Ermənilərin azərbaycanlılara qarşı törətdiyi mart soyqırımının şamaxılı qurbanları...

 

1918-ci il Azərbaycan xalqının həyatında iki böyük hadisə ilə qalıb. O hadisələrdən biri qanlı-qadalı, ölüm-itimli, faciəli, o biri isə möhtəşəm, şanlı bir hadisə idi. 1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cumhuriyyəti elan edildi və Azərbaycan müstəqil oldu. Hadisədən təxminən iki ay əvvəl isə Azərbaycanın müxtəlif bölgələrində, şəhər və kəndlərində erməni daşnakları xalqımıza, dinc azərbaycanlılara qarşı vəhşət törətdi və minlərlə insanı qətlə yetirdi.

Əli tarixdə bir neçə dəfə türklərin qanına batan erməni daşnakları Azərbaycan əhalisinə divan tutduheç kimə aman vermədən qətlə yetirdi.

Azərbaycan tarixində çox tükürpədici hadisələrdən biri kimi xatırlanan, bu faciənin təfsilatı arxiv sənədlərində qeyd edilən Şamaxı soyqırımı erməni vəhşiliyinin ən böyük istinadlarındandır. Tarixi mənbələrin verdiyi məlumata görə, Şamaxıda erməni vəhşilikləri geniş miqyas alıb. Sənədlərdə qeyd edilir ki, 1918-1920-ci illərdə ermənilərin Azərbaycanın bir çox bölgələrində olduğu kimi, Şamaxıda da törətdikləri soyqırım, etnik təmizləmə siyasəti indinin özündə də xatırlanır. Sənədlərdə yazılır ki, bu siyasət azərbaycanlılara qarşı dünyada görünməmiş qəddarlıqla yadda qalıb. O dövrün hadisələrini araşdıran və qanlı olay haqqında yazan tarixçilər qeyd edir ki, 1918-ci ilin mart-aprel aylarında erməni zorakılıqlarından Azərbaycanın ən çox zərər çəkmiş bölgələrindən biri də Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan kəndləri olub. Bu hadisə tarixi ədəbiyyatda mart soyqırımı ilə birgə hallanır.

Şamaxı hadisələrini şərh edən alimlər bildirir ki, 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı vəhşiliklərindən bəhs edərkən nədənsə onların Şamaxı şəhəri və Şamaxı qəzasında törətdikləri vəhşiliklərin ifşası hələ də diqqətdən kənarda qalıb. Ermənilərin toplum halda yaşadıqları yerlərdən tamamilə uzaqda, yüzlərlə Azərbaycan kəndinin əhatəsindəki Şamaxı şəhərində ermənilərin azərbaycanlıların başına açdığı müsibətlərlə tanış olduqda dəhşətə gəlirsən. Tarixçilərin yazdığına görə, təkzibolunmaz faktdır ki, Bakıdan S.ŞaumyanJ.Korqanovun köməyi ilə erməni daşnakları onlarca Azərbaycan kəndini tar-mar edib, on minlərlə günahsız əhalini qətlə yetiriblər. Erməni terrorizmi ilə bağlı sənədlərə istinad edən tarixçilər qeyd edir: «Bu fakt bironu sübut edir ki, ermənilər olduqca təhlükəli düşməndirlər. Onlar həmişə zərbəni gözlənilməz yerdən vurmağı çox məharətlə bacarırlar. S.Şaumyan 1918-ci il aprelin 13-də Rusiya Xalq Komissarları Sovetinə göndərdiyi məktubda Şamaxıya artilleriyapulemyotlarla təchiz olunmuş «yeni dəstələr» göndərdiyini etiraf edirdi.

Bu dəstələrə S.Şaumyanın yaxın silahdaşlarından olan Bakı və Şamaxı qırğınının əsas təşkilatçısı, xalqımızın qəddar düşmənlərindən biri daşnak S.Lalayev rəhbərlik edib».

