İnsan alverinin tarixi mənşəyi,
inkişafı, formaları və təqib olunması...
İnsanın əşya kimi alqı-satqısı qul ticarətinə aiddir. Tarixdə qul ticarətinin kütləvi hal alması Afrikadan daşınan qullarla bağlı olub. Həmin dövrlərdə qara dərililərin ticarətin predmetinə çevrilməsi çox yayılmışdı. İctimai əxlaqın (mənəviyyatın) inkişafı nəticəsində qul ticarəti tədricən cinayətin predmetinə çevrilsə də, üstünlük təşkil etmirdi.
Qul ticarətinin yaranma dövrü barədə yazılı tarixi mənbələr yoxdur. Lakin insanın əşya kimi alınıb-satılması əsrdən-əsrə ötürülüb və bu günə qədər yaşamaqdadır. Misirin qədim mənbələrinə istinadən belə qənaətə gəlmək olar ki, köləlik və qul ticarəti həmin dövrlərdə qədim dövlətlərin iqtisadiyyatının müəyyən hissəsini təşkil edirdi. (Daha çox kənd təsərrüfatında)
Qədim zamanlarda kölə zəncilər Misirə, Yunanıstana və Romaya aparılırdı. Bir müddət ötdükdən sonra isə ərəblər onları Şimali Afrikaya, Ərəbistana, Türkiyəyə və İrana daşıyırdılar. XIX əsrdə qul ticarətinin əsas mərkəzi Misir və Zanzibar (Afrikanın şərq sahilindəki yerlər, Hind okeanında ada) sayılırdı. Təkcə Fars körfəzindən 1867-1869-cu illər ərzində 39645 kölə daşınmışdı. Amma həmin dövr ərzində ingilis gəmiləri ilə Hind okeanında daşınan 2645 adam köləlikdən azad edilmişdi. Qul ticarəti ilə məşğul olan tacirlər silahlı dəstələrlə Afrikanın dərinliklərinə daxil olur, Nil çayının yuxarı istiqaməti ilə Konqo çayının vadilərində yaşayanlara qarşı viranedici basqınlar edir və qulları Şərqi Afrikanın ətraf məntəqələrinə daşıyırdılar.
XIX əsrin sonlarında ingilis hakimiyyəti tərəfindən qul ticarəti Misirdə qadağan edildikdən sonra Şərqi Afrikada ərəblərin qul ticarəti ilə bağlı fəaliyyəti də qanunsuz hal kimi qiymətləndirildi. Belə vəziyyət XX əsr boyu davam etdi və XX əsrin 80-ci illərində Səudiyyə Ərəbistanında qul ticarəti rəsmi olaraq ləğv edildi.
Qul ticarəti orta əsr dövlətlərinin, Ərəb Xilafətinin, Qızıl Orda və Krım Xanlıqlarının, Osmanlı İmperiyasının iqtisadiyyatının mühüm tərkib hissəsini təşkil edirdi. Monqol-tatarlar qulları müsəlman tacirlərinə və eləcə də İtaliyanın koloniyasında olan şəhərlərdə satırdılar.
Qara dəniz ətrafından gətirilən qulların hesabına Qahirədə Əyyubilərin və Bağdadda Abbasilərin Məmlük qvardiyası yaradıldı (təxminən 1193-cü ildə). Məşhur Məmlük sultanı I Bəybars 1259-cu ildə Monqolları darmadağın etmişdi. Bəybars Qara dəniz ətrafından gətirilən qullardan-qıpçaq idi. Monqol-tatarlar tərəfindən Misirə satılmışdı.
Qərbi Avropada da bütün orta əsrlərdə qul ticarəti mövcud idi. XV əsrin ortalarında Portuqaliya tacirləri Afrikadan gətirilən qul ticarəti ilə məşğul olurdular.
