vəcdə gətirir, millətin taleyi ilə bağlı məsələlərdə onları fəaliyyətə səfərbər edir. Azərbaycan gənclərində milli psixologiyanın, mənəviyyatın, milli qürur və iftixar hissinin, milli özünəməxsusluğun formalaşması və tərbiyə edilməsi ona görə zəruridir ki, onlar milli-etnik məhdudluğa qarşı mübarizə apara bilir, bəsit hisslərdən uzaq olurlar.

   Milli mənlik şüuru formalaşmış və tərbiyə olunmuş Azərbaycan gənclərində əqidə bütövlüyü, sözlə işin tam vəhdəti özünü parlaq şəkildə təzahür etdirir. Hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var. Bu gənclərin yetişməsi üçün isə cəmiyyət özü zəmin yaratmalıdır. Milli mənlik şüuruna malik olan gənclərin formalaşması üçün beş-on il bəs etmir, bunun üçün illər lazımdır. Bütün cəmiyyətlərdə bu ali hissin yüksək səviyyədə tərbiyə edilməsi tələb olunur. Sağlam ruhlu gəncləri cəmiyyət yetişdirir, ictimaiyyət tərbiyə edir. Cəmiyyətin mənəvi durumunda nöqsan varsa, bu istər-istəməz, gənclərin əxlaqına, onların vətənpərvərlik hisslərinin zədələnməsinə səbəb olur. Hər bir gənc öz doğulduğu ailənin, yaşadığı mühitin ab-havasına uyğun böyüyüb tərbiyə alır. Tərbiyə insanın bütün yaş dövrləri üçün gərək olan yüksək bir keyfiyyətdir. Övladlarının tərbiyəli böyüməsi, vətənpərvər, yurdsevər olması hər bir valideynin arzusudur. Azərbaycan xalqı milli adət-ənənələrə, dəyərlərə sadiq qalmağı sevir. Yəni həyat tərzi də, vətənpərvərlik hissləri də, milli mənlik şüurunun inkişaf etdirilməsi də ənənəvilik çərçivəsində həyata keçirilir. Gənclərin mədəni səviyyəsinin yüksəldilməsi, onların təhsilə, idmana, musiqiyə cəlb edilməsi üçün sistemli işlər görülür. Müstəqillikdən sonra milli mənlik şüurunun və yüksək vətənpərvərlik tərbiyəsinin daşıyıcıları olan çoxlu sayda gənc yetişib. Gənclik çağı kimi ifadə edilən 15-30 yaş arası ömrün ən əhəmiyyətli çağı, dinamizmin və ümidin bahar mövsümüdür. İnsanın dəyərlərinin, xarakterinin, şəxsiyyətinin və cəmiyyətlə münasibətlərinin formalaşdığı dövrdür. Bir millətin gələcəyi onun gəncliyinin təfəkkürünün mükəmməlliyinə, ümidinə, ideallarına bağlıdır. Milli, dini, elmi duyğularla dolmuş, bayrağını, torpağını, millətini, vətənini sevən gəncliyə sahib bir ölkə ən böyük sərvətə və xəzinəyə sahibdir. Belə bir gəncliyə sahib olan ölkənin gələcəyi çox parlaqdır. Gələcəyinə qiymət verən millətlər gənclərin yetişməsinə böyük diqqət göstərməli və bunun üçün əlindən gələni əsirgəməməlidir. Gənclərin xarakterini bir zərgər dəqiqliyi ilə formalaşdırmağa çalışmaq lazımdır. Gənclərin yetişməsində bədən-ruh, maddi-mənəvi, dünya-axirət tarazlığının qorunması çox əhəmiyyətlidir. Gənc sevgi və dinamizm dolu, qayğısız, təmiz qəlbli, səbrli, özüylə və yaşadığı cəmiyyətlə barışmış olmalıdır. Bu gün gənclərin qarşısında bir çox maneələr və problemlər durur. Bunların bir çoxu da müasir dünyanın və qloballaşmanın doğurduğu problemlərdir. Amma gənclik bu problemləri aşmağa qadirdir. Azərbaycan gəncinin vətənpərvər olması xüsusilə vacibdir. O mənada ki, torpaqlarımız işğal altındadır, məcburi köçkünlərimiz var, qız-gəlinlərimiz əsirlikdədir.

Torpaqlarımızın işğaldan azad edilməsi, əsirlərimizin öz doğmaları ilə qovuşması üçün gənclərimizdə vətənpərvərlik ruhu günü-gündən artmalıdır. Bugünkü gənclik Azərbaycanın potensial hərbi gücüdür. Nəzərə almaq lazımdır ki, dünyada bir çox dəyişikliklər gəncliyin hesabına mümkün olub. Çünki gənclik böyük qüvvədir və o özündə böyük bir potensialı cəmləyir.

   Azərbaycanda gənclər dövlət idarəçiliyi, səhiyyə, təhsil sistemində və digər sahələrdə böyük üstünlüklər qazanıb. Ölkə iqtisadiyyatı o qədər inkişaf edib ki, bu sahədə gənclər üstünlük təşkil etməyə başlayıb. Hazırda ölkəmizdə gənc sahibkarlar digər sahibkarları üstələməkdədir. Bu da gənclərə yaradılan imkanın nəticəsidir. Bir sözlə, gənclər cəmiyyətdə çox böyük təsir gücünə malikdir və onların fikirləri hər zaman çox şeyə qadirdir. Bu gün Azərbaycanda gənclərlə dövlət arasında böyük bir həmrəylik var. Müəyyən qədər məlumatsız olan gənclər də bilməlidirlər ki, ölkə daxilində onların gələcək rifahının, sosial imkanlarının yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülür. 

