Qəlbindən gözlərə nur paylayan insan-Paşa
Qəlbinur
Paşa Qəlbinur:
"Həm dövlət
müəssisəsində, həm də özəl klinikalarda çalışıram ki,
bu insanlara gücüm çatan dərəcədə kömək
edəm"
Əlləri
hər gecə işığa həsrət qalan
gözlərin yuxusuna girib
o gözlərə zərrə-zərrə
işıq paylayır. Əlləri gecə yüzlərlə
bəbəyə nur çiləyir onun. Bəlkə də ilahinin qismətidir ki, ona həm şəfalı əllər, həm
büllur ürək, həm də insaf verib. İnsaflı
adamdır Paşa Qəlbinur. Şərlə-qaranlıqla
mübarizədən onu qalib
çıxaran ürəyidir, bir də ona pənah gətirən insanlara
bəslədiyi sevgidir. Paşa Qəlbinurun qapısı hər zaman açıq olur.
Çox maraqlı haldır ki,
kasıblar, kimsəsizlər, möhtac olan göz xəstələri
başqa göz cərrahlarının yanına getmir, onlar
Paşa Qəlbinurun qapısına gəlir. Paşa Qəlbinurun belə insanlara
həssas münasibəti, qayğısı hədsizdir. Bunun dəfələrlə şahidi
olmuşuq. Xəstələr şəfa
bulacaqlarına ümid etdikləri üçün onun
yanına gəlir. Allah adamıdır Paşa Qəlbinur, çünki
belə olmasaydı, Tanrı onun əllərinə,
ürəyinə ilahi işıq,
möcüzə bəxş etməzdi.
İdraklı adamdır, qələmi
də, sözü də işıqlıdır. Həkimliyilə
şairliyi,
yazıçılığı arasında sirli
bir bağlılıq var.
Ürəyində iki işıq gələn
yer var onun-biri
sözüdür, biri
isə insanlara şəfa verən əlləridir.
Paşa Qəlbinurla
tanışlıq, onunla ünsiyyət insanlara xüsusi enerji
verir. Bu enerji bir-iki saata tükənmir,
insanı bir neçə gün
izləyir. Paşa müəllimlə dəfələrlə
ya görüşüb,
ya da zəngləşib
müxtəlif məsələlər ətrafında
müzakirələr aparmışıq. O, yazılarına daha çox bənzəyir,
şair var ki, yazısı ilə arasında dağla dərə qədər fərq var, ancaq biz
bunu qətiyyən Paşa
müəllimə aid edə bilmərik. Paşa Qəlbinurun
yazılarında diqqətçəkən hədsiz humanizm ruhu və
mübarizə, cahad (cihad)
var. İnsanın öz
daxilində, batinində gizlətdiyi, az qala hər gün aşkara çıxardıb var
etdiyi cahad Paşa Qəlbinurun şeirinin,
duyğularının və esselərə çevrilən
ovqatının, yazmaq eşqinin ana axarında
dayanır.
Bir
neçə gün əvvəl Paşa Qəlbinurun hələlik
son kitabı olan "İdrak ətri" esselər toplusu ilə
tanış oldum. Kitabı oxuduqca burda özüm üçün də, oxucular
üçün də maraqlı fikirlər,
yanaşmalar kəşf etdim.
Bu
yazılarda mücərrədlik, qaranlıq heç
nə yoxdur, həm fəlsəfi esselər,
həm də portret esselər (deyim ki, portret
essenin Azərbaycanda ilk
müəlliflərindən biri Paşa Qəlbinurdur-İ.S) qəlbimdə yeni duyğu qatları
yaratdı. Əslində, onun
yazdıqları yeni xəbərlər deyil, ancaq
hamının yanaşa bilməyəcəyi,
hamının ifadə edə bilməyəcəyi bir ruhda, dildə, yəni öz duyğusunun, sevgisinin, nifrətinin, xatirəsinin dilində
yazıb Paşa Qəlbinur... Bu yazılar insanın gah
yaddaşına sərinlik çiləyir, gah
düşündürür, gah ağladır, gah haldan-hala salır, gah miskin günə salır, gah
da nifrət atına mindirir.
