Gənclərin milli mənlik
şüurunun inkişafı rəsmi sənədlərlə
necə tənzimlənir?
Son illərin hesablamaları göstərir ki, Azərbaycanda
bərqərar olan iqtisadi yüksəliş, tərəqqi gənclərin
həyatında mühüm rol oynayır. Alimlər bildirir ki, respublikamızda müşahidə
olunan iqtisadi yüksəliş əhalinin artımına
yaxşı təsir göstərib. Məlumatlara görə,
son illər əhalinin sayında güclü artım var.
Statistikaya görə, təkcə son 10 ildə əhalinin
sayı 1 milyon nəfər artıb. Belə ki, ölkə əhalisinin
sayı 9 milyonu çoxdan ötüb.
Sosioloq Zümrüd Bayramovanın
sözlərinə görə, son hesablamalara diqqət yetirsək
görərik ki, əhalinin 31 faizini 14-29 yaş arasında
olan gənclər təşkil edir: "Azərbaycan əhalisinin
artmasında insanların rifah halının
yaxşılaşması da mühüm rol oynayır. Adətən iqtisadi inkişaf olan yerdə əhali
artımında müsbət tendensiyalar müşahidə olunmağa
başlayır. Əhali
artımının yaxşı tərəflərindən biri
də odur ki, ölkə əhalisinin tərkibində gənclərin
sayı əhəmiyyətli şəkildə artıb. Bu, dövlətin inkişafı, strateji hədəflər
baxımından olduqca müsbət tendensiyadır. Çünki elə ölkələr var ki, orada əhalinin
azalması ilə yanaşı, qocalması prosesi gedir. Azərbaycan əhalisinin sosial tərkibinə baxsaq
görərik ki, gənclər böyük çəkiyə
malikdir. Gənclərin dinamik bir təbəqə
olduğunu nəzərə alsaq, bu olduqca müsbət və
təqdirəlayiq haldır. Bir sıra
dövlətlərdə olduğu kimi, Azərbaycanda da gənclərin
vətənpərvər ruhda tərbiyə olunması
başlıca vəzifələrdən biridir. O da məlumdur
ki, dövlətin gənclərə olan diqqəti get-gedə
artır".
Z.Bayramovanın sözlərinə
görə, Azərbaycanda gənclərin gələcəyi,
hazırkı durumu qanunvericiliklə tənzimlənir.
O dedi
ki, 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramı haqqında Sərəncam imzalayıb.
Ekspert dedi ki, Dövlət Proqramında "Azərbaycan
Respublikasında gənclər siyasəti gənclərin vətənpərvərlik,
azərbaycançılıq, dövlətçilik prinsipləri
əsasında Azərbaycan xalqının tarixi-mədəni
irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə
hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin
ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin
fəal iştirakının təmin edilməsi, onların
intellektual və yaradıcılıq potensialının
ümummilli məsələlərin həllinə yönəldilməsi
istiqamətində aparılır" kimi fikirlər qeyd
edilib.
Z.Bayramova dedi ki, Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü
bəndində Azərbaycan Respublikasında gənclər siyasətini
daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində
fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin
işlə təminatı və digər sosial-iqtisadi problemlərinin
həllinin təmin edilməsi məsələsi qeyd
edilir.
Burada
qeyd edilir: "Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramı layihəsinin hazırlanması
üçün müvafiq dövlət orqanlarının
nümayəndələrindən ibarət işçi qrupunun
yaradılmasını 10 gün müddətində təmin
etsin.
2. Bu Sərəncamın 1-ci hissəsində qeyd
olunan işçi qrupu "Azərbaycan gəncliyi 2011-2015-ci
illərdə" Dövlət Proqramı layihəsinin iki ay
müddətində hazırlanıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim olunmasını təmin
etsin".
Fikrini
davam etdirən Z.Bayramova bildirdi ki, dövlətin
qarşısında duran başlıca vəzifələrdən
biri də gənclərin milli mənlik şüurunun
inkişaf etdirilməsi və onlara vətənpərvərlik
hisslərinin aşılanmasından ibarətdir: "Ona
görə ki, gənclər aparıcı qüvvə olaraq gələcəkdə
dövlətin yükünü öz
üzərində daşımalı olacaq. Milli
mənlik şüuru ilə vətənpərvərlik hissi
bir-biri ilə sıx bağlıdır. Gənclərin
vətənpərvərlik ruhunun yüksək olması hər
mənada dövlətin xeyrinədir. Fərqi
yoxdur, həmin gənc hərbçidir, yoxsa fəhlə.
