Balet sənətimizin cığıraçanları - Qəmər Almaszadə və Leyla Vəkilova...

 

Zaman vardı ki, Azərbaycanda səhnə qızların üzünə qapalı idi. Minlərlə istedadlı qız dövrün ağır zindanında döyülür, öz bacarığını üzə çıxarmamış solub gedirdi. Lakin illər əvvəl bu qaranlıq pərdə səhnə qarşısından götürüldü və Azərbaycan qızı səhnədə özünü təsdiqlədi və istedadı ilə birinci olduğunu təsdiqlədi. Azərbaycanda xoreoqrafiya sənətinin yaşı qədim olsa da, onun peşəkar səhnədə inkişafı sonradan sovet illərində hiss edildi.

Azərbaycanda peşəkar rəqs və balet sənəti səhnədə təcəssüm olundubu sahədə görkəmli sənətkarlar yetişdi, möhkəm dayaqlara sahib məktəb formalaşdı.

Qəmər Almaszadə Azərbaycan balet məktəbinin ən parlaq, özü də işığı çox-çox uzaqlardan görünən görkəmli balerinası, sənətkarı olub. Durna boylu, əzəmətli, gözəl, zərif Qəmərin səhnə həyatı çox maraqlı və sehirli boyalarla zəngin idi. Xalqımız Qəmər xanımı heç vaxt unutmayıb. Heç dövlətimiz də.

Bu il Qəmər xanım Almaszadənin 100 yaşı tamam olur. Səhnəmizin 100 yaşlı kraliçasının yubileyinin keçirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Qəmər Almaszadənin 100 illik yubileyinin keçirilməsi haqqında 4 fevral 2015-ci il tarixində verilən Prezident Sərəncamı olduqca əhəmiyyətlidir və xalqın ürəyində özünə əbədi yer tutan qüdrətli sənətkarın irsinə sayğı və hörmətdir. Bu həm də Azərbaycan mədəniyyətinə verilən dəyərdir.

Prezidentin verdiyi Sərəncamda bildirilir ki, 2015-ci ilin mart ayında Azərbaycan balet məktəbinin yaradıcılarından biri, Azərbaycanın ilk qadın balet ustası, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Qəmər Hacıağa qızı Almaszadənin anadan olmasının 100 illiyi tamam olur.

Milli rəqslərin mahir ifaçısı, görkəmli balerina Qəmər xanım Almaszadə klassik xoreoqrafik ənənələrlə xalq rəqslərinin vəhdətində Azərbaycan xoreoqrafiya sənətinin nailiyyətinə çevrilən təkrarolunmaz obrazlar yaradıb. Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının səhnəsində bir çox əsərlərə yüksək məharətlə quruluş vermiş sənətkarın milli kadrların hazırlanması sahəsində fəaliyyəti də təqdirəlayiqdir. Dövlət başçısı Azərbaycanda xoreoqrafiya sənətinin inkişafı və təbliğində mühüm xidmətləri olan SSRİ xalq artisti Qəmər Almaszadənin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə qərara alıb ki, Mədəniyyət və Turizm Nazirliyi SSRİ xalq artisti Qəmər Almaszadənin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Qeyd edək ki, Qəmər Hacıağa qızı Almaszadə 10 mart 1915-ci ildə Bakıda anadan olub. Bahar çağı dünyaya gələn görkəmli səhnə ulduzu elə yazda da - 7 aprel 2006-cı ildə 91 yaşında vəfat edib. Yəqin çoxlarının xatirindədir. 2006-cı il martın 10-da Milli Teatr Günü bir sıra sənətkarlarımız kimi Qəmər xanım Almaszadə də «Humay» mükafatına layiq görülmüşdü. Həmin mükafat balerinanın qardaşı Ənvər Almaszadəyə təqdim edildi. Mükafatlandırmadan təxminən bir ay sonra isə səhnə ulduzu əbədi olaraq gözlərini yumdu. Sağlığında «Şöhrət» və digər ordenlərə layiq görülən sənətkar Azərbaycan balerinası, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycanın ilk qadın balet rəqqasəsi, Prezident təqaüdçüsü idi.

Qəmər xanım haqqında tərtib edilən rəsmi mənbədə qeyd edilir ki, Qəmər Almaszadə (Tamara ləqəbi ilə də tanınan) Bakı şəhərində çəkməçi ailəsində anadan olub. Uşaqlıqda baletlə məşğul olan dostu onda bu sənətə maraq oyadıb. Mühafizəkar müsəlman atasından gizli olaraq dostunun məsləhəti ilə özəl balet studiyasına yazılır-daha sonra studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilir. Atasını baletlə yox, idmanla məşğul olduğuna inandıra bilir. Lakin bir neçə ildən sonra sirrin üstü açılır. Atası əvvəllər qəzəblənsə də, sonralar teatra gizlicə gəlir və qızının çıxışlarında tamaşaçılar arasında tez-tez görünür.

