Tarixi e.ə. II minilliyə gedib
çıxan Qarabağ xalçaları
- sehirli ilmələrimiz...
Xalça sənəti Azərbaycan xalqının qədim sənət növlərindən biri olaraq mədəniyyətimizin tərkib hissəsini təşkil edir. Xalqımızın minillər uzunu formalaşan toxuculuq vərdişlərinin, sənətinin vacib hissəsi olan xalçaçılıq uzun və uğurlu tarixi yol keçərək günümüzə gəlib çatıb. Azərbaycanda bir neçə xalçaçılıq mühiti-məktəbi var və onlardan biri də Qarabağ xalçaçılıq məktəbidir. Əsrlərdən bəri inkişaf edən Qarabağ xalçaçılığı çeşidli xalça növlərinə malikdir.
Qarabağ xalçaları haqqında məlumat verən sənətşünaslar qeyd edirlər ki, bunlar Qarabağ tipinə aid olan xovlu xalça növləridir. Sənətşünasların verdiyi bilgiyə görə, Qarabağ tipinə aid olan və «Qarabağ xalçası» adlandırılan bu xalçalar Azərbaycanın bütün xalçaçılıq məntəqələrində, o cümlədən Dağıstanda istehsal olunurdu və hazırda da istehsal olunmaqdadır. Sənətşünaslar qeyd edir ki, istehsal olunduğu yerdən asılı olaraq, bu xalçalar müxtəlif cür adlanmaya məruz qalmışlar, lakin sənətşünaslar onu «Qarabağ» adlandırıblar. İstanbul bazarlarında satılmaq üçün Şuşada istehsal olunan eyni kompozisiyalı xalılar «Xan xalçası» və ya «Xan Qarabağ xalçası», Qubada toxunan eyni xalçalar isə «Afurca xalçası» adlanırdı.
Xalçaların bədii məziyyətini analiz edən sənətşünaslar qeyd edir ki, «Qarabağ» xalçaları bir neçə variantda kompozisiyaya malikdir. Onlardan birincisinin orta sahəsinin kompozisiyası yalnız göllərdən ibarətdir və İran və Hindistanın bədii parçalarını, xüsusilə basma naxışlı pərdələri xatırladır. Bitki naxışlarına isə göllərə «Qurani-Kərim»in üz səhifələrində, XV-XVII əsrlərdə Təbriz rəssamlarının bədii-ədəbi əsərlərində rast gəlmək olar. Göllərin yuxarı və aşağı hissələrində yerləşdirilmiş başlıqlar orta sahədəki qellər arasındakı boşluqları doldurur və bununla da xalçanın bədii dəyərini artırır. Sənətşünasların qeyd etdiyinə görə, göllər arasındakı məsafə və ya boşluq nə qədər azdırsa, xalçanın bədii dəyəri o qədər çoxdur. «Qarabağ xalçası»nın II növü toxucular tərəfindən «Çini-çeşni» adlandırılan xalçalardır. Onun orta sahəsinin kompozisiyasını bir sırada yerləşdirilmiş səkkizbucaqlı göllər təşkil edir. Zaman keçdikcə xalçaçılıq sənətinin texnoloji xüsusiyyətləri ilə əlaqədar olaraq bu xalçalar dəyişikliyə məruz qalıb.
Qarabağ xalçalarının texniki xüsusiyyətlərinin izahını verən sənətşünaslar deyir ki, «Qarabağ» xalçaları müxtəlif ölçülərdə hazırlanır. Hətta kvadrat formalı olanlara da rast gəlmək mümkündür. Düyünlərin sıxlığı: hər kvadrat desimetrdə 35X35-dən 50X50-dək düyün yerləşdirilir (hər kvadratmetrdə 120 000-dən 250 000-dək düyün). Şuşada və Qubada daha çox hazırlanan kiçik ölçülü xalçalar daha sıx olur. Xovun uzunluğu 6-9 mm-dir. Müasir dövrdə «Qarabağ» xalçaları öz əhəmiyyətini itirib və adi xalçalar kateqoriyasına aid olub.