Tarixçilərin «Vikipediya» Açıq Ensiklopediyasına yerləşdirdiyi materiallarda arxiv sənədlərinə geniş yer verilib. Arxiv sənədlərinə istinad edən tarixçilərimiz yazır ki, arxivlərimizdə ermənilərin 1918-ci ilin martaprel aylarında Şamaxı şəhərində və Şamaxı qəzasının azərbaycanlıların yaşadıqları kəndlərində törətdikləri cinayətləri ifşa edən çoxlu arxiv sənədləri qorunub saxlanır. Bu sənədlər arasında 1918-ci il noyabr ayının 22-də Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə.Xasməmmədovun Azərbaycan Cumhuriyyəti ədliyyə nazirinə Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlı kəndlərinin talan edilməsi və müsəlman əhalisi üzərində ermənilərin zorakılıqları haqqında məruzəsi, həmin komissiyanın üzvü A.Novatskinin bu məsələ barədə komissiya sədrinə məruzəsi, bu qırğınlarda günahkar olan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında Fövqəladə Təhqiqat Komissiyasının 1919-cu il 12 iyul tarixli qərarı və s. sənədlər qorunub saxlanır.

Bildiyiniz kimi, Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat işlərində toplanmış materiallar ermənilərin burada törətdikləri vəhşiliklər, erməni rəzaləti haqqında ətraflı məlumat verir. Burada toplanan yüzlərlə şahid ifadələri, dindirmə protokolları, ermənilər tərəfindən yandırılmış, dağıdılmış tikili və mədəniyyət abidələrinə baxış protokolları, aktlar, siyahılar və digər sənədlər ermənilərin Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan kəndlərində törətdikləri vəhşilikləri əyani şəkildə ifşa edir. Bu işdə Ə.Xasməmmədovun ədliyyə nazirinə təqdim etdiyi məruzə xüsusilə diqqəti cəlb edir. Komissiyanın ilkin istintaq nəticəsində əldə etdiyi məlumatlar həmin məruzədə ətraflı şərh olunurdu. Orada göstərilir ki, Şamaxı şəhəri iki hissədən ibarətdir. Yuxarı və ya erməni hissəsi, aşağı və ya müsəlman hissəsi. Yuxarıda əsasən ermənilər və malakanlar, az miqdarda da müsəlmanlar, ikincidə isə yalnız müsəlmanlar yaşayırdılar. Şamaxı qəzasında əhalinin əksəriyyəti müsəlmanlardır. Erməni və malakanlar hərəsi 6 kənddə yaşayırlar. Həm şəhərli və həm də kəndlilərdən olan müsəlmanlar ermənilərlə və malakanlarla keçmiş zamanlardan sülh şəraitində yaşamış, onlara heç bir ziyan vurmamış, onları incitməmiş, daim mehriban qonşuluq əlaqələri saxlamağa çalışmışlar. Hətta 1905-ci ildə Zaqafqaziyanın bir çox şəhər və kəndlərində ermənilərlə münaqişə zamanı Şamaxı şəhəri və Şamaxı qəzasında müsəlmanlar ermənilər üzərində zorakılıq etməmiş, onlara qarşı düşmənçilik hərəkətləri törətməmişlər. Buna baxmayaraq, Şamaxı şəhəri və Şamaxı qəzasının erməniləri həmin vaxtda zərər çəkmiş erməni qardaşları ilə həmrəylik xatirinə müsəlmanlara qarşı gizlində düşmənçilik hissi bəsləyir və əlverişli məqam gözləyirmişlər. 1918-ci il martın 18-də qaliblər kimi şəhərin müsəlman hissəsinə soxulan ermənilər: «Biz bu günü on iki ildir ki, gözləmişik. Bu, Nikolayın sizə kömək etdiyi 1905-ci il deyil. İndi sizə heç kim kömək etməyəcək. Köməyə siz özünüzün «müqəddəs Həzrət Abbasınızı çağırın»- deyə qışqırırmışlar.

