Gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin onların vətənpərvərliyinə müsbət təsiri...

 

 Gənclik hər zaman yenilik axtarışlarında olur, "yeni dünyaya" bələd olmaq istəyilə yaşayır, fəaliyyətini uğurlu qurmağa çalışır. Bizim gənclərə bu uğurlar çox yaxşı yaraşır. Onlar bu işlərdən bəhrələnərək eyni zamanda vətənpərvərliklərini də büruzə verə bilirlər. Sosioloq Zümrüd Bayramova bizimlə söhbətində bildirdi ki, Azərbaycan gəncliyi bütün hallarda ölkəmizi ləyaqətlə təmsil etməyə çalışır.

   Onun sözlərinə görə, hər bir xalq özünəməxsus adət-ənənələrə və bundan doğan dəyərlərə malikdir: "Bütün bunlar xalqın kimliyini özündə təcəssüm edir. Xalqın malik olduğu milli dəyərlərin yaşadılmasında və gələcək nəsillərə ötürülməsində gənclərin üzərinə böyük məsuliyyət düşür. Çünki Azərbaycan əhalisinin sosial tərkibinə baxsaq görərik ki, gənclər mühüm çəkiyə malikdir. Digər tərəfdən, get-gedə onların cəmiyyətdə fəallığı artan xətt üzrə inkişaf edir. Mühüm məqamlardan biriondan ibarətdir ki, müasir dövrdə gənclərin dinamikliyi daha çox diqqəti cəlb edir. Xüsusən də müasir informasiyakommunikasiya texnologiyalarının timsalında bu özünü daha qabarıq göstərir. Belə bir dövrdə Azərbaycanda da gənclərin necə tərbiyə olunması qarşıda duran mühüm vəzifələrdən biridir. Xüsusən torpaqları işğal altında olan ölkə üçün bu, indiki dövrdə vacib əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi və onlara vətənpərvərlik hisslərinin aşılanması işğal altında olan torpaqların azad olunmasına ciddi təkan verə bilər". Z.Bayramova eyni zamanda dedi ki, başqa tərəfdən, gənclər aparıcı qüvvə olaraq gələcəkdə dövlətin yükünü öz üzərində daşımalı olacaq. O hesab edir ki, gənclərin milli mənlik şüurunun yüksək səviyyədə inkişaf etdirilməsi ölkənin və dövlətin qarşısında duran prioritet məsələdir: "Bir məqamı da nəzərə almaq lazımdır ki, milli mənlik şüuru ilə vətənpərvərlik hissi bir-biri ilə sıx bağlıdır. Bu iki məfhumu bir-birindən ayrı təsəvvür etmək qeyri-mümkündür. Xatırladım ki, gənclərin milli mənlik şüuru deyəndə, bu ilk növbədə milli-mənəvi özünüdərkdən keçir. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı Vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Eyni zamanda, hansı özünəməxsus və səciyyəvi spesifik xüsusiyyətlərə sahibdir".  

