Təbriz
xalçaçılıq məktəbi - mədəniyyətimizin
böyük qollarından biri
kimi...
Şan-şöhrəti dünya ilə bir olan Azərbaycan xalçaları, bütün zamanlarda olduğu kimi, indinin özündə də qürur yerimizdir. Xalça Azərbaycan xalqının qədim mədəniyyətini, məişətini, həyat tərzini, məşğuliyyətini, dünyagörüşünü, düşüncəsini, bədii-estetik təfəkkürünü ifadə edir. Milli xalçaçılıq ocaqlarımız, məktəblərimiz sırasında Təbriz xalçaçılıq məktəbinin xüsusi yeri, çəkisi var.
Azərbaycanın nəhəng xalçaçılıq mədəniyyətinin böyük bir qolunu təşkil edən Təbriz xalçaçılıq məktəbi çox qədim ənənələrə, zəngin, çeşidli dəst-xəttə malikdir. Sənətşünaslar qeyd edir ki,
Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbi olaraq, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Onu da bildirirlər ki, bu ərazidə yaşayan türkdilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynayıb, müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstəriblər. Bir məqamı xüsusi qeyd edək ki, xalçaçılıq sənəti türk xalqında sanki genetik bir məsələdir. Elə bir türk xalqı yoxdur ki, öz məişətinə, yaşadığı diyarın iqliminə uyğun toxuculuq nümunələri toxumasın, xalça ərsəyə gətirməsin. Bəllidir ki, orta əsrlərdə Şərqdə mühüm ticarət mərkəzləri formalaşıb və burada zəngin şəhərlərin Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına təkan verib. Belə ticarət mərkəzlərindən biri də Cənubi Azərbaycan olub.
Sənətşünaslar qeyd edir ki, öz kompozisiya tələbatına, süjetlərin təfsirinə, parçanın koloritinə və texnologiyasına görə Cənubi Azərbaycan xalçaları XVI əsrdə Təbriz məktəbinin yüksək tərəqqisi dövründə dekorativ tətbiqi sənətin həmin məktəbə xas ənənələrinin inkişafına dəlalət edir. Xalçaşünaslar yazır ki, bu xalçalarda klassik dövrün miniatür rəngkarlığının təsiri hələ də duyulur. Lakin xalça tədqiqatçılarını narahat edən məqamlar da var, bu, xalça toxunuşunda əvvəlki üsullardan uzaqlaşmanın nəzərə çarpmasıdır. Sənətşünaslar bildirir ki, süjetlər sanki ayrı-ayrı fraqmentlərə parçalanır və bu fraqmentlər ümumi dekorun daha çox formal ünsürlərinə çevrilir, artıq rəvayət xarakterli və hadisələrin mənasını açıb göstərən motivlər kimi başa düşülmür. Bir qayda olaraq, ovçuların fiqurları, ov motivləri naxışlarla əvəz olunur.
XVI əsrin ən erkən nümunəsindən başlayaraq, ta keçən əsrin ortalarında toxunmuş məmulatadək "Dörd fəsil" tipli Təbriz xalçaları ilin dörd fəslinə dair mövzuların açıb göstərilməsinin vahid ideya-bədii zəmininə malikdir və bu mövzular dəqiq bədii formalarla işlənir. Alimlərin fikrincə, kompozisiyasına görə orta sahə ənənəyə uyğun olaraq dörd hissəyə bölünür və onlardan hər biri ilin bir fəslinin rəmzidir. Dörd fəslin mövzusu kökləri əkinçiliyə və mistik kultlara gedib çixan rəmzləri zodiak bürclərini və Şərqin mifoloji obrazlarını təcəssüm etdirir. Tədqiqatçıların qeydlərinə görə, xalçalardan medalyon və medalyonlar boyunca Azərbaycan memarlığının abidələrinin təsviri, tarixi və din xadimlərinin obrazlarının verilməsi təqlidçilik xarakteri daşımır. Ənənəvi Şərq mədəniyyətinə əsaslanan müstəqil xarakterə malikdir. Dörd dəqiq hissəyə bölgü Şərqin dünya şöhrətli "bağ-bağçaları" üçün səciyyəvidir. Bu xalçalar haqqında XII əsr mənbələrində məlumat verilir. Əmək istilaçıları 637-ci ildə Ktesifonda Sasanilərin iqamətgahını ələ keçirərkən "Xosrovun Baharı" adlı xalçanı qənimət kimi götürmüş və onu misilsiz bir sərvət kimi qiymətləndirmişlər. Xalçanın fonunda şəlaləli irmaqlar, arxlı güllü-çiçəkli bağ təsvir olunub.
