Müasir gəncliyin milli mənlik şüurunda vətənpərvərlik anlayışı...

 

 

 Vətən onu sevənlərin, onu qoruya bilənlərin məskənidir, simsarıdır. Vətən babaların əmanəti, müasir gəncliyin isə səltənətidir. Gənclik Vətəni sevməlidir ki, Vətən daha da çiçəklənsin, daha da yenilməz olsun. Bu gün vətənpərvərlikdən çox danışırıq. Xüsusən də gəncliyin vətənpərvərlik meylləri, onların Vətən sevgisi geniş təhlil edilir.

  Bəzən belə bir sual yaranır ki, gənclik özü vətənpərvərliyin nə olduğunu anlaya bilirmi, bu hissi necə yaşayırlar, yaxud hansı formada büruzə verməlidirlər? Ümumiyyətlə, gənclik üçün vətənpərvərlik anlayışı nədir?  

 Bilirik ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələrin gəncliyin həyatı, rifahı və gələcəyi ilə sıx bağlılığı var. Azərbaycanda baş verən iqtisadi inkişaf nəticəsində bir sıra yaddaqalan işlər görülüb. Bura əhalinin artımı, əməkhaqqının qaldırılması, gənclərin dövlət hesabına ölkədə və xaricdə yüksək səviyyədə təhsil alması, habelə gənc alimlərin elmi işlərinin, tədqiqatlarının dövlət tərəfindən maliyyələşdirilməsi və s. daxildir. Gənclik dövlətin, cəmiyyətin həyatında çox önəmli rol oynayır. Azərbaycanda həm paytaxt, həm də bölgə gənclərinin intellektual inkişafı üçün böyük işlər görülüb və görülməkdə də davam edir.

   Sosioloqların bildirdiyinə görə, regionlardakı inkişaf gənclərin həyatına böyük təsir edir. Onların sözlərinə görə, bölgələrin yeni inkişaf yoluna qədəm qoyması, əsasən də kənd yerlərində canlanma yolların çəkilişi və xüsusən də ondan sonrakı dövrdə hiss olunur. 

  Sosioloq Zümrüd Bayramova bildirdi ki, bu sırada yol qırağında hansısa ticarət mərkəzlərinin açılması, yaxud yeni təhsil komplekslərinin inşası canlanmaya səbəb olan amil kimi qiymətləndirilir: "Canlanma isə insanların dinamik şəkildə hərəkəti və müəyyən mənfəət qazanmasıdır. O da məlumdur ki, dövlətin regionların sosial-iqtisadi inkişafına dair proqramı uğurla həyata keçirməsi bölgələrdə iqtisadi canlanmaya səbəb olub. Əhali artımının yaxşı tərəflərindən biri də odur ki, ölkə əhalisinin tərkibində gənclərin sayı əhəmiyyətli şəkildə artıb. Bu, dövlətin inkişafı, strateji hədəflər baxımından olduqca müsbət tendensiyadır. Çünki elə ölkələr var ki, orada əhalinin azalması ilə yanaşı, həm də qocalması prosesi gedir. Azərbaycan əhalisinin sosial tərkibinə baxsaq görərik ki, gənclər böyük çəkiyə malikdir. Gənclərin dinamik bir təbəqə olduğunu nəzərə alsaq, bu olduqca müsbət tendensiyadır. Bir sıra dövlətlərdə olduğu kimi, Azərbaycanda da gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca vəzifələrdən biridir. Xüsusən də müstəqil Azərbaycan üçün bu olduqca vacib əhəmiyyət kəsb edir. Dövlətin qarşısında duran başlıca vəzifələrdən biri də gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir. Çünki gənclər aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacaq".  

