Ermənilərin törətdiyi Quba soyqırımı dövlət siyasəti kontekstində...

 

1918-ci ildə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi cinayətlərin sayı-hesabı yoxdur. Keçən yazılarımızda qeyd etdiyimiz kimi, elə bir bölgə yoxdur ki, orada daşnak vəhşiliyinin izləri olmasın. Erməni vandalizmindən əziyyət çəkən bölgələrimizdən biri Qubadır ki, burada ermənilər dinc əhaliyə zülm edib, divan tutub. Bu acı hadisə Quba soyqırımı kimi tarixə düşüb və qanlı bir olay kimi xatırlanır.

2007-ci ilə qədər çoxlarımız ermənilərin törətdiyi bu qətliamdan xəbərsiz olmuşuq.

Quba əhalisinin soyqırıma məruz qalması ilə bağlı faktları bir neçə il əvvəl öyrənə bilmişik. Məlum olduğu kimi, 2007-ci ildə Quba şəhər stadionunun təmiri üçün qazma işləri aparılarkən kütləvi qəbiristanlıq aşkar edilib və işlər təxirə salınaraq bölgəyə mütəxəssislər cəlb olunub. Qazma işləri nəticəsində ortaya dəhşətli mənzərə çıxıb və

Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırım qurbanlarına aid olduğu təsdiqlənib.

Ərazidə işləyən ekspedisiya ortaya çox ağrılı faktlar çıxarıb. Onu da qeyd edək ki, o vaxt orada işləyən ekspedisiya rəhbəri, tanınmış arxeoloq Qəhrəman Ağayev mətbuata bununla bağlı açıqlama da verib: "Qubadakı kütləvi məzarlıqda aşkar edilən iki arx skeletlərlə doludur. Bu, ermənilərin 90 il əvvəl Qubada soyqırım həyata keçirdiyini sübut edir. İnanın ki, dəhşətdən burada işləyə bilmirik. Hər qarış torpaqda görünməmiş vəhşiliklə rastlaşırıq".

Qubada aşkarlanan məzarlıq erməni vandalizminin bariz nümunəsi kimi təsdiqlənib. Onu da bildirək ki, tədqiqat aparan ekspedisiyanın yekun arayışında qeyd edilib ki, sümüklərin antropoloji tədqiqatı nəticəsində onların müsəlmanlara aid olduğunu isbatlanıb.

Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanın da bu barədə açıqlamsı olub. M.Rəhimova bildirirdi ki, bu məzarlıq ermənilərin 1918-ci ildə Qubada törətdikləri qətliamların üzə çıxan bir hissəsidir.

"Quba ərazisində, Qudyalçayın sağ sahilində idman kompleksinin yenidən tikilməsi zamanı üzə çıxan insan sümüklərinin töküldüyü yerə məzarlıq demək olmaz. Çünki insan sümükləri bir-birinin üstündə tapılıb. Sümüklər çayın sahilindəki iki quyuda aşkarlanıb. Böyük quyunun diametri 5, kiçik quyunun diametri isə 2,5 metrdir. Quyular arasında 2 metr məsafə var. Böyük quyuda yüzlərlə insan skeleti tökülüb. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra sanki şaqqalanaraq bura atıldığını göstərir". Bu fikirlər isə o vaxt Qubada tədqiqat aparan elmi ekspedisiyanın üzvü, tarix elmləri namizədi Əsgər Əliyevə aiddir. Ə.Əliyev qeyd edirdi ki, çoxlu insan kəlləsi, uşaq sümükləri arasından yalnız 35 skeleti bütöv halda götürmək mümkün olub. Quyudan insana aid olan hər hansı bir sübut-saç, geyim, əşya tapılmayıb: "Çox güman ki, birinci quyu insan sümükləri ilə dolduğuna görə yanında ikinci kiçik quyu qazılıb. Kiçik quyunun ağzı isə hələ açılmayıb".

