Qələmini cəmiyyətin ovqatı
üstə kökləyən satirik...
Üzünü
ömrünün 65-ci baharına tutan Xeyrəddin Qoca hələ
çox əsərlərilə oxucularını sevindirəcək
Xeyrəddin Qoca cəmiyyətin və insanların
ağrıyan yerini yaxşı tanıyır. O bu
ağrıların içində yaşayır illərdir. Yazıçı insanların daxili aləminə bələd
olmasa, onların içdiyi suyun dadını bilməsə,
aldığı havanı ciyərlərində hiss etməsə,
heç zaman mükəmməl əsər yarada bilməz.
Xeyrəddin Qoca qələmini, yazmaq məharətini
cəmiyyətin ovqatı üstə kökləyən bir
yazıçı-dramaturq, satirikdir.
Xeyrəddin Qoca indiyə qədər
günün nəbzini tutan və dünən, bu gün, bəlkə
də sabah üçün aktual olacaq məsələlərə
ayna tutur. Bu güzgüdə eybəcər
görünənlər bizim yanımızda, yaxud bizdən
beş-on addım uzaqda olanlardır. O adamlar başqa
planetdən gəlməyiblər, Yer üzünün Azərbaycan
adlı məmləkətinin insanlarıdır.
Ədəbi axına keçən əsrin 70-ci illərində
"Kirpi" jurnalında çap edilən "Hədiyyə"
hekayəsi ilə qoşulan Xeyrəddin Qoca 40 ildən
çoxdur ki, öz qələmilə cəmiyyətimizin,
insanlığın təəssübünü çəkir.
Xeyrəddin Qocanın "Filankəslər"
və "Biz-bizə bənzərik" satirik hekayələr
kitabı, deyərdim ki, vaxtaşırı vərəqlədiyim
kitablardandır. Xüsusən də
"Biz-bizə bənzərik" kitabı acı həqiqətlərə
açılan qapıya bənzəyir. O qapıdan
içəri girdikdə çox qəribə mənzərənin(lərin)
şahidi olursan. Sanki zaman heç dəyişməyib, Mirzə
Cəlilin, Sabirin, Əbdürrəhim bəy Haqverdiyevin, Xeyrəddin
Qocanın personajları Üzeyir Hacıbəyovun qəhrəmanlarına
bənzəyir. Yəqin ki, Xeyrəddin
Qocanın tənqid obyekti olan bu insanlar keçən zamanda
klassiklərimizin böyük ürək yanğısı ilə
təsvir etdiyi tiplərin xələfləridir. Bəzən elə insanların da bir neçə əsr
sonra xələfləri, davamçıları olur. Burada söhbət genetik yaxınlıqdan getmir, əməl
yaxınlığından gedir. Bilirik ki, X.Qocanın indiyə qədər
"Filankəslər", "Hərə öz
payını götürsün", "Marallar", "Bu
dünyadan məktublar", "Gərək yazam",
"Pyeslər", "Bu da belə həyatdır",
"Biz-bizə bənzərik" kitabları, barəsində
"Həyati proseslərin axarında", "Xeyrəddin
Qoca" (foto-kitab), "Ömür belə keçir" nəşrləri
işıq üzü görüb. Dramaturqun "Hərənin
öz payı" adlı satirik komediyası Akademik Milli Dram
Teatrında tamaşaya qoyulub, "Qonşulaşma, qohumlaşma,
kirvələşmə" komediyası Azərbaycan
Televiziyasında ekranlaşdırılıb,
"Düzü-düz, əyrini-əyri", "Bu bizim zəmanədir",
"Toy olacaq" pyesləri Milli Radioda səhnələşdirilib.
Yanvarın 29-u tanınmış
yazıçı-dramaturq, ictimai xadim, jurnalist-publisist Xeyrəddin
Qocanın doğum günüdür, yazıçı
ömrünün 65-ci ilinə qədəm qoyur, uğurlu və
mübarək olsun!!!
Kökdən
düşməyən qələm...
Xeyrəddin Qoca satirik yazıçıdır, onun
gördüklərini elə hamımız görürük,
ancaq gördüklərimizi Xeyrəddin müəllim kimi ipə-sapa
düzə bilmirik. İstəsək də
bacarmırıq, çünki o vəziyyəti ifadə etməyə,
xarakterləri olduğu kimi təqdim etməyə duzlu, eyni
zamanda da tənqidi yerində yazmağı bacaran qələm
lazımdır. O qələm də ki, Xeyrəddin
Qocanın əlindədir. X.Qocanın həyatı ağır olub, keşməkeşli
ömür yaşayıb, indi də o
qarışıqlığın, çətinliyin içində
yaşamağa davam edir. Cəmiyyətimizdə
özünü müəyyən şəxslərin
timsalında göstərən mənəvi deqradasiya prosesi
bir vətəndaş yazıçı kimi Xeyrəddin
Qocanın qələmindən yayına bilmir. Yazıçının qələmi hər zaman
aktual problemləri qabardır, pisi-pis, əyrini-əyri,
düzü-düz adı ilə yazır. O hər
şeyi, hər kəsi öz adı ilə
çağırmağı bacarır. Sözsüz
ki, hər kəs də öz adını, əməlini
yaxşı tanıdığından, Xeyrəddin müəllimin
satirik aynasında özünü görür. Ona
görə də "Hərə öz payını
götürsün" deyə "dost"larına üz
tutur. Xeyrəddin Qocanın qəhrəmanlarının
hamısı, demək olar ki, bir-birinə bənzəyir, eyni
zamanda da bir-birini təkrar etmir, hər qəhrəman
özü-özlüyündə təkrarsız
görünür, çünki yazıçı onların
hərəsini oxucusuna öz donunda, libasında, səsində
təqdim edə bilir.
Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü,
professor, millət vəkili Nizami Cəfərov Xeyrəddin
Qocanın satirasını təhlil edərək yazır ki,
yazıçının tənqid hədəfi daha çox Azərbaycan
cəmiyyətinin və Azərbaycan insanının son illərdə
"qazandığı" yeni qüsurlardır:
"Sözü oldu olmadı qəzet çıxarıb
söz demək həvəsi; partiya, cəmiyyətlər
yaradıb "üzə çıxmaq" ehtirası, nazir,
prezident olmaq mərəzi. Müəllif göstərir
ki, həmin ictimai bəlalar hər şeydən əvvəl
şəxsiyyəti öldürür, cəmiyyətin
harmoniyası üçün əsas şərtlərdən
biri olan xarakteri məhv edir".
Xeyrəddin Qocanın qələmi iti, kəsərli
bir bıçağa bənzəyir, o, neqativ halları
kökündən baltalamağı özünə amal
seçib. Qələmi millətin,
xalqın dərmansız dərdlərinə çarə
axtarır Xeyrəddin Qocanın. Yazıçının
qələmi hər zaman yazmağa səfərbərdir və
o heç zaman kökdən düşmür. Bizi narahat edən hər bir məsələ Xeyrəddin
müəllimin əsərlərində əks olunub.
"Uşaq bağçasında" adlı
kiçik satirasında Xeyrəddin müəllim
günümüzün ən böyük problemlərindən
birini yada salıb. Bilirik ki, bəzi pullu
işbazların şəhərin hər yerini zəbt etməkdən
gözləri doymur, onlar uşaq bağçalarının,
uşaq əyləncə yerlərinin də yerləşdiyi ərazilərə
göz dikirlər. Onun "Uşaq bağçasında"
satirası da bu məzmundadır:
"Firma müdiri uşaq bağçasına gəldi.
- Bu da
mən! Salam, uşaqlar! Müdir mehribanlıq
göstərdi. - Siz burada necə dincəlirsiniz? Yaxşı. Çox gözəl.
Təzə sakini qəbul edin.
-
Bağçanın müdiri nəvazişlə dilləndi:
-
Hörmətli müdir, gətirin oğlunuzu bizim
bağçamıza.
- Nə
oğul? Mən özüm sizin bağçaya
gəlmək istəyirəm. Yaşım
uyğun gəlmir? Nə olar,
bağçaya indiyədək kiçik yaşlılar gəlir,
bundan sonra bizim firmanın işçiləri gələrlər. Sözün
qısası, biz bağçanı firmamız üçün
alırıq".
Göründüyü kimi, yazıçı burada
günümüzün, üz qarası olan bir problemi ictimailəşdirib.
Uşaqlarımızın gələcəyinə, sağlam
böyüməsinə edilən belə qəsdlər bir
deyil, beş deyil, çoxdur. Xeyrəddin müəllimin qəhrəmanları
"anadangəlmə istedad"a malik insanlardır, onlar
"alıb-verməyi", özlərindən böyüyə,
vəzifəliyə boyun əyib, özlərindən zəifləri
qarışqa kimi tapdalayan, tox qarınlı mənəviyyatı
aclardır.
Xeyrəddin
müəllim "Biz-bizə bənzərik" kitabına
yazdığı müəllif sözündə
üzünü oxuculara tutub maraqlı bir cümlə işlədir:
"Əvvəla, kitabı vərəqləməzdən əvvəl
lazımdır əsəblərinizin möhkəm
olub-olmadırını bir daha yoxlayasınız". Bəli, onun yazılarını oxuyanda oxucuya
mütləq mənada ürək həbi tələb olunur,
çünki Xeyrəddin Qocanın qəhrəmanları ilə
sakit şəkildə ünsiyyətə girmək
mümkünsüzdür. İstənilən
yazını, hekayəni, romanı oxuyarkən oxucu qəhrəmanlarla
psixoloji cəhətdən əlaqədə olur. Bəzən
sənə elə gəlir ki, yazıçının
personajı məddahdır, dəstəbazdır, nadandır,
insanların düşmənidir, rüşvətxordur, el malına
kəm baxandır...
Yazıçı
haqqında yazılanlar...