 Ekspert dedi ki, Azərbaycan gəncliyi sağlam düşünməyi bacarır. O hesab edir ki, milli mənlik şüuru ilə vətənpərvərlik hissi bir-biri ilə sıx bağlıdır. Onun dediyinə görə, gənclərin vətənpərvərlik ruhunun yüksək olması hər mənada dövlətin xeyrinədir: " Fərqi yoxdur həmin gənc hərbçidir, yoxsa fəhlə. Hansı peşə üzrə əmək fəaliyyəti ilə məşğul olmasından asılı olmayaraq, gənc nəsildə vətənpərvərlik hissləri yüksək olmalıdır. Azərbaycan dövləti tərəfindən son illər bu istiqamətdə bir sıra addımlar atılır, sistemli işlər görülür, müəyyən layihələr həyata keçirilir. Gənclərdə vətənpərvərlik hisslərinin yüksək olması ilk növbədə onların milli-mənəvi özünüdərkindən keçir. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı Vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Eyni zamanda, hansı özünəməxsus və spesifik xüsusiyyətlərə malikdir. Bütün bunlara kompleks yanaşmaq lazımdır. Aydın məsələdir ki, bütün bunları qavrayan, dərindən dərk edən gəncdə vətənpərvərlik hissləri də yüksək səviyyədə olar. Bununla belə, gənclik ideoloji cəhətdən silahlanmış olur. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan müharibə vəziyyətində olan dövlətdir. Ərazilərimizin 20 faizi işğal altındadır. Belə bir situasiyada gənclərin milli-mənəvi dəyərlərə bağlılığı çox önəmli və vacib əhəmiyyət kəsb edir. O üzdən, bu istiqamətdə fəaliyyət, təbliğat güclü və ardıcıl aparılmalıdır. Milli mənlik şüurunun inkişaf etdirilməsi üçün bir sıra parametrlərin nəzərə alınması vacib əhəmiyyət kəsb edir. Başlıca olaraq bu məsələdə müasir dövrün tələblərinin nəzərə alınması və ona uyğun olaraq işin qurulması önəmli məsələdir. Çünki dünyanın sürətlə qloballaşması bir sıra milli dəyərləri aşındırır".  

 Ekspert dedi ki, xüsusən də gənclər qloballaşmanın təsirinə daha çox məruz qalır. Onun fikrincə, bu da nəticə etibarilə yad ünsürlərin gənclərin təfəkkür tərzinə hakim kəsilməsinə şərait yaradır: "Nəticədə gənclərdə vətənpərvərlik hissləri arzuolunan səviyyədə olmur. Bu da bir sıra təhlükələrdən xəbər verir. Gənclərin milli mənlik şüuru vətənpərvərlik hisslərinin fövqündə dayanan başlıca faktordur. Milli mənlik şüuru inkişaf edibsə, hansı peşə üzrə çalışmasından asılı olmayaraq, mütləq bu onun iş fəaliyyətində özünü büruzə verəcək".  

 Sözügedən mövzu ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, yazıçı-publisist Əkbər Qoşalının sözlərinə görə, hazırkı gəncliyin vətənpərvərlik anlayışı genişdir və bir sıra dəyərlərə söykənir: "Gənclər üçün vətənpərvərlik anlayışı təkcə torpağa, Vətənə bağlılıqla ölçülmür. Müasir gəncliyin timsalında vətənpərvərlik hisslərini özündə təcəssüm etdirən bir sıra xüsusiyyətlər var. Yeri gəlmişkən onu da qeyd edim ki, ötən il Azərbaycan gəncliyinin problemləri, qarşıda duran vəzifələr və gənclik ictimaiyyətinin indiyə qədər qaldırdığı məsələləri özündə ehtiva edən yeni Dövlət Proqramı qəbul edilib. Həmin proqramın vətənpərvərliklə, hərbi vətənpərvərliklə bağlı olan maddələri var ki, orada bir sıra kifayət qədər prinsipial məqamlar dolğun şəkildə əks olunub. Çox xoşdur ki, müvafiq dövlət orqanları gənclərin vətənpərvərlik məsələsinə proqram səviyyəsində münasibət bildirir. Proqramda qarşıdakı 5 il ərzində bir sıra işlərin görülməsi nəzərdə tutulub. Bir məqamı da qeyd edim ki, gəncliklə bağlı olan ictimai təsisatların, qurumların, təşkilatların uzun-uzadı müzakirələri, qəbul etdiyi qərarlar bəlkə də o qədər effektli olmur. Ancaq bununla bağlı qəbul olunan dövlət proqramları daha geniş imkanlara malikdir. Yaxud da bəzən bölgələrdə yaşayan gənclər elə vətənpərvərlik nümunələri göstərir ki, bunu təqdir etməyə bilmirsən".  

