Gənc nəslin vətənpərvərlik
tərbiyəsində 20 Yanvar ibrətləri...
Məyus
olma, amandır,
Məyus olmaq yamandır.
Qorxaq
diləksiz yaşar,
Millətim
qəhrəmandır...
24 il əvvəl deyilib bu bayatı, qanlı şənbə
gecəsinə yazılıb. 1990-cı ilin 20
yanvar hadisəsi xalqımızın həyatında çox
böyük bir rol oynadı. Bu gün həm
xalqımızın faciəsi, həm də qəhrəmanlığıdır.
Eyni zamanda da Azərbaycan xalqının sınağa çəkildiyi
gündür 20 Yanvar... Bir tərəfdən, 20 Yanvar günü millətimin
dar günü, xalqımızın başına açılan
oyunların yenidən təkrar günü adlanırsa,
başqa bir tərəfdən, şərəf tariximizə
işıqlı hərflərlə yazılan mühüm bir
gün kimi xarakterizə olunur. 20 Yanvar Azərbaycan
gəncliyinin sınaq meydanından üzüağ
çıxması və son damla qanına qədər
düşmənə meydan oxumasının bariz göstəricisidir.
Tanklar Azərbaycan insanının, xüsusən
də gənclərin sinəsi üstən keçib getsələr
də, ürəklərindəki vətənpərvərlik
qığılcımlarını söndürə bilmədi.
Söndürə bilməzdi də. Çünki gəncliyin əzmi və mətanəti
düşmən tanklarından daha güclü idi.
Bəllidir ki, 20 Yanvar hadisəsi toplumumuz, millətimiz
və gənc dövlətimiz üçün çox
böyük tarixi dərsdir. Bu da gizlin
deyil ki, bu dərsin yaraları, ağrıları hələ
sağalmayıb və istənilən zaman qanaya bilir. Bu
da var ki, çağdaş Azərbaycan gəncliyi 24 il öncə baş verən bu hadisəyə
bir tarixi dərs, ibrət götürüləsi hadisə
kimi baxmağı bacarır. 20 Yanvar günü
şəhid olan hər bir insanın şəhidlik yolu bir
örnəkdir, çünki onlar vətənin
azadlığı və müstəqilliyi uğrunda
canlarından keçməyi bacarıblar. Yüzlərlə,
minlərlə insana örnək olan şəhidlərimiz gənclərimiz
üçün də bir nümunədir. Onlar öz ölümlərilə özlərindən
sonrakı gənclərə böyük bir vətənpərvərlik
məktəbi qoyub getdilər. Tarixçilər
hesab edir ki, 20 Yanvar hadisəsi o hadisələrdəndir ki, ona
yas tutmaqla işimiz bitmir, bu tarixi öyrənmək və
öyrətmək daha çox lazımdır. Tarixçilər bildirir ki, 20 Yanvar hadisəsi Azərbaycan
gənclərinin həyatında, milli şüurunda yetərincə
rol oynayıb. Onun prinsipial əsaslarını
qoruyub saxlamaq, böyüməkdə olan gənc nəslə aşılamaq,
ötürmək məsələsi isə davamlı
olmalıdır.
Tarixçi Təzəgül
Yusifovanın sözlərinə görə, 20 Yanvar hadisəsi
gənclərimizin özünü dərk etməsinə
böyük təsir etməkdədir. O hesab edir ki, gəncliyin hər zaman
ayaqda qalması, vətənpərvərlik hissini qoruması
üçün təbliğat gərəkdir: "Hesab edirəm
ki, 20 Yanvar hadisəsi bizə, xüsusən də gənc nəslə
çox şey öyrətdi. Aradan 24 il
ötür. Bu illər ərzində çox
şey dəyişib, dəyişməyən isə bu faciəyə,
eyni zamanda da qəhrəmanlıq səhifəmizə
işıqlı münasibət olub. 20 Yanvar
tariximiz üçün böyük bir örnəkdir. Ümumiyyətlə, faciələr, kütləvi
qırğınlar xalqların imtahanı deməkdir. İndiyə
qədər 20 Yanvar ibrətlərindən nəticə
çıxarılıb. Düşünürəm ki, gənclər
arasında hər zaman təbliğat aparılmalıdır.
Bunun üçün də başlıca olaraq gənclərə
milli mənlik şüurunun aşılanmasını həyata
keçirmək lazımdır. Gəncliyə arzuolunan səviyyədə
bunu aşılaya bilsək, sadalanan dəyərlərin
yaşadılmasında elə də çətinlik olmaz. Qeyd
edim ki, milli mənlik şüuru özünüdərk,
özünü tapmaq deməkdir. Milli özünüdərk
deyəndə, ilk növbədə, insan bağlı
olduğu tarixi kökü, milli mənsubiyyətini, vətəninin
tarixini bilməli və dərindən təhlil etməyi
bacarmalıdır".