Bu esselərdə Azərbaycan və dünya insanının obrazları
işıqlandırılıb. Hər bir
qəhrəmanın da həyat yolunda bir cahad,
yəni qəhrəmanın cahadı ifadə olunub.
Cahad yaşamaqdır, özünü
müdafiə etməkdir, evini, elini qorumaqdır.
Paşa Qəlbinurla
görüşüb, bu xeyirsevər insanın qonağı
olmaq, onunla dərdləşmək, fikir mübadiləsi
aparmaq çox xoşdur mənə. Paşa müəllimlə
budəfəki söhbətimiz bir az tələsik oldu, deyərdim
ki, onu bir
qədər atüstü söhbətə
də bənzədə bilərsiz... Paşa
müəllim cərrahiyyə əməliyyatına tələsir,
onu işığa həsrət qalan bir cüt
göz gözləyirdi, söhbətimizdən
dərhal sonra o,
qaranlıqla-Əhrimənlə mübarizəyə gedəcəkdi...
Paşa Qəlbinur yazarkən yazısının
hansı janrda olacağını öncədən
planlaşdırmır. Şair dedi ki, sadəcə,
fikirlərini kağıza köçürməyə tələsir,
yazının hansı janrda olması isə
öz-özünə, təbii şəkildə yaranır:
"Əvvəlcə yazını konkret
hansısa bir janrda
yazmağı düşünmürəm. Mən
yazını yazıram, necə ki, əlindən
bir badya süd tökülür və
axıb çuxura gedir,
yazı da elədir, yazırsan, o öz janrını
tapır. Yalnız yazının qaranlıqda
başlığını görürəm, sonra
o bir kəndir kimi mənim ürəyimdən, içimdən
sökülüb gəlir".
Paşa Qəlbinurun fəlsəfi esselərində
dünyaya, ədalətsizliyə, haqsızlığa bir səsləniş,
etiraz, üsyan var. "İdrak ətri"
kitabında dünyanın siyasi mənzərəsi
də əks olunub. O, mərhum İraq lideri Səddam
Hüseynlə bağlı "Səddam" essesində
insanlıqla mübarizə aparan bir "Tikrit yetimi"nin
obrazını yaradıb. O bildirdi ki, bir yazar
olaraq məlum obyektə, məlum hadisəyə
fəlsəfi nöqteyi-nəzərdən baxıb: "Həyat
həm də cəmiyyətdən, insanlardan,
təbiətdən, siyasətdən ibarətdir. Esselərdə
həm poetik qanadlanma var, həm sərbəstlik var,
həm nəsr var, həm də fəlsəfə,
həm də həyatın özü var".
Paşa müəllim, vaxt vardı ki, şairlərin
şeirlərini, yazılarını qəzetlərdən,
kitablardan tapıb böyük sevgilə oxuyardıq, bir
şairin kitabının çıxmasını həsrətlə
gözləyərdik, amma bu gün mənzərə dəyişib.
İndi kitab oxuyan da, şeir oxuyan
da azdır. Oxucularla
necə ünsiyyət tapırsız?
Şair bildirdi ki, öz
yaradıcılığında oxucu qıtlığı hiss
etmir və oxuculardan razıdır: " Əslində, hər
oxucunun yazılarını axtardığı, izlədiyi
öz müəllifləri var, onlar o yazarları yadda
saxlayırlar. Bu baxımdan, siz dediyiniz oxucu
problemi az görsənir.