Bu da erməni xislətini bəyan edən ifadələr. Əsl daşnak siması...Qeyd edək ki, sənədlərdə «1918-ci il martın 19-u gecəsi həkim Sazonov Şamaxıda erməniləri müsəlmanlar üzərində rəhmsiz zorakılıqlar işlətməkdə günahlandırdıqda o, ermənilərdən belə bir cavab alıb: «Müsəlmanlara heç bir rəhm etmək yoxdur, onların hamısı məhv edilməlidir»-deyə yazılır.

Ələkbər bəy Xasməmmədovun bu yöndəki məruzəsində göstərilirdi ki, Şamaxıda azərbaycanlılara qarşı ermənilərin düşmənçilik hərəkətləri hələ Birinci Dünya Müharibəsi başlandığı vaxtlardan özünü büruzə verməyə başlayıb: «Azərbaycanlılara qarşı onlar özlərini çox təkəbbürlü aparır, onların millidini heysiyyətlərini açıqca təhqir edirdilər. 1917-ci il fevral çevrilişindən sonra ermənilər daha açıq və cəsarətlə hərəkət etməyə başlayırlar. Ermənilər çar hakimiyyəti orqanlarının yerli komandası Şamaxıdan getdikdə gizli surətdə silah anbarını ələ keçirirbu haqda nə qəza komissarına, nə də yerli müsəlman Milli Şurasına heç bir məlumat verməmişlər. Onlar ermənilərdən və malakanlardan ibarət xüsusi hərbi qarnizon təşkil edərək oraya müsəlmanları buraxmamışlar. Azərbaycanlılar qarnizona girməyə nail olduqda isə erməni əsgərləri onlara qarşı düşmənçilik edir, onları təhqir edir və incidirdilər. Elə bu vaxtlar ermənilər öz kəndlərinə müxtəlif yollarla silahsursat gətirərək sürətlə silahlanmağa başlayırlar. Silahı əsasən cəbhədən qayıdan erməni əsgərləri gətirirdilər. Onların hərəsi özü ilə bəzən üç tüfəng gətirib. Ermənilərin bu hərəkətləri azərbaycanlıları bərk vahiməyə salır. Həm Şamaxı şəhərində, həm də qəzanın kəndlərində azərbaycanlılar görürdülər ki, ermənilər onlara qarşı sürətlə silahlanırlar. Azərbaycanlılar çalışırdılar ki, ermənilərlə dil tapsınlar və yaxınlaşmaqda olan qırğının qarşısını alsınlar. Lakin sürətlə gizli silahlanan ermənilər üzdə özlərini elə göstərirdilər ki, guya müsəlmanlara qarşı heç bir düşmənçilik hissləri bəsləmirlər. Şamaxı şəhərindən 6 verst aralı erməni kəndi Mədrəsədə gizli surətdə Zaqafqaziyanın digər qəzalarından erməni əsgərləri toplanmağa başlayırlar. Martın birinci yarısında məlumat alınır ki, Bakıdakı bolşevik hakimiyyəti adından Şamaxıya böyük miqdarda hərbi sursat, toppulemyotlarla silahlanmış üç minədək erməni qoşun dəstəsi gəlir. Şamaxıdan dəstənin qabağına müsəlman və ermənilərdən ibarət nümayəndə heyəti göndərilir. Nümayəndə heyətinin dəstə ilə görüşü malakan kəndi Qozluçayda (Xilmili) baş tutur. Dəstəyə silahı Şamaxı qarnizonuna təhvil vermək təklif olunur. Onlar bundan qəti imtina edir və Bakıdakı sovet hökuməti adından bildirirlər ki, onların başlıca məqsədi Şamaxı qəzasını quldur dəstələrindən təmizləmək, qəzada anarxiyaya son qoyub normal həyatı bərpa etməkdir. Dəstənin rəhbərləri Şamaxı şəhərindən yan keçərək Mədrəsə kəndinə gedəcəklərinə söz verirlər. Martın 15-də dəstə Şamaxının yanından keçərkən şəhərin kənarında öz evlərini qoruyan müsəlmanlar dəstənin şəhərə hücum etdiyini güman edərək atəş açırlar. Dəstə də cavab atəşi açır. Tezliklə bütün şəhəri atışma bürüyür. Bu atışma nəticəsində hər iki tərəfdən tələfat olur. Lakin axşama yaxın şəhərdə tam sakitlik yaradılır. Elə həmin gün erməni yepiskopunun təşəbbüsü ilə Şamaxıdakı bütün millətlərin və onların ruhanilərinin nümayəndələri bir yerə yığışaraq and içirlər ki, sülh şəraitində yaşayacaqqayda-qanunu pozmayacaqlar. Bunu eşidən Kürdəmir kənd sakinləri müsəlmanları incitməməyi ermənilərdən xahiş etmək üçün Şamaxıya gəlmiş, erməni rəhbərlərinə müsəlmanlarla sülh şəraitində yaşamağı təklif etdikdə və erməni yepiskopunun verdiyi andı xatırlatdıqda ermənilərdən bu cür cavab almışlar: «Müsəlman ruhaniləri erməni ruhaniləri ilə barışa bilər, lakin erməni xalqı müsəlmanlarla müharibə istəyir və bu işdə onu İngiltərə müdafiə edəcək».

