Azərbaycanda
balet sənətinin tarixi inkişafı...
Səhnə həmişə möcüzəli görsənib
insanlara. Səhnədə hərəkət və
plastikanın yaratdığı sehr isə tamamilə
adamları məftun edib. Balet incəsənətin
elə bir sahəsidir ki, insanlar onu maraqla izləyir. Balet Fransada yaranıb və yarandığı
gündən də milyonlarla tamaşaçının ürəyinə
yol tapıb. Klassik musiqi ilə
bağlı müxtəlif ədəbiyyatda qeyd edilir ki, ilk
balet əsəri Fransada 15 oktyabr 1581-ci ildə tamaşaya
qoyulub.
Bu, italiyalı Baltazarini tərəfindən quruluş
verilən "Kraliçanın komediyalı baleti" (və
ya "Tserseya") tamaşası idi.
Dünyada böyük təkamül və inkişaf yolu
keçən balet sənəti olduqca çətin, bir
ömür həsr edilən, incə, zərif hərəkətlər,
plastika tələb edən bir sənətdir. Baletdə
hadisələri musiqi müşayiəti ilə hərəkətlər,
jestlər, rəqs elementləri deyir. İdeya,
bədii fikir, hadisə rəqs elementləri ilə ifadə
edilir.
Azərbaycanda
balet ilk baletin səhnəyə qoyulmasından 359 il sonra - 1941-ci ildə qoyulub. Azərbaycanda
baletin yaranma tarixi Əfrasiyab Bədəlbəylinin
"Qız qalası" baleti ilə başlayır. Məlumatlara
görə, baletimizin tarixi 1940-cı ildə "Qız
qalası"nın səhnələşdirildiyi
tarixdən hesablansa da, əslində onun rüşeymləri
20-ci illərin əvvəllərində qoyulub. Musiqişünaslar
qeyd edir ki, 1923-cü ildə Bakıda özəl balet
studiyası fəaliyyət göstərib. Qeyd etmək olar ki, Azərbaycanın ilk balerinası
Qəmər Almaszadə balet sənətinin sirlərini bu məktəbdə
öyrənib. Olduqca maraqlı məlumatdır.
Azərbaycan gözəli Qəmər xanım
Almaszadənin səhnə görünüşü hələ
də xatırlanır, onun yaratdığı incilər
yaşayır.
"Vikipediya"
Açıq Ensiklopediyasında musiqişünasların yerləşdirdikləri
materiallarda qeyd edilir ki, 1939-cu ildə Əfrasiyab Bədəlbəyli
Bakı Xoreoqrafiya Məktəbinin ilk buraxılışı
münasibətilə uşaqlar üçün birpərdəli
"Tərlan" baletini, bir ildən sonra isə məxsusi
olaraq Qəmər Almaszadə üçün "Qız
qalası" baletini yazıb. Gördüyünüz
kimi, böyük Azərbaycan bəstəkarı hər zaman
inkişafda, axtarışda olub.
Məlumatlara görə, Əfrasiyab Bədəlbəylinin
Qəmər xanımın şərəfinə
yazdığı bu balet əsəri sonralar yeni balet nümunələrinin
yaranmasına səbəb olur. Bilirik ki, Azərbaycanda
böyük ənənələrə malik olan Akademik Opera və
Balet Teatrı fəaliyyət göstərir və bu
teatrın repertuarında maraqlı balet tamaşaları yer
alıb. "Qız qalası"nın
yaranması bir sıra balet tamaşalarının
yaranmasına səbəb oldu. Akademik Opera və Balet
Teatrının səhnəsində 1950-ci ildə Soltan
Hacıbəyovun "Gülşən", 1952-ci ildə Qara
Qarayevin "Yeddi gözəl", 1961-ci ildə
"İldırımlı yollarla", 1962-ci ildə Arif Məlikovun
"Məhəbbət əfsanəsi",
1965-ci ildə Əşrəf Abbasovun "Qaraca qız",
1979-cu ildə Fikrət Əmirovun "Min bir gecə",
1986-cı ildə Aqşin Əlizadənin "Babək",
2000-ci ildə Xəyyam Mirzəzadənin "Ağ və
qara", 2005-ci ildə Polad Bülbüloğlunun "Eşq
və ölüm" balet tamaşaları səhnəyə
gəlib və repertuarı zənginləşdirib.
