Milli rəqslər mədəniyyətimizin vacib qolu kimi...

 

Rəqslər milyon illərdən bəri həyat tərzimizdə, mədəniyyətimizdə özünə layiqli yer tutan qədim incəsənət növüdür. Əsrlərdir Azərbaycanın istedadlı rəqqasları milli rəqslərimizi yaşadıb və təbliğ ediblər. Yüzillər boyu xalq arasında yaşayan, ən çox el şənliklərində, toylarda yaşadılan bu rəqslərin yüksək səviyyədə inkişafı hesab edirik ki, saraylarla bağlıdır. Milli rəqslərin saraylarda inkişafı nəticəsində onlarla rəqs növü salamat qalıb. Yəni itib-batmayıb.

Xalqımızın qədirbilənliyi sahəsində milli rəqslər kəndlərdə, qəsəbələrdə yaşayıb həm də.

Məlum olduğu kimi, Azərbaycan rəqsləri özündə qədim və zəngin tarixi daşıyır. Sənətşünasların bildirdiyinə görə, eramızdan 2-3 min il əvvəl, tunc dövründə Azərbaycanda rəqs sənəti insanların məişətində, adət-ənənəsində müəyyən mövqe tutub. Bu, araşdırmalar nəticəsində məlum olub.

Sənətşünaslar qeyd edir ki, dünyanın bir çox inkişafda olan ölkələrində olduğu kimi, Azərbaycanda da sadə və ibtidai xalq musiqi alətləri meydana gəlməzdən çox-çox əvvəl rəqs tamaşaçıların çəpik çalması ilə əldə edilən ritmik zərblərin mahiyyəti ilə yaranıb. Müxtəlif peşələrlə, hətta ovçuluqla məşğul olan tayfalar öz sehirli ayinlərini çeviklik, qıvraqlıq, insan gücünü nümayiş etdirən plastik hərəkətlərdən ibarət rəqslərlə həyata keçirirdilər. Sənətşünaslar qeyd edir ki, beləliklə, dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda da rəqs sənətinin müxtəlif növləri və janrları öz mahiyyətini şifahi xalq ədəbiyyatının bir qolu olan xalq rəqslərindən götürüb. Rəqs sənəti xalqın iqtisadi, ictimai və mənəvi həyatında meydana gələn dəyişikliklərlə əlaqədar olaraq yeni məzmun və istifadə vasitələri əldə edir.

Azərbaycan xalq rəqsləri tariximizlə ayrılmaz surətdə bağlı olub, onun milli xüsusiyyətini, həm də həyat və məişətini özündə əks etdirir. Bu da ölkənin tarixində, mədəniyyətində rəqs sənətinin nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu göstərir. Milli rəqslərimizə xas olan və onu başqa xalqların rəqslərindən fərqləndirən səciyyəvi cəhətlər sözsüz ki var. Azərbaycan peşəkar rəqsinin atası Əlibaba Abdullayevdir. O, Azərbaycan rəqs sənətinin inkişafında, rəqslərimizin toplanıb səhnəyə qoyulmasında, bərpasında önəmli rol oynayıb. Özündən sonra onlarla rəqs ustadı yetişdirib. Azərbaycanın tanınmış rəqqaslarından olan Əminə Dilbazi, Afaq Məlikova, Roza Xəlilova, Böyükağa Məmmədov və başqaları öz ifalarında milli elementləri qoruyub saxlamaqla milli rəqsi xeyli inkişaf etdirə biliblər. Onlar Əlibaba Abdullayev məktəbinin yolçuları olub.

Qeyd edək ki, Azərbaycan rəqslərinin nota salınması və nəşri 1930-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasının Elmi-Tədqiqat Musiqi Kabinetinin yaradılmasından sonra mümkün olub. Bu Kabinet xalq musiqisinin, eləcə də rəqslərin toplanması və nota yazılmasına aid iş planını sözügedən vaxtdan həyata keçirməyə başlayır. Məşhur müğənni, xalq musiqisinin dərin bilicisi Bülbül bu Elmi-Tədqiqat Kabinetinə rəhbərlik edirdi. Onun E.T.M.K-nin işində, folklorun toplanıb çap olunmasında müstəsna xidmətlərini qeyd etmək lazımdır. Onu da bildirək ki, ilk toplunun çapı 1937-ci ilə aiddir. «Azərbaycan rəqs havaları» adlanan bu toplu Səid Rüstəmov tərəfindən hazırlanıb. Məcmuəyə 30 rəqs daxil edilib. Bunlar ən məşhur rəqslərdir. Bu gün də həmin rəqslər öz təravətini itirməyib. Bu məcmuə S.Rüstəmov tərəfindən 1950-ci ildə yenidən redaktə edilib və nəşr olunub (Bakı, Azərbaycan Dövlət Musiqi Nəşriyyatı).