Sümüklərin tədqiqatı zamanı ölüm faktının nə vaxt baş verdiyi dəqiqləşib. Arxeoloqun bildirdiyinə görə, qədim sümüklərdə sementləşmə gedir, amma Qubada tapılan sümüklər hələ nəmliyini qoruyub. Bu isə ölüm tarixinin təxminən 80-90 il öncə olduğunu üzə çıxarır. Quyunun ətrafının ilkin tədqiqi nəticəsində qətliamların burda baş vermədiyi güman olunur: "Ermənilər qətliamların üstünü örtmək üçün, çox güman ki, suyun yuyub aparacağı gümanı ilə sümükləri çayın sahilinə töküblər".

Azərbaycan Milli Kitabxanasının saytında yerləşdirlən və tarixin qanlı səhifələrini əks etdirən faktlar da erməni vandalizminin, onların Azərbaycanda törətdikləri vəhşiliklərin izlərini yaşadır. Saytda verilən məlumata görə, azərbaycanlılara qarşı iki əsr davam edən soyqırım nəticəsində ermənilər yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, minlərlə azərbaycanlını böyük qəddarlıqla qətlə yetirmişlər: "Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan evindən-obasından didərgin düşüb. Soyqırım siyasətini həyata keçirmək üçün IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər "Böyük Ermənistan" dövlətini yaratmaq üçün Rusiyanın imperiya siyasətindən alət kimi istifadə etmişlər".

1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən xüsusi tədqiqat komissiyası yaradılıb. Komissiya işə başlasa da, 1920-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti süqut edəndən sonra bu komissiya, təbii ki, öz işini dayandırıb və onun fəaliyyəti natamam olub. Eyni zamanda, o vaxt əlbəttə ki, bu faciə, bu qırğın haqqında dünyaya məlumat çatdırmaq üçün bizim imkanlarımız çox məhdud idi.

Memorial kompleksin ekspozisiyasında ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı Sərəncam da öz əksini tapır - Azərbaycanlıların soyqırımı haqqında Sərəncamı. Orada göstərilir ki, Azərbaycan Xalq Cumhuriyyətinin qərarı ilə komissiya yaradılıb və komissiyanın görə bilmədiyi işləri artıq müstəqil Azərbaycan dövləti tamamlayır. İlk dəfə olaraq 1998-ci ildə bu soyqırıma hüquqisiyasi qiymət verilib. Sovet dövründə, təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, - onların da mənfur adları orada göstərilir, - Şaumyanonun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıb. Yəni tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalıb. Erməni faşizminə o vaxt düzgün qiymət verilmədiyi üçün sonra tarixin müxtəlif dövrlərində erməni faşizmi öz yırtıcı sifətini nümayiş etdirib.

Sənəddə o da qeyd olunur ki, 31 mart faciəsi tarixdə qanlı bir ləkədir. Bu qanlı ləkə, bu faciə düşmənin üzündəki maskaların düşdüyü və canilərin bütün çılpaqlığı ilə ortaya çıxdığı gündə baş verib.

Qeyd edək ki, 26 mart 1998-ci ildə Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyevin "31 mart- Azərbaycanlıların Soyqırımı Günü"nün qeyd olunması üçün xüsusi fərmanı olub.

28 mart 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "31 mart-Azərbaycanlıların Soyqırımı Günü" münasibətilə Azərbaycan xalqına müraciəti olub.

Quba soyqırımının dəhşətli mənzərəsi, qanlı hadisə zamanı şəhid edilən insanların tükürpədici ölümü bu haqda məlumatı olan hər kəsi narahat edir.

Bildiyimiz kimi, 18 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak edib.

Azərbaycan Respublikası Przidentinin saytında Quba Soyqırımı Memorial Kompleksinin inşası, açılış mərasimi haqqında irihəcmli yazı əks olunub. Burada haqlı olaraq qeyd edilir ki, son dövrlərdə Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyası daha da artıb. Bu işdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühümtarixi işlər görür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır: "Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması Fondun bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə "Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı" təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanıb, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib".

Rəsmi saytda qeyd edilir ki, aşkar olunmuş kütləvi məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Onun 494 kvadratmetrlik hissəsində tədqiqat işləri aparılsa da, 20 kvadratmetr ərazi beynəlxalq tədqiqat işləri üçün saxlanıb. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.