Adları qeyd edilən balet nümunələri Azərbaycan
balet musiqisi məktəbinin qiymətli inciləridir.
Qeyd edək ki, yuxarıda qeyd etdiyimiz balet nümunələri
heç də Azərbaycan bəstəkarlarının
yaratdığı balet əsərlərinin hamısı
deyil. Başqa balet nümunələrini də qeyd etmək
istəyirik. 1920-ci ildə dahi Üzeyir bəyin
yaratdığı "Dağıstan" xoreoqrafik
miniatür, Müslüm Maqomayevin yarımçıq qalan
"Dəli Muxtar" baleti, Ə.Bədəlbəylinin
"Tərlan", İ.Məmmədovun 1964-cü ildə
yazdığı "Tülkü və alabaş"
uşaq opera-baleti, A.Məlikovun "Ölümdən
güclü" (1966), "Xəzər balladası" (1967,
T.Bakıxanov, R.Axundova, M.Məmmədov), F.Əmirovun
"Şur" (1968, F.Əmirov, Q.Almaszadə - sevgi
mövzusunda birpərdəli xoreoqrafik novella), "Leyli və
Məcnun" (1969, Q.Qarayev, N.Nəzirova N.Gəncəvinin
eyniadlı poeması əsasında birpərdəli xoreoqrafik
poema),
"Yallı"
(1969, R.Hacıyev, R.Axundova, M.Məmmədov - xoreoqrafik
miniatür), "Ləzgihəngi" (1969, R.Hacıyev,
R.Axundova, M.Məmmədov - xoreoqrafik miniatür), "Yer
üzündə iki nəfər" (1969, A.Məlikov, O.M.
Vinoqradov - sevgi), "Qobustan kölgələri" (1969,
F.Qarayev, R.Axundova, M. Məmmədov), "Kaleydoskop" (1971,
F.Qarayev, R.Axundova, M. Məmmədov-süjetsiz),
"Muğam" (1972, N.Əliverdibəyov, R.Axundova, M.Məmmədov
Mirzə Şəfi Vazehin şeir və qəzəlləri əsasında),
"Azərbaycan süitası" (1972, R.Hacıyev, R.
Axundova, M.Məmmədov - birpərdəli xoreoqrafik
miniatür), "Çitra" (1972, Niyazi, N.Danilova Rabindranat
Taqorun eyniadlı poeması əsasında), "Əlibaba və
qırx quldur" (1973, A.Məlikov - nağıl), "Nəsimi
dastanı" (1973, F.Əmirov, N. Nəzirova - tarixi), "Xəzəri
fəth edənlər" (1975, F.Əmirov, N. Nəzirova - Xəzər
neftçilərinin əməyinə həsr olunmuş
xoreoqrafik poema), "Kosa-kosa" (1975, R.Həsənova-balet-pantomima),
"İlham" (1977, L.Vaynşteyn), "İki ürək
dastanı" (1981, A.Məlikov, İ.Çernışov-Mirzə
Əbdülqadir Bedilin "Komde və Modan" adlı
poeması əsasında), "Humay" (1981, N.Məmmədov
Səməd Vurğunun "Komsomol poeması" əsasında),
"Nizami" (1984, F.Əmirov, N.Nəzirova-tarixi), "Şərq
poeması" (1989, T. Bakıxanov, R.Əhmədov-Sergey
Yeseninin eyniadlı əsəri əsasında), "Xeyir və
şər" (1992, T.Bakıxanov, T. Şirəliyeva-Nizami Gəncəvinin
"Xəmsə"si əsasında uşaq baleti),
"Boş beşik" (1993, F.Əlizadə-Nicat Cüməlinin
poeması əsasında), "Don Kixot" (Q.Qarayev, R.Əhmədov,
G.Kovtun (2000) - P.Agilliu Servantesin eyniadlı romanı və
rejissor Q.Kozintsevin eyniadlı film musiqisi əsasında birpərdəli
balet-fantaziya), "Yusif və Züleyxa" (1999, A. Məlikov),
"Qafqaza səyahət" (2002, A.Əlizadə, T.Şirəliyeva-tarixi),
"Rast" (Niyazi, T.Şirəliyeva-Niyazinin eyniadlı simfonik
muğamı əsasında ilk muğam-balet), "Qarabağ
harayı" (2008, T.Bakıxanov), "Ümid valsı"
(2008, A.Əlizadə, P.Agilliu-tarixi), "Sayalı" (2012,
E.Dadaşova, P.Agilliu-Novruz bayramında təbiətin
oyanması, eşq, gənclik və rəqabət), "Sehrli
alma" (2012, O.Zülfüqarov -"Məlikməmməd"
xalq nağılı əsasında uşaq baleti),
"Şeyx Sənan" (N.Məmmədov) balet
tamaşaları maraqla qarşılanıb.
