"2013-cü ili ölkədə söz və ifadə azadlığı baxımından
pozitiv il adlandırmaq mümkündür"
Əflatun Amaşov: "İndiyədək,
səyyar satış
işini həyata keçirən şəxslər
olubsa, deməli, sahə özünü doğruldub"
Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşovun APA-ya müsahibəsi - 2013-cü il
Azərbaycan mediası üçün
hansı önəmli hadisələrlə yadda
qaldı?
-
156 jurnalistin Azərbaycan Prezidenti cənab İlham Əliyevin
sərəncamı əsasında inşa edilmiş binanın
mənzillərinin sahibinə çevrilməsini xüsusi
vurğulamağa dəyər. İyulun 22-də Milli Mətbuat Gününə təsadüf
edən bu hadisə ömrünü-gününü
jurnalistikaya sərf etmiş
insanların zəhmətlərinin bəhrəsini görmələri
anlamında nə qədər fərdi səciyyə
daşıyırdısa, peşənin cəmiyyətdəki
nüfuz göstərici nöqteyi-nəzərindən
bir o qədər ümumi əhəmiyyətə malik idi. Müstəsna ictimai missiya yerinə yetirən
media əməkdaşlarının həyat
şəraitinin yaxşılaşdırılması
onların öz sahələrinə daha möhkəm bağlanmalarını bir növ,
stimullaşdırır. Belə bir həyati
təminat cəmiyyətdə söz və
fikir azadlıqlarının dərinləşməsinə
dəstək baxımından da müstəsna
önəm daşıyır. 2013-cü ildə Azərbaycan
jurnalistlərinin VI qurultayı baş tutdu. Qurultayda Azərbaycan mediasının bu günü və sabahı ilə bağlı
vacib diskussiyalar
aparıldı, qərarlar çıxarıldı. Ali məclis eyni zamanda mütəşəkkil institut
kimi jurnalistikanın cəmiyyətə
mesajı anlamında da xüsusi
səciyyə daşıdı, ölkə gündəminin
başlıca hadisəsinə çevrildi.
Ötən il Azərbaycan jurnalistlərinin
dövlət başçısı cənab İlham
Əliyevlə geniş formatlı görüşünün
keçirilməsi ilə də tarixə düşdü. Görüşdə
ölkə mediasına dair bir çox vacib məqamlar müzakirə olundu.
Cənab prezident söz
və ifadə azadlığı ilə bağlı dəyərli
fikirlərini bölüşdü. Media təmsilçilərinin qaldırdıqları
məsələlərə həssas münasibət göstərdi.
Hesab edirəm
ki, dövlət başçısı ilə
istər jurnalistlər üçün yeni yaşayış binasının
açılışındakı, istərsə də
noyabrın 24-də "Jurnalistlərin dostu"
mükafatının təqdimetmə mərasimindəki görüş ötən ilin
ən yaddaqalan media
olaylarındandır.
- 2013-cü il Mətbuat
Şurası üçün nə ilə əlamətdar
oldu?
-
Ötən il Mətbuat Şurasının 10 illik yubileyini
qeyd etdik. Tarix baxımından bu böyük zaman kəsiyi olmasa da, 23 illik müstəqillik
dövrü yaşayan
bir ölkə üçün
kiçik rəqəm deyil.
Hesab edirəm ki,
ötən 10 ildə Mətbuat Şurası bir
neçə vacib vəzifənin öhdəsindən
gələ bildi. Birincisi, medianın
özünütənzimləmə institutu
kimi özünü təsdiqlədi,
bütövlükdə MDB məkanı üçün
modelə çevrilməyi bacardı. İkincisi,
jurnalistlərin və ayrı-ayrı mətbuat
orqanlarının üzləşdikləri məhkəmə
proseslərinin sayı əhəmiyyətli dərəcədə
azaldı. Üçüncüsü, Şura jurnalistikamız üçün
vacib olan bir sıra ənənələrin bərpasına
dəstək oldu. Ümumən Mətbuat
Şurası Azərbaycan mediasından ayrı orqanizm
deyil. Bu mənada
jurnalistikamız baxımından yaddaqalan
yaşantılar Şura üçün
də eyni əhəmiyyət kəsb etdi.