Qarabağ xalçaları haqqında olan müasir vəsaitlərdə çox maraqlı faktlar var. Azərbaycan xalçalarının Qarabağ məktəbinə həsr edilən hissədə qeyd edilir ki, Azərbaycanın cənub-qərbində yerləşən Qarabağ xalça məktəbi iki regionda - dağlıq və aran zonalarında inkişaf edib. Yazılı mənbələrdə ərəb tarixçiləri Əl-Müqəddəsi, Məsudi və b. tərəfindən X əsrdən başlayaraq yun və pambıq emalı ilə məşğul olan iri sənətkarlıq mərkəzi kimi adı çəkilən Qarabağın dağlıq zonasında XIX əsrdə xalça istehsalında Şuşa şəhəri və Daşbulaq, Dovşanlı, Girov, Trniviz, Malıbəyli, Çanaxça, Tuğ, Tuğlar, Hadrut, Muradxanlı, Qasımuşağı, Qubadlı, Qozağ, Mirseyid, Bağırbəyli, Xanlıq, Tutmas kəndləri əsas rol oynayırdılar. Mənbələr yazır ki, dağlıq zonaya nisbətən xammalla, şübhəsiz ki, daha yaxşı təmin olunmuş aran rayonlarında Cəbrayıl, Ağdam, Bərdə və Füzuli xalça istehsalında əsas yer tutur. Bu mərkəzin hər birində əhalisi satış üçün intensiv şəkildə xalça toxuyan çoxlu miqdarda kəndlər mövcud olub. Öz bədii quruluşu, texnoloji xüsusiyyətləri, rəng həlli baxımından Zəngəzur və Naxçıvan xalça istehsalı mərkəzləri də Qarabağ xalça məktəbinə daxildir. «Aran», «Bağçada güllər», «Balıq», «Buynuz», «Bərdə», «Bəhmənli», «Qarabağ», «Qoca», «Qasımuşağı», «Ləmbərani», «Muğan», «Talış», «Ləmpə», «Malıbəyli», «Xanqərvənd», «Xanlıq», «Xantirmə», «Çələbi», «Şabalıdbuta», və s. çeşnili xalça kompozisiyaları Qarabağ xalçaçılıq məktəbinin klassik nümunələrindəndir. Qarabağda evlərin interyerlərinə uyğunlaşdırılmış 5 xalçadan ibarət dəst xalı - gəbələr geniş yayılıb.
Məlumatda bildirilir ki, 1750-ci illərin əvvələrində Qarabağ xanı Pənahəli xan Şuşa şəhərini saldırdı. Şəhər ilk vaxtlar Pənahabad adlandırıldı və uzun illər Qarabağ xanlığının paytaxtı oldu. XVIII əsrdə Qarabağ xalçaçılıq məktəbi Şuşada cəmlənib. XVIII əsrdə Şuşada klassik çeşnili xalçalarla yanaşı, Rusiyadan, eləcə də Avropadan gətirilmiş məcməyi, ətirli sabun, çit və digər müxtəlif məişət əşyalarının üzərindən götürülmüş naxışlardan yeni xalça kompozisiyaları - «Bağçada güllər», «Saxsıda güllər», «Bulud» və s. çeşnilər toxunurdu. Qarabağ xalçalarının rəng - boyaq palitrası olduqca zəngindir. Bu palitra Qarabağ təbiətinin bütün rənglərinin ən zərif çalarlarını özündə əks etdirir. Qədim dövrlərdən Azərbaycan xalçalarının ara sahə yerliyi ənənəvi olaraq qırmızı rəngdə işlənib. Müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən burada rənglər cürbəcür həşaratlardan alınmışdı. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenildir. Xalq arasında ona «qırmız böcəyi», «qurd qırmız», «palıd cücüsü» deyilirdi.
Sənətşünaslar yazır ki, Şuşa - Qarabağ xalçaları
sənətkarlarımız 100 illiklər boyunca müxtəlif sənət növlərini yaşadıb və bizə ötürüb. Qarabağ xalça məktəbinin inkişaf tarixini, növlərini araşdıran alimlər qeyd edir ki, bu məktəbi yaradanların ruhu qarşısında vicdan borcumuzdur ki, biz də bu sənətləri qoruyub gələcək nəsillərə ötürək. Sənətşünaslar yazır ki, xüsusən xalçaçılıq sənəti Qarabağda geniş yayılıb və bütün dünyada şöhrət qazanıb.