Sankt-Peterburq
Teatr Sənəti Akademiyasının aspirantura məzunu, beynəlxalq
müsabiqələr laureatı Tahir Eynullayev
məqalələrindən birində qeyd edir ki, rəqs incəsənətin ən qədim növlərindəndir. Onun doğuluşu az qala insanın torpaq üzərindəki ilk addımına qədər gedib çıxır. Hər bir xalq, hər bir millət öz rəqslərini formalaşdırıb. Bu rəqslərdə ölkənin spesifikası, xalqın xarakteri, onun əməyinin səciyyəsi əksini tapıb, zövqləri, meylləri üzə çıxıb, istedadı qol-qanad açıb. İncə naxışlarla çulğalaşan, müəyyən ritmlərdə əksini tapan, vahid melodiya ilə bağlanan, yüzillər boyunca qərarlaşan hərəkətlər rəqslərin mahiyyətini təşkil edir. Xalqların rəqs sənətinin inkişafı onun başlıca formalarından birinin-baletin doğulmasına gətirib çıxarıb. Balet müəyyən süjeti, bütöv musiqi strukturu olan səhnə əsəridir.
1940-cı il aprelin 18-də Azərbaycanın mədəni həyatında əlamətdar hadisə baş verdi, Əfrasiyab Bədəlbəylinin ilk milli baletimiz sayılan "Qız qalası"nın premyerası oldu. Bu faktın önəmi göz qabağındadır: yüzillər boyunca qadının kənar adamın yanında üzünü göstərməyə cəsarət etmədiyi bir ölkədə professional musiqili teatr inkişaf etməyə başladı, Azərbaycanın keçmişindən və bu günündən söhbət açan balet doğuldu. Elə bir balet ki, burada qadın qəhrəmanın obrazını bu ölkənin övladı, azərbaycanlı qız, ilk azərbaycanlı balerina Qəmər Almaszadə yaradırdı. Azərbaycan klassik musiqisinin metri Üzeyir Hacıbəyovun təbirincə desək, "Qəmər Almaszadə öz ifasında müasir xoreoqrafiya sənətinin texnikasını xalq rəqs yaradıcılığı ilə uğurla birləşdirə bilib". "Onun yaratdığı obraz, inandırıcı və məqsədyönlüdür. O, azərbaycanlı qadının faciəsinin təcəssümü olmaqla, uzaq fərəhsiz keçmişi özündə xatırladaraq bizi həyəcanlandırır". "Azərbaycanlı qadının faciəsi..." Gerçəkdən, müsəlman Şərqinin müdhiş boğucu atmosferi nəinki onun təhsilə gedən bütün yollarını bağlayır, hətta mahnı oxumağı və rəqs kimi hər hansı kiçicik bir əyləncəni belə qadağan edirdi. Nizaminin müasiri və dostu olmuş Məhsətinin-istedadlı şairə, müğənni və rəqqasənin nə kimi təhqirlərə məruz qaldığını xatırlamaq kifayətdir. İyirminci illərdə Bakı teatrında azərbaycanlı balerina yox idi. Belə bir fikir hələ də özünə möhkəm yer etmişdi ki, bəs, səhnə qadın üçün deyil. Qəmər onun aktrisa olmaq arzusuna qarşı etiraz edən atasının, qohumlarının təzyiqi ilə üzləşdi. Təkcə anası qızının istək və arzusunu başa düşürdü. Beləcə, qızın rəqslərə olan həvəsi ailə yasağına üstün gəldi və 12 yaşlı məktəbli professional səhnəyə çıxdı. Qəmər Almaszadə baleti S.N.Keverkova və Urusovanın özəl studiyasında öyrənməyə başladı. Özünü baletə həsr etmək kimi qarşısıalınmaz istək klassik rəqsin əsaslarını