T.Yusifovanın dediyinə görə, hər bir gənc,
vətəndaş dərk etməlidir ki, hansı vətəni,
milləti, milli xüsusiyyətləri təmsil edir. O
eyni zamanda bildirdi ki, gənclər hansı özünəməxsus
və səciyyəvi spesifik xüsusiyyətlərə sahib
olduğunu dərk etməlidir: "Bütün bunlar həm də
milli kimlik məsələsinin dərk olunması deməkdir.
Yuxarıda sadalananlar milli mənlik şüuruna aid olan
faktorlardır. Milli mənlik şüurunu, vətənpərvərlik
hisslərini qavrayıb dərk etmək üçün bir
sıra tələblərə əməl olunması təmin
edilməlidir. Çünki haqqında
danışdığımız məfhum uşağın tərbiyəsində,
xüsusən də gənclik dövründə çox
mühüm şəkildə özünü büruzə
verən məsələdir. O üzdən, sözügedən
ideya gəncliyə aşılanmalıdır. Tarix boyu Azərbaycan
xalqı min bir faciə ilə üzləşib. Bir sıra
istilaçı hücumlar nəticəsində zaman-zaman malik
olduğu tarixi əraziləri itirmək məcburiyyətində
qalıb. Bu da millətimizin yaddaşında acı izlər
buraxıb. Xüsusən də ötən yüz il ərzində
millətimizin başına bir sıra müsibətlər gəlib
və nəticədə xalqımız olmazın iztirablara, əzab-əziyyətə
düçar olub. İndinin özündə də o yaralar
sağalmaq bilmir ki, bilmir. Tarix nə qədər amansız
olsa da, bütün bu baş verənləri heç cür
unutmaq olmaz".
Tarixçi dedi ki, erməni
daşnakları və rus şovinistləri tarix boyu
xalqımızın başına müxtəlif oyunlar, bəlalar
gətiriblər. 20 Yanvar hadisəsinin də
bunun davamı olduğunu qeyd edən T.Yusifovanın dediyinə
görə, erməni və rus millətçiləri hər
zaman Azərbaycan xalqına qarşı düşmən
münasibəti bəsləyib. Xalqımızın
azad, suveren yaşamaq istəyi, imperiya boyunduruğundan azad
olmaq arzusunun o vaxtkı SSRİ rəhbərliyinə xoş gəlmədiyini
deyən T.Yusifova qeyd etdi ki, gənclər də daxil olmaqla, Azərbaycan
xalqının oğul və qızları qanlarına qəltan
olmağa razı oldular, ancaq dövlətimizi müstəqil
görmək arzusundan dönmədilər: "Onların cəsədi
güllələndi, amma arzuları sönmədi, arzuları
müasir gənclər tərəfindən gerçəkləşdirilir. Azərbaycan xalqının XX əsrdə
üzləşdiyi ən böyük faciələrdən
biri də 20 Yanvar qətliamıdır. Bilirik ki, sovet
imperiyası Azərbaycanda milli azadlıq hərəkatını
boğmaq üçün 1990-cı ilin 20 yanvarında dinc
nümayişçilərə divan tutdu. Gülləbaran
nəticəsində 131 nəfər şəhid edildi,
yüzlərlə insan yaralandı. Lakin bütün bu
repressiyalara baxmayaraq, xalqın azadlıq istəyini boğa
bilmədilər. Əksinə, azadlıq uğrunda mübarizə
yüksələn xətt üzrə inkişaf etməyə
başladı. Nəticədə 1991-ci il avqustun 30-da
müstəqillik haqqında bəyannamə, həmin ilin 18
oktyabrında isə müstəqillik haqda Konstitusiya Aktı qəbul
olundu. Hər il xalqımız böyük izdihamla 20 Yanvar
şəhidlərini yad edir, onların müstəqillik
uğrunda göstərdiyi rəşadəti qiymətləndirir. 20 Yanvar müstəqilliyə gedən
yolun mühüm bir hissəsidir. O şəhidlər həm də
gənclər üçün bir azadlıq, vətənpərvərlik
rəmzi hesab olunur. Bu nöqteyi-nəzərdən, 20 Yanvar
hadisələri gənclərə vətənpərvərlik
hisslərinin aşılanmasında, milli mənlik
şüurunun dərkində böyük rol oynayır. Digər tarixçi Həyat Məhərrəmova
hesab edir ki, 20 Yanvar faciəsi bizim qan
yaddaşımızdır. H.Məhərrəmovanın
sözlərinə görə, bu günü heç zaman
unutmamalıyıq. Onun dediyinə görə, 20 Yanvar
günü hər il yada salınır bununla bağlı
geniş tədbirlər keçirilir: "Hesab edirəm ki,
bütün bunlar gənc nəslin vətənpərvərlik
tərbiyəsində çox mühüm rola malikdir. Bu həm
də gənclərin milli kimliyini tanımasına, milli mənlik
şüurunu dərk etməsinə stimul verən hadisədir.
