Azərbaycan kino
sənətində Novruz bayramı...
Azərbaycan mədəniyyətinin dövlətçiliyə xidmət etdiyi məlumdur. Minillərdən bəri formalaşan ənənələrə sadiqliyi, bu yöndə dəyərli nümunələrin ortada olması fikrimizi təsdiq edir. Azərbaycan kino incəsənətində Azərbaycanın milli adət-ənənələri, dövlətçiliyi, həyat tərzi özünü əks etdirir. Bu, Azərbaycan kinosunun sovet dövrünə düşən hissəsindən formalaşmağa başlayıb.
Milli kino adamlarının ərsəyə gətirdiyi filmlərdə Azərbaycan xalqının etnoqrafik yaddaşı, mədəniyyəti, ənənələri, tarixi öz əksini tapıb. Təbii, buna geniş şəkildə yer verilməsə də, müxtəlif element və ştrixlərlə filmlərdə milli bayram ənənələrini ifadə edə biliblər. O illər Azərbaycan müstəqil deyildi, Sovetlər Birliyinin tərkibində yaşayırdı. Mədəniyyətimiz, kinomuz mütləq dəmir qapıları yarıb keçməli idi. Hər bir milli element olan film çək-çevirə salınır, onun ideoloji cəhətdən "qüsur"ları düzəldilərək ekranlara çıxarılırdı. Əslində, burada heç bir qüsur yox idi. Milli düşüncəyə sahib kino adamları çalışırdılar ki, çəkilən filmlərdə Azərbaycan xalqının adət-ənənəsi, milli bayramları ilə bağlı hissələr, süjetlər də olsun. Çünki onlar bilirdi ki, xalqı olduğu kimi bütöv təqdim etməyin müsbət tərəfləri həddindən artıq çoxdur. Azərbaycan kinematoqrafları buna nail olublar. Azərbaycan xalqının tarixindən, mədəniyyətindən, etnoqrafiyasından, folklorundan, bayramlar ənənəsindən elementlər filmlərdə mövcuddur.
Novruz-Yeni Gün bayramı da xalqımızın əsas milli bayramı kimi minillərdir qeyd edilir. Bu bayram Azərbaycanın Şimalında da, Cənubunda da, Dərbənddə də, Borçalıda da, Kərkükdə də böyük təmtəraqla qeyd edilir.
Məlumdur ki, ekran əsərlərində Novruzun da təsviri verilib. Xalqımızın dünyagörüşündə Novruz bayramının önəmli yer tutması bəllidir. Bu bayramın xüsusi yeri var taleyimizdə, həyatımızda. Min illərin nəfəsini, ruhunu özündə yaşadan bu bayram hər il xüsusi təntənə ilə qeyd edilir. Novruz ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbəti ifadə edən böyük el bayramıdır. Kino sənətində Novruzla bağlı süjetlər çoxdur.
Azərbaycan kino sənətində də Novruz mövzusuna bu və ya digər səviyyədə müraciət olunub. Ayrı-ayrı filmlərdə bu bayramla əlaqədar nüanslara toxunulub. Amma bu filmlərin sayının azlığı onu sübut edir ki, biz milli bayramımızın bədii ekran təcəssümünə lazımi qədər nail ola bilməmişik. Bu məsələ ilə bağlı mütəxəssislərin fikirlərini öyrəndik.
Kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadənin sözlərinə görə, bir sıra filmlərimizdə Novruzla bağlı epizodlara rast gəlmək olar: "Yazıçı İsmayıl Şıxlının eyniadlı romanı əsasında rejissor Hüseyn Seyidzadənin ekranlaşdırdığı "Dəli Kür" filmində Novruz bayramı ilə bağlı kadrlar var. Filmdə cavanların müəllimlərinə bayram payı gətirməsi, yumurta döyüşdürmə, uşaqların müxtəlif Novruz adətləri ilə bağlı oyunları, bacadan şal atmaları əksini tapıb. Rejissoru xalq artisti Tofiq Tağızadə, ssenari müəllifi Yusif Səmədoğlu olan "Yeddi oğul istərəm" filmində də Novruzla bağlı epizodlar yer alıb. Kosa və Keçəlin oyun nümayiş etdirməsi, yeddi oğuldan birinin əlində səməni gəlməsi, camaatın bayrama hazırlaşması və s. burada öz əksini tapıb. Digər film isə rejissor Fikrət Əliyevin İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" povestinin motivləri əsasında çəkdiyi "Qızıl uçurum" filmidir ki, burada da Novruzla bağlı epizod təsvir olunub".
Filmlərində milli adət-ənənələrə geniş yer verən kinorejissor, əməkdar incəsənət xadimi Fikrət Əliyev bildirdi ki, filmi çəkən insanın əqidəsi, mənəviyyatı və daxili dünyası necədirsə, bu onun filmlərində mütləq özünü büruzə verməlidir: "Bəlkə də bu səbəbdən çəkdiyim filmlərdə Novruz və digər adətlərimiz öz əksini tapıb".