Kompleksin açılış mərasimində bildirilib ki, kütləvi məzarlığın yerləşdiyi ərazini sel sularından qorumaq məqsədilə Qudyalçayın məcrasında uzunluğu 400 metr olan qoruyucu beton bənd inşa olunub. Ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri soyqırımı siyasəti nəticəsində Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib.

Onu da bildirək ki, Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanıb. Kompleksin 3,5 hektarlıq ərazisində geniş quruculuq işləri görülüb. Quba Soyqırımı Memorial Kompleksində rəmzi məzarlıq sahəsi yaradılıb. Qalereyada yaradılan inzibati binanın tikinti sahəsi 320 kvadratmetrdir. Burada zəngin kitab fondu ilə təchiz olunmuş kitabxana, arxiv digər inzibati otaqlar var.

Rəsmi saytda qeyd edilir ki, kompleksin tərtibatı orijinallığı ilə seçilir. Buradakı abidə üç hissədən - sivri uclu bıçaqları xatırladan iki konstruksiya, eləcə ortada xatirə daşı yerləşən əsas zaldan ibarətdir: "Abidənin iti ucları ürəkləri parçalayan şiddətli ağrıları təcəssüm etdirir. İti ucların yerin altından çıxması isə həqiqəti gizlətməyin mümkün olmadığını göstərir. Abidə bütövlükdə brutto-betondan hazırlanıb. Memarlar soyqırım qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq matəm sükutunu təcəssüm etdirməyə çalışmışlar. Soyqırım qurbanlarının xatirəsinə matəm sükutunu təcəssüm etdirmək məqsədilə layihədə hər hansı bəzəkdən istifadə olunmayıb".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kompleksin açılışında iştirak edərkən geniş nitq söyləyib. Ölkə başçısı bildirib ki, 1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın, demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırım törətmişlər: "Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir. Bu memorial kompleksin yaradılması hesab edirəm ki, tarixi hadisədir. Bildiyiniz kimi, 2007-ci ildə burada qazıntı işləri aparılarkən kütləvi məzarlıq aşkarlanmışdır. Ondan sonra buraya alimlər, ekspertlər ezam edilmişdir böyük tədqiqat işləri aparılmışdır. Tədqiqat işlərinin aparılması nəticəsində aşkar edilmişdir ki, burada minlərlə soydaşımız erməni quldur dəstələri tərəfindən amansızlıqla, qəddarlıqla öldürülmüşdür. 2009-cu ilin sonunda mənim tərəfimdən Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına dair Sərəncam imzalanmışdır 2011-ci ildən işlər başlanmışdır. Bu gün biz memorial kompleksin açılışını edirik. Deyə bilərəm ki, Azərbaycanda ilk dəfə olaraq belə memorial kompleks yaradılır. Kompleksin tərtibatı çox təsirlidir, memarlığı çox böyük rəmzi məna daşıyır. Bir sözlə, burada nümayiş etdirilən eksponatlar bizim tariximizi göstərir.

Eyni zamanda, memorial kompleksdə yaradılmış ekspozisiya çox böyük məna daşıyır. Kompleksin girişində Quba qəzasının dinc vaxtları öz əksini tapır. Ailələr, vətəndaşlar dinc həyat sürürlər. Ondan sonra qanlı günlər, dinc əhaliyə qarşı törədilən vəhşilik əks olunur. Ekspozisiyanın sonunda hesab edirəm ki, çox düzgün tərtibat nəticəsində insanlar buradan nikbin əhval-ruhiyyə ilə ayrılır. Çünki Bakının erməni quldur dəstələrindən azad edilməsi elə bil ki, ekspozisiyanın son nöqtəsidir.

Burada həlak olmuş insanlar müxtəlif dinlərin, müxtəlif millətlərin nümayəndələridir. Onların ermənilər üçün bir günahı var idi ki, onlar erməni millətindən deyildilər".

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 6 aprel.- S. 15.