Bakı Xoreoqrafiya Akademiyasının milli xoreoqrafiya təhsilinin inkişafında rolu...

 

Azərbaycanda rəqs sənəti haqda keçən yazılarımızda ətraflı danışmışdıq. Bilirik ki, uzun illərdir Azərbaycanda rəqs sənətinin dərinlikləri, incəlikləri tədris edilir. Bu sahəni seçən gənclər təhsil alır və bu yöndə formalaşırlar. Azərbaycanda xoreoqrafiya sənətinin ənənəsi qədimdir və bu ənənələr bu gün yüksək səviyyədə inkişaf edir.

Azərbaycan Respublikasında bu sənətin təməllərinin möhkəmləndirilməsi, daha səmərəli fəaliyyət göstərməsi üçün dövlət tərəfindən böyük işlər görülür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında verdiyi sərəncamı xatırlamaq yerinə düşərdi. Sərəncamda da vurğulanıb ki, Azərbaycan Respublikasında xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsi zərurətini nəzərə alaraq, bu sahə üzrə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisasali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yaradılsın.

Azərbaycan Prezidenti İlham Əliyev Bakı Xoreoqrafiya Akademiyası binasının layihələndirilməsi haqqında sərəncam imzalayıb.

Onu da bildirək ki, Bakı Xoreoqrafiya Akademiyası binasının tikilməsi ilə bağlı layihələndirmə işlərini təmin etmək üçün Prezidentin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 2 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisasali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yaradılması haqqında 30 aprel 2014-cü il tarixli Sərəncamından sonra artıq bu ali məktəb qurulub. Bu yeni tədris ocağı ölkəmizdə xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsinə, bu sahə üzrə yüksək ixtisaslı kadrların hazırlanmasına töhfə verəcək. Onu da qeyd edək ki, dövlət başçısının 26 dekabr 2014-cü il tarixli Sərəncamı ilə T.İ.Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının rektoru təyin edilib. Onu da bildirək ki, bu il yanvarın 23-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Xoreoqrafiya Akademiyasının kollektivi ilə görüşübyeni təyin edilmiş rektoru kollektivə təqdim edib. Nazir bildirib ki, 2014-cü il Azərbaycan xoreoqrafiya sənətində çalışanlar və bu sahədə təhsil alanlar üçün yaddaqalan bir il oldu. Prezident İlham Əliyevin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi olaraq Bakı Xoreoqrafiya Akademiyası yaradılıb. Bu hadisə xoreoqrafiya sənəti tariximizdə yeni bir mərhələ və gələcəkdə görüləcək böyük işlərin başlanğıcı olacaq. Son illərdə bu sahədə əldə edilən uğurlardan danışan nazir xoreoqrafiya ənənələrinin qorunaraq inkişaf etdirilməsində göstərdiyi gərgin əməyə görə tədris ocağının kollektivinə təşəkkürünü bildirib. Bakı Xoreoqrafiya Akademiyasının bundan sonra da öz məzunları ilə ölkəmizi beynəlxalq səviyyədə tanıdacağına əminliyini vurğulayan Əbülfəs Qarayev yeni müəssisənin müasir tələblərə uyğun fəaliyyət göstərəcəyini, fasiləsiz davamlı təhsilə təkan verəcəyini qeyd edib.

Bakı Xoreoqrafiya Akademiyasının gələcək fəaliyyəti və görəcəyi işlər ictimaiyyətin diqqətindədir. Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev bu barədə AzərTAC-a müsahibəsində danışıb.

Rektorun fikrincə, bu Akademiyanın yaranması Azərbaycanın mədəniyyət həyatında yeni bir hadisədir, çünki ümumiyyətlə bütün Şərq aləmində ilk dəfə belə bir Akademiyanın Azərbaycanda yaradılması, sözsüz ki, böyük əhəmiyyət daşıyır. Onun sözlərinə görə, xoreoqrafiya təhsili də Şərq aləmində ilk dəfə keçən əsrin iyirminci illərində Azərbaycanda yaranıb: "Bu ənənə indidavam edir. Prezident İlham Əliyevin imzaladığı sərəncamın əhəmiyyəti bir də ondadır ki, Azərbaycan təhsilində bu yeni bir hadisədir, yəni ibtidai təhsildən tutmuş, doktoranturayadək altı pilləli təhsil bir təhsil kompleksində həyata keçiriləcək. Bu da sənət baxımından, sənətin inkişafı, sənəti seçmək baxımından çox vacib məsələdir. Belə üsul artıq Moskva Xoreoqrafiya Akademiyasında, eləcə də digər ölkələrin analoji təhsil müəssisələrində tətbiq olunurçox yaxşı nəticələr əldə edilib. İnanıram ki, Bakı Xoreoqrafiya Akademiyası təhsilin bütün pillələrində uğur qazanacaq və Azərbaycanın təhsilinə, mədəniyyətinə töhfələrini verəcək".

Azərbaycanın mədəniyyəti və incəsənətinin renesans dövrünü yaşadığı fikrini irəli sürən rektor bildirib ki, bu işdə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın olduqca böyük xidmətləri var.