XVI əsrə aid edilən və hazırda Məşhəd muzeyində saxlanan Təbriz xalçasına diqqəti cəlb edən sənətşünaslar yazır ki, burada ən əvvəl xalçanın orta hissəsində dörd hissədə fəsillərin rəmzləri: qar, göyqurşağı, yağış təsvirləri, mərkəzdə medalyon nəzərə çarpır. Medalyonda çox güman ki, Təhmasib şahın babası İmam Rzanın məqbərəsinin minarələri, bir sıra dini abidələr və motivlər əks olunub. Sənətşünasların fikrincə, bu prinsip sonralar tarixi və ictimai şəraitə uyğun olaraq dəyişib.
Alimlər deyir ki, Təbriz xalçalarının ənənəvi əlamətlərindən biri xalçalarda Azərbaycan memarlığının Göy Məscid,"Ucaytu Sultaniyyə" kimi abidələrinin təsvir olunmasıdır. Çox vaxt xalça rəsmlərində Əhəmənilər sülaləsi dövrünün əfsanəvi saray kompleksi Təxti-Cəmşidin xarabalıqları, habelə din xadimlərinin klassik Şərq ədəbiyyatı dahilərinin portretləri verilirdi.
Tədqiqatçılar deyir ki, 1828-ci il fevralın 10-da Rusiya ilə İran arasında Təbriz yaxınlığındakı Türkmənçay kəndində bağlanan sülh müqaviləsi tarixə Türkmənçay müqaviləsi adı ilə daxil oldu və bu müqavilə 1826-28-ci illər Rusiya-İran müharibəsinə son qoydu. Müqavilənin şərtlərinə əsasən, Azərbaycanın şimal hissəsi Rusiya tərkibinə qatıldı. Təbriz, Ərdəbil, Urmiya, Xoy, Marağa, Mərənd, Maku və digər şəhərlər də daxil olmaqla ölkənin cənub hissəsi İranın əsarəti altına keçdi. Beləliklə, Azərbaycan 2 yerə parçalandı. Bax elə həmin vaxtdan da "Cənubi Azərbaycan" termini meydana gəldi. Həmin vaxtdan Təbriz xalçaçılıq məktəbinin xalça nümunələri bütün dünyada İran xalçaları adı ilə tanındı.
Tədqiqatçıların yazdığına görə, Cənubi Azərbaycanda xalçaçılığın dünya miqyaslı ən məşhur və iri mərkəzi Təbriz şəhəridir. Həmin şəhər dekorativ-tətbiqi sənətin zəngin ənənələrinin inkişafında mühüm rol oynayıb.
Təbriz xalçaçılıq sənətinin çiçəklənmə dövrü XII-XVI əsrlərə aiddir. Təbriz məktəbinin XVI əsr klassik və ya qızıl dövrünün 200-ə qədər şah əsəri miniatür rəssamlıq sənəti ilə toxuculuğun harmonik birləşməsi, peşəkar rəssam və xalçaçıların yüksək ustalığı ilə səciyyələnir.
Alimlər yazır ki, Təbriz məktəbini 2 yarımqrupa bölmək olar: Təbriz və Ərdəbil. Təbriz qrupuna aşağıdakı məşhur xalçalar daxildir: "Təbriz xalçası", "Qeris xalçası", "Ləçəkturunc xalçası", "Əfşan xalçası", "Ağaclı xalçası", "Dörd fəsil xalçası".
Ərdəbil qrupu isə: "Ərdəbil xalçası", "Şeyx Səfi xalçası", "Sərabi xalçası", "Şah Abbası xalçası", "Mir xalçası" kimi xalçaları ilə məşhurdur. Bu qrupun yüksək inkişaf səviyyəsinə çatmış bədii və texniki xüsusiyyətlərinə görə ənənəvi xüsusiyyətləri zaman keçdikcə Azərbaycandan kənarlarda da məşhurlaşmağa başladı.
Təbriz xalçaçılıq məktəbinin "Bağ-behişt xalçası", "Bağ-meşə xalçası", "Balıq xalçası", "Buta xalçası", "Dərviş xalçası", "Kətəbəli xalçası", "Gördəst xalçası", "Göllü-guşəli xalçası", "Güldanlı xalçası", "Leyli və Məcnun xalçası", "Məşahir xalçası", "Mun xalçası", "Namazlıq xalçası", "Nəcaqlı xalçası", "Sərvistan xalçası", "Sərdari xalçası", "Səhənd xalçası", "Silsiləvi ləçək xalçası", "Fərhad və Şirin xalçası", "Xəyyam xalçası", "Xətai xalçası", "Həddad xalçası", "Çərxi-gül xalçası", "Ceyranlı xalçası" və s. klassik kompozisiyaları da məşhurdur.