Milli kimliyini, keçmişini bilən bir millətin gəncliyi,
gənc nümayəndələri yoxdursa, onda o millətin
axırı yoxdur. Bu baxımdan, 20 Yanvar gənclərin
düşüncə tərzində çox mühüm
çəkiyə malik olan tarixi hadisədir. Nəzərə
alsaq ki, bu bizim yaxın tariximizdir, o zaman məsələnin
mahiyyətini daha dərindən anlamağa imkan
yaranır".
Tarixçi deyir ki, hər il faciələrimizin
ildönümlərini yad edirik və tarixi günlə
bağlı bütün dünyaya geniş informasiya verə
bilirik. Onun sözlərinə görə, artıq 24
ildir ki, ellikcə bir olub şəhidlərimizin ruhunu şad
edə bilirik. Bundan başqa, ekspert qeyd etdi ki, artıq dərsliklərdə,
dərsdən xaric məşğələlərdə və
digər tədbirlərdə 20 Yanvar şəhidlərinin
ruhunu əziz tuturuq. Onun fikrincə, gənclərimizin milli
şüurunun və vətənpərvərlik tərbiyəsinin
yüksək şəkildə formalaşması
üçün 20 Yanvar ibrətləri unudulmamalıdır.
Bu məsələdə təbliğat işini davam etdirməkdə
gənclərin də çiyinlərinə böyük
yük düşdüyünü deyən tarixçi bildirir
ki, gənclik missiyanı daşımaqda davam etməlidir:
"Bu yöndə gəncliyə hər cür yardım
göstərmək lazımdır ki, onlar bu işin öhdəsindən
layiqincə gələ bilsin. Bunun başlıca
meyarlarından biri də vətənpərvərlik hisslərinin
aşılanmasından ibarətdir".
H.Məhərrəmovanın
dediyinə görə, 20 Yanvar ibrətləri orta məktəblərdə,
hətta bağçalarda uşaqlara təlqin edilir. Onun
sözlərinə görə, artıq Azərbaycanda
bağça uşaqları belə, bilir ki, 20 Yanvar faciəsi
var: "Yanvar hadisəsinin ilk illərində bizdə pessimizm
güclü idi. Mən özüm orta məktəbdə tarix
dərsi deyirəm. Əvvəllər tariximizi, xüsusən
də 20 Yanvar hadisəsini faciə kimi öyrədirdik, amma
indi onu daha çox qəhrəmanlıq səhifəmiz kimi təqdim
edirik. Düzdür, iztiraba, soyqırıma, qətliama məruz
qalanlarımız olub. Xalqımızın övladları
küçələrə xalqı, respublikanı müdafiə
etmək üçün çıxmışdı. Mən
düşünürəm ki, 20 Yanvar dərsi, məktəbi
gənclərimizə kifayət qədər öyrədilib.
Biz indi onu öyrədirik ki, gənclər qalibiyyət
şüuru, təfəkkürü, hiss və həyəcanı
ilə yaşasın. Gənclər daim qalib gəlmək və
bu qalibiyyətə çatmaq mübarizəsilə həyatını
davam etdirsin. Bu cür təbliğat metodu seçilərsə,
gənclərdə vətənpərvərlik və
döyüş ruhu bir az da artacaq. Bütövlükdə
milli dəyərlərimizə söykənən və bu dəyərləri
düşüncələrində, davranışlarında,
iş fəaliyyətində yaşadan gənclərimiz
çoxdur. Sadəcə, çalışmaq lazımdır
ki, aparılan təbliğat nəticəsində onların
sıraları bir qədər də genişlənsin. Milli dəyərlərə
önəm verən təşkilatlara şərait yaratmaq və
onları stimullaşdırmaq lazımdır. Unutmaq olmaz ki,
sözügedən gənclər milli-mənəvi dəyərlərin
daşıyıcılarıdır və onların üzərinə
böyük iş düşür. Bu nöqteyi-nəzərdən
müasir gənclik 20 Yanvarı bir qəhrəmanlıq məktəbi
kimi qəbul etməlidir".
O hesab edir ki, 20 Yanvar hadisəsini hər kəs vətənə, torpağa bağlılıq kimi qəbul etməli, onun azadlığı uğrunda aparılan mübarizə kimi dəyərləndirməlidir. Milli mənlik şüurunun gənclərə aşılanması istiqamətində təbliğat-təşviqat işləri ciddi şəkildə aparılmalıdır. Ekspert deyir ki, 20 Yanvar hadisəsi bir tarixi örnək kimi milli şüurun hər zaman oyaq qalmasına, vətənpərvərliyin günü-gündən alovlanmasına təkan verir, təsir edir. Ardı var...
İradə SARIYEVA
Bakı xəbər.-2014.-17-19
yanvar.-S.15.