Özəl sektor gənclərinin
mənəvi inkişaf və vətənpərvər
formalaşma prosesi:
reallıqlar, problemlər...
Cəmiyyətimizdə
gedən gəncləşmə prosesi, gənclərin
say artımı, onların faydalı
işlərə daha çox
meyl etməsi bir faktor kimi diqqəti cəlb
edir. Bilirik ki, gənclər bütün
sahələrdə uğurla təmsil olunur. Gənclərə yaradılan şərait,
onların faydalı işlərə cəlb edilməsi
yaxşı haldır. Bu gün
cəmiyyətimizdə gənclərin dövlət siyasətinə,
dövlətçiliyə, milli şüura sahib olması
halı özünü göstərir. Ekspertlər bildirir
ki, gənclər dövlətin əsas
aparıcı təbəqəsi olmaqla
yanaşı, eyni zamanda
əmək qabiliyyətli əhalinin əsas hissəsini təşkil
edir. Onların sahib olduğu enerjini,
potensialı doğru istiqamətə
yönəltmək bu gün
ən aktual məsələlərdən biridir. Sosioloq Təranə
Musalı hesab edir ki, günbəgün dəyişən dünya reallıqları gənclərin
potensialının düzgün istiqamətə
yönəldilməsini tələb edir:
"Çağdaş dünya
ilə ayaqlaşmağın bir sıra
yolları var ki, onlardan biri gəncliyin təhsil
səviyyəsinin yüksəldilməsidirsə, digər
vacib olanı isə onların məşğulluğunun
təmin olunmasıdır. Gənclərin mükəmməl səviyyədə
formalaşmasında bu iki
faktorun müstəsna rolu
var. Məşğulluğun təmin
olunması həm də ölkənin dinamik
inkişaf etməsini şərtləndirir.
Bu işdə də gənclərin
işlə təmin olunması önəmli rola
malikdir. Dünyəvi əsaslara söykənən
ölkələrdə məşğulluğun təmin
olunması iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdirilməsinə əsaslanır". Ekspert dedi ki, bazar
iqtisadiyyatı sistemini seçmiş
ölkələrdə iqtisadiyyatın əsas çəkisini
özəl sektor təşkil edir. Onun sözlərinə
görə, Azərbaycan da müstəqillik
əldə etdikdən sonra bazar iqtisadiyyatı yolunu seçib: "Əmək fəaliyyəti ilə
məşğul olanların böyük
hissəsi özəl sektorda
çalışır. Son illərin təcrübəsi
göstərir ki, məşğulluğun
ən çox təmin olunduğu
sfera xidmət sektoru hesab olunur. Azərbaycanda bu gün əmək
qabiliyyətli gənclərin böyük
hissəsi məhz xidmət sektorunda - ticarət,
turizm, iaşə, tikinti,
buna bənzər sahələrdə
çalışır. İlbəil özəl sektorda çalışan gənclərin
sayı artır. Ona görə də özəl sektorda
əmək fəaliyyəti ilə məşğul olan gənclərlə iş
aparmaq, onların milli
mənlik şüurunun, vətənpərvərlik
hisslərinin inkişaf etdirilməsinə
yardım etmək və bununla
bağlı işlək mexanizm tapmaq vacib məsələlərdən
biridir. Çünki
dövlət sektorunda çalışan
gənclərlə bağlı lazımi işlər görülür. Hökumət gənclərin
məşğulluq və təhsil probleminin
həlli istiqamətində bir sıra
işlər görür. Aparılan
dövlət siyasətinə uyğun olaraq gənclərin bilik
və bacarıqlarının düzgün
qiymətləndirilməsi və məşğulluq
imkanlarının artırılması istiqamətində
atılan addımlar onlara göstərilən
diqqətin nəticəsidir. Azərbaycanın
müstəqillik əldə etdiyi 20 ilə
baxsaq görərik ki,
son bir neçə
ildə dövlət səviyyəsində gənclərin məşğulluğunun
təmin olunmasına, işsizlik probleminin həllinə yönəlik bir sıra işlər görülüb". T.Musalının sözlərinə
görə, dövlət sektorunda
çalışan gənclərə diqqət və
qayğı hökumətin əsas fəaliyyət istiqamətlərindən
birinə çevrilib. O dedi
ki, dövlətin gənclər siyasəti
bu yöndə bir
sıra problemlərin həllinə hesablanıb: "Yeni nəslin inkişafının əsas vasitəsi
onların dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və
mədəni həyatında iştirakının təmin
edilməsidir. Dövlət gənclər siyasəti
bu məqsəd və prinsiplərin
reallaşdırılması üçün
müvafiq hüquqi sənədlərdə
öz əksini taparaq
hökumət qurumları tərəfindən həyata keçirilir. Ötən dövrdə
gerçəkləşdirilən "Gənc ailə",
"Gənclərdə vətənpərvərlik və