Sübut olunmuş
fikrə görə, başqa ölkələrlə
müqayisədə, bir neçə
ölkəni çıxmaq şərtilə, Azərbaycanda kitabxanalara müraciət edənlərin, qəzet-jurnal
alanların, kitab oxuyanların sayı
azdır. Ancaq bu da var ki,
respublikamızda ziyalılar, başqa insanlar arasında kitab oxuyanlar çoxdur. Başqa bir tərəfdən,
əsərlər müxtəlif xarici dillərə
də tərcümə olunur. Bu anlamda da
yazarlarımızın oxucu auditoriyası
artır. Mənim "Qara su"
romanım 2009-cu ildə rus dilində
çıxdı. Bu kitaba
görə Avropadan, İsraildən, Amerikadan, başqa ölkələrdən
məktublar aldım. Onların çoxu Rusiyadan başqa ölkələrə
miqrasiya edən şəxslərdir. Hətta
o məktubların bir
hissəsi çap da olundu. Professor Felin maraqlı bir məqaləsi
də vardı, İsraildən yazmışdı, onun bu yazısını bizim qəzetlər çap
etdilər. Hər yazarın öz oxucusu var. Zaman
etibarilə əgər bu yazılar həqiqidirsə,
əyarı yüksəkdirsə, oxucuların sayı
artır, əhatə genişlənir. Bu
yaxınlarda "525-ci qəzet"də mənim "O" essem çap olundu. Yazı çıxandan sonra
20-dən artıq ziyalı mənə zəng edib.
Bu "İdrak ətri"
kitabından sonra yazdığım ilk essedir. Bu
yazıya çox ciddi
yanaşmışam. Burada mənə məxsus
yeni fikirlər var, siz də oxuyarsız. Məni oxucu
problemi sıxmır. Bir
yazıya görə ölkənin üzdə olan
adamları, professorlar, elm-ədəbiyyat
xadimləri zəng edib yazı haqda fikirlərini deyirlərsə, demək, o oxunur ki,
fikir bildirilir".
Paşa Qəlbinur hər
yazının sevincini ürəkdən yaşamağı,
ondan mənəvi ləzzət almağı bacaran şairdir,
alimdir. Onun fikrincə, övladın
iməkləyib, sonra ayağa
durub addım atması valideyni
hədsiz dərəcədə sevindirdiyi
kimi, yazı da
yazarı elə sevindirir: "Yazı da qələm adamının
övladıdır. Yazı çıxır, onu
oxuyurlar, sənə tərif deyirlər-bu
çox xoşdur, bu, mənəvi bir sevincdir".
Paşa Qəlbinurun "Cahad"
essesini həyəcansız, göz yaşısız oxumaq,
haldan-hala düşməmək mümkün deyil. Bu esseni oxuyan
hər kəs hiss edir
ki, o, Qarabağ,
dünya haqqında yazılan ən
gözəl essedir. Hətta xalq yazıçısı Mövlud
Süleymanlı deyir ki,
Qarabağ mövzusunda
bundan gözəl, bundan
yaxşı yazı yazılmayıb, yazılmayacaq da, bu yazı göydən
gəlib... Bizim bir cahad borcumuz var Vətənə, bizim
hələ qarşıda Qarabağ
davamız var. Paşa
Qəlbinur deyir ki, cahad mütləq səfərbərlikdir:
"Hər bir fərdi xarakterizə edən
bir məsələdir səfərbərlik.
Adam
qadındırsa, onun həyat
yoldaşının, qayınata və qaynanasının,
övladlarının, kişidirsə, yenə eyni
qayda bir fərd olaraq mütləq səfərbər olması
vacibdir. Əgər bir
adam mütləq səfərbər deyilsə,
(orduda buna yüksək
döyüş hazırlığı deyilir-P.Q) o adam özünü
müdafiə edə bilməz. Əgər bir
adam mütləq səfərbər
olmağı bacarırsa, o qeyrətli
adamdır, bir adam nə
qədər tənbəldirsə, bir o qədər biqeyrətdir, istər kişi olsun, istərsə
də qadın, bir adam
nə qədər zəhmətsevərdirsə, bir o qədər qeyrətlidir.