XVI əsrdə isə ispanlar Hindistana, portuqaliyalılar Braziliyaya qul daşımağa başladılar. XVI-XVII əsrlərdə qul ticarəti krallığın imtiyazına çevrildi. Zəncilərin alqı-satqısına daha çox üstünlük verilirdi. (1621-1631-ci illərdə Hollandiya, Fransa və İngiltərənin ticarət kompaniyalarında zəncilərə daha çox ehtiyac duyulurdu. 1698-ci ildə İngiltərə parlamenti rəsmi olaraq xüsusi şəxslərə qul ticarəti ilə məşğul olmağa icazə verdi. Çox keçmədən qul ticarəti çox gəlirli sahə kimi Roma papası V Nikolayın da (1452-ci ildə) diqqətini çəkdi.
1789-cu ildə Fransanın qəbul etdiyi «İnsan hüquqları haqqında bəyannamə» hər cür qul ticarətini rədd etdi. 25 mart 1807-ci ildə İngiltərə Parlamenti «Qul ticarətinin qadağan olunması barədə» akt qəbul etdi. 1823-ci ildən başlayaraq qulların bir koloniyadan digərinə daşınmasına da artıq qadağa qoyuldu (Hələ 1815-ci il Vyana konvensiyasında da insanın əşya kimi alınıb-satılması pislənirdi) və ilk dəfə olaraq dövlətlərarası səviyyədə beynəlxalq ittifaq adından qaradərili zəncilərin ticarəti ilə bağlı məsələ müzakirə predmetinə çevrilsə də, səmərəli nəticə hasil olmadı. (1822-1823-cü illərdə)
15 may 1820-ci ildə ABŞ konqresi qul ticarətini dəniz quldurluğuna (piratlıq) bərabər sayaraq hər iki hala ölüm cəzasının tətbiq edilməsini məqbul saydı. 1840-cı ildən başlayaraq bütün Avropa ölkələrinin cinayət qanunvericiliyində qul və zəncilərin ticarəti ilə bağlı sərt cəza tədbirləri tətbiq olunmağa başladı.
Müasir zamanda qul ticarəti bir neçə Asiya ölkəsində, Afrikada, Şərqi Avropada və Latın Amerikası ölkələrində var. Məs: Nigeriyada 2003-cü il ərzində köləlikdə 870.000 adamın olduğu barədə statistik məlumatlar var. Bu, müasir dövrün insan alveridir.
İnsan alverinin təhlükəliliyi onun müxtəlif formada həyata keçirilməsindədir.
Bir çox mənbələrdə insan alveri cinayətlərinin daim dəyişən formaları barədə müxtəlif mülahizələr yürüdülür. Ona görə də insan alverinə qarşı daha səmərəli fəaliyyətin təşkili, bu anlayışın əməliyyat təhlilinə təsirini, cinayətləri tövsif etmək, insan alveri cinayətlərinin qurbanlarını yaxından öyrənmək üçün onunla mübarizə elementlərinin araşdırılmasına ehtiyac var. Qeyd olunacaq formaların aydın və dəqiq tövsifi onu praktikada çətinlik çəkmədən qəbul etməyə imkan yaradır.
İnsan alveri cinayətlərinin həm ümumi, həm də əsas formaları var:
* Insan alveri, ələlxüsus qadınların və uşaqların seksual məqsədlərlə istismarı; Bura daxildir:
-
Seks-industrial və ya əyləncə sahəsi;
- Hərbi
hissələrin yerləşdiyi ərazidə mütəşəkkil
şəkildə seks-ticarəti;
-
Seks-turizmin təşkili;
-
Pornoqrafiya istehsalı (hər iki cinsdən olan uşaqlardan
istifadə)
* Qul əməyinin
istismarı məqsədilə insan alveri; Bura daxildir:
- «Potoqon»
istehsalatda əməyin istismarı;
- Qeyri
formal və kölgə iqtisadiyyatında istismar;
-
Kontrafakt məhsulun istehsalında əməyin istismarı;
- Ev təsərrüfatında-ev
köləliyi;
- Uşaq
əməyindən istifadə (maşın yuma,
k/t işinə cəlb etmə) və s.