Soyqırım sənədlərini araşdıran alimlər yazır ki, 1918-ci il mart ayının 18-də sübh çağı Şamaxı şəhərinin azərbaycanlı sakinləri top atəşlərinin sədaları altında oyanırlar. Qeyd edilənə görə, evlərindən çıxarkən görürlər ki, şəhər cənubdan ermənilər, şimali-şərqdən isə malakanlar tərəfindən mühasirə olunub: «Şəhərin tamamilə azərbaycanlılardan ibarət aşağı hissəsi toppulemyot atəşlərinə tutulur, şəhərin yuxarı hissəsində yaşayan ermənilər isə azərbaycanlılar yaşayan məhəllələri tüfənglərdən atəşə tuturlar. Bu hücum müsəlmanlar üçün tam gözlənilməz idi. Yuxarıda qeyd etdiyimiz kimi, ondan bir gün əvvəl erməni yepiskopu Baqrat və malakanların nümayəndəsi Karabanov xaçİncil qarşısında azərbaycanlılarla sülh və qardaşlıq şəraitində yaşayacaqlarına və heç vaxt onlara qarşı silahlı çıxış etməyəcəklərinə and içmişdilər. Müdafiəyə hazırlaşmamış azərbaycanlılar əvvəlcə buna təşəbbüs etsələr də, toppulemyot atəşləri altında dayana bilməyib geri çəkilirlər. Ermənilər və malakanlar həmləyə başladıqlarından bir neçə saat sonra artıq şəhərin azərbaycanlılar yaşayan və şəhərin erməni hissəsi ilə sərhəd olan «Piran-Şirvan» sahəsinə soxula bilirlər. Onlar azərbaycanlıların evlərini talan edir, yandırır və dinc əhalini qəddarlıqla qətlə yetirirdilər. Şəhərin ən abad, varlı və tanınmış müsəlmanlarına məxsus evlərinə od vurulurdu. Ermənilərin qarət edib yandırdığı evlər arasında Şıxıyevlərin, Həsənovların, Cəbrayılovların, qəza müftisinin, Hüseynbəyovun, Əlimirzəyevin, Əfəndiyevin, Babayevlərin, Məhərrəmovların, Veysovların, Böyük bəy Hüseynovun, Hacı Vahab Ələkbərovun və başqalarının mülkləri də var idi. Ermənilər və malakanlar yandırılmış evlərdən çıxıb qaçan kişi, qadın və uşaqları güllələyirdilər. Ermənilər evlərə soxulur, onların sakinlərini qarət edir, qətlə yetirir, sonra isə yandırırdılar. Gecə müsəlmanlar təslim olmaq barədə qalib ermənilərin yanına nümayəndələr göndərir və sülh xahiş edirlər. Lakin atəş dayandırılmır. Yanğınlar bütün bölgəyə yayılır və səhərə qədər şəhərin ən zəngin məhəlləsindəki evlərdən yalnız xarabalıqlar qalır. Yandırılmış evlərdən qaçaraq canını qurtarmaq istəyən sakinlərə- kişi, qadın və uşaqlara heç bir fərq qoymayan ermənilər onları açıqcasına, yaxud tinlərdən atəşə tuturlar. Adamları evlərdə, həyətlərdə, küçələrdə qətlə yetirirlər. Şəhərin küçələrində meyitlərdən qalaqlar yaranır. Ermənilər azərbaycanlı əhalinin qətlini