Geris-bu xalçaların adları Təbrizin şimal-şərqində yerləşən "Geris" və ya "Kəpəz" qəsəbəsinin adları ilə bağlıdır. "Geris" xalçalarının bədii tərtibatı çox orijinaldır. Sənətşünaslar yazır ki, kompozisiya və detalların ümumi formaları əyri xətli bitki naxışlarından ibarət olan "Ləçəkturunc" kompozisiyasının əsasında yaradılıb. Ancaq vaxt keçdikcə bu kompozisiyanın naxışları punktirli olub və sərbəst xalça rəsmi əmələ gətirməyə başlayıb. Adətən xalçanın eskizsiz, öz başına toxuyurdular. Burada təəccüblü bir şey yoxdur, çünki xalçatoxuyanlar başqa tip xalça toxuya bilmirdilər. Təxminən XVI əsrdən indiyə kimi adət-ənənəyə uyğun olaraq Gerisdə yalnız bu xalçanı toxuyurdular, ona görə də xalçatoxuyanlar bu rəsmi çox gözəl bilirdilər. Qeyd etmək lazımdır ki, əhalisi həmçinin xovsuz xalça-palaz və kilimlərin istehsalı ilə tanınır.
Sərabi-bu xalçalar adlarını Təbriz və Ərdəbilin arasında yerləşən Sərabi şəhərindən götürüb. Sərabi xalçalarının bir neçə növü mövcuddur.
- Orta hissəsi şaquli xətlərlə doldurulan xalçalar Sərabi xalçalarının birinci variantını təşkil edir. Bu şaquli xətlər bir-birinin ardınca assimmetrik düzülmüş çiçəklənmiş budaqlarla bəzənib.
- Orta sahənin mərkəzində bir gel yerləşən xalçalar Sərabi xalçalarının ikinci variantını təşkil edir. Xalçalar gözəldir və rənglər harmoniya təşkil edir.
Bitki ornamentləri, demək olar ki, punktir xətlərlə toxunub, bu da müəyyən mənada Qarabağ xalçalarını xatırladır.
Mir-Təbriz məktəbinin Ərdəbil qrupuna daxil olan bu xalçaların adları Ərdəbil şəhərindən cənubda yerləşən Mir və Mirşi qəsəbələrinin adları ilə bağlıdır. Xalçanın orta sahəsinin kompozisiyasını buta təşkil edir. Şaquli və üfiqi yerləşən bu butalar quruluş və formasına görə Şirvan tipinə daxil olan "Mərəzə" və "Hilə buta" xalçalarını xatırladır. "Mir" xalçalarındakı ayrı-ayrı buta kompozisiyaları böyük sadəliyi ilə fərqlənir.
Bu tip butaları həmçinin Təbrizdə, Kerman və Hindistanda istehsal olunan tirmə parçalarda görmək olar. Xalçanın orta haşiyəsi və orijinal köbəsi əvvəllər əyri xətli bitki elementlərindən ibarət idisə, lakin toxuculuq texnikasının inkişafı ilə yeni formalar aldılar.
Ağaclı-bu xalçalar istehsal olunduqları yerin adına görə deyil, kompozisiyasına görə adlanırlar. İranda bu xalçalar "Dəraxti", Əfqanıstanda "Baqqi", Azərbaycanda isə "ağaclı" kimi məşhurdur. "Ağaclı" kimi tanınan xalçaların orta sahəsi, əsas etibarilə, bir və ya bir neçə ağac və kollardan ibarətdir, nadir hallarda isə ağac qruplarından ibarət olur. Ağacların müxtəlif növləri olur. Qədim dövrlərdə əfsanəvi hadisələr, məhəbbət səhnələri, mifoloji, bəzən isə dini fantastik süjetlər bu kompozisiyaların əsas süjetini təşkil edirdi. Məlumdur ki, Orta Asiyada, Yaxın Şərqdə, həmçinin Azərbaycanda da zeytun, çinar, əncir ağacları, üzüm müqəddəs sayılırdı. Ağlayan söyüd məhəbbətin rəmzi, palıd-güc və ərlik təcəssümü, nar ağacı isə var-dövlət, uğurun simvolu hesab olunurdu.
Şahabbası-bu xalçaların adları Səfəvilər dövlətinin beşinci hökmdarı I Şah Abbasın adı ilə bağlıdır. Şah Abbas Səfəvilər dövlətinin paytaxtını Azərbaycandan İranın daxili rayonu olan İsfahan şəhərinə köçürüb. Bununla əlaqədar olaraq Azərbaycanın bir çox usta və sənətkarları İsfahana köçməyə məcbur olublar. "Qum-Şah Abbası" xalçası "Şah Abbası gülləri" adlı orijinal formalı elementləri ilə səciyyələnir. Onlar əsas etibarilə fantastik güllər, həmçinin əncir yarpaqlarından ibarətdir. Üfiqi şəkildə assimetrik yerləşən elementlər bu xalçaların xarakterik xüsusiyyətlərindən hesab edilir.