1951-ci ildə Azərbaycan Dövlət Musiqi Nəşriyyatı tərəfindən Tofiq Quliyev, Zakir Bağırov və Məmməd Saleh İsmayılovun not yazılarına əsasən «Azərbaycan xalq rəqsləri» toplusu buraxıldı. Toplunu redaktə edən və ona ön söz yazan bəstəkar S.Rüstəmov idi. Bu məcmuəyə qədim xalq rəqsləri daxil edilmişdi. 1954-cü ildə Rauf Hacıyev zurnaçı Əli Kərimovun çalğısından «Sünbülü» və «Yarış» rəqslərini nota salıb və piano üçün işləyib. Bu rəqslər əsasən konsert pyesi kimi maraq doğurur.

Sənətşünaslar qeyd edir ki, melodik quruluşu etibarilə azəri məqamları əsasında yaradılan Azərbaycan xalq oyun havaları, bir qayda olaraq, ritmik ardıcıllığa və müəyyən ölçünün (vəznin) daimi surətdə təkrarlanmasına əsaslanır.

Azərbaycan rəqslərinin ritmik çevrəsi bir çox hallarda daxilən ikiqisimli zərblə üçqisimli zərbin ardıcıl surətdə növbələşməsi əsasında təşkil olunur. Yəni əsas etibarilə əksərən 6/8 (ikiqisimli) musiqi ölçüsündə olan eyni oyun havasının ritmik quruluşu 3/4 (üçqisimli) ölçü ilə növbələşir. Bu da Azərbaycan xalq rəqslərinin orijinallığını və gözəl bir xüsusiyyətini təşkil edir.

Kişi və qadın rəqsləri bir-birindən fərqlənir. Qadın rəqslərindən danışaq: bir qayda olaraq, Azərbaycan qadın rəqsləri üç hissədən ibarət olub, quş pərvazını, nazlı sonaların süzən hərəkətlərini xatırladır:

birinci - dövrə boyu sürətlə gediş, ikinci - lirik hissə. Bir nöqtədə dayanaraq rəqsi davam etdirmək - «süzmək», bu hissədə ayaqlar, demək olar ki, hərəkətsiz qalır, gövdənin yuxarı hissəsi isə öz-özündən nazlanır kimi ədalar göstərir,

üçüncü - yenə dövrə boyu sürətlə, təntənə və böyük coşqunluqla gəziş.

Keçmişdə qadınlar uzun tumanda gəzdikləri üçün rəqs hərəkətlərinin texnikası çox da inkişaf edə bilmirdi. Buna görə bütün diqqət bədənin yuxarı hissəsinin: qolların, çiyinlərin, başın və üzün (qaş-gözün) hərəkətlərinin gözəlliyinə verilirdi. Azərbaycan rəqslərində qolların vəziyyətləri olduqca mükəmməl işlənib və yüksək dərəcəyə qaldırılıb.

Kişi rəqsləri-qadın rəqslərindən fərqli olaraq, kişi rəqslərində ayaqların hərəkət texnikası böyük rol oynayır və o qədər inkişaf etdirilir ki, rəqqaslar asanlıqla barmaq üstdə dayana bilir. Bu cəhətdən Qazağı rəqsi çox səciyyəvidir.

Rəqsləri təsnifatlandıran ekspertlər bildirir ki,

Azərbaycan xalq rəqsləri, bir sıra müxtəlif rəqslər nəsildən-nəsilə xalq arasında qalıb və getdikcə inkişaf edib. Bunların bəzisi əslində dini mərasim üçün və ya müharibəyə hazırlıq üçün yaradılsa da, sonralar yalnız şənlik məclislərində göstərilib. Azərbaycan xalq rəqslərinə «Qazağı», «Heyvagülü», «Lalə», «Qızılgül», «İnnabı» və sairələrini misal gətirə bilərik. Bununla yanaşı, «Dərbəndi», «Aşqabadi», «Əsgərani», «Qars» və digər milli rəqslərimiz də var ki, onlar Azərbaycanın coğrafi adlarını özündə yaşadır. Azərbaycan xalq oyun havası olan «Şalaxo» isə şən, qıvraq rəqs musiqisidir. Bu sözün mənası şalaxo-şələküm (daha dəqiq desək, şələkə yüküm) sözü uzun illər ərzində çox dəyişilərək təhrif olunub.