Qeyrət deyilən şey səfərbərlikdir,
səfərbərliyin isə ədəbi adı isə
cahaddır, ona bəzən cihad da deyirlər. İnsan özü hər
gün cahad vəziyyətində
olur, bu vəziyyətə
düşür, yaxud
bu vəziyyətə düşmək istəyirsə,
demək o qeyrətli adamdır. Tələbədirsə,
nə qədər yorğun olsa da, mütləq dərsini
oxumalıdır ki, gələcəkdə
yaxşı mütəxəssis olsun,
yaxşı mütəxəssis olmasa, ac qalacaq. Cahad insan fizionomiyasının bir formuludur, eyni zamanda da
vacib atributudur. "Cahad" essesini məclislərdə Mikayıl
Mirzə çox gözəl deyirdi, indi də deyirlər.
"Cahad" əslində Xocalıdan da kənara çıxır. Düz deyirsiz
ki, "Cahad" bizim xalqımız üçün gərəkli
bir atributa çevrilib. Düzü, "Cahad" bütün dünya insanına aiddir".
Paşa Qəlbinur bir tibb professoru
olduğu üçün
oftolmologiya sahəsində
bir sıra nailiyyətlərə imza
atdığı, dərman
ixtira etdiyi üçün onun çağdaş səhiyyəmizlə
bağlı fikirlərini
də eşitmək maraqlı oldu: "Bizim səhiyəmiz inkişaf etmiş ölkələrin səhiyyəsinin
keçdiyi yolu keçir. Bu gün
səhiyyənin xidmət
formaları müxtəlifdir.
Səhiyyəmizin vəziyyəti yaxşıdır.
Bu gün bizdə
tibb sahəsində çox yüksək səviyyəli mütəxəssislər
yetişir. Bu gənclərin bəziləri
ölkəmizdə oxuyur,
bəziləri xaricdə
oxuyur, sonra ölkəyə gəlir.
Biz özümüz Moskvada oxumuşuq. Elm üçün uzağa da getmək,
hər şeydən məhrum olmaq da lazımdır. Həkimlik də ən çətin sənətlərdəndir.
Mənim
özümün də
məhrumiyyətlərim çox
olub".
Paşa Qəlbinurun
qapısı hər zaman ümidsiz, bir az da kasıb xəstələrə
açıq olur, hətta o, özəl klinikalarda işləyəndə
belə, o xəstələrə
güzəşt etməyi
bacarır. Paşa müəllim deyir ki, o xəstələr Paşa Musayevin yox, Paşa Qəlbinurun yanına gəlir: "Mənim biznesim yoxdur, həkiməm. Mənə də yemək,
geyinmək lazımdır,
bunun üçün
isə işləməliyəm,
pul qazanmalıyam.
Ancaq buna baxmayaraq, Yazıçılar
Birliyinin, Rəssamlar İttifaqının, Bəstəkarlar
İttifaqının, jurnalistlər Birliyinin
üzvlərinə, bu
sahədə təmsil
olunanların hamısına
20 ildən artıqdır
ki, təmənnasız
kömək edirəm.
Bura kasıb təbəqə də aiddir. Həm dövlət müəssisəsində,
həm də özəl klinikalarda çalışıram ki,
bu insanlara gücüm çatan dərəcədə kömək
edəm. Darda qalan
müxtəlif adamlar mənə müraciət
edir. Mənim özümün də çətinlikdə,
darda qaldığım
vaxt olub".
Qapısını açan hər kəsin dərdinə çarə bulmağı
özü üçün
bir həyat, fəaliyyət missiyası
sayır Paşa Qəlbinur. Onun qapısı işıq gələn tərəfidir
dünyanın... O işıq
heç vədə sönməsin, o sönsə,
bizim ümidlərimizə
də kölgə düşər...
İradə Sarıyeva
Bakı xəbər.-2014.-28 yanvar.-S.14.