* Dilənçilik
məqsədilə insan alveri, ələlxüsus
uşaqların dilənçiliyi; Bura daxildir:
-
Uşaqları ələ almaqla onlardan istifadə etmək;
-
Əlillərdən istifadə etmək;
-
Azyaşlıların dilənçiliyə cəlb edilmək
üçün «icarəyə» alınması(verilməsi);
*
İstismar məqsədilə nikahlar («rabitə ilə gəlin»
sistemindən istifadə etmə); Bura daxildir:
- Ev təsərrüfatında
insanlardan istifadə;
- Xəstələrə
və ahıllara xidmət göstərmək niyyətilə
istifadə;
* Surrroqat
analığa məcbur etmək məqsədilə insan alveri;
*
İnsan orqanlarının və toxumalarının məcburi
transplantasiyası məqsədilə insan alveri;
* Məcburi
övladlığa götürmək məqsədilə insan
alveri;
*
Silahlı birləşmələrdə istifadə etmək məqsədilə
insan alveri;
* Əsgərlərin
məcburi işdə istifadəsi üçün insan alveri;
Qeyd olunan tövsif bitkin xarakter daşımır. Lakin insan
alveri cinayətlərinin formaları dinamik hal olduğundan,
cinyətkarlar da konkret maddənin dispozisiyasına uyğun
olmayan alternativ forma və üsullarla əməllərini elə
qururlar ki, məsuliyyətdən yayına bilsinlər. Sosial - iqtisadi və siyasi situasiya dəyişdikcə
bu dinamik hallar da dəyişir. Nəticədə
istismarın formaları da aşağıdakı kimi dəyişməyə
başlayır.
- Əməyə
məcburetmə (seksuallığa və ya sair xidmətə məcburetmə);
-
Haqqı ödənilmədən işlətmək və
yaxud aydın olmayan əmək haqqı, işlədikdən
sonra haqqın ödənilməməsi və yaxud qismən
ödənilməsi;
- Şəxsin
iradəsinə uyğun-azadlıq fəaliyyətindən və
hərəkətlərindən məhrum edilməsi;
- Əmək
müqaviləsi olmadan işə cəlb etmək, iş
gününün uzadılması;
-
İşdən çıxmaq istəyənlərə
qanunsuz qadağalar qoymaq (işçinin saxlanılması);
-
İşçinin razılığı olmadan başqa
işə (niyyətlərinə uyğun işə)
köçürülməsi, razılığı olmadan
başqa (sair) xidmətə işləməyə məcburetmə-manipulyasiya;
Daha sonra
sənədlərin işçidən alınıb verilməməsi,
borcdan asılı vəziyyətdə saxlanılması,
fiziki zorakılıq və ya zorakılığın tətbiqi
ilə hədələmə, psixoloji zorakılıq, deport
etmək (qeyri-leqal miqrantlar üçün) hədəsi, sərbəst
hərəkət etməsinə məhdudiyyətlər və
s. insan alveri cinayətlərinin formalarına aid etmək olar.
Şəraitdən asılı olaraq qeyd olunan
formaların hər biri müxtəlif modifikasiya üzrə dəyişilə
bilər. Məsələn:
Qeyri-leqal miqrantların əmək haqqının verilməsini
yubatmaq və yaxud onu deportasiya etmək məqsədilə
polisə verməklə hədələmək.
Beləliklə, insan alveri cinayətləri ilə əlaqəli
olan istismarın formaları çox müxtəlif və rəngarəngdir. Əksər
hallarda hərəkətlərin qanunauyğun sənədləşdirilməsində
və bu formaların müəyyən edilməsinə
prosessual imkanlar yoxdur. Ona görə də,
müasir dövr insan alveri cinayətlərinin şərhi
üçün bu formalar əhəmiyyət kəsb edir və
adekvat formulanın tətbiqi istismarın formalarının əks
etdirən qanunvericilik bazasına ehtiyac var.
İnsan
alveri cinayətlərinin səbəbləri və risq
qrupları
Azərbaycan Respublikasının Qüvvədə olan CM
ilə insan alveri probleminin öyrənildiyi dövr ərzində
müxtəlif təhlillər aparılıb, risq qrupuna aid
edilənlərin, bu cinayətlərin qurbanlarının
«spesifik cizgilərinin» öyrənilməsinə çox vaxt
sərf edilib.