vətəndaşlıq hisslərinin yüksəldilməsi",
"Bədən tərbiyəsi və idmanın
inkişafı", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu"
və digər dövlət proqramları deyilənlərə
əyani sübutdur. Təsadüfi deyil ki, 2002-ci ildə Milli Məclis "Dövlət gənclər
siyasəti haqqında" Qanunu qəbul edib. Bu sənədlər
gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən
tam yetkinləşməsinə, sosial problemlərinin həllinə əsaslı
təsir göstərib. Belə ki, gənclərin
məşğulluğunun təmin olunmasına yönəlik
addımlar sistemli xarakter
daşıyıb". Sosioloqun sözlərinə görə,
dövlət başçısının təsdiq etdiyi "Azərbaycan Gəncliyi Dövlət
Proqramı (2005-2009-cu illər)" gənclərə dövlət
qayğısının artırılması məqsədinə
xidmət edib. Onun dediyinə görə,
gənclər siyasətinin həyata keçirilməsinə cavabdeh dövlət qurumu olan Gənclər və İdman
Nazirliyinin 2006-cı ildə yenidən
formalaşdırılması gənclər siyasətinin daha dolğun həyata
keçirilməsinə yol açıb:
"2007-ci ilin "Gənclər ili" elan edilməsi isə
gənclərə dövlət qayğısının ən
böyük təcəssümü idi. Gənclər siyasətinin mühüm
tərəflərindən biri də gənclərin
elmi biliklərinin
artırılmasıdır. Qeyd olunduğu kimi, müasir dövrdə təhsilin səviyyəsi
məşğulluğun təmin olunması ilə bu və ya digər dərəcədə
sıx bağlıdır. "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
Dövlət Proqramı (2007-2015-ci illər)" məhz bu məqsədə xidmət edir.
Mənzil almaq üçün
ipoteka kreditlərinin verilməsi də gənclərə
və xüsusən gənc ailələrə qayğıdan
irəli gəlir. Gənclərin təhsili, məşğulluğunun
artırılması, bir sözlə, gənclərin
mənafeyi baxımından bir sıra
layihələrə start verilməsi
bütövlükdə onların Vətənə, torpağa, dövlətə, millətə olan bağlılığını daha da gücləndirir.
Bu istiqamətdə
yeridilən siyasət onlara verilən
önəmin göstəricisidir. Ölkə
başçısı tərəfindən təsdiq olunan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramı gənclərin menecment
fəaliyyətinin artırılmasına, gənc peşəkar
kadrların hazırlanmasına, gənclərin dövlətin
idarə edilməsində, ictimai həyatda
daha aktiv
iştirakının gücləndirilməsinə xidmət edəcək.
Builki dövlət büdcəsində
adıçəkilən proqram üçün maliyyə vəsaiti nəzərdə
tutulub".
Qeyd edək ki, bütün bunlarla
yanaşı, özəl sektorda
çalışan gənclərə də xüsusi
diqqət və qayğı olmalıdır ki,
onların simasında milli-mənəvi dəyərlərimiz deqradasiyaya uğramasın. Digər sosioloq Aytəkin Kamranqızı
(Bağırova) dedi ki,
bunun üçün
sistemli konseptual xarakterli proqramlar işlənib
hazırlanmalıdır: "Elə bir
işlək mexanizm tapılmalıdır ki, görülən işlər gənclərin
böyük bir hissəsini
əhatə edə bilsin. Hər dövrün öz tələbatı
olsa da, bütün dövrlərdə dövlətin
çiçəklənməsində gənc nəsil mühüm rol oynayır.
Gənc nəsildən o xalqın gələcəyi
bilavasitə asılıdır. Özəl sektorla
yanaşı, gərək gənclik bütün
sektorlarda özünü
göstərsin. Etiraf etməliyik ki, bu gün
gənclərimizin və ölkəmizin müxtəlif çətinlikləri
var. Qarabağ məsələsi,
demokratik inkişaf yolunda müəyyən çətinliklər
bu işdə bəzi maneələr
yaradır. Bütün bunlar
Azərbaycan gəncliyinin tam şəkildə
öz potensial
imkanlarını üzə çıxarıb cəmiyyətə
təqdim etməsinə maneçilik
yaradır. Ona görə ki,
gənclərimizin bir hissəsi ali təhsillə məşğuldur. Ancaq o da
var ki, onların bir qisminin ali
təhsili yoxdur". Ekspert bildirir ki, bu
gənclər əsasən rayonlardan
Bakıya işləməyə gələnlərdir. O dedi ki, onlar,
sadəcə, fəhlə kimi müxtəlif
sahələrdə əmək fəaliyyəti ilə məşğul
olur: "Təbii ki, müvafiq ixtisaslara yiyələnmiş
gənclər özəl sektorda öz sözünü deməlidir.
