Erməni terroru nəticəsində dağıdılan Şamaxı Cümə Məscidi...

 

1918-ci ildə erməni terrorundan əziyyət çəkənlərin xeyli hissəsi Şamaxı sakinləri olub. Keçən yazılarımızda qeyd etmişdik ki, erməni daşnakları şamaxılılara divan tutub və yüzlərlə insanı qətlə yetirib. Yalınz insanlar erməni terroruna tuş gəlməyib, Şamaxıdakı əhəmiyyətli tikililər, evlər, o cümlədən də Şamaxı Cümə Məscidi ermənilər tərəfindən yandırılıb. 1918-ci ildə baş verən bu yanğın tariximizdə acı bir səhifə kimi xatırlanır.

Tanrı sevgisindən uzaq daşnaklar müqəddəs ocaqlara da əl uzadıb, onları yerlə yeksan ediblər.

Məlumat üçün deyək ki, Şamaxı Cümə Məscidi qədim Şamaxı şəhəri ərazisində yerləşən, Azərbaycan Respublikasının ərazisindəki ən qədim məsciddir. Verilən bilgiyə görə,

memarlıq ənənələri və abidələri ilə məşhur olan Şamaxı rayonu, xüsusilə Şamaxı şəhəri XIX əsrin ikinci yarısından başlayaraq təkrar baş vermiş zəlzələdən sonra çətin dövrünü yaşamağa başlayıb. Azərbaycanda mədəniyyət və incəsənətin çiçəkləndiyi dövrlərdə (XII-XIII əsrlər) Şamaxı Cümə Məscidinin konstruksiya və memarlıq qaydalarına toxunmadan onun plan strukturunda bərpa və tamamlama işləri aparılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il dekabrın 24-də Cümə Məscidi dövlət tarix-memarlıq abidəsinin bərpası ilə əlaqədar sərəncam imzalayıb. Ölkə başçısının sərəncamı ilə Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Şamaxı şəhərindəki Cümə Məscidi dövlət tarix-memarlıq abidəsinin bərpası üçün Şamaxı Rayon İcra Hakimiyyətinə 4,0 (dörd) milyon manat məbləğində vəsait ayrılıb.

Məscidin tarixinə gəlincə, rəsmi mənbələrdə qeyd edilir ki, məscidin tikintisi 743-744-cü illərə aiddir. Alimlər bildirir ki, bu nəticəyə Şahqulu Qacarın başçılığı altında Tiflis geologiya komissiyasının tədqiqatlarına əsasən gəlinib. Bu tarix Cümə Məscidinin fasadı üzərindəki, hicri 126 ili bildirən ərəb yazısından məlum olub. Məhz bu zaman ərəblər Azərbaycan Respublikası ərazisində məscidlərin və başqa abidələrin inşasına başlamışlar. Bu, islamın Qafqaz ərazisində yayılması ilə bağlı idi. Şamaxı Cümə Məscidi 734-cü ildə inşa edilən Dərbənd Cümə Məscidindən sonra Qafqazda ən qədim məsciddir. Məscidin inşası Ərəb Xilafətinin Azərbaycan canişini, Əməvi xəlifəsi I Validin (705-715) qardaşı Məslamə ibn Əbd ül-Malikin dövrünə təsadüf edir. Şamaxı onun dövründə canişinin Qafqazdakı iqamətgahı idi. Ərəblər Şamaxıya böyük önəm verirdilər, bu, Cümə Məscidinin memarlıq üslubundan açıq-aydın görünür.

Səlcuqluların dövründə yaşamış tarixçi İmadəddin İsfahaninin məlumatına görə, Şirvanşahlar 1123-cü ildən başlayaraq gürcülərin talançı quldur basqınlarından müdafiə məqsədilə yardım üçün səlcuqlu sultan Mahmuda (1118-1131) müraciət edirlər. O yazır ki, o vaxt onlar Şamaxı şəhərinə hücum edərək «məscidi dağıtmışlar, minarəni uçurmuşlar və şəhərdə quldurluq edirmişlər».

Tədqiqatçılar qeyd edir ki, Cümə Məscidinin ilk rekonstruksiyası XII əsrin sonundan başladı və Cümə Məscidinin dəfələrlə zədələnməsi və III Mənüçöhrün dövründə Şirvanşahların güclənməsi ilə bağlı idi. Tarixçi-arxeoloq Q.Ciddi, tarixi qaynaqlarainşaat kitablarına əsaslanaraq, quruculuq işlərinə görə III Mənüçöhrün «Böyük xaqan» adlandırıldığını deyir.

Məscidin ikinci rekonstruksiyası XVII əsrdə, Səfəvilərin dövründə baş verir. 1656-cı ildə Şamaxıda olan Övliya Çələbi məscidi vilayətin ən böyük ibadəd ocaqlarından biri adlandırır. O həm də Səfəvilər dövründə məscidin bəzi struktur dəyişikliklərinə məruz qaldığını qeyd edir.