Keçən il "Yazıçı" nəşriyyatı
"Yalnız yazılan qalacaq" seriyasından Xeyrəddin
Qocaya həsr edilən "Həyati proseslərin
axarında" adlı kitab nəşr edib. Kitabda
Xeyrəddin Qocanın həyat və fəaliyyəti əksini
tapıb. Burada satirik
yazıçının, Milli Məclisin sabiq deputatı, Azərbaycanın
İstanbuldakı sabiq baş konsulunun, jurnalistin,
yazıçının, nəhayət, böyük
ziyalının görünən və görünməyən
tərəfləri dostlarının ürək sözlərində
işıqlanıb. Kitabda məqalələr
də var, məktublar da, təbriklər də.
Xeyrəddin Qoca haqqında elə şəxsiyyətlər,
fikir adamları elə söz deyib ki, o sözün çəkisi,
sanbalı çox dəyərli və ölçüyəgəlməzdir.
Filologiya elmləri doktoru, professor, məşhur ədəbiyyatşünas
Pənah Xəlilov deyir: "Mən Xeyrəddin Qocanın əsərlərini
oxuyanda Əbdürrəhim bəy Haqverdiyevin
"Marallar"ı yadıma düşür. Demək
istəyirəm ki, Xeyrəddin Qocanın əsərlərində
o kişinin ruhu yaşayır. Onun
açdığı, qoyduğu cığırı Xeyrəddin
Qoca indi öz əsərlərində yaşadır".
Azərbaycan
Yazıçılar Birliyinin sədri, xalq
yazıçısı Anarın fikrincə isə, satirik
olmaq cəsur olmaqdır, heç nədən qorxmamaqdır:
"Bu gün həyatımızda olan bir çox
nöqsanları görmək və göstərmək
böyük cəsarətdir. Xeyrəddin Qoca
heç nədən, heç kimdən qorxmur".
Xeyrəddin
Qocanın yaradıcılığına, ədəbiyyatımızda,
ictimai fikrimizdə tutduğu mövqeyə yüksək dəyər
verən akademik İsa Həbibbəyli zəmanəmizin
tanınan satiriki haqda belə yazır: "Yazıçı
Xeyrəddin Qoca müstəqillik dövrü Azərbaycan ədəbiyyatında
satirik nəsrin görkəmli təmsilçisidir. Yığcamlıq, hazırcavablıq, konkret hədəf
seçmək, sərrastlıq onun satirik nəsrinin ana xəttidir.
Ədib Azərbaycan ədəbiyyatında
Əbdürrəhim bəy Haqverdiyevdən sonra müasir həyatın
"marallar"ının bədii obrazlarını
yaratmağa müvəffəq olmuşdur. Xeyrəddin
Qocanın "marallar"ı həm də Molla Nəsrəddin
"marallar"ının xələfləridir. O,
satirada qüdrətli yazıçı və vətəndaş,
publisist Cəlil Məmmədquluzadənin rəhbərlik
etdiyi "Molla Nəsrəddin" ədəbi məktəbinin
yeni əsrdəki sadiq davamçısıdır..."
"Onun
sözü göz önündədir..."
Yazıçının
sözünə şərik olanlar həm söz aləmində,
həm də bu aləmdən kənarda həddən artıq
çoxdur.
Xeyrəddin Qoca hansı tribunadan çıxış edirsə,
mütləq tamaşaçı, dinləyici ayaq saxlayıb
onu dinləmək istəyir . Xeyrəddin müəllimin hər zaman yararlı
söz demək gücü, qeyrəti ictimaiyyətin ürəyincədir.
Respublikanın əməkdar
jurnalisti, tanınan şairə-yazıçı, publisist
Flora Xəlilzadə yazır: " Onun
sözü də, özü də göz önündədir.
Duyduğum odur ki, Xeyrəddin Qoca çox
maraqlı, orijinal fikirli bir müsahibdir. Ütülü
danışıq, nədənsə çəkinmək,
barlanmaq istəyi, kiməsə xoş gəlmək onun təbiətinə
tamam yaddır. Torpağına, ailəsinə, ən
başlıcası, qələminə bağlı bir
insandır..."
Xeyrəddin müəllimə deyəndə ki, Sizin
ad gününüzlə bağlı yazı hazırlamaq istəyirik,
təşəkkür etdi. Ancaq bir şeyi xahiş etdi
ki, Siz Allah, məni çox tərifləməyin... Biz də onun sözünə əməl edib tərifdən
yan keçdik. Çalışdıq ki,
tanınan yazıçı, dramaturq, satirik, ictimai xadim Xeyrəddin
Qocanın portretini boyasız, tərifsiz - olduğu kimi
cızaq. İndi buna nə qədər nail olduq, deyə
bilmərik. Burada əks olunan fikirlər Xeyrəddin Qocanın
əziz bildiyi insanların dost boğçasından göndərilən
paydır, ərmağandır. Bunlar sadəcə
gözəl arzulardır. Bir də ki, Xeyrəddin
müəllim həmişə "hədiyyə
almağı yox, hədiyyə verməyi xoşlayır".
Bunu özü deyir.
Tanrı Sizə ürəyiniz istəyən qədər
ömür, sağlam canla, bax belə saf ruhla yaşamaq qismət
etsin.
İradə SARIYEVA
Bakı xəbər.-2014.-29
yanvar.-S.12.