mənimsəməkdə ona kömək etdi. 1930-cu ildə o, M.F.Axundov adına Bakı Opera və Balet Teatrının səhnəsinə çıxdı. Onun "Koreliya"dakı debütü çoxlarının yaddaşına əbədi həkk olundu. Həmin il milli teatrların Moskvada keçirilmiş olimpiadasında o təkcə balerina kimi çıxış etmir, həm də "Namus" dram tamaşasında Süsən rolunu ifa edir ki, bu da onun kifayət qədər parlaq aktyorluq istedadından xəbər verirdi. 1931-ci il Almaszadənin yaradıcı həyatında mərhələ sayılır. Teatr Qliyerin "Qırmızı lalə" baleti üzərində işə başlayır və Tao-Xoa rolunu ona tapşırırlar. Söyləmək lazımdır ki, on altı yaşlı bu qızcığaz obrazın dramaturgiyasını çox səlis tuta bilmişdi. Lakin həmin dövrdə onda sırf xoreoqrafik səriştə çatışmırdı. O özü də bunu ilk tamaşadaca hiss etmişdi. Elə həmin gün də təhsilini davam etdirməyə qərar verdi. Qəmər Almaszadə Moskvaya, SSRİ Böyük Teatrı yanındakı xoreoqrafiya məktəbinə gəlir, Leontyeva və Çekrıpinanın siniflərində təhsil alır, Monyaxovanın sənətkarlığının sirlərinə yiyələnir. O yorulmadan çalışır. Çünki tələsmək lazımdır, axı vətəndə onu gözləyirlər...". T.Eynullayev qeyd edir ki, klassik baletdən milli "Qız qalası", "Gülşən", "Yeddi gözəl" tamaşalarına yol gələn səhnədə xarüqələr yaradır: "Klassik rəqsi milli Azərbaycan rəqs elementləri ilə bacarıqla uzlaşdırmaqla aktrisa bu partiyaların əsl mənada klassik traktovkalarını yaratmışdı. Onun dərin sevgi ilə yaratdığı Gülyanaq obrazı bu gün gənc balerinalar üçün özünəməxsus "etalona" çevrilib. "Qız qalası" ilə Azərbaycan balet sənətinin şərəfli səhifəsi açılır. Balerina öz qəhrəmanının daxili aləmini son dərəcə incəliklə açır. Başlanğıcda bu dəcəl və şən, demək olar, yeniyetmə bir qızcığazdır. Onun kövrək utancaqlığı və saf işvəsi Poladla görüşündəki lirik-oynaq rəqslərdə açıq duyulur. Toy zamanı onun işıqlı sevinc hissləri ilə dolu cazibəsi və mənəvi gözəlliyi nə qədər saf və təmizdir. Bu xoş anlarda qəfildən Cahangir xan peyda olur. O gəlib ki, qəşəng qızları öz hərəmxanasına aparsın. Hökmdarın nəzəri Gülyanağın üzərində dayanır. Onu özünə arvad edir. Sonluq, aydınlaşma sürətlə yaxınlaşır. Onun tragizmi həm mənəvi qüvvə, həm də ümidsizliklə şərtlənib. Gülyanaq intihar etməyi qəti qərara alıb və qapının arxasından asta addımları eşidib özünü dənizə atır, amma xəbəri olmur ki, bu, Polad idi, onun yanına tələsirdi..." - deyə bildirən musiqiçinin sözlərinə görə, 1950-ci ilin dekabrında-Bakı teatrının səhnəsində yeni Azərbaycan baleti-Soltan Hacıbəyovun "Gülşən"i göstərilir. Librettonun müəllifi, quruluşçu və baş rolun ifaçısı-Qəmər Almaszadədir: "O artıq özünü klassik baletdə təsdiqləmişdi və eyni zamanda Azərbaycan rəqsinin dərin bilicisi kimi tanınırdı. Bu