-
Bir neçə gün öncə Mətbuat Şurası
2013-cü ildə gördüyü işlərə dair
hesabatını açıqladı. Şuranın
ötənilki fəaliyyətindən gəlinən nəticələr
barədə hansı ümumiləşdirməni aparmaq mümkündür?
-
Gördüyümüz işlərə cəmiyyətin
verdiyi qiymət daha önəmlidir. Ümumən
onu deyə bilərəm ki,
2012-ci illə müqayisədə ötən il
MŞ-yə daxil olan
şikayətlərin sayında azalma var. 610 müraciətdən 423-ü
ayrı-ayrı media orqanlarının fəaliyyətindən
narazılığı əks etdirir.
2012-ci ildə şikayətlərin sayı 507 idi.
Əlbəttə, bu, bir
tərəfdən Şuranın işinin
effektivliyi ilə izah olunursa, digər tərəfdən məsələyə
Azərbaycan jurnalistikasının inkişafı kimi yanaşmaq
lazımdır. Mövcud anlamda ənənəvi KİV-lərin fəaliyyətini
vurğulamaq istərdim. Hesab
edirəm ki, ötən illər ərzində
onlar oturuşmuş media strukturu olaraq özlərini təsdiqləməyi
bacarıblar. Bu təsdiqləmədə
peşə dəyərlərinə həssas yanaşma
vacib amildir. Problemlərin qalmasına baxmayaraq,
həmin KİV-lər ümumi işə
fayda baxımından model
yarada biliblər. Əslində
formalaşdırdıqları dəst-xətt internet
media resurslarının bir
çoxu üçün
də təcrübi əhəmiyyət daşımaqdadır
və mövcud pozitiv
meyl kifayət qədər aydın sezilir.
Ancaq neqativ cəhətlər də
az deyil. "Reket jurnalistika"
ilə mübarizə hələ də aktual
səciyyə daşımaqdadır. İnternet
media resurslarının sayının
artması cəmiyyətin informasiya tələbatının
ödənilməsi imkanlarının genişləndirilməsi
baxımından zəruridir. Ancaq
artımın gətirdiyi mənfi meyllərdən uzaqlaşmaq üzərində də
dayanmalıyıq. Nəzərə alaq ki, peşə davranışı
qaydalarına etinasızlıq göstərən bir sıra şəxslərin internetin
doğurduğu şərait nəticəsində
"fəaliyyət" dəst-xətlərini bu məkana daşıması
reallığı var. Digər tərəfdən,
münbit zəmin jurnalistikaya
sırf sui-istifadə vasitəsi olaraq yanaşmayan qeyri-peşəkarlar üçün də cəlbedicidir.
Onların ictimai mənafelərə bəzən
tam bilməyərəkdən, etdiklərinin
təfərrüatını düşünmədən zərbə
vurduqları vəziyyətin yarandığını görürük. Belə nəticəyə gəlirik
ki, hazırkı durum
arxayınlaşmaq üçün əsas
vermir. Əksinə, daha
mütəşəkkil olmaq zərurətini
ortaya qoyur. Zənnimcə,
Mətbuat Şurası 2013-cü ildə gördüyü
işlərlə daha səmərəli fəaliyyət
perspektivi üçün
zəmin yarada bilib.
- Mətbuat Şurası
2014-cü ili "İnternet media ili" elan etdi. "İnternet media ili" çərçivəsində Mətbuat
Şurası hansı tədbirləri
reallaşdırmağı planlaşdırır?
-
Bildiyiniz kimi, Mətbuat Şurası hələ ötən
ilin fevralında İnternet media resursları üzrə
Komissiya formalaşdırmışdı. Güman edirəm, bu il həmin
komissiyanın fəaliyyəti bir qədər
də intensiv səciyyə
daşıyacaq. Şura internet
təhlükəsizliyi ilə bağlı məsələləri
diqqət mərkəzində saxlamağa
çalışacaq. Mövcud istiqamətdə
müvafiq qurumlarla əməkdaşlığı
dərinləşdirməyi nəzərdə tuturuq.