Mövzu beynəlxalq konfranslarda, Azərbaycan Respublikası
Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının layihələrində aktiv müzakirə
predmetinə çevrilib, qurbanların tipik xarakteristikası
prioritet məsələ kimi diqqət çəkib, DİN-in
kollegiyalarında və MM-in plenar iclaslarında milli koordinator,
general-leytenant Vilayət Eyvazovun hesabat xarakterli məruzəsi
dinlənib. Son 2014-cü il ərzində
DİN-nin İnsan Alveri Baş idarəsinin Mütəşəkkil
cinayətkarlığın bu növü ilə mübarizə
fəaliyyətinə nəzər yetirdikdə
aşağıdakı mənzərə diqqət çəkir.
İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında
davam etdirilən əməliyyat tədbirləri ilə 97 (+17
fakt 2013-cü il ilə müqayisədə
çox aşkar edilmişdir) cinayət faktı müəyyənləşdirilərək
19 nəfərdən ibarət 9 cinayətkar qrup cinayət məsuliyyətinə
cəlb olunub, bu əməllərin qurbanı-52(+2) şəxsin
cəmiyyətə reinteqrasiyası təmin edilib.
İctimai mənəviyyat əleyhinə olan hüquqa
zidd əməllərlə bağlı 183 (+13), o cümlədən
79 (+6) fahişəliyə cəlb etmə və 86(+18) əxlaqsızlıq
yuvaları saxlama cinayəti aşkarlanaraq 115 nəfər məsuliyyətə
cəlb olunub.
Təəssüflə xatırlatmaq istərdim ki,
2006-ildə Beynəlxalq təşkilatın Miqrasiya üzrə
Bürosunun «İnsan alveri cinayətlərinin və köləliyin
qarşısının alınması» ilə bağlı
RF-yə aid beynəlxalq konfransında insan alverinin əsas səbəblərinin
müzakirəsi diqqət çəkməyib. İnsan
alverinin dərin köklərinin iqtisadi, sosial sahələrdə
və mədəni-mənəvi münasibətlərdə
axtarılması daha məntiqli səslənsə də, buna əhəmiyyət
verilməyib. Adətən səbəblərin
kökündə və özülündə yoxsulluq
vurğulanır, iqtisadi imkanların məhdudluğu, ailənin
digər ölkələrlə müqayisədə həyat səviyyəsinin
aşağı düşməsi, ailələrdəki
zorakılıqlar, gender bərabərsizliyi, sosial-maddi yetimliyə
məruz qalma, spirtli içkilərə aludəlik, uğursuz
ailələr və s. faktorlar önə çəkilir. Lakin sadalanan səbəblər yalnız diqqətə
çatdırılır, ona təsir mexanizmləri işlənilmir,
hazırlanmır. Nəticədə insan
alveri ilə əlaqədar olan faktlar latentliyə məruz
qalır, təşkilatçılara və digər
iştirakçılara məsuliyyətin və cəzanın
labüdlüyü prinsipi tətbiq edilmədiyindən
mübarizə əhəmiyyətini itirir.
Beynəlxalq ekspertlərin mülahizələrinə
görə, bu gün Rusiya Federasiyası insanların
daşınması və tranziti üçün təyinat
ölkəsinə çevrilib. Burada daha çox
yoxsul təbəqə qurbana çevrilir. Çin,
Şimali Koreya və Vyetnam kimi ölkələrdən Rusiyaya
böyük kütlə - əmək miqrantları daxil olur.
Məs: 2000-ci illərdə Tacikistanda adambaşına
düşən gündəlik gəlir 0,2$
idisə, həmin ərəfədə Rusiya Federasiyasında
bu rəqəm 20 dəfə çox idi. Təbii
ki, ehtiyac içində boğulanlar, yoxsul ölkədən həyat
təminatlarını heç olmasa qismən təmin etmək
üçün Rusiyaya gəlməyə «məhkum» idilər.