keyfiyyətləri özündə birləşdirməsi Almaszadəyə yeni mürəkkəb vəzifənin öhdəsindən gəlməyə imkan verdi. Baletdə zəhmət hökmrandır. "Gülşən"dən iki il sonra Qara Qarayevin "Yeddi gözəl" baleti səhnəyə qoyulub. Libretto-Sionimski və Rəhman Hidayətzadənin, quruluş-Qusevin idi. Konsultant isə Qəmər Almaszadə idi. Baletin premyerası 9 noyabr 1953-cü ildə oldu. Dahi şair Nizaminin dərin fəlsəfi ideyalarını təcəssüm etdirən bu əsərdə onun yaradıcılığındakı əsas istiqamətlərdən biri- xalqın və hökmdarın qarşılıqlı münasibəti yer alır. Ayişənin xalqın fəlakətləri fonunda cərəyan edən faciəsi musiqidə və xoreoqrafiyada öz gerçək həllini tapmışdı. Tamaşanın milli koloritinin mükəmməl təqdimatı, heç şübhəsiz, Qəmər Almaszadənin-baletin əsas partiyasının ifaçısının və buradakı bir sıra milli rəqslərin quruluşçusunun xidməti sayəsində idi. 1954-cü ildən etibarən Qəmər Almaszadə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasına rəhbərlik edir. 1980-ci ildə isə təqaüdə çıxır. Qəmər Almaszadə "Qırmızı lalə", "Şopeniana", "Laurensiya", "Qızıl açar", "Yatmış gözəl" və s. kimi tamaşalara quruluş verib. 1969-cu ildə daha bir Azərbaycan baleti həyata vəsiqə aldı. Bu, Azərbaycan bəstəkarı Fikrət Əmirovun artıq məşhurlaşmış olan və geniş populyarlıq qazanmış "Şur" simfonik muğamına müraciət etmiş xoreoqrafın yaradıcı bioqrafiyasının daha bir zəfəri idi. Simfonik bir əsərin-xarakter etibarilə fərqli bölmələri olan muğamın materialında nəsə bütöv, vahid süjet xətti olan bir şey yaratmağa çalışan baletmeyster xeyli çətinliklərlə üzləşmişdi. "Şur" son dərəcədə bədii taktla, xoreoqrafiyanın klassik əsaslarını pozmadan hazırlanmışdı. Teatrlaşdırılmış milli rəqsin yaradılma prinsipi dünyanın bir çox xoreoqrafiya kollektivlərində uğurla həllini tapır, onun təcəssümünü biz Azərbaycan baletlərində görürük. "Şur" baleti ilə yanaşı, "Xəzər balladası", "Leyli və Məcnun", "Qobustan kölgələri", "Kaleydoskop" kimi birpərdəli baletlər buna misaldır. Bu tamaşalar yaradıcı prinsiplərin genişliyini göstərir. Bizlər, gənc baletmeysterlər və artistlər bütün bunlarla tərbiyə olunuruq.
SSRİ xalq artisti, Dövlət Mükafatı laureatı Qəmər Almaszadə məktəbi-keçmiş sovet baletində ən mükəmməl məktəblərdəndir. Təkcə Azərbaycanda deyil, dünyanın bir çox səhnələrində çıxış etmiş Leyla Vəkilova, Rəfiqə Axundova, Siqnadze, Tamilla Şirəliyeva və bir çox digər balerinalar məhz bu məktəbin yetirmələridir".
Azərbaycanda balet sənətinin inkişafı, tərəqqisi hər zaman müşahidə olunub. Azərbaycan dövlətinin balet ustalarına göstərdiyi qayğı və diqqət, balet təhsilinin inkişafı haqda növbəti sayımızda söhbət açacağıq.
(Ardı var)
İradə
SARIYEVA
Bakı xəbər.-2015.- 14 aprel.- S. 15.