"Azanfilm" kinostudiyasının baş direktoru, rejissor Fariz Əhmədovun da mövzu ilə bağlı fikirləri maraqlı oldu. Onun sözlərinə görə, kino həyatın ekrana köçürülmüş variantı olduğu üçün həyatda qarşılaşdığımız hadisələrlə ekranda da qarşılaşmaq mümkündür. Filmlərimizdə həyat tərzimizdə önəmli yer tutan, adət-ənənəmizi əks etdirən Novruz motivlərinə rast gəlmək mümkündür. Müasir filmlərdən isə Asif Rüstəmovun "Ev" qısametrajlı filmində Novruzun səməni becərmək, tonqal yandırmaq və s. atributları ekran əsərinin ideya həllində sətiraltı yozumlarla özünəməxsus süjet xətti əmələ gətirib.
Sənədli və televiziya filmlərimizdə də Novruz rituallarının əks olunduğu çoxsaylı nümunələrə rast gəlmək olar. "Yaddaş", "Salnamə", "Buta" və digər studiyalarda bu günə kimi Novruzla bağlı bir çox sənədli filmlər lentə alınıb, xalqın bu qədim el bayramının mahiyyəti, ideyalar aləminə işıq tutulub. Novruz Şərq xalqlarının özünəməxsusluqlarından biri kimi digər xalqların və nüfuzlu beynəlxalq təşkilatların da diqqət mərkəzindədir. Məhz mütərəqqi ideyalarına görə 2009-cu ildə Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib, martın 21-i Beynəlxalq Novruz Günü kimi təsdiq olunub. Bu bayram dünyanın bir çox ölkələrində yaşayan həmvətənlərimiz tərəfindən yüksək təntənə ilə qeyd edilir, tanıdılır. Novruz bayramının mükəmməl ekran həlli aktuallığını qoruyub saxlamaqdadır. Milli və bəşəri dəyərlərin kompleks şəkildə birləşdiyi bu bayram baxımlı bədii filmlərin yaranması üçün mühüm mənbədir.
Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının əməkdaşı, professor, tarix elmləri doktoru Arif Məmmədovun qeydlərinə görə, Azərbaycanda Novruz şənliklərinin keçirilməsi haqqında fransız səyyahı Şardenin də qeydlərində məlumatlar var: "Hamının Novruzda təzə paltar geydiyini görən Avropa səyyahları Novruz bayramını həm də "Təzə paltar" bayramı adlandırırdılar. Novruz adət-ənənələri ilə bağlı keçirilən mərasimlər xalq yazıçısı İsmayıl Şıxlının "Dəli Kür" romanında, S.Vurğunun "Komsomol" poemasında geniş təsvir edilir".
Qeyd edək ki, 1969-cu ildə tanınmış kinorejissor Hüseyn Seyidzadənin İsmayıl Şıxlının ssenarisi əsasında ekranlara gətirdiyi "Dəli Kür" filmində Novruz bayramı ilk dəfə ekrana təmtəraqla çıxarılıb. Ona qədər ekranlarda Novruz ənənələrinin görsənməsi bir növ yasaqlanıbmış. Azərbaycan kino sənətində Novruz elementlərinin olması o dövrdə insanlarda böyük ruh yüksəkliyi yaradır, onları milli bayramlarına bir daha bağlayırdı.
Novruz ənənələrinin kino sənətində təsvirini şərh edən Azərbaycanın görkəmli aktyoru və rejissoru Şeyx Əbdül Mahmudbəyov mətbuata bildirib ki, o ilk dəfə Novruzun təmtəraqlı təsvirinə "Dəli Kür" filmində rast gəlib":... Adil müəllimin kinostudiyaya gəlişilə bayram filmlərdə əks olunmağa başladı. İsmayıl Şıxlının əsərindəki Novruz bayramı Hüseyn Seyidzadəyə onları ekranlaşdırmaq üçün əsas verdi. Hüseyn müəllim də belə səhnələrin mahir qurucusu olaraq çox yüksək səviyyədə təşkil etdi. Həmin epizodu Dədəgünəş kəndində qurduq. Hər şey hazır olanda çəkilişlər başladı. O səhnənin çəkilişi isə 1 həftəyə baş tutdu. O çəkilişə 3 dəfə Adil müəllim o vaxtkı mədəniyyət naziri Məmməd Qurbanov, Mərkəzi Komitənin şöbə müdirlərilə gəlib tamaşa etdi. Siz təsəvvür edin ki, Moskvada o cür möhtəşəm filmin təhvili vaxtı Novruz bayramı səhnəsinə necə xüsusi maraq göstərildi. O qədər gözəl münasibət vardı ki, hamısı ağzını açıb təəccüblə tamaşa edirdi. Məhz bu filmdən sonra geniş, təmtəraqlı səhnələr çəkilməyə başladı. İlk dəfə papaqatdı, yumurta döyüşdürmə kimi ənənələrimiz filmdə təsvir olunmuşdu.
Orda balaca uşaqla Çernyayevskinin dialoqu olan səhnədə uşaq deməli idi ki, "çünki bizdə papağı olmayan kişilərə pis baxırlar". Gördük ki, bu bir az "ağ" oldu. Məlum olduğu kimi, söhbət Çernyayevskidən gedirdi, hansı ki, Azərbaycana maarifləndirmə, xoş niyyətlə gəlmişdi. Elə buna görə də mətn dəyişdirilərək, uşaq "papaq pay qoymaq üçündür" dedi.