1931-ci ildə görkəmli bəstəkar Əfrasiyab Bədəlbəyli ilə ailə qurur, lakin övladları olmur. Mənbələrin yazdığına görə,

övladları olmadığından, «Qız qalası» baletindən az sonra boşanırlar. Amma onların sənət əlaqələri isə illərlə davam edir.

Məlumaatlara görə, 1930-cu ildə Qəmər Almaszadə Xoreoqrafiya Məktəbini bitirərək Azərbaycan Dövlət OperaBalet Teatrında işləməyə başlayır. Bu arada həmçinin ali pedaqoji məktəbə də daxil olur. 1932-ci ildə Reynhold Qlierin «Şahsənəm» operasında ikinci dərəcəli rola seçilir. 1933-cü ildə indiki Sankt-Peterburqda Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olurorada məşhur balerina Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində oxuyur. 1936-cı ildə ali məktəbi bitirib Bakıya qayıdır. 1937-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının əsasını qoyur. Üzeyir Hacıbəyovun rəhbərliyi ilə Azərbaycan əyalətlərinə elmi səyahət təşkil edərək ilk mənbədən xalq rəqsləri haqqında məlumat toplayır. 1939-cu ildə Bakı Xoreoqrafiya Məktəbində ilk rəqs dərsini deyir. Daha sonra həmin məktəbin direktoru olur. 1940-cı ildə Əfrasiyab Bədəlbəylinin «Qız qalası» baletində ilk professional çıxışını edir. Sonralar Fransada, Hindistanda, Nepalda da çıxış edib. 1970-ci ildə Bağdada İraq Xalq Rəqsləri Ansamblını qurmaq üçün dəvət olunur. 1950-ci illərdə baleti tərk etsə də, 1990-ci illərin sonuna qədər Bakı Xoreoqrafiya Məktəbinin direktoru kimi çalışır.

Teatr rəssamı Ənvər Almaszadənin bacısı, bəstəkar Çingiz Almaszadənin bibisidir. Qəmər xanımın quruluş verdiyi əsərlər, nəfəs verdiyi balet tamaşaları çoxdur.

«Tərlan» baleti (1940), «Qız qalası» baleti (1940, 1958, 1977), «Gülşən» baleti (1949, 1951, 1959), «Doktor Aybolit» baleti (1949), «Baxçasaray fontanı» baleti (1951), «Yeddi gözəl» baleti (1952), «Qırmızı lalə» baleti (1954), «Yatmış gözəl» baleti (1955), «Laurensiya» baleti (1956), «Qızıl açar» baleti (1957), «Arlekinada» baleti (1959), «Qaraca qız» baleti (1965), «Məhsul» suitası (1959), «Jizel» baleti (1961), «Qu gölü» baleti (1963),

«Şur» baleti (1968), «Don Kixot» baleti (1973) - L. Minkusun əsəri, «Şənlik rəqsi» baleti (1973) Qəmər xanımın quruluşunda səhnə ömrü yaşayıb.

İfa etdiyi rollara gəlincə, bu rollar da olduqca zəngindir. Tao Xoa - R.Qlierin «Qırmızı lalə» baletində (1931), Medora - A.Adanın «Korsar» baletində (1936), Mariya - B.Asafyevin «Baxçasaray fontanı» baletində (1939), Gülyanaq - Ə.Bədəlbəylinin «Qız qalası» baletində (1940), Raymonda - A. Qlazuovun «Raymonda» baletində (1943), Odetta-Odilliya - R. Çaykovskinin «Qu gölü» baletində (1943), Kitri - L.Minkusun «Don Kixot» baletində (1945), Maşa - R.Çaykovskinin «Şelkunçik» baletində (1949), Gülşən - S.Hacıbəyovun «Gülşən» baletində (1950), Ayşə - Q.Qarayevin «Yeddi gözəl» baletində (1952) oynadığı rollar Qəmər xanım Almaszadənin ömür gününə yazılır. Taleyi böyük istedadı, səhnə yanğısı onu səhnəyə gətirdi səhnədə ecazkar bir dünya yaratdı...

Azərbaycan balet məktəbinin digər görkəmli xanım nümayəndəsi

Leyla xanım Vəkilovadır. Leyla Məhəd qızı Vəkilova

29 yanvar 1927-ci ildə Bakıda doğulub. 20 fevral 1999-cu ildə 72 yaşında Bakıda vəfat edib. Məzarı I Fəxri Xiyabandadır. Vaxtilə «Lenin» ordeninə layiq görülüb.

Leyla Məhəd qızı Vəkilova Azərbaycanın milli balet sənətinin əfsanəvi klassik dühalarındandır. Azərbaycanın xalq artisti SSRİ xalq artisti kimi mədəniyyət tariximizə düşüb.