Mətbuat Şurası internet media resurslarında monitorinqlərini davam etdirəcək. Komissiyanın şikayətlərin
araşdırılması prosesinə daha
yaxından cəlbi vacibdir. Çünki Şuraya həmin
media resurslarının fəaliyyəti ilə
əlaqədar cəmiyyətin müxtəlif təbəqələrindən
narazılıq məktubları daxil
olmaqdadır. Digər tərəfdən, MŞ-nin sıralarında təmsil olunmaq üçün
müraciət edən xəbər portalları var və onlara media məkanında təmsilçilik üçün dəstək göstərilməlidir
ki, Mətbuat Şurası bu
işi də həyata keçirməyi
planlaşdırır.
Bildiyiniz kimi, internet hüquqi tənzimləmədən
uzaq məkandır. Əlbəttə, fikir
azadlığı və plüralizmə şərait
baxımından belə bir məkanın mövcudluğu çox
yaxşı haldır. Ancaq birinin azadlığı digərinin
azadlığını əlindən almamalı, həyat
axarını pozmamalıdır. Çünki
pozuntu halları ümumən cəmiyyətin
ahənginə mənfi təsirini göstərir. Jurnalistika təbiət etibarilə bu ahəngdarlığı qorumağa
çalışan missiya yerinə yetirirsə,
onun özü məsələyə
daha həssas münasibət bəsləməlidir.
Peşə dəyərləri mahiyyət
etibarilə hər yerdə eynidir. Sadəcə, söhbət
həmin dəyərlərin real iş müstəvisində tətbiqindəki transformasiyadan, yəni çatdırılma
üsullarındakı dəyişikliklərdən gedir. Zənnimcə, qarşıda duran mühüm məsələ
bu prosesi anlatmaqdan, internetin verdiyi imkanların ilk baxışdan
kimlərəsə məsuliyyətsizlik kimi
görünməsinin yaratdığı mənfi yönümlü eyforiyanı sarsıtmaqdan gedir. Nəzərə alaq
ki, eyforiyaya
qapılanlar bütün dünyada
var və onlar texniki imkanlardan yararlanma bacarıqlarını digərləri
üzərində üstünlük sayaraq özlərinin oyun
qaydalarını qurmaq istəyiblər. Təbii
ki, bu qaydalardakı siyasi məram da zamanla üzə çıxıb. Yaxın
Şərqdə baş verən bir sıra proseslərin mahiyyəti
hamımıza yaxşı məlumdur. Odur
ki, məsələlərə həssas yanaşmaq lazımdır. Məqsədimiz media dəyərlərini qoruyub
saxlamaqdırsa, bütün detalları nəzərə
almalıyıq. Sahənin biliciləri ilə əməkdaşlıq
qurmalı, fikir mübadiləsi
aparmalıyıq. Mətbuat Şurası bütün
bunları nəzərə alaraq
2014-cü ildə internet media
ilə əlaqədar beynəlxalq konfransların təşkilini
də prioritet vəzifə sayır.
- Fikir azadlığı və
plüralizmdən söz düşmüşkən,
2013-cü ildə ölkədə söz və ifadə
azadlıqlarının vəziyyətini necə dəyərləndirmək
olar?
-
Bütün dünyada belədir - söz və ifadə
azadlığı ilə əlaqədar hansısa vahid dəyərləndirmədən
söz açmaq mümkünsüzdür. Hər şeyin qaydasında olduğunu
söyləmək doğru olmaz. Nə də vəziyyətin pisliyini iddia etmək düzgündür. Görülən
işlər və qarşıya qoyulan məqsəd
var. Əsas olan da elə budur. Ölkədə
müstəqil medianın bazasını gücləndirmək
üçün tədbirlər gerçəkləşdirilir.