Tədqiqatçılar yazır ki, Qarabağda xalçaçılığın yaranma tarixi Azərbaycanda xalçaçılığın yaranma tarixi ilə bağlıdır. Ona görə ki, bu ərazidə, həmçinin də Qarabağda
artıq e.ə. II minillikdən-Tunc dövründən bu günə kimi xalçaçılığın inkişafı izlənir. Bu da sözsüz ki, elə amillərlə əlaqəlidir ki, Azərbaycanın təbiəti,
ərazisi maldarlığın, xüsusilə də qoyunçuluğun inkişafı üçün əlverişli idi. Onunla əlaqədar da Azərbaycanda, xüsusilə də Qarabağ ərazisində xalçaçılığın yaranması bu kimi amillərlə və xalqın həyat tərzi ilə sıx bağlı idi.
Xalça insanların həyatının ayrılmaz əşyalarından idi, xalça haqqında «Xalçam harda, yurdum orda» deyirdilər. Xalçadan alaçıq qururdular, evi xalça və xalça məmulatları ilə bəzəyirdilər. Xalça həm də insanların yol yoldaşı idi.
Qarabağ xalçaları haqqında VII əsrdən etibarən məlumatlar verilir. Alban tarixçisi Musa Kalankatlı yazırdı ki, bu ərazidə çox gözəl xalçalar toxunur. Tədqiqatçıların fikrincə, bu faktın təsdiqi olaraq ərəb tarixçiləri X-XI əsrlərdə Azərbaycanın müxtəlif ərazilərində xalçaçılığın inkişafından, zənginliyindən danışırdılar. Ərəblər
xüsusilə Bərdə xalçaları haqqında yazırdılar ki, bu xalçaların tayı-bərabəri yoxdur. İndi bu sənət nümunələri təhlükə altındadır. Bu sərvəti qorumaq üçün Azərbaycan Xalça Muzeyi və Muzeyin Şuşa filialı bir sıra layihələr,
proqramlar hazırlayıb həyata keçirir. 1992-ci ilin may ayında erməni işğalı ərəfəsində Şuşa muzeyləri
arasında öz eksponatlarını tam xilas etmək yalnız Azərbaycan Xalça Muzeyinin Şuşa filialına müəssər olub. Muzey əməkdaşlarının fədakar səyi nəticəsində XIX-XX əsrlərə aid olan 80 ədəd xovlu xalça, 35 ədəd xovsuz xalça və xalça məmulatı, 29 ədəd bədii tikmə və geyim, 39 ədəd
zərgərlik məmulatı xilas edilib. Məqsəd bu məlumatları bütün xalqa və muzeysevərlərə çatdırmaqdan, erməni işğalçılarının xalqımızın mədəniyyət sərvətlərinə vurduğu ciddi ziyanlardan bəhs etmək və ictimaiyyəti Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda mübarizəyə səsləməkdən ibarətdir.
Alimlər yazır ki, hazırda Şuşa filialı öz fəaliyyətini Azərbaycan Xalça və Xalq Tətbiqi Sənət Muzeyində davam etdirir. Muzeydə Qarabağın unudulmaqda olan toxuculuq texnologiyalarının bərpası və inkişafı ilə bağlı layihə çərçivəsində «Dəyişən zamanda dəyişməyən dəyərlər» adlı ustad dərsləri təşkil olunur. Buna nümunə olaraq
muzeydə Qarabağın əjdahalı xalçası olan «Vərni»nin toxunma prosesinin təqdim edilməsini misal göstərmək olar.