Rektor Azərbaycan xoreoqrafiya məktəbinin ənənələrindən də danışıb: "...Azərbaycan xalqı çox istedadlı xalqdır. İstər incəsənət, istərsə də mədəniyyət sahəsində çox böyük ənənələrimiz, uğurlarımız var. Azərbaycan dünya incəsənətində artıq öz sözünü deyib, dünya incəsənəti tarixində özünün layiqli yerini tutub. Xoreoqrafiya sahəsində ənənələrimizin böyük tarixi var. Hələ ötən əsrin əvvəllərində Azərbaycanda xoreoqrafiya təhsili var idi. Bizim Qəmər Almaszadə, Leyla Vəkilova kimi görkəmli xoreoqrafiya ustalarımız, Əminə Dilbazi, Roza Cəlilova, Böyükağa Atababayev, Böyükağa Məmmədov kimi milli rəqs ifaçılarımız olub. Uzun illər Bakı Xoreoqrafiya Məktəbində milli kadrların hazırlanması üçün böyük əmək sərf edən, Azərbaycan balet sənətinin sirlərini gənc nəslə öyrətmək sahəsində təqdirəlayiq fəaliyyət göstərən sənətkarlarımızın ənənələri qorunub saxlanmalıdır. Onların yetirmələri olan bir çox balet artisti sənət aləminin yüksək pillələrinə qalxıb, bu sənətin inkişafına töhfələr veriblər.

Bu gün bizim qarşımızda duran əsas vəzifə klassik balet ənənələrini qoruyub saxlamaqla yanaşı, onu inkişaf etdirmək, eləcə də müasir dünyada xoreoqrafiya sənətində yeni yaranan və Azərbaycanda hələ öyrənilməyən cərəyanları (məsələn, step-balet, modern balet, caz balet və s.) öyrənmək və tətbiq etməkdir. Xoreoqrafiya sənətimizi inkişaf etdirib beynəlxalq səviyyəyə çatdırmaq məqsədilə biz ən tanınmış mütəxəssisləri ustad dərsləri keçmək üçün buraya uzunmüddətli ezamiyyətə dəvət etməliyik. Həmçinin Akademiyanın istedadlı müəllimlərini, tələbələrini yeni cərəyanları öyrənmək, burada tətbiq etmək üçün müxtəlif ölkələrə göndərməli və bu yolla milli kadrlarımızı hazırlamalıyıq. Bu gün ölkə başçısının da bizdən tələbi budur, yəni Azərbaycan xoreoqrafiya sənəti beynəlxalq standartlara cavab verməlidir. Buna bizim potensialımız var. İnanıram ki, dövlətimizin qayğısı sayəsində bu məqsədlərimizə nail olacaq, möhtərəm Prezidentimizin etimadını doğruldacağıq".

T.Əfəndiyevin bildirdiyinə görə, Akademiyanın yaranma səbəbi həm də bu sahədə milli kadrlar yetişdirməkdir. Onun dediyinə görə, yeni tələblərə uyğun milli kadrlar hazırlamaq üçün Akademiyanın güclü maddi-texniki bazası olmalıdır: "Bakı Xoreoqrafiya Akademiyasının mütləq tədris teatrı olmalıdır, çünki müəllimlərin də, tələbələrin də ən əsas yaradıcılıq laboratoriyası tədris teatrıdır. İstər diplom, istərsə də kurs tamaşaları, imtahanlar tədris teatrında keçirilməlidir. Yeni layihədə tədris teatrının da tikintisi nəzərdə tutulub. Bundan əlavə, sənətlə bağlı ixtisaslarda mütləq xüsusiləşdirilmiş sinif otaqları olmalıdır. Bir sözlə, maddi-texniki baza müasir tələblərə cavab verməlidir. Müasir dünyada hazırda xoreoqrafiya sənətində texnikadan geniş istifadə olunur. Yəni kompyuter, montaj otaqları vasitəsilə müasir rəqslər qurulur. İnanıram ki, yeni binamızda xoreoqrafiya sənətimizin müasir tələblər səviyyəsində inkişafı üçün hərtərəfli şərait olacaq".

Qeyd edək ki, Bakı Xoreoqrafiya Məktəbinin yaranması respublikamızda vaxtilə hadisə kimi qarşılanıb. Məlumatlara görə, Bakıda ilk balet studiyası 1923-cü ildə yaranıb və 1929-cu ildə Opera Teatrının nəzdində Dövlət Balet Studiyasına çevrilib. 1936-cı ildən isə məktəbin adı dəyişdirilərək Bakı Xoreoqrafiya Məktəbi adlandırılıb.

Qeyd edək ki, 2013-cü ildə 85 yaşı tamam olan bu məktəbə uzun illər rəhbərlik edən Nüleyfər xanım Kərimova məktəbin özəllikləri haqda maraqla danışıb: "Azərbaycanın bu gün tanınmış əməkdar artistləri, balerinaları, rəqqasları bizim məktəbin məzunlarıdır. İlk azərbaycanlı balerina, görkəmli sənətkar Qəmər Almaszadə ilk təhsilini burada alıb, milli xoreoqrafiya məktəbinin parlaq simalarından olan Leyla Vəkilova, Konstantin Bataşov, Xumar Zülfüqarova, Rəfiqə Axundova, Maqsud Məmmədov, Vladimir Pletnev, Çimnaz Babayeva, Vitali Axundov, Afaq Məlikova, Mədinə Əliyeva, Təranə Muradovaonlarla tanınmış rəqqas bu məktəbdə sənətin sirlərinə yiyələniblər".

Onu da deyək ki, Akademiyaya çevrilməmişdən əvvəl məktəb dərsləri ilə yanaşı, qrim sənəti, duet, tarixi-məişət rəqsləri, nəfəs dərsi, xalq-səhnə və Azərbaycan rəqsləri fənləri yüksək səviyyədə tədris olunub burada. Bu gün isə Akademiya kimi fəaliyyətini davam etdirir. Əlbəttə, mədəniyyət aləmi üçün böyük əhəmiyyəti olan bu Akademiyada yüzlərlə milli kadrın yetişəcəyinə heç kəs şübhə etmir.

Hesab edirik ki, Cənubi Qafqazda tayı-bərabəri olmayan bu Akademiya çox böyük işlər görəcək, xoreoqrafiya təhsilinin inkişafında, tərəqqisində önəmli rol oynayacaq.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 15 aprel.- S. 15.