 Gənc kinorejissor Aydan Şükürlü də Ə.Qoşalının fikirlərinə şərikdir. O da hesab edir ki, gəncliyin vətənpərvərliyə sahib olması bir sıra dövlət proqramlarının qəbulu və icrası ilə bağlıdır: "Bu, xalqın daxili enerjisindən irəli gələn bir duyğudur. Gəncliyimizin vətənpərvər olmasındandır ki, Qarabağ müharibəsində bir sıra qəhrəmanlıqlar göstərdilər. "Azərbaycan Bayrağı" ordeni almış İbad Hüseynovun, şəhid Milli Qəhrəman Mübariz İbrahimovun, Fərid Əhmədovun və digərlərinin adını çəkmək olar. Onlar heç bir gənclər təşkilatında, ictimai təsisatda təmsil olunmayıb, amma ortalığa qəhrəmanlıq nümunələri qoyub. Bütövlükdə deməyim odur ki, gənclərdə vətənpərvərlik hisslərinin yüksək səviyyədə olması yalnız dövlət orqanlarının, ictimai təsisatların gördüyü işlərin nəticəsi deyil. Vətənpərvərlik xalqımızın ruhundan irəli gələn bir məsələdir. Çünki Azərbaycanın yerləşdiyi coğrafiyada dövlət qurmaq, onu yaşatmaq bəlkə də dünyanın bir çox digər coğrafiyalarına nisbətdə daha böyük məsuliyyətdir. Görünür, bu da xalqın tarixi şüuruna işləyib. Bilirsiniz ki, biz dövlət müstəqilliyimizi uzun bir mübarizədən, tarixi prosesdən sonra bərpa edə bildik. Bir çox keşməkeşli proseslərə baxmayaraq, Azərbaycan xalqı öz müstəqilliyini bərpa edə bildi. Bunun başlıca səbəblərindən biri də xalqımızın gen yaddaşında olan Vətənə, torpağa bağlılıq hissidir. Xalq öz müstəqil dövlətini, Vətənini qurmalı və onu qorumağı bacarmalıdır. Hesab edirəm ki, bu həqiqətin dərki, xalqın bütün təbəqələri kimi, gəncliyə də sirayət edib". Onun sözlərinə görə, Azərbaycan dünyada bəlkə də yeganə respublikadır ki, bizim Dövlət Himnimizdə konkret müraciət var. O hesab edir ki, bunun özü də gənclərin üzərinə məsuliyyət qoyur və onları mübarizəyə səsləyir: " Ölkəmizin dövlət müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpa olunması ilə bağlı Azərbaycan gəncliyinin qarşısında çox böyük vəzifələr var. Bu vəzifələr, inşallah, respublikanın ərazi bütövlüyünün bərpa olunması ilə müşayiət olunacaq. Bir təşkilat rəhbəri, qələm adamı olaraq buna inanıram. Qəzetinizə minnətdarlığımı bildirmək istəyirəm ki, müvafiq layihə çərçivəsində məhz bu mövzunu aktuallaşdırıb gündəmə gətirirsiniz. Ölkənin tanınmış və tirajlı qəzetlərindən biri olaraq geniş ictimaiyyəti müzakirələrə dəvət edirsiniz. Nə qədər ki, ərazi bütövlüyümüz təmin olunmayıb, müasir gəncliyin vətənpərvərlik hissləri bizi qane edə bilməz. Demək ki, hələ bu, arzuedilən səviyyədə deyil. Ancaq insaf naminə görülən işləri də danmaq olmaz. Bunu etiraf etmək lazımdır. Biz müharibə görmüş xalqıq, dövlətik. Ona görə də televiziyalarda, mətbuat orqanlarında, küçə və meydanlardakı böyük reklam lövhələrində vətənpərvərlik hisslərinin gücləndirilməsinə xidmət edən materialların yerləşdirilməsinə önəm vermək lazımdır. Təkcə mifikləşmiş tarixi qəhrəmanlarımızı təbliğ etməklə kifayətlənmək doğru deyil".  

 A. Şükürlü bildirdi ki, günümüzün qəhrəmanlarını da gənclər arasında geniş təbliğ etmək lazımdır. O, deyir ki, bu işdə təhsil müəssisələrin üzərinə böyük iş düşür: " Gənclik illərində qəhrəmanlıq göstərmiş insanlarımızın həyat və fəaliyyətini gəncliyə örnək kimi göstərməliyik. Bunlar kitablaşmalı, filmləşməlidir. O zaman bütün bunlar gənclərdə vətənpərvərlik hisslərinin daha yüksək səviyyədə formalaşmasına gətirib çıxaracaq".

 

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.-27 yanvar.-S.-12.