Məscidin üçüncü rekonstruksiyası 1859-cu il zəlzələsi vaxtı məscidə toxunan böyük zədələrdən sonra başlanıb və 1860-cı ildə quberniya memarı Q. Hacıbababəyov tərəfindən həyata keçirilib. Bu rekonstruksiya rus rəssamı Q.Qaqarinin eskizləri əsasında aparılıb.

Yuxarıda qeyd etdiyimiz kimi, Cümə Məscidi erməni terrorundan yan keçməyib. Məlum olduğu kimi, 1918-ci ildə məscid erməni daşnakları tərəfindən yandırılıb. Rəsmi mənbələrin verdiyi məlumata görə, Aleksandroviç yazır ki, təəssüf, yanğın zamanı məscidin ilk inşa olunma tarixini göstərən daş da tamamilə sıradan çıxdığı üçün onun haqqında dəqiq məlumat verə bilmirik. Ona görə də Şamaxıda əldə etdiyimiz qiymətli məlumatlar Cümə Məscidinin tarixi üzərinə də müəyyən işıq salır.

Qeyd edək ki, zəlzələdən sonra yaradılmış xüsusi komissiya şəhərin belə çox dağıntıya məruzqalma səbəblərini araşdırdığı zaman Tiflisdən gəlmiş geoloq Şahqulu Qacar ərəb yazılarına əsasən Cümə Məscidinin əsasını müsəlman tarixi ilə 126-cı illə bağlamışdı. Beləliklə, demək olar ki, Şamaxı Cümə Məscidi 743-cü ildə tikilib və Dərbənddə inşa edilmiş məsciddən sonra bütün Qafqazda ən qədim məsciddir. General-leytenant Yermolovun knyaz Mədətova yazdığı məktubdan göründüyü kimi, Şamaxının ümumi plan həllində mühüm tarixi rol oynayan Cümə Məscidi Qafqazın hakim dairələrinin diqqət mərkəzində olub. Məktubda yazılır: «Təcili olaraq böyük Cümə Məscidinə yığılan ərzağın başqa otağa köçürülməsinə göstəriş verilsin və məscidin təmiri üçün lazım olan dəqiq plan çıxarılaraq mənə göndərilməsi mülki mühəndis zabitinə tapşırılsın».

Qədim məscidin planı əldə olunmayıb. Lakin rus knyazı rəssam Q.Qaqarin Azərbaycanın bir çox memarlıq abidələri kimi 1847-ci ildə Cümə Məscidinin şəklini çəkmişdi. Q.Qaqarinin naturadan çəkdiyi şəkildə zəlzələdən sonra eləcə digər səbəblərdən Cümə Məscidi üzərində aparılmış bərpa, yenidənqurma bəzi bəzək elementlərinin dəyişdirilməsi ilə yanaşı, hələ onun qədim görünüşü bütün aydınlığı ilə özünü büruzə verir. Ona görə Cümə Məscidi miqyası monumentallığı ilə islamın qədim, irihəcmli dini tikililəri haqqında ümumi təsəvvür yaradır.

1859-cu ildə baş vermiş güclü zəlzələ nəticəsində inzibati-ticarət mərkəzi olan Şamaxı adi əyalət şəhərlərindən birinə çevrildi. Lakin şəhər quberniya memarı Qasım bəy Hacıbababəyovun (1811-1877) düzgün layihələndirməsi əsasında Şamaxının əvvəlki məhəlli planı zəlzələdən sonra bərpa olunaraq saxlanıldı. Bununla yanaşı, onun layihələri ilə şəhərin plan strukturuna uyğun olaraq bir çox dini, yaşayış, ticarət sair təyinatlı tikililər inşa olundu. Şamaxının şəhər teatrı (1858), hamam, Cümə Məscidinin qonşuluğunda (1877) inşa olunmuş 2 minarəli məscid sair bu qəbildən olan tikililərdir. Cümə Məscidində əsaslı bərpa işləri məhz 1859-cu il zəlzələsindən sonra aparılıb.

Q.Hacıbababəyovun Cümə Məscidi kompleksinin bərpa olunmasında bilavasitə iştirak etməsi barədə dəqiq məlumat yoxdur. Lakin o zamanlar şəhərin baş memarı kimi fəaliyyət göstərmiş memarın Şamaxı Cümə Məscidinin bərpasına bilavasitə rəhbərlik etməsi heç bir şübhə doğurmur. 1902-ci ildə yenidən baş vermiş güclü zəlzələyə qədər Şamaxının Cümə Məscidi kompleksi öz əhəmiyyəti nəhəng görünüşü ilə şəhərin mərkəzi siluetində yenə ucalırdı. Lakin zəlzələdən şəhərin, demək olar ki, bütün yaşayış, dini mülki tikililəri tamamilə dağılmış, o cümlədən Cümə Məscidinə böyük ziyan dəymişdi. Şirvanşahlar paytaxtının şanlı memarlıq tarixini əks etdirən şəhər misilsiz itkilərə məruz qalsa da, xarabalar içindən yenidən qalxıb dirçəlirdi.