1927-ci il yanvar ayının 29-da Bakıda doğulan Leyla xanım səkkiz yaşında Bakı Xoreoqrafiya Məktəbinə daxil olub. Əvvəlcə Ədilə Almaszadənin, son siniflərdə isə görkəmli balet ustası pedaqoq Qəmər xanım Almaszadənin rəhbərliyi ilə sənətin incəliklərinə yiyələnib. 1943-cü ildə məktəbi uğurla bitirən aktrisa Azərbaycan Dövlət Opera Balet Teatrının balet truppasına solist götürülüb. 1945-1946-cı illərdə ixtisas səriştəsini təkmilləşdirmək, sənətkarlıq qabiliyyətini formalaşdırmaq məqsədilə iki il dünya şöhrətli Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib. Bakıya qayıdaraq Opera Balet Teatrının aparıcı balet aktrisası olub. Tezliklə o, repertuarın ən sanballı balet tamaşalarında qadın qəhrəmanların partiyalarını ifa etməyə başlayıb. Onun zəngin yaradıcılığının ən parlaq yaradıcılıq qələbələrini təmin edən obrazlar dünya balet ulduzlarının da əsas repertuarlarını təşkil edir.

Leyla Vəkilova klassik dünyəvi balet elementləri ilə milli rəqslərimizin hərəkət zəifliyini hünərvər ustalıqla birləşdirə onu öz ifasının estetik hüsnünə çevirə bilib. Yüksək səhnə mədəniyyətinə ifa texnikasma malik sənətkar olub. İfası həmişə özünün emosional lətafəti, ülviyyəti, zərifliyi, cazibəli coşğunluğu, hərarətli qaynarlığı, fəza boşluğunda yaratdığı nağılvarı görünüşü ilə seçilib. Səhnədə son dərəcə çevik, hərəkətlərinin plastikası ifadəli dərin məzmunlu idi, sanki dil açıb danışırdı.

Sənətkar yöndaşları diqqət səmimiyyətinə, hərəkətlərinin psixoloji dərinliyinə, ünsiyyətinin təbiiliyinə təbii canlanmağına görə Leyla xanımla bir tamaşada oynamağa xüsusi cəhd göstəriblər. Səhnə boyu uzanan, genişmiqyaslı lirik, dramatik ehtiraslı hərəkətlər toplusundan ibarət mizanları icra etməkdə böyük peşəkar səriştəsi vardı.

Leyla xanım müxtəlif illərdə teatrın səhnəsində Gülyanaq («Qız qalası», Əfrasiyab Bədəlbəyli), Odetta-Odilliya, Avrora, MullaSonalar gölü», «Yatmış gözəl» və «Şelkunçik», Pyotr Çaykovski), Pao Xoa («Qırmızı lalə», Reynqard Qlier), KitriDon Kixot», Lüdviq Minkus), LaurensiyaLaurensiya», Aleksandr Kreyn), ZaremaBağçasaray fəvvarəsi», Boris Asafyev), Gülşən («Gülşən», Soltan Hacıbəyov), Aişə, SariYeddi gözəl» və «İldırımlı yollarla», Qara Qarayev), Şirin («Məhəbbət əfsanəsi», Arif Məlikov), JizelJizel», Adolf Adan), Malvina («Qızıl açar», Boris Zeydman), Qaraca qız («Qaraca qız», Əşrəf Abbasov) partiyalarını ifa edib. Azərbaycan milli balet sənətinin tərəqqisində və təkamülündə, beynəlxalq aləmdə tanınmasında göstərdiyi böyük xidmətlərə görə Leyla xanım Vəkilova 30 aprel 1955-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 26 aprel 1958-ci ildə xalq artisti, 31 dekabr 1967-ci ildə SSRİ xalq artisti fəxri adları ilə təltif olunub. Leyla xanım Vəkilova Polşada (1956, 1962, 1968), Suriyada (1960), Çexoslavakiyada (1964), Hindistanda (1965), Bolqarıstanda (1966), Fransada (1969, 1974), Macarıstanda (1973), İtaliyada (1976), Türkiyədə (1977, 1982), Tiflisdə və Almaniyada (1979), Nepalda (1981) ifaçı və baletmeyster kimi uzunmüddətli qastrol səfərlərində olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında iştirak edib.

Balet ustası 1953-cü ildən ömrünün sonuna kimi Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnindən dərs deyib və 1992-ci ildən həm də bu təhsil ocağına bədii rəhbərlik edib. Leyla Vəkilovanın yetirmələri nəinki Azərbaycanda, hətta Moskvanın Böyük Teatrında, Almaniyada milli balet sənətinin çiçəklənməsində səmərəli xidmətlər göstəriblər. O, 1996-cı il sentyabr ayının 6-dan Bakı Xoreoqrafiya Məktəbinin professoru idi. Onun layiqli yetirmələri bu gün sənət fəaliyyətini davam etdirirlər. Görkəmli balet ustası, milli səhnə mədəniyyətimizin nadir incilərindən olan Leyla Məhəd qızı Vəkilovanın 2017-ci ildə 90 yaşı olacaq.

Azərbaycan balet sənətinin iki görkəmli ulduzu haqqında danışdıq. Mədəniyyət xəzinəmizin qiymətli inciləri-Qəmər xanım Almaszadə Leyla xanım Vəkilova milli balet məktəbimizin öncülləri, cığıraçanları kimi tarixə düşüb əbədi yaşayacaqlar.

 

İradə SARIYEVA

Bakı xəbər.-2015.- 16 aprel.- S. 15.