Bu xalçaların süjet xəttini təhlil edən tədqiqatçılar bildirir ki, bədii və texniki cəhətdən yüksək səviyyəyə çatan Təbriz xalçaçılıq məktəbinin ənənəvi xüsusiyyətləri vaxt ötdükcə Azərbaycandan kənarda da tanınmağa başlanıb.
Bu dövrün süjet-mövzulu xalçaları Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin dəyərli abidələrindəndir, onun öyrənilməsi üçün zəngin faktiki material rolunu oynayır.
Sənətşünaslar yazır ki, süjetli xalçalar bütün mümkün mövzular əsasında toxunurdu, bu mövzular arasında əsasən "ovçu", "heyvan", illüstrasiyalı ədəbi süjetli, dini mövzuya həsr olunmuş mövzular daha çox sevilən idi.
Süjet-mövzulu xalçaların yaranmasında bəzi rəssamlar birbaşa iştirak edirdilər. Məsələn, Sultan Məhəmməd XVI əsr Təbriz məktəbinin ən məşhur miniatür rəssamı idi. Ənənəvi mövzulardan biri Ömər Xəyyamın sevgilisilə olan təsviridir. Miniatür rəssamlığın xüsusi dili və böyük realistik ruhu ilə xalçanın kompozisiyası Xəyyam poeziyasının ruhunu və mahiyyətini çatdırır. Burada məhəbbət mövzusuna aid müdrik sözlər və aforizmlərdən ibarət olan Firdovsinin, Sədinin, Həccə, Şeyx Attarın ikimisralı və dördmisralı beyt və rübailərdən ibarət poetik əsərləri göstərilib.
Məlum olduğu kimi, Təbriz xalçaçılıq məktəbinin xalçaları dünya muzeylərində özünəməxsus yer tutur.
Sənətşünasların tərtib etdiyi siyahıda olan xalçalar:
Xalça- "Ovçuluq"-Təbriz, (1522-1523) (m) / 929 (hicri), Poldi-Peccoli Muzeyi, Milan.
Xalça "Heyvani"-Təbriz, XVI əsr, Viktoriya və Albert Muzeyi, London.
Xalça "Heyvani"-Təbriz, XVI əsrin ortaları, Metropoliten İncəsənət Muzeyi, Nyu-York.
Süjetli xalça-Tətbiqi Sənət Muzeyi, Budapeşt.
Xalça "Heyvani"-Təbriz, XVI əsrin ortaları, Dekorativ Sənət Muzeyi, Paris.
Xalça "Heyvani"-Təbriz, XVI əsr, Klarens Moskinin kolleksiyasından.
Xalça "Dörd fəsil"-Təbriz, XIX əsrin ikinci yarısı, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Bakı.
Xalça "Ağaclı"-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi, Bakı.
Xalça "Rüstəm ağ divi öldürür"-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi, Bakı.
Xalça "Rüstəmin Aşkavusla döyüşü"-Təbriz, XX əsrin əvvəli, Şərq Xalqları Sənəti Dövlət Muzeyi, Moskva.
Xalça "Ömər Xəyyam öz sevgilisi ilə"-Təbriz, XIX əsrin axırı, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi, Bakı.
Xalça "Şeyx Sənan"-Təbriz, XX əsrin əvvəli, Azərbaycan Dövlət Xalça və Xalq Tətbiqi Sənət Muzeyi, Bakı.
Xalça "Məlik Məmməd"-Təbriz, XX əsrin əvvəli, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi, Bakı.
Dərvişlər təsvir olunmuş xalça-Təbriz, XIX əsr, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Bakı.
Təbriz xalçaçılıq məktəbi o qədər zəngindir ki, onu bir yazı ilə əhatə etmək çətindir. Azərbaycan mədəniyyət tarixinin ən qiymətli inciləri silsiləsinə daxil olan Təbriz xalçaları, Ərdəbil xalıları bu gün də öz dəyərini qoruyub saxlayır. Mədəniyyət hər bir xalqın bitib-tükənməyən sərvətidir. Təbii ki, ona qayğı ilə yanaşılanda, təbliğatı düzgün istiqamətdə qurulanda daha çox fayda verir.
İradə
SARIYEVA
Bakı xəbər.-2015.- 20 aprel.- S. 15.