 Ekspert deyir ki, deyilənlərə vahid yanaşma tərzi olmalıdır. Onun sözlərinə görə, son illər bu istiqamətdə bir sıra addımlar atılır, sistemli işlər görülür, müəyyən layihələr həyata keçirilir: "Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafına öz töhfələrini verir. Belə ki, dövlət orqanlarına 2008-2011-ci illərdə işə qəbul edilənlərin 60 faizdən çoxunu gənclər təşkil edib. Bələdiyyə üzvlərinin 28 faizi - 4303 nəfəri gənclər təşkil edib. Onlardan 300-dən artıq nəfəri bələdiyyə sədridir. Sevindirici məqamlardan biriodur ki, müstəqilliyimiz ərzində fəaliyyətə başlayan gənclər təşkilatları nəinki ölkə daxilində, eyni zamanda ölkə xaricində fəallıq göstərmələri ilə seçilir. Azərbaycanın haqq səsini, ölkə reallıqlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa çalışır. Təsadüfi deyil ki, ictimai baxımdan fəal gənclərin bir çoxu 200-dən artıq QHT-də birləşib. Azərbaycan gənclər təşkilatları 30-dan artıq beynəlxalq gənclər qurumunda təmsil olunur. Dövlətin gənclər siyasətində tutduğu prinsipial mövqe cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Belə ki, ötən dövrdə gənclər təşkilatlarının 300-ə yaxın layihəsi dövlət büdcəsi hesabına dəstəklənib. Bununla yanaşı, Avropa Gənclər Fondu tərəfindən ötən dövrdə 42 layihə maliyyələşdirilib. 2009-2010-cu illərdə Azərbaycan Avropa Gənclər Fondundan ən çox qrant əldə edən ölkə olub. Ötən forumdan sonra 40 gənclər təşkilatı dövlət qeydiyyatına alınıb. 2008-2011-ci illərdə Azərbaycan gənclər təşkilatları 11 beynəlxalq təşkilata üzv qəbul edilib". O deyir ki, Bakıda müxtəlif ölkələrdən olan 2500-dən artıq gəncin iştirakı ilə 60-dan çox beynəlxalq tədbir keçirilib. 1200-ə yaxın Azərbaycan gəncinin müxtəlif beynəlxalq tədbirlərdə iştirakına dəstək verilib: "Bütövlükdə gənclər təşkilatlarının beynəlxalq arenada daha fəal təmsil olunmasına ehtiyac var. Çünki bu həm də Azərbaycanın Avropaya inteqrasiyasını sürətləndirə bilər. Gənclər təşkilatlarının beynəlxalq qurumlarda təmsil olunması ölkənin imici baxımından əhəmiyyətlidir. Həmçinin, ölkəmizlə bağlı xaricdə müəyyən mənada mövcud olan informasiya blokadasının yarılması baxımından önəmli rola malikdir. Ən başlıcası, sözügedən təmsilçilik gənclərin dünyagörüşünün, mədəni səviyyəsinin inkişafına ciddi təsir göstərir. Ümumilikdə, beynəlxalq qurumlar səviyyəsində təmsilçilik bütün ölkə gəncliyinin inkişafına xidmət göstərir".    Ölkədəki gənclər təşkilatlarının bunun əhəmiyyətini necə dəyərləndirdiyi ilə maraqlandıq, onların bu istiqamətdə yanaşma tərzini öyrəndik. 

  "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupu idarə heyətinin rəhbəri Vüqar Zifəroğlu "Bakı-Xəbər"in keçən saylarından birinə açıqlama verərək deyib ki, Azərbaycan dövlət olaraq gənclərin beynəlxalq qurumlarda fəal təmsil olunmasında maraqlıdır: "Gənclər təşkilatları beynəlxalq səviyyədə aktiv iştirak etməklə, ölkə həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışır. Qarabağın işğal altında olduğunu nəzərə alsaq, bugünkü gündə buna çox böyük ehtiyac var. O baxımdan, beynəlxalq qurumlarda təmsilçilik ölkəmiz və millətimiz üçün müsbət fayda verə bilər. Bu həm də müasir ölkə gəncliyinin inkişafı baxımından müəyyən rola malikdir. Ona görə də gənclər təşkilatlarının beynəlxalq arenada təmsilçiliyinə müsbət yanaşmaq lazımdır. Ancaq bəzən elə təşkilatlar olur ki, müəyyən qrantlar, layihələr hesabına ölkə maraqlarına cavab verməyən informasiyalar yayır. Bu da həmin təşkilatların öz siyasətindən və insanların baxışından qaynaqlanan məsələdir. Heç şübhəsiz, bunu düzgün qəbul etmək mümkün deyil. Gənclər təşkilatlarının beynəlxalq arenada təmsilçiliyi müsbət istiqamətdə olsa, təbii ki, bu təqdirəlayiq hal kimi dəyərləndirilməlidir. Deməyim odur ki, bir sıra hallarda bu, hər bir təşkilatın özünün məsələlərə yanaşmasından irəli gəlir. İstənilən məsələdən həm müsbət, həm də mənfi bir şey götürmək olar. Məsələn, beynəlxalq səviyyədə keçirilən forumlarda gənclərimizin ermənilərlə aktiv polemikaya girməsini müsbət hal kimi qiymətləndirmək lazımdır. Bu həm də ölkənin informasiya blokadasından çıxmasına və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına xidmət göstərir. Torpaqlarımızın işğal olunmasından tutmuş, Qərb dövlətlərinin Azərbaycana qarşı yürütdüyü ikili siyasətə qədər bir sıra məsələlərin gündəliyə çıxarılmasına ehtiyac var".  