Belə faktlar yaşamaq uğrunda mübarizənin
canlı təzahürüdür. Yaxın
gələcəkdə qeyd etdiyim yaşayış səviyyəsinə
görə fərqi aradan qaldırmaq ümidi yoxdur.
Əksinə, vəziyyətin bir az da
ağırlaşacağını proqnozlaşdırmaq olar. Ona görə Rusiya, digər ölkələrdən
fərqli olaraq, miqrantlar üçün cəlbedici və cəzbedici
ölkə olaraq qalır. Bütün bunlara baxmayaraq,
1990-cı illərdə Rusiyanın istehsal sektorlarında orta əmək
haqqı Almaniyadan 50 dəfə, Yaponiyadan 40, ABŞ-dan isə
30 dəfə az təşkil edirdi. Rusiyada əmək
haqqının artımı, ekspertlərin qənaətinə
görə, yalnız iqtisadiyyatın qlobal yenilənməsi
prosesində resturizasiya nəticəsində mümkün
olacaq. Belə çıxır ki, Rusiya
tranzit ölkə kimi insanların kriminal baxımdan
istismarı üçün hələ mənbə rolunu
oynamaqda davam edəcək.
İnsan
alverinin sosial-iqtisadi təbiəti yoxsulluğun
yayılması, əməyin dəyərləndirilməməsi,
az haqq ödənilməsi, səmərəli
fəaliyyətlə məşğulluq imkanlarının əhalinin
əksər kontingentləri üçün əlçatmaz
və təhsilin aşağı olması, sosial müdafiənin
yoxluğu və digər obyektiv səbəblərlə
sıx bağlıdır. Beləliklə, insanların
istismar şəraitinə məruz qalma risqi müəyyən
səbəbli əlaqə təsirindən reallaşır.
Tarixən də yoxsulluq, ehtiyac və səmərəli
məşğulluğa yolun bağlanması insanları
ağlasığmaz xətalara və təhlükəli əməllərə
vadar edərək, onları iqtisadi davranışın risqli
modelindən istifadə etməyə məcbur edib, köləliyə,
insanın istismarına razılıqlarını «qanuniləşdirib». Bu səbəblər
cəmiyyətin ümumi vəziyyətinə təsirsiz
ötüşməyib. Risq sosial normaya
çevrildikcə insanların iqtisadi davranış modeli də
dəyişir. İnsan
davranışlarının rasionallığı təhrif
edilir. Beləliklə qeyri-leqal miqrasiyaya
yol açılır və insanların köləliyə xas
istismar olunmasına məcburi şərait yaranır.
İqtisadiyyatın müasir qaydaları hamıya ticarətin
inkişaf resurslarına daxil olmaq imkanı yaratmır. Ona görə
bəziləri rəsmi xidmət strukturlarında
çalışmağa «dəhliz» və ona lazım olan
ehtiyacını ödəmək üçün «şans»
axtarışına çıxır. Məs: qocalar
ömürlük yardım vədi ilə aldadılır və
nəticədə mənzili ilə birlikdə alınır (və
yaxud satılır); əlillər dilənçilikdə
istifadə olunur, əcnəbi tərəfdaş axtaran
qızlara «tanışlıq xidməti» təklif edilir (və
insan alveri tacirlərinə təhvil verilirlər), iş
axtaranlar köləliyə cəlb olunur və s.
Yoxsulluq
özündə zəncirvari arzuolunmaz nəticələri
birləşdirir: təhsildən uzaqlaşma, səhiyyə
xidmətindən istifadə edə bilməmək,
aşağı həyat səviyyəsi, müasir informasiya-kommunikasiya-texnologiyalarından
yararlanmaq imkanından məhrum olmaq və s..
Burada əsas köklü səbəb marginal və risqli
davranış strategiyasının yayılmasındadır.
Ailə institularındakı böhran insan alverinin səbəbi
kimi yoxsulluqdan fərqli olmasa da, mühüm səbəblərdəndir. Rusiyada 14 mln.
rus uşağı natamam ailələrdə
böyüyür. Onların qayğısına
əsasən qadınlar qalır. Ailənin
gəlir səviyyəsi əhəmiyyətli dərəcədə
aşağıdır (Hər iki valideynin olduğu və
işlədiyi ailələrdən fərqi olaraq).