Hansı peşə üzrə əmək fəaliyyəti
ilə məşğul olmasından asılı olmayaraq, gənc
nəsildə vətənpərvərlik hissləri yüksək
olmalıdır. Zaman-zaman Azərbaycan
dövləti tərəfindən bu istiqamətdə bir
sıra işlər görülüb. Hazırda
da dövlətin gənclərlə bağlı yeritdiyi məqsədyönlü
siyasətdə bu özünü göstərir".
Ekspertin sözlərinə görə,
İlham Əliyevin prezidentliyi dövründə 40-a yaxın
olimpiya-idman kompleksi inşa olunub: " O
cümlədən, yeni orta ümumtəhsil məktəbləri
istifadəyə verilib, ali məktəblər əsaslı təmir
olunaraq onların maddi-texniki bazası yenilənib. Həmçinin,
ali məktəblərdə
çoxsaylı fakültələr açılıb. Bu il də Prezidentin sərəncamı ilə
yeni ali məktəb-ADA yaradıldı. Bu ali
məktəbdə Azərbaycan gənclərinin yüksək
səviyyəli təhsil alması təmin olunacaq. Onlarla gənc müasir səviyyədə təhsil
alıb yetişəcək. Bundan başqa,
idmançılarımızın beynəlxalq olimpiadalarda
uğurları artıb. Ölkədə
istehsal və çoxşaxəli xidmət sahələrinin
yaradılması paralel olaraq gənclərin işlə təmin
olunmasına xidmət edir. Bu illər ərzində
on minlərlə gənc işlə təmin olunub. Bütövlükdə gənclərlə
bağlı sistemli işlər görülür, müəyyən
layihələr həyata keçirilir və s."
Z.Bayramovanın dediyinə görə,
müstəqilliyin ilk illərində Gənclərin Milli
Şurası yaradılıb, gəncliyin milli inkişaf
strategiyası ilə bağlı konsepsiyalar qəbul olunub: " Gənclərdə vətənpərvərlik
hisslərinin yüksək olması ilk növbədə
onların milli-mənəvi özünüdərkindən
keçir. Hər bir gənc, vətəndaş
dərk etməlidir ki, hansı Vətəni, milləti, milli
xüsusiyyətləri təmsil edir. Bütün
bunlara kompleks yanaşmaq lazımdır. Aydın
məsələdir ki, bütün bunları qavrayan, dərindən
dərk edən gəncdə vətənpərvərlik hissləri
də yüksək səviyyədə olar. Bununla gənclik ideoloji cəhətdən
silahlanmış olur. Xüsusilə nəzərə
almaq lazımdır ki, Azərbaycan müharibə vəziyyətində
olan dövlətdir. Ərazilərimizin 20
faizi işğal altındadır. Belə
bir situasiyada gənclərin milli-mənəvi dəyərlərə
bağlılığı çox önəmli və vacib əhəmiyyət
kəsb edir. Bütün bu deyilənlərin
fonunda "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramı gənclərdə milli mənlik
şüurunun inkişafında və vətənpərvərlik
hisslərinin güclənməsində güclü rola
malikdir.
Qəzetimizin ötən saylarında mövzu ilə
bağlı müsahibə verən "Sabah" Gənclər
Təşkilatının sədri Kamran Ramazanlı bildirib ki,
gənclərlə bağlı qəbul olunan sözügedən
proqramın əhəmiyyəti yüksəkdir. Onun
sözlərinə görə, bu sərəncamdan irəli gələn
vəzifələr gənclərin gələcəyinə
xidmət edir: "Məsələ ondadır ki,
sözügedən sərəncam çoxlu sayda gəncin
xaricdə təhsil almasına stimul verir. Çünki Azərbaycandan
kənarda olan və xaricdə təhsil alan
gənclik həm də bir sıra təbliğati xarakterli
işlər görəcək ki, bunun əhəmiyyətini
kiçiltmək olmaz. Belə ki, əcnəbi ölkələrdə
təhsil alan gənclərimiz Azərbaycan
ədəbiyyatını, mədəniyyətini, tarixini, incəsənətini
təbliğ edir. Bunu həm də Azərbaycanın
xaricdə diaspor fəaliyyətinin tərkib hissəsi kimi qiymətləndirmək
lazımdır. Həmin gənclik xarici
ölkələrdə bizim milli-mənəvi dəyərlərimizi
təbliğ edir. O üzdən, verilən sərəncamın
gənclərin həyatında oynayacağı rolu yüksək
qiymətləndirirəm. Bununla yanaşı,
hesab edirəm ki, sərəncam gənclərin milli mənlik
şüurunun və vətənpərvərlik hisslərinin
inkişafına ciddi töhfə verəcək. Şübhəsiz, gənclərin milli-mənlik
şüurunda inkişaf baş verərsə, paralel olaraq bu
özünü vətənpərvərlik hisslərinin
güclənməsində də göstərəcək".