Jurnalistlərin sosial-məişət şəraitinin
yaxşılaşdırılması istiqamətində
işlər görülür. Hesab edirəm ki, zamanla digər imtiyazların tətbiqi üzərində
də dayanacağıq. Əlbəttə, mütərəqqi
ictimai institut kimi mediamızın gələcəyinin daha parlaq olmasını
istəyirik. Amma hər istək bir anın içərisində həyata keçmir. Mövcud anlamda təbii, arzuladığımız söz və ifadə azadlığı
mühitinə nail olmaq
istiqamətində yol gedirik.
Həmin yolu nə qədər vaxta qət etməyimiz isə hamımızdan
asılıdır.
Ümumən 2013-cü ili ölkədə
söz və ifadə azadlığı baxımından
pozitiv il adlandırmaq mümkündür. Zənnimcə,
Azərbaycan mediasının mütəşəkkil komanda kimi özünü
göstərə bilməsinin ayrı-ayrı örnəklərinə
şahidlik etdik. Düşünürəm ki,
ötən bir illik
müddətdə həmin komandanın cəmiyyətdə baş verən proseslərə reaksiyası bir çox problemlərin müvafiq instansiyalara
çatdırılmasında, aradan
qaldırılmasında müstəsna rolunu
oynadı. Cəmiyyətdə dördüncü
hakimiyyət kimi medianın təsiri duyuldu. Əlbəttə, bu
missiyanın yeni keyfiyyət göstəriciləri
ilə zənginləşdirilməsinə ehtiyac
var. Ümumən söz
və ifadə azadlığı vacib dəyərdir.
Demokratik dövləti, vətəndaş
cəmiyyəti quruculuğunu onsuz təsəvvürə gətirmək mümkünsüzdür. Ancaq
elə etmək lazımdır ki, həmin
dəyərlər obrazlı desəm, evimizə pəncərədən
və bacadan deyil,
qapıdan, yəni sivil formada
daxil olsunlar.
-
Ötən ilin sonuna doğru Mətbuat Şurası qəzet
yayımı ilə bağlı yaranmış problemləri
aradan qaldırmaq istiqamətində aktiv iş apardı. Bununla əlaqədar xüsusi
komissiya da
yaradıldı? - Mətbuat Şurası qəzet yayımı ilə
bağlı vəziyyəti həmişə diqqət mərkəzində
saxlayıb. Ötən ilin noyabrında cənab
prezidentin media
nümayəndələri ilə görüşündə bu məsələnin qabardılmasından,
xüsusən də dövlət
başçısının qəzet yayımına maneələrin
dözülməz olduğuna dair fikirlərindən sonra
işimizə daha sistemli
yanaşdıq. Bununla əlaqədar xüsusi komissiya formalaşdırıldı və komissiya yayım firmalarının təmsilçiləri
ilə birlikdə müvafiq
araşdırmalar apardı. Mövcud sahədəki
real vəziyyətin mənzərəsini
canlandırdı və təkliflər paketini
ölkə rəhbərliyinə təqdim etdi.
Nəticə etibarilə müəyyən pozitiv
meyllər yarandı. Düşünürəm ki, məsələyə iki
aspektdən yanaşmaq lazımdır. Birincisi, insanların harada,
yəni hansı yaşayış məntəqəsində
yaşamasından asılı olmayaraq, informasiyaya olan tələbatının
ödənilməsidir. Buna görə rentabellilik amili nəzərə
alınmaqla paytaxtın, eləcə də respublikanın bir çox yerlərində
qəzet köşklərinin olması, saylarının
artırılması vacibdir. Məsələn,
yalnız Bakı və ətraf qəsəbələrdən
500-dən artıq köşkün
qoyulmasına ehtiyac var.
İkinci cəhət insanların çoxluq təşkil
etdiyi yerlərdə qəzet satışının
reallaşdırılmasıdır ki, bu isə birbaşa mətbuat
orqanlarının mənfəəti nöqteyi-nəzərdən
vacibdir. Əlbəttə, burada da cəmiyyətin informasiyaya
olan tələbatının ödənilməsi
amilindən yan keçilməməlidir. Media ictimaiyyətinin yekdil
fikri bundan ibarətdir
ki, insanların çoxluq
təşkil etdiyi yerlərdə
satış işi yoluna
qoyulmalıdır.