Gender bərabərsizliyi və ailədə
ayrıseçkilik halları məişət
zorakılıqlarının artmasına və
yayılmasına təsir edir, uşaqların dilənməsinə
(dilənçiliyə məruz qalmasına) və
avaraçılığa meylini artırır.
Ailənin məişət və mənzil şəraitindəki
problemlər, alkoqola aludəlik, ailənin mənəvi dəyərlərinin
dağılması (qeyri-rəsmi nikahların artması) insan
alverinin artmasına zəmin yaradır.
Qeyd olunan səbəblərin qarşılıqlı fəaliyyəti
insanların istismarının sosial fəzasının hədsiz
genişlənməsinə gətirib çıxarır. Belə hallar
isə sivil cəmiyyətlə bir araya sığa bilməz.
Adətən insan alveri üzrə yüksək risq
qrupları var. İlk qrupa qadınlar və uşaqlar aid
edilir. Qadınlar arasında ələ alınmağa meylli
gənclər - yüksək təhsili, stabil işi və gəlir
mənbəyi olmayan, çoxuşaqlı tənha analar, ailədə
zorakılıqlarla üzləşən, ona məruz qalanlar
aiddir. Uşaqlar arasında daha çox ailə
münaqişəsi hökm sürən ailələrin
uşaqları, valideynsiz uşaqlar, uşaq evlərinin sakinləri,
avara və nəzarətsiz olan uşaqlar daxildirlər.
Risq qrupuna, həmçinin əlillər, kasıblar, narkotiklərdən
asılı adamlar: risq qrupunun dəqiq formulası insan alverinə
qarşı preventiv kampaniyanın əhəmiyyətinə
kömək edə və digər risq qrupunun bu bəlaya cəlb
olunmasının qarşısını ala bilər. Məs:
HİV-ə yoluxmanın qarşısını almaq
üçün kompleks proqram təşkil etmək olar.
Ümumiyyətlə, insan alveri cinayətləri beynəlxalq
normaların, həm də dövlətdaxili normativ hüquqi
aktların tələbinə görə ağır və
xüsusilə ağır cinayətlər kimi təsnifatlandırılır. Qeyd olunan tələbə
uyğun olaraq CM-nin 144-1 maddəsinin birinci hissəsindəki
sanksiyanın sərtləşməsinə zərurət
yaranır.
Bu gün insan alveri sahəsində hüquq-tətbiqetmənin
mürəkkəbliyi qeyri-dəqiqliklə əlaqəli
olduğundan, qul əməyi- köləliyə xas cəhətin
anlayışlarının da dəqiq verilməsində
çətinliklər yaradır. Ona görə də CM-nin 144-1 maddəsi
( və insan alverinə aid olan digər maddələr)
əlavə kommentariyaya və əlavələrə zərurət
yaradır. Yuxarıda qeyd etdiyim insan alverinin hər
bir formasının təfsirinə tam aydınlıq gətirilməyincə
əməlin tövsifi prosessual dəqiqliklə ifadə oluna
bilməz. İlk növbədə cinayət
qanunvericiliyində istismarın formaları konkret izah edilməlidir.
Məsələn: insanlardan dilənçilik qismində
istifadə - -istismar edilməsinə şərh verilməlidir,
insan üzərində nəzarətin müxtəlif formada həyata
keçirilməsi və yaxud zorakılığı (borc
asılılığında saxlamaq, sənədlərin
götürülüb saxlanması, psixoloji
zorakılığın şantaj formasında həyata
keçirilməsi və s.). İnsan alverinin hər
bir formasının cinayət qanunvericiliyi ilə effektiv təqibi
bu cinayətlərin risq qruplarına məhdudiyyət qoya bilər.
Şəmsəddin Əliyev
«Polisə Dəstək» İB-nin sədri
Bakı xəbər.-2015.- 2 aprel.- S. 11.