1903-cü ilin oktyabrında Cümə Məscidinin ianə yolu ilə bərpa olunması üçün komitə yaradıldı. Komitə qarşısında çoxəsrlik Şirvan qüdrətinin simvolu olan yarıuçuq Cümə Məscidinin qorunub saxlanması əsas məsuliyyətli tapşırıq oldu. Komitə Cümə Məscidinin layihə işlərini əslən şamaxılı olan mülki mühəndis Zivər bəy Əhmədbəyova həvalə etdi, ona uçulmuş cizgilərini saxlamaqla öz bünövrəsi üzərində məscidin layihələndirilməsi tapşırıldı. Tikinti işləri sürətlə aparıldı (özülün mərkəzi arxa divarı bərkidilərək yan hissələrdə işlər davam etdirildi), lakin komitə ilə memar arasında əks fikirlər meydana çıxdı nəticədə Zivər bəy Əhmədbəyov tikintini tərk etdi. Komitə məscidin layihə işlərinin davam etdirilməsini mülki mühəndis İ.K.Ploşkoya təklif etdi. Ploşko öz variantını təklif etməklə yanaşı, həm Z.Əhmədbəyovun memarlıq variantını saxladı.

Ermənilər tərəfindən yandırılmış Şamaxı Cümə Məscidi

1909-cu ildə İ.K.Ploşkonun komitəyə təqdim etdiyi layihədə islam memarlığının, dini tikililər obrazının şərhi ustalıqla təcəssüm etdirilirdi. Bu ciddisimmetrik xarakterli həlledici kompozisiya statik qurğu deyildi. O çoxplanlı, rəngarəng memarlıq dinamikası üzərində inşa olunurdu. Baş fasadın oxvari tacbəndlərlə sıralanmış üfiqi həcmi üzərində göyə ucalansonucu stalaktitli geniş çardaqla qurtaran qamətli minarələr dominantlıq edir. Şaquli minarələr tarım dartılmış məftilə bənzəyir. Bu minarələrin memarlıq motivinin əla siluetindən biz Şirvanşahlar saray kompleksinin əks-sədasını görürük. Məscidin inşası maddi çətinliklər üzündən ləng getsə də, mərkəzi və yan günbəzlərdən başqa, bütün işlər tamamlandı. Məscidin daxili həcm məkanını bəzəyən günbəzaltı metal karkas Varşavada hazırlanmışdı. Azərbaycan memarlıq tarixində Cümə Məscidinin böyük əhəmiyyəti var. Belə ki, onun ətrafında geniş və ardıcıl surətdə elmi-arxeoloji və memarlıq tədqiqatları aparmaq lazımdır. Bu tədqiqatlar Bakıdakı Məhəmməd, yaxud Sınıqqala minarəsi ilə təmsil olunmuş Şirvan-Abşeron memarlıq məktəbinin də bir çox aspektlərini işıqlandırmağa imkan verər.

Məlum oluğu kimi, Şamaxı Cümə Məscidi Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yenidən qurularaq, bərpa edilərək 2013-cü ildə açılışı olub. Prezident İlham Əliyevin sərəncamı ilə Şamaxıdakı qədim Cümə Məscidi əsaslı şəkildə yenidən qurulub. Layihə Heydər Əliyev Fondunun «Tolerantlığın ünvanı: Azərbaycan» layihəsi çərçivəsində əsaslı təmir olunub. Bərpa və yenidənqurma işlərinə 2010-cu ilin martında başlanıb. 2013-cü il mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məscidin açılış mərasimində iştirak edib.

Onu da qeyd edək ki, ümumi sahəsi bir hektara yaxın olan məscidin ilkin görkəminə qaytarılması üçün bərpa və yenidənqurma işləri zamanı Şirvan memarlıq məktəbinin ənənələrinə maksimum diqqət yetirilib. Minarələrinin hündürlüyü 36,4 metr olan məscidin giriş, orta böyük, həmçinin sağsol günbəzləri nəfis şəkildə bərpa olunub. Orta salon milli memarlıq üslubunda yenidən qurulub. Burada eyni vaxtda 1500 nəfər ibadət edə bilər. Ötən əsrin 70-80-ci illərində təmir işləri zamanı aşkarlanan mədrəsə, hücrə və qəbirlər olduğu kimi saxlanıb. Şamaxı seysmik zonada yerləşdiyindən, məscidin bünövrəsi dəmir-beton konstruksiya ilə möhkəmləndirilib.

Dövlətimizin dəstəyi ilə yenidən qurularaq bərpa edilən Şamaxı Cümə Məscidi zamanında erməni terroruna məruz qalıb, zəlzələ nəticəsində dağılıb, tarixdə bir neçə dəfə təmir edilib. Amma məscidin son təmiri daha yüksək səviyyədə həyata keçirilib. Bu gün şamaxılıların ziyarət etdiyi, ibadət etdiyi məkan və tariximizin dəyərli memarlıq abidəsi kimi məscidin böyük əhəmiyyəti var.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 3-5 aprel.- S. 15.