 V.Zifəroğlu həmçinin qeyd edib ki, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması məsələsində beynəlxalq tədbirlərdə iştirak etmək son dərəcə vacib amillərdən biridir. Onun bildirdiyinə görə, təhsil isə, bir növ, yeni düşüncəni ortaya qoyacaq milli kadrların yetişməsinə töhfə vermiş olacaq: " Çünki Avropaya inteqrasiya müəyyən mənada təhsildən keçir. Yəni təhsil sahəsində islahatların aparılması ilə sıx bağlıdır. Hamımıza məlumdur ki, Azərbaycan təhsildə Boloniya prosesinə qoşulub. Bu da onu göstərir ki, artıq təhsildə müəyyən islahatlar aparılır. Bütün bunlar da, öz növbəsində, böyüməkdə olan yenimüasir düşüncəli gəncliyin formalaşmasına təkan verir ki, bunu diqqətdən qaçırmaq olmaz. Bütün bu görülən işlər müsbət haldır. Digər tərəfdən, beynəlxalq qurumlarda təmsil olunan gənclər təşkilatları yaranan imkanlardan hərtərəfli və səmərəli istifadə etməyi bacarsa, o zaman ölkə gəncliyinin inkişafına daha çox fayda vermiş olacaq".   

"Müasir İnkişaf" İctimai Birliyinin rəhbəri Mübariz Aşırlının fikrincə, gənclər təşkilatlarının beynəlxalq qurumlarda təmsil olunmasının faydası çoxdur. O, qəzetimizin əməkdaşı ilə söhbətində bildirib ki, bu, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından çox vacibdir: "Ona görə ki, biz torpaq itkisi ilə üzləşən cəmiyyətik, dövlətik. Qarabağ həqiqətlərinin, başımıza gələn faciələrin tanıdılması baxımından bunun çox böyük əhəmiyyəti var. Hesab edirəm ki, gənclər təşkilatları sözügedən mövzularda Azərbaycanı xaricdə çox yüksək səviyyədə təmsil edir. Bu yöndə fəaliyyət göstərən gənclər təşkilatlarından biri də Azərbaycanda Gənclər Təşkilatları Milli Şurasıdır. Məsələ ondadır ki, Azərbaycan hələ Avropa Şurasına üzv olmamış, AGTMŞ Avropa Gənclər Forumuna üzv olmuşdu. Yəni Azərbaycan həqiqətlərini Avropaya çatdıra bilirdi. Deməyim odur ki, bu kimi faktlar buya digər dərəcədə var. Məsələn, türk ölkələrinin birliyi hələ qurulmamışdı, amma türk dünyası gəncləri və Azərbaycan gənclərinin təşəbbüsü ilə Dünya Türk Gəncləri Birliyi yaradılmışdı. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında həmin təşkilatın özünə görə müəyyən rolu oldu. İndi artıq Azərbaycan gənclər təşkilatları yenə də beynəlxalq qurumlarda aktiv rol alırlar. Gənclər təşkilatlarının bu istiqamətdə çalışması vacib və əhəmiyyətlidir. Həm də mən deyərdim ki, çox genişdir. Yaxşı olardı ki, gənclər təşkilatları bundan sonra da aktiv fəaliyyətini davam etdirsin. Çünki bu istiqamətdə görüləsi çox var. Gənclər, harada olmalarından asılı olmayaraq, üzərlərinə düşən işi nə qədər layiqincə görsələr, bir o qədər dövlətə, millətə, cəmiyyətə fayda vermiş olacaqlar". 

 

 

  İradə SARIYEVA 

Bakı xəbər.-2014.-29 yanvar.-S.15.