O, sərəncamın
birinci bəndindən danışarkən bildirib ki, Azərbaycan
Respublikasında gənclər siyasəti gənclərin vətənpərvərlik,
azərbaycançılıq, dövlətçilik prinsipləri
əsasında Azərbaycan xalqının tarixi-mədəni
irsinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə
hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin
ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin
fəal iştirakının təmin edilməsi, onların
intellektual və yaradıcılıq potensialının
ümummilli məsələlərin həllinə yönəldilməsi
istiqamətində aparılır: " Bu o deməkdir ki, cəmiyyətin,
gənclər təşkilatlarının və digər bu
kimi təsisatların sözügedən məsələ ilə
bağlı görmək istədiyi bütün məqamlar nəzərə
alınıb və sərəncamda öz əksini tapıb. Hesab edirəm ki, toxunulan məqamlar çox
mühüm əhəmiyyətə malik olan taleyüklü məsələlərdir.
Bir vaxtlar bir sıra gənclər təşkilatları
sözügedən məqamların sistemli şəkildə
proqramda əks olunmasını arzulayırdı. Çox şükürlər olsun ki, gənclərin
istəkləri reallaşdı. İstərdim
ki, gənclərə yönəlik layihələrin
çoxşaxəli və əhatəli olmasına bundan sonra
da diqqət yetirilsin. Çünki gənclər,
dövlətin gələcəyi olmaqla yanaşı, cəmiyyətin
ən dinamik təbəqəsidir. Bu təbəqənin
inkişafı üçün bütün mümkün vasitələrdən
səmərəli istifadə etmək lazımdır".
K.Ramazanlı onu da qeyd edib ki, bu proqramın işləməsi
üçün bir sıra orqanların üzərinə
mühüm vəzifələr düşür. Onun
dediyinə görə, proqramın icrası ilə
bağlı bir sıra aidiyyəti strukturlar var": Həmin strukturlar
proqramın effektivliyini təmin etməkdən ötrü
üzərinə düşən vəzifələri layiqincə
yerinə yetirməlidir. Prezidentin bu istiqamətdə
göstərdiyi təşəbbüsü
alqışlayıram. Ancaq gərək digər
müvafiq qurumlar da bu məsuliyyətin öhdəsindən
layiqincə gəlsin. Məsələ
ondadır ki, bu işin icrasında onların da rolu
böyükdür. Son zamanlar bəzi qurumlar xaricdə təhsil
alan azərbaycanlı tələbələrlə
bağlı müəyyən problemlər yaradır. Bunu normal hal saymaq olmaz. Ona görə
ki, müvafiq qurumlar proqramla bağlı sərəncamdan irəli
gələn vəzifələri icra etməlidir. Onlar birdəfəlik anlamalıdır ki, vətənpərvərlik
hisslərinin təbliği təkcə hərbi məsələlərlə
yekunlaşmır. Vətənpərvərlik,
peşəsindən, işindən, təhsilindən
asılı olmayaraq, bütün gənclərin milli
düşüncəsinə hakim olmalıdır. Necə deyərlər, milli şüurunda
çulğalaşıb öz əksini tapmalıdır.
Bunun üçün də gənclərə hər
sahədə dəstək vermək, yardım etmək
lazımdır".
Azərbaycan gənclərinin milli şüurunun
yüksəlməsində dövlətin qəbul etdiyi sənədlərin,
qanunvericilik aktlarının rolu böyükdür. Hesab edirik ki, bundan sonra gənclər haqqında qəbul
edilən sənədlər də onların vətənpərvərlik
hissinin yüksəlməsinə səbəb olacaq. Bu
proqramlar gələcək nəsillər üçün də
örnək ola bilər.
İradə
SARIYEVA
Bakı xəbər.-2014.-24-26
yanvar.-S.15.