Bakı günü-gündən
abadlaşır, dəyişir. Bu
baxımdan köhnə qəzet stendləri ümumi
mənzərəyə uyğun gəlməyə
bilər. Ancaq istərdik ki,
yeni satış sisteminə keçid uğurla başa çatsın, yeni
köşklərin qoyulmasınadək köhnə sistem saxlanılsın. Ümumən məsələ
Mətbuat Şurasını düşündürür.
Digər müvafiq qurumlarla
birgə əməkdaşlıq sayəsində
yaranmış vəziyyəti tənzimləmək üçün vasitələr müəyyənləşdirməliyik.
Bakıda, bütövlükdə respublikamızın hər
yerində geniş quruculuq
və abadlıq işləri gedişində hansısa qəzet
köşkü yerindən
götürülə bilər. Ancaq
ümumən şəhərsalmada məsələyə
önəm verilməlidir. Mətbuat Şurasının təkliflərində
də bu məqam yer
alıb. Nəzərə almalıyıq ki, KİV-in maddi-texniki bazasının zəif olduğu indiki dövrdə
qəzetlərin tirajı aşağı düşməməlidir.
İndiyədək, səyyar satış işini
həyata keçirən şəxslər olubsa,
deməli, sahə özünü doğruldub. Burada söhbət səyyar
qəzet satıcılarının fəaliyyətinin qanunlar çərçivəsində tənzimlənməsindən
getməlidir. Özünü doğrultmuş sistemdən daha
yaxşısını tapdıqdan sonra imtina edilməlidir ki, hərəkət
məntiqi olsun.
Düşünürəm ki, bütün bunlara kompleks yanaşılmalıdır.
-
2014-cü ildə Mətbuat Şurasının fəaliyyətində
hansı məqamlar xüsusi əhəmiyyət
daşıyacaq? Hansısa cəhəti fərqləndirmək
mümkündürmü?
- Mətbuat
Şurasının 2014-cü il üçün iş
planı təsdiqlənib. Plana uyğun hərəkət edəcəyik. Sənəddəki
hər bir fəaliyyət müstəsna səciyyə
daşımaqdadır. Başlıca missiyamıza uyğun şəkildə media
ilə bağlı şikayətlərin
araşdırılmasını həyata keçirəcəyik.
Qarşıda bizi Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin 130, o cümlədən Azərbaycanın ictimai fikir tarixində mühüm rolu olan Əli bəy Hüseynzadənin 150, Cəlil Məmmədquluzadənin 145 illik yubileyləri ilə bağlı mərasimlərin, eləcə də digər tematik toplantıların təşkili gözləyir. Qeyd etdiyim kimi, internet media sahəsində beynəlxalq toplantıların təşkilini nəzərdə tuturuq. İlk belə tədbiri aprel ayında gerçəkləşdirməyi planlaşdırırıq. Bundan öncə isə fevral ayında internet təhlükəsizliyi ilə bağlı tədbirimiz var. Mətbuat Şurasının iş planında "Məmur-media dialoqu" layihəsi çərçivəsində regional müşavirələrin təşkili də önəmli yer tutur. Onu da qeyd edim ki, MDB məkanının özünütənzimləmə qurumlarının ötən il Ukraynanın Odessa şəhərində baş tutmuş illik toplantısında şəbəkəyə rəhbərliyin Azərbaycana keçməsi təsdiqləndi. Buna görə də növbəti illik toplantının ölkəmizdə təşkili gündəlikdə duran vacib məsələlərdəndir. Ənənəvi olaraq 22 iyul Milli Mətbuat Gününü, jurnalistika və ümumilikdə ictimai fikir tariximizlə bağlı bir sıra önəmli məsələləri diqqət mərkəzində saxlayacağıq. İnanıram ki, 2014-cü il istər Mətbuat Şurası, istərsə də bütövlükdə mediamız üçün daha məhsuldar keçəcək.
Bakı xəbər.-2014.-29
yanvar.-S.6.