eşidilməmiş və ağılasığmaz qəddarlıq və işgəncə ilə həyata keçirirdilər. Öldürmək və evlərini yandırmaq hədəsi ilə ermənilər azərbaycanlılardan onların pul və qiymətli əşyalarını alır, lakin çox vaxt pul və qiymətli əşyalarını könüllü vermələri belə azərbaycanlıları ölümdən və evlərini yandırılmaqdan xilas edə bilmirdi. Küçələrdə əzab verilərək öldürülmüş qadınların meyitləri atılıb qalmışdı. Onların döşləri kəsilmiş, qarınları yırtılmış və ən çirkin üsullarla təhqir olunmuşlar. Küçələrdə pazlarla diri-diri yerə mıxlanmış uşaq meyitləri də atılıb qalmışdı. Azərbaycanlıların evlərindən qarət və talan edilmiş əmlak arabafurqonlarla erməni və malakan kəndlərinə daşınırdı. Ermənilərin Şamaxı şəhərindəki bu vəhşilikləri bir neçə gün davam edir. Yalnız Gəncədən azərbaycanlı silahlı dəstələrinin Şamaxıya köməyə gəlməsindən qorxuya düşən ermənilər və malakanlar Şamaxı qəzasının Qozluçay malakan kəndinə çəkilirlər. Azərbaycanlı silahlı dəstələri onları təqib edir. Lakin onlara məlum olur ki, ermənilər və malakanların qüvvələri onlarınkından qat-qat üstündür. Ona görə də strateji mülahizələrə görə dörd gündən sonra azərbaycanlı silahlı dəstələr şəhəri tərk etməyə məcbur olurlar. Gəncədən olan silahlı dəstələrlə Şamaxının, demək olar ki, əksər müsəlman əhalisi şəhəri tərk edir. Ancaq çox tələsik olduğu üçün onlar hətta özləri ilə vacib əşyalarını belə götürə bilmirlər. Çoxlu şəhər sakini, xüsusilə yoxsullar, xəstələr, qocalar, qarılar və uşaqlar şəhərdə qalırlar. Gəncədən olan silahlı dəstələr Şamaxını tərk etdikdən bir neçə gün sonra erməni və malakan quldur dəstələri geri qayıdaraq yenidən Şamaxını tuturlar. Bu dəfə şəhərin talan edilməsi və əhaliyə divan tutulması əvvəlkindən daha böyük qəddarlıq, qəzəb və qaniçənliklə həyata keçirilir. Şəhərdə qalan azərbaycanlı əhali, uşaqlar, qadınlar, qocalar da daxil olmaqla, tamamilə məhv edilib. Küçələr, həyətlər, evlər, məscidlər meyitlərlə dolu idi.

Şəhərdə azərbaycanlıların bütün əmlakı qarət edilərək erməni və malakan kəndlərinə aparılmışdı. Şəhərin bütün azərbaycanlı hissəsi oda qalanmışdı. Şəhərdəki bütün məscidlər, onların nəzdindəki müqəddəs yerlərlə birlikdə yandırılmışdı. Bir sözlə, şəhərin azərbaycanlılar yaşayan bütün məhəllələri tamamilə xarabazarlığa çevrilmiş, bir dənə də olsa azərbaycanlı evi salamat qalmamışdı».

 

Ardı var...

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 1 aprel.- S. 11.