Muzeydə Qarabağ xalça ənənələrinin qorunması üçün uşaq
proqramları, tamaşalar hazırlanıb. «Vərni» xovsuz xalçasına həsr edilən musiqili-tamaşa muzeyin uşaq teatrının ifasında müntəzəm olaraq təqdim olunur. Uşaqlar özün rənglə nümunələrində «Vərni» Qarabağ xalçasının elementlərini rəngləyir. Qarabağın unudulmaqda olan toxuculuq texnologiyalarının bərpası və inkişafı Azərbaycan Xalça Muzeyinin əsas layihələrindəndir. Azərbaycan Xalça Muzeyinin fəaliyyəti nəticəsində Qarabağ məktəbinə məxsus mini-replika xalçaların məhz Qarabağdan gələn toxucular tərəfindən
toxunulması yönümündə aparılan işlər, həmçinin «Bəhmənli» xalçasının surətinin toxunması da unudulmaqda olan ənənələrin bərpası və yaşadılmasına xidmət edən amillərdəndir. Azərbaycan Xalça Muzeyi Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsi, Dağlıq Qarabağın azərbaycanlı icması, Şuşa İcra hakimiyyəti və Şuşa Rayon Mədəniyyət Şöbəsi ilə əməkdaşlıq edir, qaçqın və məcburi
köçkün sənətkarların axtarışını davam etdirir. Unudulmaqda olan Qarabağ məktəbinə məxsus çeşnilərin bərpası yönümündə işlər aparır. Bununla əlaqədar Goranboyun Aşağı Ağca kəndində fəaliyyət göstərən xalça sexi ilə əlaqə saxlayır. Azərbaycan Xalça Muzeyinin Şuşa filialı Qarabağ məktəbinə məxsus qədim çeşnili «Çələbi» xalçasının eskizini
və «Malıbəyli» mini-replika xalçasının eskizinı hazırlayaraq sexə təqdim edib. Muzeyin apardığı beynəlxalq əməkdaşlıq nəticəsində ABŞ-ın Şərq xalçası və tekstili üzrə Çikaqo Cəmiyyətinin üzvü mərhum Qrover Şiltsin həyat yoldaşı Beverli Şilts kolleksiyasında olan iki ədəd
Azərbaycan xalçasını - «Əjdahalı» (Qarabağ, XVII əsr.) və «Salyan xiləsi»ni (Şirvan, XIX əsr) Azərbaycan Xalça Muzeyinə hədiyyə edib. Muzeydə xalçaların təqdimat mərasimi və «Azərbaycanın Əjdahalı xalçaları» sərgisi
keçirilib. Yenə də ermənilər buna biganə qalmayıb. Onlar «necə ola bilər ki, bir amerikalı erməni xalçasını Azərbaycana hədiyyə edir»-deyə bildirib. Bu barədə onlar müxtəlif televiziya kanallarında, internet saytlarında
etirazını açıqlayıb. Muzey Qarabağ məktəbinə məxsus xalça nümunələrinin məhz xarici ölkələrdə təbliği məqsədilə ABŞ-da fəaliyyət göstərən «Qarabağ Fondu» ilə əməkdaşlıq edir. Muzey tərəfindən təqdim olunmuş Azərbaycan xalça məktəblərini, o cümlədən Qarabağ məktəbini təmsil edən fotoşəkillər «Qarabağ Fondu»nun «Azərbaycan xalçaları» aylığı çərçivəsində keçirilən silsilə tədbirlərdə nümayiş etdirilib.
Tədqiqatçılar daha sonra yazır ki, Qarabağın daha bir xalça nümunəsi, məşhur olan «Dəstərxan» və bu toxunuşa malik olan bir sıra məişət aksesuarları toxunur, ənənələr davam etdirilir.
Özünəxas cəhətlərinə, toxunuş növünə, çeşnisinə görə fərqlənən, qeyri-adi dərəcədə gözəlliyi ilə baxanı mat qoyan Qarabağ xalçaları heyrətamiz bir aləmdir. Bu xalçalar minillərdir toxunur, toxunmaqda davam edir və neçə-neçə minilliklər sonra da toxunacaq. Xalçalar da insan kimidir, onun da nəsli, şəcərəsi, kökünün davamçısı olur. Çağdaş Qarabağ xalçası min illər əvvəl toxunan ilk xalçanın davamçısıdır. Hər növ xalça özündə keçmişin sirli kodunu daşıyır. Onu məktub kimi oxumaq, yeni-yeni xalçalar toxuyaraq o məktuba cavab vermək bizim boynumuza düşür.
İradə
SARIYEVA
Bakı xəbər.-2015.- 17-19 aprel.- S. 15.