  Gənclərimizdə vətənpərvərlik ruhunun yüksək olması da vacib amillərdəndir. Çünki milli ruhda böyüyüb formalaşan gənclik hər şeyə qadirdir. Təbii ki, torpağa, yurda sevginin əsası ailədə və məktəbdə qoyulur. Buna görə də hər bir məktəb ilk növbədə şagirdlərin yüksək vətənpərvər kimi böyüməsi üçün bütün imkanlardan istifadə etməlidir. Bunun üçün məktəblilər ölkənin tarixilə yanaşı, onun hər bir bölgəsini yaxşı öyrənməlidirlər. Çünki Vətəni yaxşı tanımadan onu sevmək çətindir. Ölkə, Vətən sevgisi uşaqlara möhkəm aşılanmalıdır. Gənclərdə vətənpərvərlik hissinin aşılanması, formalaşdırılması məhz məktəblərin üzərinə düşən vəzifələrdəndir. Vətənpərvərlik hissi uşaqlarda körpə yaşlarından formalaşdırılmalıdır. Torpaqlarımızın işğal günlərində bunu uşaqlara faciə kimi deyil, bu faciəni törədənlərə nifrət hissi kimi aşılamaq lazımdır.

   Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Bugünkü məktəbli nə qədər savadlı, nə qədər vətənpərvər, nə qədər yüksək dünyagörüşünə malik olarsa, dövlətin, millətin gələcəyi bir o qədər işıqlı və ümidverici olar. Bu mənada məktəb gələcəyimizin bünövrəsinin möhkəmlənməsinə xidmət edən bir qurumdur, bir ocaqdır. "Təhsil haqqında" Qanun da, məktəbin daxili qayda-qanunları da, pedaqoqun öz işinə məsuliyyəti də müasir məktəblinin tərbiyəsinə kompleks yanaşmanı tələb edir. Yəni bu gün formalaşan şagird yalnız yaxşı oxumaqla kifayətlənməməli, eyni zamanda vətənpərvər, dövlətçiliyimizə sədaqətli olmalıdır. Vətənpərvərlik təkcə vətəni sevmək deyil. Vətənpərvərlik həm də vətən naminə çalışmaq, vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır.  

 Məsələyə münasibət bildirən professor Vaqif Arzumanlının sözlərinə görə, hər bir ölkənin, millətin, xalqın qürur mənbəyi onun gəncliyidir: "Çünki gənclik həyatın elə bir mərhələsidir ki, irəlidə böyük həyat təcrübəsinə malik olmaq lazımdır. Qarşıda uzun bir həyat yolu, müxtəlif yönümlü peşələr seçmək lazımdır. Hər bir gəncin milli mənlik şüuru inkişaf etməsə, bu sahədə bir sıra çətinliklər ortaya çıxa bilər. Hansısı sahənin mütəxəssisi olub-olmamaqdan asılı olmayaraq, gəncin formalaşmağında milli mənlik şüuru əsas rol oynamırsa, o, yaxşı mütəxəssis ola bilməz. Çünki milli mənlik şüuru olmayan gəncin inkişaf perspektivləri də məhdud olur. Milli mənlik şüuru deyəndə gərək gənc istənilən fəaliyyətə başladığı dövrdən hiss etməlidir ki, bu ölkə, torpaq, idarə, təşkilat, işlədiyi müəssisə onundur. Gəncin milli mənlik şüuru yüksək səviyyədə inkişaf edərsə, o öz peşəsinə daha ürəkdən yanaşar. Daha fərqli şəkildə dərk edəcək ki, azərbaycanlıyam, Azərbaycanın şərəf və layaqətini hər zaman yüksəkdə tutmalıyam. Həmin şəxs elm adamıdırsa, o zaman həmin şəxs bir elm adamı olaraq Azərbaycanın mənafeyini daim qorumalıdır. Fikirləşməlidir ki, onun bugünkü fəaliyyətindən millətin gələcəyi asılıdır. Burada bir incə məqam var ki, onu xüsusi olaraq qeyd etmək lazımdır. Bəzi Avropa və digər ölkələrdə, Şərq ölkələrindən fərqli olaraq, fərdiliyə daha çox meyl göstərilir, nəinki ümummilli düşüncəyə. Ancaq Azərbaycan gəncinin şüurunda milli qürur, mənlik şüuru güclü olarsa, həmin gənc bütün sahələrdə uğur qazanmağa daha yaxın olar. Dünyanın digər gəncləri ilə müqayisədə bir boy yuxarıda dura bilər. Gənclərdə milli mənlik şüurunun inkişafı elə getməlidir ki, bu, təkcə gəncin öz şəxsi təşəbbüsündən asılı olmasın. Bunda bir kütləvilik olmalı və buna görə fəaliyyət planı ortaya qoyulmalıdır. O zaman daha uğurlu nəticə əldə olunacaq. Ona görə də məsələyə kompleks yanaşma olmalıdır".

 

 

Vidadi ORDAHALLI  

Bakı xəbər.-2014.-17-19 yanvar.-S.11.