Səhərdən axşamadək fəhlə işləyən
və ali təhsili olmayan
gənclər arasında vətənpərvərliyi, mənəvi
dəyərləri təbliğ etmək və bunu onlara aşılamaq bir qədər çətindir. Rayonlardan gəlib özəl sektorun
müxtəlif sahələrində əmək fəaliyyəti
ilə məşğul olan gənclər
orta məktəbdə oxuduğu
dövrdə milli təəssübkeşliklə,
vətənpərvərliklə bağlı nə əxz
edibsə, ona sahibdir.
Onların başı daha çox
əmək fəaliyyətinə qarışır. Ancaq sözügedən problemin
də müəyyən həll yolları var.
Bunun üçün
KİV-lərin fəaliyyətindən, teatr
və kinonun imkanlarından istifadə etmək
lazımdır. Gənclərin asudə vaxtlarının səmərəli
keçirilməsi üçün müəyyən
tədbirlər görülməlidir. Vaxt
var idi, gənclər
kütləvi şəkildə ayrı-ayrı tamaşalara gedir, müxtəlif
tədbirlərdə yaxından iştirak
edirdi. Son dövrlər,
çox təəssüf ki,
bu sahədə bir süstlük hökm sürür. Məsələn, bu yaxınlarda Gənc Tamaşaçılar
Teatrında tanınmış yazıçı-dramaturq Vaqif Əlixanlının "Əcəl
atı" pyesinə baxdım. Adıçəkilən pyes Xocalı soyqırımı münasibətilə
tamaşaya qoyulmuşdu.
Orada çox
yaxşı bir tamaşanın göstərilməsinə
baxmayaraq, auditoriya gənclərlə
kifayət qədər dolu deyildi.
Orda bir məktəbin
şagirdləri və bir neçə nəfər
gənc iştirak edirdi.
Halbuki, gənclərin belə işlərə
cəlb olunması çox vacibdir. Həmin tamaşada
böyük bir anşlaq yaşansaydı, heç
şübhəsiz, bu daha
yaxşı olardı. Həmçinin, bizim
dövlətçilik tariximizin,
başımıza gələn hadisələrin, faciələrin
səbəblərinin dərk olunmasında çox
mühüm rol oynaya bilərdi. Yəni özəl
qurumların rəhbərləri fikirləşməlidir ki, onların fəhləsi təkcə işləyib
maaş almaq arzusu ilə yaşamasın". Mövzu ilə bağlı profeessor Vaqif Arzumanlı əməkdaşımızla
söhbətində deyib ki,
müxtəlif təşkilatın, qurumun,
sektorun özünün
belə planları olmalıdır ki,
işçilərin iş günündən
sonrakı fəaliyyəti səmərəli keçsin:
"Onlar üçün
ölkənin müxtəlif ərazilərinə səfərə
çıxmaq imkanı yaradılmalıdır. Bunun üçün
özəl qurumların mədəni proqramları
olmalıdır. Eyni zamanda, həmin qurumlarda
çalışan gənclərin mətbuatla, yeni çıxan nəşrlərlə
tanış olmaq imkanları
olmalıdır. Özəl sektora rəhbərlik
edən ayrı-ayrı şəxslər, sahibkarlar
bu cür proqramlar həyata keçirərsə, bu bizim gənclərimizin
xeyrinə olar. Gənclər də hiss edər ki, onun belə zəngin mədəniyyəti, milli təəssübkeşlik, vətənpərvərlik
hissləri aşılayan mədəni sərvətləri var". Professorun sözlərinə görə,
ölkədə dövlətçilik ənənələrini
qoruyub saxlayan abidələr,
tarixində vətənpərvər qəhrəmanlar var. O hesab edir
ki, onlara bu hisslər aşılanar. Zaman
keçdikcə onlar
dünyagörüşlərində müəyyən dəyişikliklərin
yarandığını hiss edəcək. Gənclərin vətənpərvərlik
və milli mənlik şüurunun
formalaşması üçün gərəkli
olan bu tövsiyələrdən
gənclərin nəticə çıxaracaqlarına əminik.
İradə SARIYEVA
Bakı xəbər. - 2014.- 30
yanvar.- S.15.