O vaxt çox adam Novruz haqqında çox şeyi bilmirdi. Bildiyiniz kimi, bayram 4 çərşənbədən ibarətdir. Hər çərşənbənin öz mahiyyəti var. Biz o çərşənbələrin mahiyyətini açmağa çalışdıq. 4 çərşənbə həm də 4 fəslə işarədir. Bircə mənim indi bəyənmədiyim Keçəllə Kosadır. Görün Yeni ildə Şaxta baba nə gözəl işlər görür. Qar qızla birlikdə uşaqlara hədiyyə paylayır. Amma bizim Keçəllə Kosa qapı-qapı gəzib pay "dilənir". Mən bunu qəbul etmirəm. O vaxt kinoda təsadüfi şeylər az olurdu. Çünki hər şey ciddi, peşəkar səviyyədə işlənib hazırlandıqdan sonra texniki tərəfi həyata keçirilirdi. İdeoloji təbliğat, aktyor oyunu baxımından heç bir əlavədən söhbət getmirdi".
Əbdül Mahmudbəyov filmdə faytonçu Məmmədəlinin bayram haqda fikirlərinə dəyər verib: "Məmmədəlinin (aktyor İsmayıl Osmanlı) faytonu da real fayton idi. Teatrdan fərqli olaraq, kinoda hər şey göz qabağında olduğundan, reallıq qorunub saxlanmalı idi. Onu təhrif etmək, dəyişmək, tamaşaçını aldatmaq mümkün olan iş deyil. Həmin fayton indi də kinostudiyada durur. Bunun üçün bizim rəssamlar, dekoratorlar vardı. Faytonun hansı dövrə aid olmasını dəqiq öyrənərək eskizlərlə işləyib hazırlamışdılar. İndiyə qədər həmin faytona zarafatla "İsmayıl Osmanlı faytonu" deyirdik. O vaxt bir maşında, ya faytonda çəkiliş aparılırdısa, öncə onun içi göstərilməli idi. Ondan ötrü "lapet" deyilən bir şey vardı. Aktyorlar onun üstündə arabaya, maşına mindirilirdi. Əslində burda da belə olmuşdu. Araba böyük bir lapetin üstünə qoyulmuşdu. Hərəkət edən lapet idi, fayton isə yerində qalmışdı. Çünki orada həm faytonun böyük planlı çəkilişi vardı, həm də Məmmədəli ilə Çernyayevskinin Novruz bayramı barədə söhbəti. Qonaq deyir ki, "niyə belə tələsirsən?". Məmmədəli cavab verir ki, "bizdə bayram axşamında adət belədir ki, gərək hamı evdə olsun".
Çəkilişlər əsasən yaz-yay fəslində həyata keçirilmişdi. Öncə burdakı çəkilişləri kənara qoyub Çuxuryurdda çəkiləcək səhnələri reallaşdırmaq üçün 2 ay sərf etməli olduq".
Novruzun geniş təsvirini tapdığı filmlərdən biri də xalq şairi Səməd Vurğunun "Komsomol" poemasının motivləri əsasında Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 50 illiyinə həsr edilən "Yeddi oğul istərəm" filmi olub. Görkəmli kinorejissor Tofiq Tağızadənin Yusif Səmədoğlunun ssenarisi əsasında 1970-ci ildə çəkdiyi filmdə Novruz olduğu kimi təsvir edilib. Burada meydan oyunlarının dəqiq verilməsi, bayramın olduğu kimi təsviri maraq doğurur.
Filmdə bayram təsviri meydan oyunları ilə verilir. Kənddə Novruz bayramıdır və Kosa və Keçəlin müşayiəti ilə kənd əhli şənlik edir. Toy-düyün sədaları altında bayram edən kütlə, kənd camaatı bayramı qeyd edir.
A kosa-kosa gəlsənə,
Gəlib
salam versənə.
Çömçəni doldursana,
Kosanı yola salsana.
Ay uyruğu uyruğu,
Saqqalı it quyruğu.
Kosam bir oyun eylər,
Quzunu qoyun eylər.
Yığar bayram xonçasın,
Keçəlin toyun eylər...
Bu cür maraqlı
bayram əhvalı təsvir edilən filmdə şənlik Gəray bəyin yaratdığı faciə
ilə sona yetir. Bayramın gur yerində
bir kənd qadını "ay camaat,
Gəray bəy al bayramımızı qara elədi"-deyir.
Azərbaycan kino sənətində
Novruz bayramının
daha ətraflı, öz mahiyyətinə uyğun şəkildə
təsvir edilməsinə
böyük ehtiyac
var. Düşünürük ki, bayramın təqdim edilməsi, təbliği üçün
çəkilən filmlər
azdır, yeni filmlərdə də Novruz bayramı çəkilməlidir.
İradə SARIYEVA
Bakı xəbər.-2015.- 9 aprel.- S. 15.