Sənətşünaslar bildirir ki, mövzusuna görə rəqslər 6 yerə bölünür: mərasim rəqsləri - toy, bayram, önəmli olayla bağlıdır, bayram rəqsləri - Novruz bayramı ilə bağlı olan Novruzu, Kos-kosa, Xıdır İlyas, Qodu-qodu rəqsləri,

toy rəqsləri - çalınan məzəli rəqs, Qıtqılıda, Mirzəyi, Vağzalı, siyasi-iqtisadi həyatla bağlı - Aeroplanı, Ekspress, Torqsin, məişət rəqsləri bir neçə cür olur:

uşaqlar üçün - Bənövşə, bir quşum var, lirik

əşyalarla rəqs - Qavalla rəqs, Yaylığım, Nəlbəki, Xonça, Dəsmalı, Xəkəndazı, təbiətə həsr olunmuş - Turacı, Ceyranı, Şalaxo, Keçməməsi, Qafqazı, Lalə, Qusarçay, məzəli, satirik

etiraz rəqsləri, əmək rəqsləri - əkin-biçin, bağçılıqla bağlıdır, bunlara aiddir: Araba, Cütcü, hərbi-qəhrəmanlıq, idman - Misri (Koroğlunun qılıncı), Koroğlu çığatayı, Koroğlunun döşəməsi, Koroğlunun çağırışı, Qoç Əli (Abşeron), Beşatılan (Qarabağ), Mücəssəmə (Lənkəran), Zorxana, yallı (halay), coğrafi adları əks etdirən rəqslər - Aşqabadı, Sabirabadı, Asta Qarabağı, Şuşanı, Qars, Dərbəndi və s.

Hansısa şəxslərin tanınmış rəqsləri - Çağatayı, Gülgəz, Gülüstanı, Xalabacı, Cəfəri, Arazı, İlqarı, Sərvəri.

Rəqəmlərlə adlandırılmış rəqslər - yüz bir, on dörd, altı nömrə və s.

Məlum olduğu kimi, Məmməd Saleh İsmayılov bütün rəqsləri ifa tərzinə görə üç qrupa bölür:

tək (solo)

cüt (duet)

kollektiv (qrup).

Ritminə görə rəqslər 3 cür olur:

ağır, aram - Mirzəyi, Turacı, Uzundərə və s. - əsasən yaşlı qadın, ya kişilər tərəfindən oynanılır, yüngül, şən - Tərəkəmə, Brilliant (rəqs), Ceyranı və s. - əsasən gənc qadın, ya kişilər tərəfindən oynanılır, cəld - Qaytağı, Ləzginka, Qazağı, Xançobanı.

Bəzi rəqslərin adı hərəkətlərlə bağlıdır: Süzmə, Kəsmə, Atlanma, Çolağı.

Bayram Hüseynli isə musiqi müşayiətinə görə rəqsləri 3 yerə ayırır:

vokal (səsli) - ən qədim rəqs forması,

vokal-instrumental (səsli-çalğılı),

instrumental (çalğılı) - rəqsin ən çağdaş inkişaf aşaması.

Azərbaycanda xalq rəqslərinin çox qədim tarixi var. Qobustan qayaüstü rəsmlərində əksini tapmış rəqs səhnələri bunu sübut edir. Əksər dünya xalqlarında olduğu kimi, azərbaycanlılarda da ilk rəqslər ritual və ov rəqsləri olub.

Erkən orta əsrlərdən başlayaraq əsasən mərasim rəqslərindən müxtəlif növ xalq rəqsləri formalaşmağa başlayıb.

Azərbaycan xalq rəqsləri mövzu baxımından rəngarəngdir, onlar bu növlərə bölünür - əmək, mərasim, məişət, qəhrəmanlıq, idman, xorovod-oyun (məsələn, «Yallı», «Halay») və s. Davametmə müddətinə, rituallarının zənginliyi və rəngarəngliyinə görə toy mərasimi ən əhəmiyyətlisidir.

Azərbaycan xalq rəqsi, bir qayda olaraq, 3 hissədən ibarətdir: birinci hissə sürətlidir, dairə üzrə rəqs; ikinci hissə lirikdir, rəqqas sanki yerində donub qalır («süzür»), korpus qəti və vüqarlı tərzdə dik tutulur; uçüncü hissədə - yenə dairə üzrə rəqs, sürətli, təntənəli və böyük emosional coşğunluqla səciyyəvi olur. Qadın və kişi rəqsləri bir-birindən kəskin şəkildə fərqlənir. Qadın rəqsinin inkişafı kostyumla şərtlənib: uzun yubka ayaqların süzgün hərəkətini müəyyənləşdirirdi, rəqqasələrin bütün diqqəti əl və korpusun yuxarı hissəsinin (çiyinlər, baş, üzün mimikası və s.) işlənmiş texnikasına cəmlənir. Kişi rəqsinin əsas əlaməti isə ayaqların texnikasıdır. Rəqqas çevikliklə barmaqları üzərində dayanır, dizləri üstündə sürətlə yerə enir və s.

Azərbaycan rəqslərinin musiqi həcmi - 6/8 və 3/4-dür. Rəqslər adətən xalq çalğı alətlərinin: zurnaçılar triosu (2 zurna və 1 nağara), sazəndə triosu (tar, kamança, dəf) və s. müşayiəti ilə ifa olunur.

Ən geniş yayılmış milli rəqslər bunlardır:

«Abayı», «Alçagülü», «Asma», «Kəsmə», «Asta», «Qarabağı», «Avarı», «Ay bəri bax», «Azərbaycan», «Bənövşə», «Brilliant», «Çalpapaq», «Camış bağa girdi», «Çattadı»,

«Cəhribəyim», «Cəngi», «Ceyranı», «Çit tuman», «Darçını»,

«Dartma, yaxam cırıldı», «Dəsmalı», «Ənzəli», «Gəlin atlandı», «Gəlin gətirmə», «Gəlin havası», «Gülgəz» (rəqs),

«Gülməyi», «Heyvagülü», «İki arvadlı», «İnnabı», «Keçi məməsi», «Kəndiri», «Koroğlu», «Koroğlunun qaytarması», «Lalə», «Mirvari», «Mirzəyi», «Misri», «Mücəssəmə», «Naznazı», «Pəhləvanı», «Qaytağı», «Qazağı», «Qıtqılda», «Qızılgül», «Qızlar bulağı», «Qoçəli», «Qofta», «Rəngi»,

«Şahsevəni», «Şalaxo», «Samux», «Sarıbaş», «Şəki», «Səməni», «Tamara», «Tərəkəmə», «Toy rəqsi», «Turacı», «Üç badam, bir qoz», «Uzundərə», «Vağzalı», «Velaçola», «Xalabacı», «Xançobanı», «Yallı», «Yerli rəqs», «Yüz bir», «Zoğalı»... Görün nə qədər zəngin rəqs irsimiz var və bu rəqslərin də, demək olar ki, hamısının qədimlərə dayanan kökləri var. Azərbaycan rəqsi Azərbaycan insanının hissini, duyğusunu, həyat tərzini, sevinc və kədərini ifadə edir.

Azərbaycan rəqslərindən kinoda da geniş istifadə edilib. Azərbaycan rəqslərinə geniş yer verilən filmlərdə peşəkar rəqqaslar çəkilib. 1970-ci ildə çəkilən «Abşeron ritmləri»ndə milli rəqs göstərilib. «Afrika görüşləri» (film, 1961), «Azərbaycan incəsənəti» (film, 1970),

«Bakı Xoreoqrafiya Məktəbi 2005» (film, 2005), «Beş dəqiqəlik konsert» (film, 1941), «Doğma torpaq, Azərbaycan» (film, 1960), «Güllələnmiş heykəllər» (film, 2002), «Qafqaz rəqsi» (film, 1898), «Xalq təranələri» (film), «Mahnı qanadlarında» (film, 1973), «Məktuba cavab» (film, 1944),

«Nəğməkar torpaq» (film, 1981), «Sahilsiz gecə» (film, 1989), «Görüş», «Sevinc» (film, 1968), «Suvenir» (film, 1972), «Şur» (film, 1967), «Toyda görüş» (film, 1970),

«Ulduz» (film, 1964) və başqa filmlərdə rəqslərimiz təqdim edilib.

 

Ardı var...

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 10-12 aprel.- S. 15.